Nağıllarımız barəsində bir-iki söz
NAĞILLARIMIZ BARƏSINDƏ BİR – İKİ SÖZ
Aşağıda dərc etdiyimiz “Caçcı” nağılı qarabağlı ağzından yazılıb, yerli şivə dəyişilməyib. “Caçcı” nağılı zərdüşti fəlsəfəsindən doğmuş sıraya aiddir. Lakin “Məlik Məmməd” qədər dolğun deyil. “Məlik Məmməd”də işıq ilə qaranlığın mübarizəsi bilfeil olmalıdır, burada isə rümuzi bir surətdə ifadə olunur: Həsud qardaşların bütün səyinə rəğmən Caçcı mübarizədən qalib və müzəffər çıxır, nəticədə nökərçilikdən yüksəlib padşah olur.
Haqqın nahaqqa qələbə çalması bir bizdə deyil, başqa millətlərin nağıllarında da əsas təşkil edir.
Onlarda da haqq tərəfdarları yox olmur, fənahərəkətlilər özgələrə qurduqları tələyə düşüb məhv olurlar.
Başqa nağıllarda gözə çarpan 3, 7, 40 rəqəmlərindən “Caçcı”da yalnız 3 və 40- a təsadüf edirik. Türküstanda və türk-tatarların təsiri olaraq rus nağıllarında rast gəldiyimiz 9 rəqəmini bizdə görmürük. Deməli, zərdüşti fəlsəfə və etiqadından doğma nağıllarımız yalnız dil etibarilə türkləşmişlər. Irqi rəqəmini nağıllarda işlədən Orta Asiya yalnız dilcə deyil, məzmunca da nağıllara təsir etmişdir.
Bizdə “biri varmış, biri yox imiş, allah var imiş, bəndəsi çox imiş”, – deyə zərdüşti etiqadına bir də islam sərlövhəsi əlavə olunur.
Özbəklərin sərlövhəsi daha həyati və millidir: “Bar ikan, yok ikan, ac ikan, tox ikan, buru biqəval ikan, tülkü yasvıl ikan, gözkun falbil ikan, çomçok çakçı ikan, comalı azğiyu ikan, qaz çörpayçı ikan,
ördək surnayçı ikan, taşbağa çakçı ikan, tarazı dar ikan, qurbağa daş bərdar ikan, qoza paya tozdin ikan, hər bəla qızdan ikan”. Özbəklər nağıllarında ölkələrinin heyvan, quş və cüçülərini də iştirak etdirirlər, ziraətlərinin məhsulu pambıq da nağılda özünə yer tapır.
Adətən nağıl zaman və məkandan uzaq olduğu üçün onu hər bir millət özünə qəbul edib mənimsəyir. Bizim bu qisim nağıllarımızdan başqa, bir də tarixə yanaşmışları var. Bunlar ələləksər şah Abbasın şəxsiyyəti ətrafına toplaşmışlardır.
Məqaləni 1928-ci ildə çap edən “Azərbaycanı öyrənmə yolu” ilə məcmuəsi burada yazıçının bu
fikri ilə razılaşmadığına dair belə bir qeyd verilmişdir: “idarə bu nöqtədə yazıya şərik olmur.”
Buru – qurd, biqəval – aşçı, falbil – falçı, çomçok – sirkə, çakçı – dedi – qoduçu, çomalı –
qarınca, azqiyu – qərəvəlli söyləyən, çərpayçı – sorucu, taşbağa – tısbağa, taş bədar – diş qoyan, qoza –
pambıq, tozdan – duzdan çıxan (müəllif).
Üçüncü qisim nağıllarımız çocuqları əyləndirmək üçündür. “Cırtdan” kimi çocuq nağılları müəyyən fəlsəfə və məntiqdən uzaqdır. Onlarda həyat və zindəganlıq daha çox yer tutur.
İkinci və üçüncü qisim nağıllarımız haqqında başqa dəfə.
Caçcı
Biri var imiş, biri yox imiş, günlərin bir günü üç qardaş var imiş.
Bunların böyüyü gedir papaqçılıqla, ortancılı başmaqçılıqla, kiçiyi Caçcı da padşaha nökər olur. Padşah Caçcının xatirini çox istəyirmiş, yaxşı yedirirmiş, yaxşı geyindirirmiş. Caçcının o biri qardaşları bunu görüb paxıllıqları tutur, deyirlər. Biz axşama kimi işləyirik, zəhmət çəkirik, heç Caçcı kimi dolana bilmirik. Nə qayıraq ki, Caçcı ölsün, yeri bizə qalsın.
Fikir-fikir eləyirlər, axırda deyirlər: gedək padşaha deyək ki, küpəgirən qarının sənə layiq qızıl qaşıqları var, onu Caçcıdan başqa heç kəs gətirə bilməz, Caçcını göndər gətirsin.
Qardaşlar durub gedirlər padşahın yanına, deyirlər:
– Padşah sağ olsun, güpəgirən qarının sənə layiq qızıl qaşıqları var.
Onları Çaçcıdan başqa heç kəs gətirə bilməz, göndər getsin gətirsin.
Padşah Caçcını çağırır, deyir: gərək o qaşıqları gedib gətirəsən.
Caçcı padşaha baş endirib çıxır.
Buncuğaz yola düşür, az gedir, üz gedir, dərə-təpə düz gedir. Gedir çıxır qarının evinə. Qarıca qızla oturmuş imiş. Caçcını görcək özözünə deyir: nə yaxşı oldu, gəldi, elə bunu kəsib yeyərəm.
Caçcı oturdu. Bir evə göz gəzdirdi, gördü qaşıqlar irəfə düzulüb. Çörək yedilər, yığışdırdılar. Yatanda qarı qızına dedi ki, ağ keçəni öz üstünə sal, qaranı qonağın üstünə, badyanı da qoy, sabah tezdən durub qoyunları suvarmağa gedəcəyəm.
Qız ağ keçəni öz üstünə saldı, qaranı Caçcının üstünə, badyanı da anasının yanına qoydu. Yıxılıb yatdılar.
Gecənin bir yarısı Caçcı durdu, ağ keçəni götürdü, öz üstünə saldı, qaranı da qızın üstünə.
Sabah tezdən qarı qalxdı, qara keçəni götürüb, bıçaqla qızının başını kəsdi, dedi:
– Ay qız, Caçcının ətindən bozbaş as, mən də qoyunları suvarıb gəlirəm.
Qarı getdi. Caçcı durdu, qaşıqları götürüb, getdi.
Qarı da qoyunları apardı çayın qırağına, qabı suya basdı, istədi qoyunlara su versin, gördü qabda su yoxdur. Işıqlanana kimi belə elədi, bir də sübh açıldı, qarı baxdı gördü, badya əvəzinə xəlbir gəlib çıxıb.
O saat barmağını dişlədi, dedi:
– Yəqin bu Caçcının işidir.
Durdu qaçdı evə, gördü qızının başını kəsib, qara keçənin altında qızı imiş.
Qarı bir başına vurdu, bir dizinə, yüyürdü Caçcının dalınca. Getdi gördü Çaçcı tövbələtmə dağını aşıb gedir. Qarı dağı aşa bilməzdi, çıxdı üstə, dedi:
– Ay Çaçcı, vay Çaçcı, həlbət əlimə düşərsən, ətini aşıqca elərəm, qanını qaşıqca.
Caçcı gəlib, padşaha baş endirdi, qaşıqları qabağına qoydu.
– Caçcının qardaşları baxdılar, gördülər bu yenə gəldi çıxdı, qaldılar yana-yana. Bir gün belə, beş gün belə, axırda yenə fikir-fikir elədilər, dedilər: bunu hara göndərək ki, daha qayıdıb gələ bilməsin?
Dedilər: qarının bir tazısı var, yaxşısı budur ki, göndərək onu gətirsin.
Bu səfər qarı lap acıqlanıb, elə ki, Caçcını gördü, daha sağ buraxmayacaq. Getdilər padşahın yanına, dedilər:
– Padşah sağ olsun, küpəgirən qarının bir tazısı var, sizdən savayı heç kəsə layiq deyil. Caçcını göndər, onu gətirsin.
Padşah Caçcını çağırdı dedi.
Caçcı bir az fikirləşdi, gördü əlac yoxdur. Padşaha baş endirib getdi. Az getdi, çox getdi, getdi çıxdı qarının damının üstə. Bacadan baxdı, gördü qarı oturub, yağ əridir, tazısı da yanında oturub. Əlini atdı, bir az torpaq götürdü, bacadan aşağı tökdü. Tazı yuxarı baxıb, dedi: bacbac-bac-bac.
Qarının acığı tutdu, kəfkiri yağdan çıxarıb, tazının başına çırpdı, dedi:
– Dəli olmamısan, köpək oğlunun iti, burada Caçcı nə qayırır?
Tazı acıq eləyib, evdən çıxdı. Caçcı onu tutdu apardı.
Qarı bir az gözlədi, gördü it gəlmədi, dedi: bəlkə də elə Caçcı burada imiş.
Durdu, ora it, bura it, gördü yoxdu. Yüyürdü tövbələtmə dağına, gördü Caçcı gedir. Dedi:
– Ay Caçcı, vay Caçcı, həlbət əlimə düşərsən, ətini aşıqca elərəm, qanını qaşıqca.
Caçcı gəlib padşaha baş endirib, tazını verdi. Caçcının qardaşları baxdılar gördülər, bu yenə gəldi.
Dedilər, biz bunu ölümə göndəririk, qayıdıb gəlir, Padşahın yanında hörməti daha da artır. Nə eləyək, nə eləməyək, bu səfər də qarının qumrulu kürsülərinin dalınca göndərək. Getdilər padşahın qulluğuna, dedilər:
– Padşah sağ olsun, qarının bir dəst qumrulu elə kürsüləri var ki, səndən savayı heç kəsə layiq deyil. Gərək Caçcını göndərəsən onları gətirsin. Padşah Caçcını çağırdı yanına, dedi:
– Nə təhər olsa, gərək o kürsülər mənə gəlsin. Caçcı bir az fikirləşdi, dedi:
– Nə deyirəm ki, padşah sağ olsun, ancaq bir iş var ki, gərək mənə bir xeyli pambıq verəsən.
Padşah pambığı verdi. Caçcı getdi.
Qarı həmişə qoyunları dama doldurub, qabağına kürsüləri düzərdi.
Qoyunlara da tapşırardı ki, Caçcı gəlsə, kürsülərə dəyin, qumruları tərpənsin, mən yuxudan oyanım gəlim.
Caçcı gəldi. Əvvəl yavaşca başladı pambıqları qumruların deşiklərinə doldurmağa. Hamısınıca doldurdu. Sonra çiyninə alıb, apardı. Qoyunlar hə qumrulara toxundularsa da, səs çıxmadı.
Caçcı yenə baş endirib kürsüləri padşahın qabağına qoydu.
Qarı da ki, yenə yüyürdü tövbələtmə dağına, haray haraya çatardı ki, Caççı çıxıb getmişdi.
Qardaşlarını yenə paxıllıq qoymadı ki, düz otursunlar. Yenə fikirfikir elədilər, dedilər: bu səfər Caçcını elə yerə göndərək ki, daha gəlib çıxmasın. Hara göndərək, hara göndərək? Dedilər, bu səfər qarının özünün dalınca göndərək.
Getdilər padşaha baş endirdilər.
Padşah dedi:
– Nə qulluq?
– Dedilər:
– Padşah sağ olsun, küpəgirən qarı belə oyunlar bilir ki, lap sənin məclisinə layiq. Gərək Caçcını göndərəsən, gedib onu gətirsin.
Padşah Caçcını çağırdı, dedi:
– Nə təhər olsa gərək gedəsən, küpəgirən qarını bura gətirəsən.
Caçcı bir az fikirləşdi, öz-özünə dedi: Mən qarının qızının ölməsinə səbəb olmuşam, tazısını gətirmişəm, kürsülərini oğurlamışam.
Əlinə düşsəm ətimi aşıqca eləyəçək, qanımı qaşıqca. Mən onu necə gətirim?..
Fikir-fikir elədi, gördü əlacı yoxdu. Dedi:
– Padşah sağ olsun, gətirrəm, ancaq ki, mənə bir yapıncı ver, hər tükündən bir qumru sallansın, bir çuval ver, bir də başı dəmirli bir çomaq.
Padşah əmr elədi, bir dəqiqədə hamısını hazırladılar. Caçcı geyinib getdi.
Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəldi qarının evinə çıxdı.
Qarıca ocağın qabağında oturmuşdu. Caçcı içəri girən kimi yapıncını silkələdi, qumrular səsləndi. Qarı dedi:
– Sən kimsən?
Dedi:
– Mən əzrayılam, gəlmişəm sənin canını almağa.
Qarı dedi:
– Di yıxılım yerə, al.
Caçcı dedi:
– Burada olmaz, səni aparıb tövbələtmə dağında canını alacağam.
Dur gir bu çuvala.
Qarının əlacı kəsildi, girdi çuvala. Caçcı çuvalın ağzını bərk-bərk bağlayıb atdı dalına apardı. Tövbələtmə dağına yetişdilər. Qarı dedi:
– Di canımı al.
Caçcı qulaq vermədi, dağı keçdi. Qarı çığır-bağır salanda çuvalı yerə qoyub, “çö” demisən qarıya bir çomaq, daha haray hara çatardı, tövbələtmə dağını keçmişdilər.
Caçcı qarını gətirdi padşahın qulluğuna, dedi:
– Padşah sağ olsun, getdim. Amma çuvalın ağzını hələ açma. Mənə qırx boş otaq ver, sonra çuvalı açarsan.
Padşah qırx boş otaq verdi, Caçcı bunlarıca bağlayıb, dalda birisinə çəkildi.
Qardaşlar eşitdi ki, Caçcı qarını gətirib, yığıldılar padşahın qapısına, çuvalı açdılar. Birdən qarı çıxıb, başladı əlinə düşənləri boğmağa, hamınıça boğub, gəldi Caçcı olan evin qapısına. Başını əvvəlki otağın qapısına söykəyib dedi:
– Qoç başı, qoyun başı?
Caçcı cavab verdi:
– Qoç başı.
Qarı bir təkan verib qapını açdı, içəri girdi. İkinci qapıya başını söykəyib dedi:
– Qoç başı, qoyun başı?
Caçcı çavab verdi:
– Qoç başı.
Qarı bir təkan vurdu, ikinci qapını da açdı. İçəri girdi...
Belə-belə “qoç başı, qoyun başı” dedikcə, Caçcı dedi:
– Qoç başı.
Qarı 39 qapını sındırıb, gəldi Caçcı olan otağın qapısına, dedi:
– Qoç başı, qoyun başı?
Caçcı dedi:
– Qoyun başı.
Qarı qapıya təkan vurduqda başı əzilib yıxıldı. Caçcı qapını açıb çıxdı. Çomağı çəkdi qarını öldürməyə, qarı dedi:
– Indi ki, məni öldürürsən, sənə bir şey öyrədim: Mənim qanımdan bir damcı aparıb, hər kəsin burnuna damızsan, dirilər.
Caçcı qarını öldürdü. Qanından bir damcı aparıb padşahın qızının burnuna damızdı. Qız o saat asqırıb, ayıldı. Caçcı dedi ki, hamı ölmüşdü, bircə sənin ürəyin getmişdi, ayıldın.
Qalan adamları Caçcı ayıltmadı. Hamısını yığıb basdırtdı. Caçcı padşahın qızının kəbinini özünə kəsdirdi. Qırx gün, qırx gecə toy oldu.
Caçcı başladı padşahlıq eləməyə.
Onlar yedilər yerə keçdilər, siz də yeyin dövrə keçin.
1928
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-nagillarimiz-baresinde-bir-iki-soz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...
Lüzumsuz arzu üçünİki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.
Qoca nənənin ölümü münasibətiləİbrahimin qoca nənəsi öldü. Tam qarılara layiq bir surətdə də öldü: üç gün yatdı, “varımı-yoxumu bilirsiniz, mənə ehsan verin”, – deyə altı kəlməlik bir vəsiyyət elədi; axırda da ağzını açıb-yumdu. Vəssalam.Qarı tamam oldu... Hekayətimiz də burada bitməli idi. Ancaq... “papağın keçi dərisindən, xəbərin yoxdur gerisindən”... qulaq as, gör nə oldu.
Qusar mülkədarlarıXudat stansiyasından Qusara gələn avtobus sürətlə boşaldı. Son enən orta yaşlı, başının yanları ağarıb gümüşə çalan bir kişi, arıq arvadı və çəlimsiz xırda qızı oldu. Bunlar şeylərini tələsmədən bir tərəfə toplayıb tarlanmaq istəyən toyuq-xoruz kimi, ətrafa hay atmağa başladılar. Bir az keçmiş kişi bazarın uzaqlarına baxaraq:– Reyhan, odur gəlir! – deyə arvadının qolundan dartıb gülümsədi: