Son bahar
Sadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:
– Bala yaxşı yatdınmı?
Azarlı cavab verdi:
– Bəli, amma, nənə... mən ilə əcəlin arasında bir şey qalmayıbdır!
Biçarə ana tutğun bir səslə oğluna dedi:
– Yazıq deyiləmmi, oğlum! Məyər allah bilmir ki, mənim səndən savayı dahı bir göz tikəcək yerim yoxdur!... Allah eləməsin: sənin başına bir iş gəlsə mən necə olaram?...
Arvadı yaş boğdu, daha bir söz söyləməyə qadir ola bilmədi, və başını çarpayıya söykəyib həzin-həzin ağladı.
Balaca qızlar analarının belə görcək gəlib onu qucaqladılar, bunların da gözlərindən yaş silab kibi axdı. Cavan zəyif gözlərini anasına döndərib doluxsundu, sonra bir ah çəkib dedi:
– Ağlamayın!... Məni durğuzun oturmaq istiyirəm. Ana gözlərini silib tez oğlunu durğuzdu və yastıqları arxasına yığıb oturtdu.
– Nənə, nə gözəl bahardır! Ağaclar çiçəkliyib. Evin qabağına bir kürsü qoyun bir az həyətə baxım!
Anası şadlığından bilmədi ki nə etsin, o saat oğlunu geyindirib dışqarı çıxartdı.
– Bəh bəh! Həyət nə gözəldir! Çiçəklər nə göyçək qoxuyurlar!... Bilirsən, nənə... imdi ömrümün son baharıdır; daha bundan sonra bir də bahar görəcəyimə ümid yoxdur!.
Anası gözləri yaşlı oğlunun sözlərini kəsdi:
– Qurban olum, ürəyinə pis fikirlər gətirmə! Allah şəfa verəcək elə yaxşı olacaqsan ki!
– Yox, nənə! Bu gün öləcəyəm! Elə diqq naxoşluğunun qaydası bunadır ki adam danışa-danışa birdən ölür.
Biçarə arvad yenə göz yaşlarını saxlıya bilmiyib, ağlıya-ağlıya dedi:
– Ölüm mənimdir, oğlum! Allahdan da diləyim budur ki, səni oxudub bir yana çıxardıb, qabağında ölüm! Sənsiz dünyam qara geyinər!
Cavan anasının sözlərindən mütəssir olub ağladı:
– Nənə mənim çox-çox zəhmətimi çəkmisən: özün yemiyib geyinmiyib mənə xərcləmisən ki oxuyub, uşkolu qurtaram... gecələr yuxusuz, gündüzlər dincsiz qalıb, işləmisən. Hana toxuyub, pul qazanmısan və damın altında min zillət ilə bir sürü yetim saxlamısan!... Gözünü mənə tikmişdin, mən də belə!... Nənə, tahı danışa bilmirəm: məni halal elə; üzünə bəlkə ağ olmuşam!...
Anası oğlunun sözlərindən cuşə gələrək, sıçrayıb balasını bağrına basdı:
– Yazıq deyildimmi!? Fələyin dünyası alt üst çönsün. Əkdiyim, biçdiyim, ümidim bir oğlum sənsən! Səndən sonra mən necə olaram? Qapımı bircə açıb girən yoxdur, kimsəsiz damın altında qalaram!... Yox, dilim qurusun! Hamısı od tutub yansın, təki sən sağ qal!...
Zavallı ana divanə tək oğlunun başına dolanıb ağlıyırdı, və tez-tez dağınıq saçları ilə göz yaşlarını qurudub öz özünə deyinirdi. Qızlar qardaşının ayaqlarını qucaqlıyıb cansız bir heykəl kibi tərpənməz qalmışdılar.
Xəstə cavan yaşlı gözlərilə həyətə son dəfə olaraq baxırdı. Qarşısında dilfirib bir mənzərə iti oxlara dönüb cəmi vücudunu rəxnədar edirdi; o lətif qoxulu çiçəklər zəhər olub nəfəsgahını yandırıb yaxırdı. Bahar həyət ilə mümlüvv idi: otlar göyərib, ağaclar burclamışdı; bənəfşə başını qaldırıb məhcub-məhcub ətrafa nəzər salırdı; hətta cücülər, o xırda cücülər də, dirilib həyətə doğru gedirdilər. Hər şey dirilik suyunu içib ömrə ilk dəfə qədəm atırdı; hər yerdə şadlıq, hər şeydə səfa, hər şeydə həyat, bircə bizim cavan üçün həyat məmata, səfa cəfaya dönüb, qəlbini odlurdu. İstiyirdi o zəif və xəstə bədəndən xilas olub qeyri bir aləmə gedib; əbədi bir həyata malik olsun, yenidən ömür meydanına qayıdıb, təzə bir üsulda, fədakar bir tərzdə imrari-həyat etsin; cəmi varlığını, şəxsiyyətini amal və səadətini cəmiyyət bəşəriyyətin rifahiyyət və tərəqqisinə sərf edib, insanlıq vəzifəsini yerinə yetirsin. Lakin... dirilik günəşi əcəl ufuqunun arxasında gizlənib, məhzun və soyuq olan son şüalarını buraxırdı. Varlıqdan bir əsər, səadətdən bir nişan qalmamışdı... Azar cavana əzab verirdi, daha otura bilmirdi; üzünü anasına tutub dedi:
– Nənə, ürəyim pis olur, məni yatacağıma apar!
Arvad balasının xahişini əmələ gətirdi.
– Nənə, gətir üzündən öpüm, bax məni halal elə!... Bacılarım siz də gəlin öpüşək!
Xəstə birbəbir bacılarını zəif əllərilə bağrına basıb duz kibi yaladı:
– Nənə, bu kiçik qızları məktəbə qoy oxusunlar. Sən allah bunlara qız deyib əziyyət vermə!... Nənə qızlar da insandırlar, allahın ən əziz məxluqundandırlar! Bunları incitsən allaha xoş getməz!...
Xəstə anasını və bacılarını son dəfə olaraq vida nəzərindən keçirib, yaşlı gözlərini divarın bir nöqtəsinə tikdi. Anası çarpayının qabağına yıxılıb sızıltılı bir nalə ilə balasını çağırıb, fəğan edirdisə də, cavab gəlmirdi; biçarə arvad yenə inana bilmirdi ki göz tikəcəyi bir oğlu onu ümidsiz qoyub, həyatdan uzaqlaşır...
Balaca qızlar ahi-fəğan ilə saçlarını yolub, qardaşlarının meyitinin üstə töküldülər....
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-son-bahar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bundan sonrakı hekayələrin çoxu çapa ilk dəfə çıxır. Mövzu yenidir: həyatımızın çürüklüyü. Zənnimcə, ədəbiyyat iki yol tə’qib edəbilər: biri köhnələri yıxmaq və təzə bina üçün zəmin hazırlamaq; – ikincisi: yeniliyi duymaq, qeyd etmək və onun qüvvət və qüdrətini təşviq etmək. «Keçmiş səhifələr» çürükləri yıxmaq və təmizləmək ilə məşğuldur...
Üç gecəMir Qasım papağını qarmağa keçirib başladı:– Qardaş, başıma bu altı ildə çox işlər gəlib. Otur dərdlərimi bir-bir söylüyüm. Səndən bir il sonra mən Moskva darülfünununa girdim (sənin onda Tomskdən xəbərin gəlirdi). İki il evə getmək mümkün olmadı. Yayda qulluq tapıb, Rusiyada qaldım. O biri yay bir qədər pul ilə evə getdim. Əlbəttə mənim gəlməyimə hamı şad oldu. Ələlxüsus anam. Atam kənddə idi. Bir həftədən sonra o da gəldi. Xülasə əvvəlki həftə pis keçmədi. Yeyib, içib, ayaqlarımı uzadıb, bir qədər dincəldim. Bir gün anam dedi: «Bala dost var, düşman var. Atan da qocalıb, əlindən əsası düşən vaxtdır. Mən də bir şey yiyəsi deyiləm. Böyük oğlum sənsən....»
Bir qəpikSərəncam bacı qəpiyi uşağın avıcına basıb, barmaqlarını bərk yumdu:– Bax itirmə – dedi.
Kənddən şəhərə göndərilən bir kağızNuriçeşmə, – əvvələ səlamt üzrə bərqərar və payidar olasınız, və saniyən hər gah bu tərəfin ahvalatını xəbər alasınız, şükür olsun allaha sağ və səlamət varam və bir qəmim yoxdur suvayi sizin ayrılığınızdan qeyri. Xudavəndi aləm bir vəsiləyi-xeyr etsin ki, bir birimizi birdə görək. Və bir də köpəy uşağı, qudurub yolunuzdan çıxmısınız. Sözümə zadıma qulaq asmırsınız. Allah qırmış məni şəhərə gətirməyin, vallah, gəlləm sizi it unu kibi dağıdıb atanıza od vuraram. Sizdən zəhləm elə gedir ki, görmək istəmirəm. Min dəfə yazıram ki, oğul oxuduğun daha bəsdir, gəl yanıma alış-veriş edək, qulaq asmırsan! Elə deyək oxudun oldun pristav-nə çıxdı; qulluqdan bir gün qoğsalar acından öləsisən, ki öləsisən! Oğul gəl sən allaha bax, daşı ətəyindən tök, oxumağı qoy gəl buraya. Axır bilmirsən necə qazançlı sovda eliyirəm; kənddə hər üzünü vurursan. Bu gün bir motal aldım dörd manata; başından satırsan, sonra dönüb yerinə su tökürsən. Bir az satıb yenə su tökürsən. Ondan təzə penirin girvənkəsini alırsan altı qəpiyə, tökürsən motalın içinə, bir iki dəfə and içəndə, görürsən «axtarma» adına satılır. Xülasə, dörd manatlıq motal on beş manat pul çıxarır. Hər şey elə belə: bu gün on dörd qəpiyə şəkər alıb, qaynadırsan, içinə də bir az arı ölüsü, milçək ölüsü salırsan; görürsən girvənkəsi iki abbasıya xalis bal adına satıldı. Hər şey elə belə.Bu gün bilirsən ki tərəkəmə ildə bircə dəfə, bayram axşamı aş yeyir. Ondan yığırsan keçi piyi, mal piyi, nə bilim əlinə gələn şeyi qatıb əridirsən. Yağ rəngi vurub, saraldıb, girvənkəsi on şahıya kərə yağı adına satırsan. Elə hər şey belə. Məsələn, içilmiş çay qurusunu alırsan girvənkəsini iki şahıya, bir az soda vurursan rəngi qaralır, sonra çaya qatıb, Təbriz çayı adına girvənkəsini altı abbasıya gedə götürürlər. Tərtər düyüsünü alırsan yarıda xırda düyü qatırsan, çöllüdür də, nə qanır, görürsən akula düyüsü adına aldı apardı.
Başqa şairlərin şeirləri
Hər şaxın üstündə bir bəyaz xülya,Bir titrəyiş duysa düşər qorxuya,
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,