İki aydan sonra İbrahim xan Dağıstandan qayıtdı. Məmməd bəyin tərəfdarları tutulub, cəllad əlinə verildi. Məmməd bəyə isə Şişəni tərk etməsi işarə olundu. Məmməd bəy Vaqifin arvadı Qızxanımla evlənmişdi, onu götürdü və şahın xəzinəsindən əlinə keçən sərvəti də atlara yükləyib, Qaladan çıxdı. Bir müddət Tərtərin qırağındakı Kələntərli mülkündə yaşadı. Sonra Şirvan xanı Mustafa məktub yazıb, qızını ona verəcəyini və özünü də vəliəhd təyin edəcəyini bildirib, onu Şirvana apardı. Şirvanda Məmməd bəyin xəzinəsi əlindən alındı, özü də zəncirləndi.

Mustafa xan atası Ağası xanın və qardaşlarının qisasını almaq üçün Məmməd bəyə işgəncə verərək öldürtdü. Şair Valeh Məmməd bəyi belə tərif edir:

Məmməd bəy kimi cəllad – xunfəşan
Görməmişdi hərgiz dideyi – cahan,
Heyf ki, başadək sürmədi dövran,
Getdi ürəyində arzuman, hanı?..

Qızxanım dul qalıb, Sarıcalı Hüseyn bəyə ərə getdi. Bir çapavulda Hüseyn bəy öldürülüb, Qızxanım yenə dul qaldı. Sonra Mustafa xana ərə getdi, iki oğlu olduqdan sonra Mustafa xan onu boşadı. Nəhayət, Qarabağa qayıdıb, mayor Abbasqulu ağa ilə evləndi.

İbrahim xan Ağaməmməd şahın cənazəsini böyük hörmətlə götürdüb Tehrana göndərdi. İran ilə dostluğu möhkəmləndirmək məqsədi ilə qızı Ağabəyim ağa ilə oğlu Əbülfət ağanı da Tehrana yola saldı.

Ağabəyim ağa Fətəli şahın o qədər xoşuna getmişdi ki, ona hərəmdə baş qadın ünvanı vermiş və özünə də başdan-ayağa inci ilə işlənmiş bir don bağışlamışdı. Lakin Ağabəyim öz vətənini arzulayıb dururdu:

Mən aşiqəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ! – deyə yazırdı.

Şah bunu eşidib, Ağabəyimə darılır. Ağabəyim deyir:

– Mən eylə yazmamışdım, yazmışdım ki, “Tehran cənnətə döndü, Yaddan çıxdı Qarabağ!”.

İbrahim xan Qarabağın müqəddəratını Iran himayəsində təsəvvür etdiyi halda, Şimalda işlər tamamilə dəyişmişdi: rus ordusu bu dəfə ciddi olaraq Qafqazın istilasına başlamışdı. Sisyanov Gəncəni alıb dağıtmış, Cavad xanı öldürmüş və əhalini belə süngüdən keçirtmişdi.

İbrahim xanı da rus himayəsinə girməyə çağırırdı. Mayor Lisaneviç Şişəyə gəlib, danışdıqdan sonra İbrahim xan Gəncənin yanındakı Quraq çayın qırağında Sisyanovla görüşüb, yapılmış müqavilə mevcibincə rus himayəsinə girdi (14 may 1805-ci il). Bu müqaviləyə görə Qarabağ xanı rus himayəsindən başqasına girməyir, qonşu dövlətlərlə rəsmi əlaqəni kəsir; Şişəyə gələcək rus qoşununa mənzil və sursat hazırlayır, ildə 8 min qızıl bac verir, Gəncə-Şişə yolunu qayırtdırır və böyük oğlundan olmuş oğlan nəvəsini Tiflisə zaval göndərir. Bunun əvəzində rus hökuməti Qarabağ xanlığına məxsus torpaqların xanda qalmasını və irsi olaraq övladlarına keçməsini təmin edir və xanlığın daxili işinə qarışmır. Xanlığı müdafiə etmək üçün də Şişə qalasına beş yüz əsgər və artilleriya göndərir.

Əlavə olaraq İbrahim xana general-leytenant və vəliəhdi Məmmədhəsən ağaya general-mayor rütbəsi verildi. Rəsmiyyət bitdikdən sonra mayor Lisaneviçin komandasında Şişəyə rus əsgəri gəldi. Təbiidir ki, Şişə Lisaneviçin əlinə keçər-keçməz, müqavilə unudulmağa başlandı, mayor Lisaneviç general-leytenant İbrahim Xəlil xana buyruqlar göndərməyə, tələblər verməyə başladı. Araları son dərəcə açıldı, əlavə olaraq Sisyanovun söyüşlə dolu məktubları İbrahim xanın heysiyyətini qırıb tökdü. Nəhayət, bir gecə Lisaneviç yüz əsgərlə Xan bağında yaşayan xanı əhatə edib, gülləyə basdırdı. Xan, arvadı, uşaqları, nökərləri qırıldı...

Səfər hələ Vaqif öldürülməzdən əvvəl zindandan qaçıb, yenə qaçaqlığa başlamışdı. O, İbrahim xan Cardan döndükdən sonra belə şəhərə qayıtmaq istəməmişdi.

Kazım yenə şərbaflığında qalmışdı. Dostu Allahqulu isə Tiflisə köçüb, görkəmli bir tacir olmaqla, nəhayət, məqsədinə çatmışdı.

15/XII-1936 - 19/IV-1937-ci il

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Doqquz ay keçmiş

– Ay nənə!– Can nənə! Nənən sənə qurban nə var?

3 dəq
Dərviş məsələsi

Axşam saat ona kimi oxudular. İkisi də bərk yorulmuşdu. Əli cəsarətsiz bir səslə yoldaşına dedi:– Doğrusu, Cavad, mənim başım daha heç işləmir.

5 dəq
Sidi

İlk əvvəl onu bir avtomobil fabrikində görmüşdüm: manövr idi, yəni ən aşağı dərəcəli iş görürdü: süpürürdü, zibil daşıyırdı. Maşınları təmizləyirdi və qazandığı da yalnız bir parça yavan çörəyə və mənzil kirayəsinə gedirdi. Onu fabrikdə tanımayan yox idi, hər kəs ona buyurur, işlədir və onunla əylənirdi.Qiyafəsi qəribə idi: başdan ayağa qədər yağ və çirkə batmış paltarı əvvəlki rəngini çoxdan itirmişdi. Hətta üzünün dərisi belə solmuş və kirləşmişdi. Yalnız dişləri ağarır və gözləri işıldayırdı.

5 dəq
Osman Dövlətşin

O çox şenlikli, bol nəşəli Kiyev bu dəfə boş qəbiristanı andırırdı: küçələr sönük, qəmgin idi; kimsə evindən dışarı çıxmağa cəsarət etmirdi. Yalnız çörəkçi dükanlarının önündə uzun sıralar görünürdü. Oradaburada düşüb partlayan mərmilərə, tüfəng şaqqıldamasına baxmayaraq bu adamlar cansız bütlər kimi düzülüb çörək gözləyirdilər. Hansı qüvvələrin şəhərə hakim olduğu bəlli deyil idi. Belə zamanlarda min bir şayiə dövran edər, çoxusu da doğru olmaz. Sabah ertə ukraynalıların poçtaya hücum etdiklərini söylədilər. Dünən bir məktəbin ətrafında qanlı vuruşmalar olmuş; kim bilir, sabah bu qan və atəş haralara keçəcək?Ara-bir divarlara xitabnamələr yapışdırılır: Ukrayna hökuməti kəndliləri bolşeviklərlə mübarizəyə dəvət edir... Bu elanları, çağırışları oxuyan olurmu? Hər kəs zirzəmilərdə; xalq can qayğısındadır.

7 dəq

Başqa şairlərin şeirləri