Səhifə 16 / 17 · 88%

Mirzə Əliməmməd işə vaqif olub, təfsilatı ilə məlumat topladıqdan sonra İbrahim xana uzun bir məktub yazıb, evzai bildirdi. Məktubu Səfər Qubadan çıxarıb, yaxın kəndlərdən birində gizli saxlanılan Qarabağ çaparına verib dönməli idi ki, Səfərin yox olması gözə çarpmasın.

Mirzə Əliməmməd eşikağasının evində qalır və şübhə doğurmamaq üçün ondan bir dəqiqə belə ayrılmırdı. İş olmayan vaxtı Şahdağına dağ kələsi ovuna gedir, şəhəri və ətrafını dolaşırdılar. Havalar xoş keçirdi, yazın yaxınlaşması artıq duyulurdu. Bəzi yerdə ağaclar çiçəkləmiş, bənövşə açmışdı.

Bir gün eşikağası mirzə Əliməmmədə dedi:

– Məmmədhəsən xan Şəkidən xana qonaq gəlib. – Burada eşikağası qürurla göz vurub, gülümsədi, – mənim işim olacaq. Oğlumu sənə bələdçi verirəm, gedin gəzin.

Mirzə Əliməmməd 20-25 yaşındakı bu oğlanla çaya baxan təpədəki xan bağına tərəf getdilər. Küçələr silahlı adamla dolu idi, əksər silah rus silahı idi. Bir yerdə bir qaçışma düşdü. İki qubalının sözü tərs gəlib söyüşdülər, bu əsnada yolun ortasına bir xalça salındı, söyüşənlərin hərəsi xalçanın bir başında dizi üstə çöküb xəncəri sıyırdı. Camaat sakit durub, tamaşa edirdi. Yalnız bir ağsaqqal qaydaya baxırdı – bu həkəm imiş. Birinci zərbəni sağ tərəfdəki endirdi və müarizinin yarı qopub, çiyninə tərəf əyilmiş başını gördükdə istehza ilə:

– Hə, elə canın bu imiş? – deyə güldü.

Yaralanan sol əli ilə başını qaldırıb, yerinə oturtdu və xəncəri müarizinin qarnına soxdu, piy pırtladı. İkinci zərbə boynu kəsiyin işini bitirdi. Tökülüb qana bulaşmış meyitləri apardılar. Camaat da, heç bir şey olmamış kimi dağılıb getdi.

Mirzə Əliməmməd həyatında ilk dəfə təsadüf etdiyi bu hadisəyə

heyrət etdi. Oğlana müraciət edərək:

– Bəs niyə camaat bunları aralamadı. Barışsaydılar, yaxşı olmazdımı? – dedi.

– Bu bizdə bir adətdir, barışmazlar. Hər gün olan işdir.

Xan bağında ot göyərməyə başlamışdı. Bənövşə yığa-yığa təpənin qırağına gəldilər: çınqıllığı ilə geniş bir sahə tutan çayın suyu hələ az idi; qıvrılaraq yatağın ortasından axırdı. O tayda yəhudi məhəlləsinin hisli-paslı daxmaları görünürdü.

Bir həftə sonra Mirzə Əliməmməd Fətəli xanla bərabər Şəkiyə,

Məmmədhəsən xana qonaq getdilər: Şəki xanı Fətəli xanın qüvvətini duyub, ona tabe olmuşdu. Hüseyn xan Müştağın binası olan gözəl imarətdə bir neçə gün qonaqlıq oldu: Fətəli xanı razı buraxmaq üçün əldən gələni əsirgəmədi. Mirzə Əliməmmədi olduqca maraqlandıran əyləncələr düzəlmişdi: Şəkinin məşhur on iki pəhləvanının güləşməsi, Şirvan rəqqasələrinin oyunu, sazəndələrin gözəl çalğısı ayrı bir tamaşa idi. Nəhayət, “Qızlar bulağı” deyilən ətraf dağlara ova getdilər.

Bütün bu ziyafət və əyləncələrdən sonra Fətəli xan qoşunu ilə Kürə tərəf tərpəndi. Kürün kənarında çadırlar quruldu, Gəncə hökmdarı Cavad xan da məiyyəti ilə orada idi, Fətəli xanı istiqbala çıxmışdı və özü ilə bir çox hədiyyə gətirmişdi. Şeypur çalındı, qoşun düzüldü.

Cavad xan hədiyyələr və üstünə ipək örtük salınmış bir təbsi ilə Fətəli xanın hüzuruna gəldi. Bütün məiyyəti ilə diz çöküb, təbsini Fətəli xana təqdim etdi. Xan qürurla örtüyü qaldırdı – Gəncə qalasının gümüş açarlarına tamaşa edib, eşikağasına işarə etdi, təbsini aldı, sonra Cavad xana yanında yer göstərdi.

– Kefin kök, damağın çağdırmı? – deyə Gəncə xanının halını

xəbər aldı.

– Ali həzrətin sayəsində.

– Tanrının sayəsində, – dedi, düşündü, gözünü qıyaraq: – urus çəkildi, işlər müşkülləşdi, indi ölkənin nizamına nəzarət qılmaq bizə düşür.

İrakli xana kağız yazmışam, yəqin yoldadır. Məsləhətləşməliyik.

Cavad xan əlini döşündən çəkməyərək baş əyir, Fətəli xanın dediklərini təsvib edirdi. Quba və Dərbənd xanının vahiməsi onu elə sarsıtmışdı ki, onun dedikləri qulağına çatmadığı halda yenə baş əyib,

“Bəli! Bəli!” – deməsində davam edirdi.

Cavad xan qoyunlar kəsdirib, Fətəli xana, məiyyətinə və qoşununa böyük bir qonaqlıq düzəldib, yola çıxdılar. Şəmkir çayının qırağında İrakli xan çadır qurdurub Fətəli xanı gözləyirdi, uzaqdan Quba xanı görükər-görükməz gürcü topları atəş açdı, sonra zurnaçı dəstələri çala-çala qabağa çıxıb, Fətəli xanı İraklinin çadırına gətirdilər.

İrakli xanın özü çadırından əlli addımlıq bir məsafədə Fətəli xanı qarşılayıb görüşdü. Mirzə Əliməmməd İraklini ilk dəfə görürdü – bu çal saqqal, beli bir az əydəmli, göyçəksifət hökmdar ona məyus kimi göründü, danışarkən altdan yuxarı baxan gözlərində zamanın keşməkeşləri əks edirdi. Ölkəsindəki qarışıqlıq, urusların çəkilməsi, ailəsindəki niza, hələ diri ikən təxti ətrafında qopan çəkişmələr İraklini vaxtından əvvəl qocaltmışdı.

İrakli xan Fətəli xanla çadırda qalıb, qapıya qaravul qoyuldu.

Bu iki hökmdarın baş-başa verib, danışıq aparmaları iki saat çəkdi. Lakin sirr örtülü qalmadı, o günü axşam Mirzə Əliməmmədlə bir çadırda yatan eşikağası hamısını Qarabağ rəcalına bildirdi. Əsas məsələ İbrahim xanın inadlığı imiş: böyük qüvvətlə Şişəyə hücum etmək müzakirə edilmiş və Qazax-Şəmsəddinin də iştirakını təmin etmək üçün bu iki mahal Cavad xana qaytarılırdı.

Mirzə Əliməmməd o biri gün bu əhvalatın hamısını yazıb, Səfər vasitəsilə İbrahim xana göndərdi. Lakin üçüncü gün baş verən bir hadisə müşavirəni yarımçıq qoydu – Fətəli xan ansızın xəstələnib, Qubaya yola düşdü. Xanın xəstələnməsi qoşuna yayılıb, bir ruh düşkünlüyü vücuda gətirdi. Ara qarışdı, eşikağası başını itirib, artıq qonağı ilə maraqlanmamağa başlamışdı. Bu çaxnaşıqdan istifadə edən Mirzə Əliməmməd axşam yoldan çönüb, Səfərlə Qarabağa qayıtdı.

19

Mirzə Əliməmməd ağanın Qarabağa çatmasından bir az sonra Fətəli xanın ölüm xəbəri Şişəyə yetişib, sarayda böyük sevinc doğurdu.

İbrahim xan qonaqlıq edib şəhərin bütün adlı-sanlı adamlarını çağırmışdı. Qonaqlıq günortadan başlamış gecə yarısına qədər davam etdi. İbrahim xanın sevinci bəlli idi – ən böyük düşmənindən xilas olmuşdu.

Bu əsnada Ağabəyim ağa da sevinirdi, lakin onu sevindirən başqa məsələ idi: o günü Məmməd bəyi görmək ehtimalı onu sabahdan ümidlə yaşadırdı. Bəyim ən gözəl paltarlarını geyinmiş, tellərinin uclarına bənövşələr düzmüş, bütün günü güzgü qarşısında cilvələnərək Məmməd bəyin həsrətini çəkmişdi. Lakin Məmməd bəy gəlib çıxmamışdı.

Günəş yavaş-yavaş batır, yer üzünə qara cuna çəkilirdi. Aşiq qəlbinə şübhə və kədər duyğuları dammağa başlayırdı. Ağabəyim ağa ağaca söykənib, gözlərini Əsgərana baxan bürcə dikmişdi. Bürc yavaş-yavaş qara kölgələrə dalır, əzəmət və qürurla sanki bir yoxluğa doğru süzülürdü.

Nazlı bəyimə heyrətlə baxıb, onun halından baş açmırdı:

– Bəyim, – dedi, – şər vaxtıdır, bikef durma, pis olar.

Bəyim eşitmirmiş kimi susur, intizar vadilərində dolaşırdı.

Nazlı ona yanaşdı, incə belini qucub, onu oxşadı:

– Axı nə olub, niyə bikefsən? – deyə soruşdu.

Bəyim fikirdən ayılıb, gülər üzlə dayəsinə baxdı, lakin dərin bir dərdi olduğu Nazlıya da aydın oldu. Onun qoluna girib, yavaş-yavaş artırmaya gətirdi. Sürahıya söykənib, sayrışan ulduzlara tamaşa etməyə başladılar. Ağabəyim ağa yenə susqun və düşüncəli idi.

Birdən sarayın o biri başındakı həyətə iki atlı girdi. Öndəkinin dəbilqə və zirehi məşəllərin işığında parlayıb söndü: atdan cəld enib, artırmaya çıxdı. Ağabəyim dikəlib, nəşə içində baxdı. “Bir qara torpaq olub, ayaqlarının altına səpileydim!” – deyə həsrətlə düşündü. Lakin Məmməd bəyin qonaq otağına girib, gözdən itməsi onu yenə qəmlərə batırdı. İndi, kim bilir, Məmməd bəy ziyafətdən nə vaxt çıxacaqdı.

Onu təkrar görmək imkanı olacaqdımı?.. Heç olmasa, uçar bir ulduz kimi yenə parlayıb keçəydi... Ah quşlar, nə bəxtiyarsınız! Qanadınız var, istədiyiniz budağa qona bilirsiniz, asudəsiniz.. Ürəkdən ürəyə yol olaydı, qəlbimin dərd dəftərini açaydım, oxuyaydım, mən yanan oda o da yanaydı... Göz yaşlarım bir inci olaydı, telimdən sap qayırıb, düzəydim, al yarım, yaxşı saxla deyəydim...

Sarayın o biri başından gələn səslər Ağabəyim ağanı düşüncədən ayıltdı: bir adam ata sıçradı, yenə dəbilqə və zireh işıqda parladı:

– Yox, üç gündən sonra qayıdacağam. Gərək yolda Kəhrizliyə də dəyəm! – deyə bir səs eşidildi, atlılar çaparaq getdilər.

“Odur!” – deyə Bəyimin sevinən qəlbi təkrar sancdı. Çönüb, otağına getdi. Yanan şamlar otağa matəm süsü vermişdi. Bəyim özünü ipək döşəkçənin üstünə salıb, qələmi əlinə aldı:

Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi...

Bəyim doluxsundu, qələm əlində titrədi, gözlərindən yaşlar axıb, yazdığı misraların üstünə səpildi.

Nazlı onun yanını o saat kəsdi:

– Ay bəyim, axı dərdin nədir? Bir mənə desənə! – deyə ona təsəlli vermək istədi, ipək dəsmalla onun gözəl gözlərini sildi, soyuq əlləriniəlinə alıb, oxşamağa başladı. Bəyim göz yaşlarından utanan kimi dayəsinin üzünə baxıb gülümsədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Məşədi və Kərbəlayı

– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!

2 dəq
Hacı

Həyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm.

2 dəq
Cavan

Cavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi:– Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar?

3 dəq
Son bahar

Sadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:– Bala yaxşı yatdınmı?

4 dəq

Başqa şairlərin şeirləri