Üçüncü hissə
Səhifə 1 / 13
1
Allahqulu Kazımın daxmasına girdikdə Kazımı körpə uşaqları ilə bərabər kürsüdə gördü. Kürsü gödək qılçalı bir masa idi, bunu otağın ortasındakı ocağın üstə qoyar, ətrafına mütəkkə yığar və üstünə yorğansalardılar. Kazım mütəkkələrə söykənib yorğanı döşünə çəkmişdi;yalnız başı görünürdü. Telli və Gülnaz kənarda oturub yun darayır, Kazımın arvadı Ballı isə cəhrə əyirirdi. Alçaq pəncərəni qar basmışdı.
Allahqulu əllərini ağzına qoyub, hoxura-hoxura qarlı başmaqlarını qapının ağzında çıxardı, salam verdi və kürsüyə girdi. Kürsü hamam kimi idi, Allahqulu ayaqlarını ocağın qırağına uzadıb, əllərini də qızdırmağa başladı.
– Yaman ayazdır, daş çatlayır, – dedi.
Kazım dərdli-dərdli:
– Daş da çatlar, adamın ürəyi də çatlar. Havaxta kimi belə işsiz oturacayıq! Xarabada pambığın, ipəyin hesabı yox idi, indi tapılmaz oldu.
Allahqulu sərzənişlə:
– Qoyurlar ki, – dedi, – əkin əkən, barama becərən işini görsün?
Aranda dirrik qalmayıb, heç kəsin sabaha diri çıxmasına gümanı yoxdur. – Allahqulu bir az düşünüb, qeyzlə: – Urus da gəlmədi ki, canımız qurtareydi!
Kazım gülümsündü:
– Bir gün, – dedi, – Molla Nəsrəddin kəndə səs saldı ki, dağın o tayında adama bir çuval qarpız verirlər. Xalq çuvalı alıb, ayaq aldı.
Molla dağa tərəf qaçan camaata baxıb: “Bəlkə elə doğrudan da qarpız verirlər” – deyib, özü də bir çuval götürüb qaçdı. İndi, ay Allahqulu, sən də çuval götürüb getmişdin, amma qarpızını görmədik.
Allahqulu gülərək:
– Mənim qarpızım çürük çıxdı, – dedi, kürsünün üstünə tökülmüş qorğadan götürüb, ağzına atdı və əlini cəld kürsünün altına soxdu. Bu əsnada Kazımın böyük oğlu gəldi, o, məktəbdən çeşdə1buraxılmışdı, küncdəki təknədən bir parça çörək qapıb, kürsüyə girdi.
– Ay ata, – dedi, – mollam aylıq istəyir, deyir ki, iki aydır verməmişsiniz...
Kazım bir az acıqlı:
– Sənin də mollan, – dedi, – lap zəhləmi tökdü, bilir ki, yoxumdur.
Kazımın oğlu yavan çörəyi gəvələyərək qaş-qabağını salladı:
– Indi mən yoldaşlarımın yanında necə deyim, yoxumuzdur.
Allahqulu maraqla:
– Neçə verəcəyiniz var? – dedi.
Kazım hiddətlə:
– Əşşi, beş bisti.
– Daha ondan ötəri oğlanı niyə yoldaşlarının yanında sındırırsan, – deyə Allahqulu qurcuxaraq darayı kisəsini çıxardı. Kürsünün üstündə diyirlənən bistilər məktəblinin kefini açdı: o, atasının üzünə baxaraq bistiləri ovcunun içinə toplayıb kürsüdən çıxdı.
Kazım:
– Hara? Günorta azanı hələ indicə verilib qurtardı, – deyə oğlunu səslədisə də, oğlan başlığını qulaqlarına çəkib getdi.
Allahqulu başını tərpədərək:
– Ey cavanlıq! – dedi. – Nə soyuq bilir, nə rahatlıq bilir!
Kazım qəhqəhə çəkib güldü:
– Bir gün Molla Nəsrəddin arx keçirdi. Atılanda düşdü arxın içinə.
Camaat güldü. Molla özünü öyərək: “Ey, bilsəydiniz cavanlığımda necə qoçaq idim; indi qocalmışam”. Molla xəlvətə çıxanda öz-özünə yavaşca dedi: “Öyünüb eləmə, heç cavanlığında da bir zibil deyildin”...
İndi, ay Allahqulu, vallah, cavanlığımız da bir şey deyildi.
Gülüşdülər. Qadınlar və çocuqlar da bunlara qoşuldular.
Kazım arvadına müraciət edərək istehza ilə:
– Ay Ballı xanım, – dedi, – tez ol plovun dəmini al, çək yeyək. Turac çığırtmasını da bir az sulu elə... Tez ol-acıq.
Ballı:
– Baş üstə! – dedi, yerindən qalxıb, çırpındı, sonra sinidə bir az çörək, bir az da quru pendir gətirib, kürsünün üstə qoydu. Allahqulu
Kazımın zarafat və istehzasına o qədər öyrənmişdi ki, plov əvəzinə pendirçörək verilməsinə heç də heyrət etmədi.
Günəş göründü. Pəncərənin yağlanmış kağızlarından içəri bulanıq işıq süzülməyə başladı. Kazımın kefi daha da duruldu:
– Sağ olsun, usta tanrı! Yenə mərhəmətini bizdən əsirgəmir.
Allahqulu istehza il dedi:
– Qorxmursan hava açıla, şah gələ?
– Eh, cəhənnəmə ki!.. Budu şah gəldi, odu şah gəldi, daha qulağımız dolubdur. Gəlir gəlsin. “Mus-mus” deyincə bir dibli “Mustafa” deyilsin qurtarsın... – Kazım get-gedə hiddətlənirdi, qəti olaraq: – Ya o yanlıq olsun, ya bu yanlıq! Vəssalam! – deyib sözünü bitirdi.
Allahqulu ağzındakı çörəyi çeynəyib, Kazımın başının üstündən rəfə baxırdı. Lakin oraya düzülmüş lacivərdi qabları görmürdü, onun fikri tamamilə irəlidə ola biləcək hadisələr ətrafında dolaşırdı.
– Yaxşı, – dedi, – axı əvvəl araları yaxşı idi: şah, dedilər, İbrahim xana xələtbarat da göndərmişdi. Bəs necə oldu?
Kazım hiddətli:
– Allah şahın da evini yıxsın, xanın da! – dedi. – Nə o Allah deyəndən deyir, nə bu. Şah xələt-barat göndərdi, məmləkət adətincə zaval istədi, İbrahim xan da Əbdilsəməd bəyi Tehrana zaval göndərdi.
Elə bilirsən bunnan iş qurtarır? Daldan gərək peydərpey qoşun verəsən, sursat göndərəsən. Nədi – Isfahanda davadır, Xorasanda davadır.
Başlarına dəysin davaları, kasıb-kusub əldən getdi!
Ballı sözə qarışdı:
– Ay kişi, az deyinsənə, göydən nə yağıb, yer onu qəbul edib. Yazıya pozu yoxdu.
Kazım da qədərə inanan olduğu üçün arvadın sözləri ona bir az təsəlli verdi. Lakin yazının niyə elə yazıldığına dair onda zəif bir sual duyğusu oyandı, onu sarsıdıb yox oldu.
Səfərin gəlməsi söhbətin mövzusunu tamamilə dəyişdi. Kazım belə ona qarşı ehtiyatla davranırdı. Səfər salam verib, kürsüyə girdi və qorğa götürüb, sağlam dişləri ilə xırtıldatmağa başladı.
Allahqulu hörmət və bir az da qorxu ilə:
– Oğlum, necəsən? – deyə onun halını xəbər aldı.
– Yaxşıyam, sağ ol! Ancaq şaxta olanda yaram qövr eləyir.
– Hansı? Qılçındakı?
– Hə. Zəhrimar incidir.
– Bəs cərrah nə deyir?
– Məlhəm vermişdi, bağlayıram.
Kazım təcrübəli bir adam ədası ilə dedi:
– Yaranın ağzını yaxşı eləyirlər, içi qalır. Ola bilər ki, ətin içində sümük qırığı da qalsın. Onun üçün hov eləyir...
Səfər cavab vermədi. Qorğanı ləzzətlə çeynəyir və nə isə düşünürdü:
– Əşi, yaz gəlsəydi, bir atı minib, çöllərə çıxardıq, – dedi və nəşə ilə gülümsədi. – Evdə oturmaqdan çürüdük getdik.
Allahqulu ehtiyatla dedi:
– Hələ cavansan, at belində gəzən vaxtındır.
– Nə qayırım, kənddə idim, əkinim-biçinim vardı. Indi hər şeydən avarayam.
– Bəs mal-qaran necə oldu?
– Elə o vaxtdan dağıldı getdi. Bu indiki inəyi Ağdamdan gətirmişəm.
Kənddə böyümüş adamıq, ağartısız dolanmaq olmur. – Səfər bir az düşündü, sonra daha da nəşələnərək:
– Qoy yer göyərsin, bir iki də quzu alıb, həyətə buraxacağam. Payızda toğlu olar, kəsib qovurarıq, qışa qalar, – dedi.
Allahqulu da nəşələndi:
– Bildir mənim əməyim hədərə getdi: saxladım, böyütdüm, axırda Xəznə qayasından uçub öldü.
Kazım gülərək zarafata başladı:
– Xəznə qayasından bu qədər adam atırlar, qoy bir də bir toğlu atılsın. Deməli, Allahqulu, sizin evdən bir qurban gedəcəkmiş, yaxşı ki, toğlu dərd-bəlanı aparıb.
Allahqulunun bu zarafatdan əti çimçəşdi, özünü itirdi və cavab verməyə belə söz tapmadı. Kazım məsələni anlayıb, daha da istehzasını artırdı:
– Hə, tüstülədin, deyəsən! – dedi.
Səfər mərd bir səslə:
– Niyə tüstüləsin ki, – dedi, – mən ölməmişəm ki!
Səfərin sözləri Allahquluya ürək-dirək verdi, o özünü toplayıb:
– Sağ olsun Səfər! Vallah ki! – deyə bildi.
2
Vaqif buxarının yanında oturub, Gülüstanda yaşayan Vidadiyə məktub yazırdı. Zövq, nəşə və lətifəçiliyi yüksək dərəcələrə çıxmışdı.
Dəmirqara odunu şirin-şirin yanır, istisi və çartıltısı şairə min bir ilham bağışlayırdı. Pəncərənin rəngin şüşələrindən düşən işıq tutqun idi. Xalıların, cecimlərin, ipək püştə və döşəkçələrin boyaları bir-birinə qarışaraq pəlmələnmişdi. Vaqif bunların fərqinə varmayaraq, buxarının alovlarında cilvələnən şeir pərisi ilə əylənir, onu qaplamış bir ahəngə qoşulmuşdu.
Müəzzinin gözəl səsi onu şeir pərisindən ayırdı: qələmi yerə qoyub saatına baxdı, əqrəblər düz dəstənin üstündə idi. Qapı açılıb, lələ girdi, gülümsünərək ağasının üzünə baxdı. Vaqif məsələni anladı:
– Versin görək! – dedi, kağız və qələmdanını yığışdırıb, döşəkçəsinin altına qoydu.
Süfrə salındı. Nahar tam günorta əzanı zamanı olardı. Buğlanan xörəklər süfrəyə daşındı. Qasım ağa gəlib oturdu. Nəhayət, Qızxanım zühura çıxdı. O, məhərrəm münasibətilə qara don geymişdi. Ağ bədirlənmiş sifətə, qara iri gözlərə bu qara paltar nə qədər yaraşmışdı.
Vaqif onu çoxdan görməyən adam kimi süzdü, için-için yandı. Lakin ehtiyatsız bir söz deməsin deyə, dinmədi. Gümüş biləklər xörək çəkərkən kəhrəba qolbağı şaqqıldayır, yanaqlar güzgü kimi öz-özünü əks etdirərək parlayır, qızarırdı. Bayaq atəşdə cilvələnən pərilər, indi bu solmaz yanaqların, tanrıdan şuxluq bağışlanmış bu ceyran gözlərinin ətrafına toplanırdı.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-iki-od-arasinda-ucuncu-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Toy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»
ÜçTacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:
Sərhəd məsələsi– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.
Qumarbazın arvadıYayın aydın gecələrindən idi. Söyütlər və akasyalar sakit və samit durub, qayınatın dərin bir yuxuya dalmağına tamaşa edirdilər. Cavan gəlin Süreyyə pəncərədən küçəyə zənn ilə baxıb, qulaq verdi və səs-səmir eşitmiyib, ehmal ayağının ucunda gəlib yatacağının üstə uzandı. «Gəlmədi – gəlin öz-özünə dedi: yəqin qumarxanalardan çıxıb, görəsən haraya getdi... Hər gecə belə, bilmirəm dərdimi açıb, kimə deyim. Evdə də bir söz danışa bilmirəm: qayın atam gedir bazarda abırısını tökür, o da gəlib məni döyüb, incidir ki, niyə mənim gəzdiyimi onlara xəbər verirsən. Demirəm də gecəyə kibi evə gəlmir. Bilmirəm məni avara qoyacaq idilər, niyə vətəndən diyar-bə-diyar saldılar... Qürbətə əvvəl qız verib, ələni görüm qəbri od ilə dolsun!...»Süreyyə bir də yatacağından qalxdı, və ərinin gəlməməyini həyətdə yatan qayın ana və qayın atasına bildirməmək üçün, yenə ayağının ucunda ehmal yeriyə-yeriyə pəncərəyə tərəf gəldi. Ay batmağa üz qoymuşdu. Küçədə söyütlərin və akasyaların uzun kölgəsindən başqa bir şey görünmürdü. Süreyyə pəncərəni açıb, başını dışqarı çıxartdı, və nə qədər diqqət ehmallıqda qayıdıb, yatacağında uzandı.