Mən lap uzaq vaxtından dəli Səmədi tanıyırdım. Görürdüm əllərini solmuş çuxasının qollarına qoyub və çiyinlərini qovzuyub küçənin ortası ilə iti ötür. Həmişə simasında dərin bir fikir, ya cunqul və şirin xiyalat oxunurdu: birdən nazik qaşlarını qırışdırıb və uzun ucu qırma burnunu sallıyıb belə qəmə batırdı, ki, elə bil ömürdən məqsəd bilmərrə görmürdü. Gah da kipriksiz xırda gözləri daralıb, rəngsiz dodaqları gülürdü. Axşamadək peşəsi şəhəri cövlan etmək idi; həmişə də yerişi bir, duruşu bir, fikir və xiyalı bir. Bazarda bəzzazın tərəkəməyə min and ilə şey satmağı, hammalların birçəkləmə davası, baqqalların ağız ağıza verib qatığa müştəri axtarmaları, – heç biri onun zahir və batinində səbəbi təğyir ola bilmirdi. Ancaq bə’zi adamların «ay, dəli Səməd! Ay, dəli Səməd!» deməyini eşitcək, cəld dönüb güdək, acı və çox vaxtda pür-mə’ni bir söz deyib yenə salıb gedirdi. Başlardı öz özünə dağınıq sözlər söyləməyə və söylədikcədə gah gülüb, gah da hirslənib qaş-qabağını turşudardı.

Bir gün məscidin qabağından ötürdüm, gördüm dəli Səməd qazının hücrəsinin qabağında oturub, məsələ xəbər alır:

– Qazı ağa, İbrahim peyğəmbərə ki göydən qoç gəldi, bircə məni başa sal görüm ki, o qoçun azığı var idi, yoxsa yox?

Qazı bir az bunun sualına gülümsünüb dedi:

– Səməd azığı nə eliyirsən? Yəqin ki var idi.

– De yaxşı, qazı ağa! Bəs azıq göydən gələ-gələ qumar nəyə haram olsun? Sən deyirsən oynama, allah da azığı yaradır ki oyna! İmdi kimin sözünə qulaq asım?

– Əlbəttə həmişə allahın, amma...

Dəli Səməd cəld qazının sözünü kəsib cibindən dörd azıq çıxartdı:

«Amma»sı yoxdur, səninlə bir əl qumar oynuyacağam!

Qazı əlini əlinə vurub yuca qəhqəhə ilə gülüb və başladı yavaş-yavaş dəlidən uzaqlaşmağa. Dəli Səməd ətəklərini çırpıb durub getdi və dala baxa-baxa gülümsünüb deyirdi:

– Elə olar, oynamazsan, çünki gələn gedən var, baxır görür. Him m m... Xəlvətdə olsa min iş törədərsən! Sizin mən dabağda gözünə bələdəm!

Belə-bələ dəli Səməd qazının qarasına bir az söylənib bazarın ortası ilə ötüb getdi. Bir az getməmişdi bir iki uşaq onun dalınca yüyürüb çığırdılar:

– Ay, dəli Səməd! Ay, dəli Səməd!

Səməd bunlara heç e’tina etmiyib, ancaq dodağında mırıldandı:

– Ahmaqlar sevinirlər ki oğul əkmişik-bu da oğul! Mənim qardaşım da deyir ki Səmədə çörək verirəm heç mənim ayağıma durmur; molla Qiyas da dəli Səmədə bir çərşənbə bir şənbə bir dua yazsa dəli yaxşı olar.

Xa-xa-xa! Ahmaq özü dəli olub mənə deyir!

Bazarın başında yoğun və qırmızı birçək bir baqqal «boy, dəli Səmədə bax» deyib bir çürük badımcan salbası atdı!

– Eşşək, qoca eşşək, get iylənmiş qatığını satmağa!

– Baqqala belə cavab verib, dəli Səməd adamların arasında itdi.


Yay girəndə Səmədin dəliliyi şiddətlənirdi; görürdün yolgedəndə gözləri çanağından çıxıb oynuyur, danışığı artıb məzmunsuz və dağınıq kəlmələrdən ibarət olurdu; əxlaqı pozulub dinənə söyməmiş; acığını duyduranı dəyməmiş olmurdu. Evə gec-gec gələrdi və evdəkilər ilə də əvvəlki xoş rəftarını unudub pis müamələdə olardı: qardaşı, uşaqlarını döyüb, qardaşına dəqiqədə min söyüş verirdi. Ayağını bağlardılar çörək vermiyib dama salardılarsa da yenə Səmədin xasiyyətinə tə’sir etməzdi; əvvəlki halətdə qalıb ağzına gələni söylərdi. Əlindən gələni elərdi. Şəhərdə şikayət gün gündən artırdı. Deyirdilər: «Dəlinin yiyəsi olar, bilmirik Hacı Qara dəli qardaşına niyə təhər çəkmir? Hacı Qara da gəlib dəli Səmədi tut ağacına bağlıyıb tupurğu ilə döyməyə başlardı. Sübhdən axşamadək Səməd ağaca sərikli çığırardı, bağırardı, və ağzına gələni də qardaşına deyərdi. Bir də görərdin döyüldüyü yerdə birdən gözləri yaşlı, qəhqəhə çəkib gülürdü, məzəli-məzəli qissələr nağıl eliyib eşidənləri niyə gülməyə vadar edirdi. Çığırmaqdan xırıldıyan səsi ilə:

– Deyirlər «dəliyə qələm nist» bəs mən dəli olmuya-olmuya bu ahmaq məni də tutub bu ağaca səriyib? Xa-xa-xa! Vallah məl’un lap dəli olub bircə saqqalına bax, başına bax, dəccala oxşayır!... Sözlərini qurtaran kibi Səməd yenə qaş qabağını sallıyıb sükuta gedirdi. Sonra yenə simasında bir təbəssüm görünüb, yavaş-yavaş gözləri daralardı, və dişləri ağarıb qəhqəhə ilə gülürdü. Ondan başlıyıb öz özünə danışardı, əvvəl aram ilə sonra bərkidirdi və axırda gücü gəldikcə çığırıb yenə sükuta gedirdi. Bir də başlıyırdı:

– Deyir dədədən qalma şeyləri əlindən alaram və sonra da səni ağaca bağlıyıb döyərəm... dədədən qalma.... dədə! xa-xa-xa! Dədə... də... də. – xa-xa! nə!... hım m m !... nənə!... Ey, yazıq nənə!

«Nənə» sözü Səmədə artıq tə’sir etdi, qəmli gözlərini yerə dikib belə hökürtü ilə ağladı ki gözlərinin yaşı, pərişan saqqalı ilə axıb döşünə töküldü.


Dəli Səməd evdən qovulub küçələrdə dovran sürürdü. Yağış vururdu, qar vururdu, acı soyuqlar kəsirdi və təbiətin belə-belə hücumlarına bir dəfə də olsa müqavəmət etmirdi. Bolca gülürdü, bolca ağlıyırdı, və öz özünə uzun-uzadı danışırdı. Gündüzlər dükanlar qabağında tapdıqları ilə qarnını doyurub, gecələr də bir guşəyə çəkilirdi: xaraba damlara, axırlara və cındır libasına bürünüb yatardı. Sabahlar toza torpağa bulanmış yenə küçəyə çıxırdı; yenə uşaqlar tökülüb hərə bir tərəfdə onun cırıq arxalığından yapışıb çığırışırdılar: «Ay dəli Səməd. Ay dəli Səməd!» Səməd əlini daşa-kəsəyə atıb uşaqları qovlardı, və öz özünə danışa-danışa salıb gedirdi.

Daha Səmədin əvvəlki müdrikliyi, irəlki cəldliyi qalmamışdı; zamananın gərdişi, fələyin vəfasızlığı, çoşqun, acılıq, rahatsızlıq, Səmədin belini bükub saqqalını ağartmışdı. O əcib hali-dilinin əksini göstərən siması sınıb əzilmiş bir lövhə parçasına dönüb heç zad bəyan etmirdi; bircə alnının qırışlarında ağır məişət izi müşahidə olunurdu. Bu axır dəfə idi ki mən dəli Səmədə rast gəldim. Daha sonra nəzərimə keçmədi. Bir də qışın çoşqunlu bir gecələrində zarıltısı sübhə kibi qulağımdan kəsilmədi:

«Ay balası, çölə düşən nənə vay» deyib aramsız ağlıyırdı. Onun sabahı gün eşitdim ki Səməd çəpərin altında donub ölüb.

Bu hadisədən imdi çox-çox illər keçir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri