Xalq ədəbiyyatında bəşəri təmayüllər
XALQ ƏDƏBİYYATINDA BƏŞƏRİ TƏMAYÜLLƏR
Xalq ədəbiyyatı ağızdan-ağıza keçib nəsildən-nəslə intiqal edən ədəbiyyata deyilir. Bu tərif haqqında bütün müdəqqiqlərin rəyi bir kimi görünür. Lakin xalq ədəbiyyatı deyilən bu el fikrinin məhsulu kimə və hankı xalqa məxsusdur deyildikdə, bir az çətinlik çəkilir. Çünki bir xalqın arasında məruf olan bir parça, istər şəkil, istərsə mövzu etibarilə başqa xalqların arasında da görünmədədir. Nağıl, atalar sözü, tapmaca kimi xalq ədəbiyyatının növləri bir çox xalqların ədəbiyyatında da mövcuddur. Şəkil kənarda dursun, müəyyən bir mövzu belə bir çox millətlərin arasında dolaşıb durmadadır. Məsələn: “Skazka” adı ilə məşhur “O xitrosti Didoniya” rəvayəti dünyanın hər bir tərəfinə yayılmış bir hekayədir. Öküz və yaxud inək dərisi böyüklükdə bir yer istənilir, sonra dərini kəsib qayış şəklində geniş bir torpağın ətrafına çəkir, yeri işğal edirlər. Rəvayət bundan ibarətdir.
Akademik Miller bu rəvayəti tədqiq edərkən izini Afrika, Hindistan və Avropa arasındakı geniş qitədə bulub, ünvanını qeyd edir. Halbuki, bu rəvayət Qoçum xana və Yermaka da istinad edilir. Şimal türk-tatar xalq ədəbiyyatını toplarkən Radlov üç yerdə dəri rəvayətinə rast gəlir. Yakut sərvətdarlarından Tifin adlı birisinin gəlmə rusları öküz dərisi fəqərəsi ilə aldatması söylənilir. Yalnız Sibir deyil, Orta Asiyada belə bu rəvayət məşhurdur.
XI əsrə məxsus Əbdülqafar Əlmainin “Tarixi-Kaşğar”ından əxz edib yazan Camal Karşi islamiyyətin Kaşğarda yayılmasına dair bir hekayə söyləyir. Kaşğar hökmdarı Oğulcaq Qadir xan hələ “kafir” ikən Nəsir ibn Mənsur adlı bir müsəlman şahzadəsinə yanında yer verir. Şahzadə xoş rəftarı ilə xanın rəğbətini qazanır və nəticədə Artic adlı yerə vali təyin olunur. Bir gün şahzadə məscid tikdirmək üçün xandan inək dərisi böyüklükdə bir yer istəyir. Xan razı olur və şahzadə inək dərisini doğrayıb, müəyyən yerin ətrafına çəkir, ortasında məscid tikdirir.
“Nemətullahi” təriqətini təsis edən Nemətullah Vəlinin də dəri fəqərəsi ilə Mahanda bir yer ələ gətirib məscid tikdirdiyi İran dərvişləri arasında mərufdur.
Azərbaycanda da bu rəvayət dillərdə gəzir. Guya Sultan Məhəmməd Fateh Bizans imperatorluğundan dəri böyüklüyündə bir yer istəmiş, dərini doğrayıb, qayışını Istanbulun ətrafına çəkərək oranı zəbt etmişdir. Bu rəvayətin əsil mənbəyindən uzaqlaşıb, başqa-başqa irqə mənsub xalqlar arasında yayılması və mənimsənilməsi göz önündədir. Xalq ədəbiyyatını tədqiq edərkən mənbə məsələsindən bəhs olunduqda çətinliklərə rast gəlindiyi də bu səbəbdəndir. Müəllifi bəlli olmayan, zaman və məkana az tabe olan bir ədəbi məhsul tədqiq və tətəbbö çərçivəsinə də çətin sığır. Odur ki, bu sahədə yürüdülən rəy və təsəvvür də başqa-başqadır. Ümumiyyətlə, xalq ədəbiyyatı toplanır, müəyyən bir üsula salınıb nəşr olunur, tarixi tədqiqə gəldikdə məsələyə səthi olaraq yanaşılır. Çətinliklərə rəğmən xalq ədəbiyyatını tərif edən ovsafi nöqtələr var ki, sabit deyiləcək qədər qüvvətlidir. O da bunlardan ibarətdir:
Xalq ədəbiyyatı millilikdən fəzlə bəşəridir.
Xalq ədəbiyyatı sənətdən fəzlə günün ehtiyacına xidmət edir.
Xalq ədəbiyyatı müəyyən fəlsəfədən məhrum deyil, lakin bu fəlsəfə,
bəzi nağıllar istisna edilərsə, mücərrəd deyil, əməlidir.
Xalq ədəbiyyatında rümuz, işarə və müqayisə böyük yer tutur.
Xalq ədəbiyyatı bir kütlə tərəfindən alınıb, mənimsəndikdə ona milli, ya dini bir süs və rəng verilir. Milli xalq ədəbiyyatı deyildikdə məzkur rəng və süs nəzərə gəlir. Məzmun isə çox yerdə ümumi, bəşəridir.
Azərbaycan xalq ədəbiyyatını bütün ənvai ilə tədqiq edərkən bu yuxarıda qeyd olunan həqiqətlər aşkar bir surətdə meydana çıxır.
Şifahi ədəbiyyatımızın ənvai arasında “Atalar sözləri” daha ümumi və bəşəridir. Aramızda dolaşan bir çox məsəllərin eynini ruslar və başqa millətlərdə də görürük. Bir az araşdırdıqda bunları rusların da başqalarından aldığı məlum olur. Axırda ipin ucu yunan və Roma mütəfəkkirlərinə qədər gedib çıxır. Fikrimizi doğrultmaq üçün bəzi məsəllərimizi rus məsəllərilə, qədim alim və mütəfəkkirlərin kəlamları ilə müqayisə edək.
Azərbaycanlılardakı bəzi atalar sözünü ruscası ilə müqayisə edək:
Ölü dalınca danışma – O pokoynike xudo ne molvi.
İlanı qoynunda bəslədi – Otoqrel zmeyu za pazuxoy.
Bir gül ilə bahar olmaz – Odna listoçka ne delayet vesnu.
Əl əli yuyar, əl də üzü – Ruka ruku moet.
Qoyun olmayan yerdə keçiyə Kərəməddin ağa deyərlər – Na bezrıbi i rak rıba, na bez lyudii foma çelovek.
Dost-düşmən yaman gündə məlum olar – Druq poznayetsya v bede.
Hər nə doğrarsan çanağına, o çıxar qaşığına, hər nə əkərsən onu biçərsən – Kak poseeşya, tak pojneş.
Yağışdan çıxdıq, yağmura düşdük – Iz oqnya, da v polımya.
Qurd dərisini dəyişər, xasiyyətini dəyişməz – Volk kajdıy qod menyaet svoyu şubu, da obıçaya ne menyaet.
Kim bilir, əlimizdə material olsaydı, bəlkə məsəl və atalar sözlərinin daha da qədim olduğunu isbat edərdik.
Çünki insan ictimai həyata ilk addım atdığı zamandan başlayaraq, şübhəsiz ki, həyati təcrübələr keçirdikcə özünə müəyyən qanunlar cızıb. Bu qanunlar şifahi olaraq nəsildən-nəslə, xalqdan-xalqa keçərək ümumin malı ola bilmişdir.
Başqa-başqa irqlərə mənsub xalqların ədəbi məhsullarının bir-birinə bənzəməsi təbii isə, türk irqinə mənsub ünsürlərin, məsəllərin biri-birinin eyni olması daha da təbiidir. Ləhcə ayrılığı nəzərdə tutulmazsa, türk qövmləri arasında işlənən bir çox məsəllər bir məzmunda, bəlkə bir şəkildədir. Nümunə üçün bir az da Türkiyədə işlənənlərlə Azərbaycanda işlənən atalar sözlərini müqayisə edək.
Saqqalı olmayanın sözü tutulmaz – Saqqalım yoxdur, sözüm ötmür.
Qaşını doğruldurkən gözünü çıxardı – Qaşını düzəltdiyi idi, vurdu gözünü çıxartdı.
Söz böyüyün, su kiçiyin – Yol böyüyün, su kiçiyin.
Kor satıcının kor alıcısı olar – Kor atın kor da nalbəndi olar.
Mum dibinə işıq verməz – Çiraq dibinə işıq salmaz.
Su dəstisi su yolunda qırılır – Su bardağı suda sınar.
Təncərə dövrildi, qapağını buldu – Koduş yumbalandı qapağını tapdı.
Tavığın pilicini gözün sayarlar – Cücəni payızda sayarlar.
İtin axmağı qayqanağdan pay umar – Tulanın əbləhi qaysabadan pay umar.
1 I.E.Timohenko. Literaturnıe pervoistoçniki 300 russkix posloviü i
poqovorok. Kiev, 1897 (müəllif)
2 Qeyd: Birincilər Türkiyədə, ikincilər Azərbaycanda işlənir.
Keçiyə can qayğısı, qəssaba yağ qayğısı – Keçi can qaydında, qəssab da piy axtarır.
Köpək dəvəyə hürmüş də, dəvənin xəbəri yox – Ayı meşədən küsmüş, meşənin xəbəri yox.
Dəvəçi ilə qonuşan qapısını böyük açar – Sarban ilə yoldaş olanın darvazası gen gərək.
Sən ağa, mən ağa, bizim unu kim üyütsün – Sən ağa, mən ağa, bəs inəkləri kim sağa.
Səbir elə, tut yarpağı sarı altun olur – Səbir elə, qurut halva olur.
Və ya:
Səbir elə halva bişər, ey qora səndən,
Bəsləsən atlas olar tut yarpağından.
Dərziyə çıx demişlər, iynəm başımda demiş.
Dərziyə köç demişlər, iynəsini yaxasına sancmışdır.
Yalnız Türkiyədə deyil, bizdə işlənən məsəllərin eynini Türküstanda və Krımda görürük. Məsələn: “Azacıq aşım, ağrımaz başım”, Krımda “Azğana aşım, qayğusuz başım” şəkli alır. Yaxud bizim “Anasına bax qızını al, kənarına bax bezini al” məsəli tarançılarda belə deyilir: “Ana görüb qız al, qırğaq görüb bez al. Bəzi yerdə: “Ana görüb qız alğıl, qırğaq körüb bez alğıl” da deyirlər.
Nümunə üçün bir az da tarançılarda işlənənlərlə Azərbaycanda işlənənləri müqayisə edək:
Yetimin ağzı aşqa təksanda, başı taşta təkdi – Yetimin ağzı aşa çatdı, başı daşa.
Qızım sənə ayıtım, gəlinim sən eşit – Qızım sənə deyirəm, gəlinim sən eşit.
Yutğanğa bakıb fotsun – Yorğanına görə ayağını uzat.
Üz toysa, göz toymaz – Qarnı doysa, gözü doymaz.
Tama, tama göl tuşar – Dama-dama göl olar.
1928
V.V.Radlov. Obrazüı narodnoy literaturı severnıx törskix plemen t. VI, SPb, 1886 (müəllif)
N.N.Pantusov. Obrazüı tarançinskoy literaturı. Kazanğ, 1909 (müəllif)
V.Qordlevskiy. Obrazüı osmanskoqo narodnoqo tvorçestva, t. I, Moskva, 1919 (müəllif)
Qeyd: Birincilər tarançılarda, ikincilər Azərbaycanda işlənir.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-xalq-edebiyyatinda-beseri-temayuller
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Veylabad aram tapdı. Camaat öz işlərinə məşğul idi. «Cənnət qəbzi» məsələsi bilmərrə yaddan çıxmışdı, amma usta Ağabalanın ürəyində, cinlərin qorxusu hələ davam edirdi. Biçarə neçə aylar idi ki, bu dərdə mübtəla olub, evində yatırdı. Arvadı Ustanın dükənində nə qədər şey var idi, satıb, ona sərf etmişdi; bir nəticə də hasil olmamışdı: Ustanın azarı əlac-pəzir deyil idi. Külfət şiddətli günlər keçirməkdə idi: evin olan şeylərini satıb çörəyə vermək kifayət eləmirdi. Körpə uşaqlar ac və çılpaqlığa davam gətirmiyib ağlaşırdılar. Kömək gözləməli yer yox idi. Qapını açıb, girən olmazdı, hərdən arvadın əlacı kəsilib gedib, Əli-Əsgər-ağagildə qulluq edirdi və axşamlar uşaqlara çörək qurusundan, boyat bişmişlərdən gətirirdi. Bunun ilə də yaraya mərhəm olmazdı. Ustanın azarı gün-gündən şiddətlənirdi; bədəni zəifləşib gücdən düşürdü; soyuq və aclıq ürəyini üzürdü; sifətində həyat nişanəsi qalmamış idi.Bir neçə gün keçdi. Şəhərin kənar küçələrindən, üç dörd adam bir meyit aparırdılar. Qabaqlarına çıxan kişinin «ölən kimdir?» sualına, tələbə cavab verdi: «Usta Ağabala kəfşduz!».
Bir neçə sözBu kitabçadakı hekayələr təqribən bundan on beş il əvvəl, «Səda» və başqa Bakı qəzetələri sütununda dərc olunmuşdu. 1912- və 1913-cü illərdə ayrıca olaraq «Həyat səhifələri və Divanə» invanlı kitabçalar şəklində meydana çıxdı.O zaman birinci rus inqilabı, umudlarımıza baxmayaraq söndürülmüş və ağır bir irtica Rusyada sakin millətləri boğmağa başlamışdı. Nəticədə bə’zi mühafildə bir naümidlik hökmfərma oldu. Zəif təbiətlilər bədbinliyə üz qoydu. Bir çoxları, «Son bahar» dövrü fikirlərinə qapıldı və məhv oldu. Gəncliyin çox hissəsi enerzisini sərf etməyə zəmin bulamadı, «metafizik» sahəsinə atıldı və gözəl vaxtını dinin mücərrəd vərasətinə həsr etdi. «Cavan»ların təbii yolu qayıb etməsi, bircə çox həyatı şərtlərdən irəli gəldiyi, aşkardır. O zaman önümüzdə həlli icab edəcək böyük məsələlər var idi. Çar istibdadından başqa, türk gəncləri üçün bir də «milli» istibdad və cəhalət movcud idi. Xalqın inkişafı yolunda qara daş təşkil edən bu iki qüvvə bir-birilə sıxı bir rabitə də idi. Birinə endirilən zərbə ötəki tərəfindən dəf’ olına bilirdi. Gəncliyin vəzifəsi: bütün qüvvət və qüdrətini toplamaq və iki başlı istibdadı bir zərbəyə qurban etmək idi.
Xanın qəzəbi(Keçmiş məişətimizdən)Xan səsə yuxudan ayıldı. Əvvəl qulaqlarına inanmayıb durdu, yatacağın üstə oturdu. Amma səs onun səsi idi, bunda şübhə etmək olmazdı.
«Yeni Fars»Ağa Əli tərəqqipərvər iranlıların ən qeyrətli, ən məsləkli cavanlarından idi. Cəmi vücudu İranın təməddün, nicat və saadət fikirilə dolu idi. Qantorların birində az maaşa qulluq edən cavan həm ailəsini dolandırıb, həm də milli vəzifəsini ifa edirdi. Qəzetlər yazıb bir dəqiqə nəfli qiraətdən çəkinmirdi. Gərürdün İranlı məktəblərində şura olanda camaata bir səs düşdü; hazırun bir-birinə müracəətlə: «Ağa mirzə-Əli gəldi» deyib gözlərini məclisin yuxarısına tikirdi. Ağa Əli çıxdı… gözləri fikirli siması, ciddi, zehnində guya bir ağır fikir tutub, ehmal tərpənir ki tökülüb məhv olmasın.Ağa Əli irəli yeridi və camaatı bir nəzərdən keçirib ağzını açdı… Məclisdə adətdən kanar sakitlik bərpa oldu. Bir kərbəlayı gözlərini qırpmağa cəsarət, bir məşədi öskürməyə cürət etmədi. Natiq ağzından dür tökürdü, sədəf səpirdi. Xoş sovt ilə söylənən sözlər təkcə-təkcə almas dənələri kibi, düşüb göz şüşələrinə rəxnə saldı: Odlu yaşları yığıb toplamağa bir hacı və bir molla dəsmalı qadir ola bilmirdi. Natiq İranın əsəf-əngiz hali-hazirəsini təsvir edirdi. Qabil, kamil, maharətli bir qələm ilə geniş aydın bir lovhə cızıb hazırunun önünə qoydu: bir tərəfdə mə’murlar camaatın qanını soruvb özləri üçün imarətlər tikirlər, bir tərəfdə ruhanılar öz cibi xatirəsinə «lay, lay!» deyib xalqı cəhalətə, xabi-qəflətə sovq edirlər; seyidlər lotuluğa dini bir rəng verib müftəxorluğa meydan açırlar. Bəylər, xanlar, ağalar, quldurlar… zor və güclərindən istifadə edib, əsnafa olmazın zulum, əziyyət və məşəqqətini edirlər… İran bir zulum bir vicdansızlıq dəryasına dönüb, vətən övladını boğub məhv edir!.