NAĞILLARIMIZI NECƏ TOPLAMALI

Nağıl xalq ədəbiyyatına məxsusdur. Xalqın ruhunun, etiqadlarının məhsuludur. Bütün şüarlarımız xalqa doğru olduğu üçün nağılın əhəmiyyəti bir qat daha artır. Belə olan surətdə nağıllarımızı toplamaq və nəşr etmək ən birinci mədəni məsələlərimizdən olmalıdır. Ancaq nə cür toplamanın yollarını bilməlidir. Nağıl xalqındır və xalq da onu mühafizə edərək yeni nəsillərə tərk edir. Onu toplamaq üçün müəyyən nöqtələrə, müəyyən şəxslərə müraciət etməlidir.

Azərbaycanın mədəniyyət tarixini tədqiq edərkən Qarabağ, Şirvan, Qazax tərəflərin mədəniyyət tariximizdə, bilxassə ədəbiyyat sahəsində böyük rol oynadığını görürük. Halbuki Bakı, Salyan, Lənkəran səmtləri istər ədəbiyyat, istər şivə etibarilə səfalı Şirvan və Qarabağdan çox-çox geridə qalır. Səbəbi aşkardır. Xalq mühitində rast gəlmədiyi şeylərə ad qoya bilməz. Mühit təbiətcə zəngin olursa dil də genişlənir, ədəbiyyat da zənginləşir.

Xalq ədəbiyyatı ilə məşğul olarkən, bu nəzəriyyənin doğruluğunu hər addımda duyuruq. Bir zaman mən xalq ədəbiyyatını toplayarkən, onları tutuşdurardım. Qarabağda işlədiklərimin Bakıda öyrəndiklərimdən hər cəhətcə yüksək olduğunu görürdüm. Deməli dağlı, meşəli, çeşməli yerin xalqı daha incə dilə, daha şairanə tərkiblərə malik olur.

Nağılı toplayarkən bu nöqtəyə əhəmiyyət verilməlidir.

Nağılın xalq ədəbiyyatına məxsus olmasına baxmayaraq, xalqın hər bir fərdi onu bilmir. Əslən ona aşina olan şəxslər tək-təkdir. Bunları toplamaq və bunlara ehtiyatla yanaşmaq nağıl toplayanın məharətinə bağlıdır. Ələləksər nağıla və bütün xalq ədəbiyyatına vaqif olanlar arvadlardır. Arvadların da içində hamısı yox, yalnız xalqın işinə yarayan və onunla həmişə təmasda olanlar bilirlər. Xalqa yaxın olanlar məşşatələr, ağıçılar, yengələrdir. Ürkütmədən, təşvişə salmadan bunlara yanaşılarsa böyük bir mənbə kəşf edilmiş olar.

Üsula gəldikdə, nağıl ədəbiyyatının müəyyən üsulu var. Onları gözəl edən və süsləndirən müəyyən dil, tərkib və cümlələrdir. Xalq ədəbiyyatı ilə maraqlananlar bu nöqtəni unudarlarsa, çəkdikləri zəhmət hədər olar. Xüsusən cümlələr və dil nağılda da əhəmiyyətli yer tutur. Bir çox nağılların “Biri var imiş, biri yox imiş, allah var imiş, bəndəsi yox imiş” deyə başlandığını hər kəs bilir, qurtardıqda “o yedi yerə keçdi, sən də ye dövrə keç” deyirlər. Gözəl gördükdə “yemə-içmə, xətti-xalına, kül camalına tamaşa et”, yol getdikdə “az getdi, üz getdi, dərətəpə düz getdi” kimi cümlələr nağılın zinəti hesab olunur.

Nağılları toplarkən bunları qeyd etməlidir. Bunlarsız nağıl bütün gözəllikdən məhrum olar.

Xalq ədəbiyyatını toplayarkən kitab təsirinə düşülərsə, böyük xəta zühur edə bilər. Səhv etməmək üçün xalq ədəbiyyatını savadsız mühitdən əxz etməlidir. Bu sahədə kitab təsirinə düşən və şəhərbəşəhər gəzən dərvişlərin nağılları faydasızdır. Çünki bunlar əsil mühitin gözəllik və təmizliyindən məhrumdurlar.

Azərbaycan nağıllarını başqa türk ünsürlərinin masalları və ya qissələri ilə müqayisə etdikdə, bizimkilərin məzmun və fəlsəfəcə onlardan nə qədər zəngin olduğu meydana çıxır. Məsələn, Türküstandakı tarançıların qissələrini tədqiq edirkən nağılın şəkil və məzmunca yalnız azərbaycanca təkmil olunmasına hökm verilir. Nağıllarımızı toplayarsaq, ədəbiyyatımız, dilimiz və mədəniyyət tariximiz üçün böyük bir iş görmüş olarıq.

1928

Пaттyccoв. Oбpaзны тapинчиckoй литepaтypы. Kaзaнь, 1909 (müəllif).

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Şaqqulunun xeyir işi

Payız günü idi. Balaca şəhərin küçələrini duman bürümüşdü. Xırdaca evlər gölgə kibi görünürdülər. Səs, küy yox idi; elə bil şəhər qəmə batmış idi. Bircə uzaqdan əzan səsi gəlirdi. Bir az keçib, qaranlıq düşdü; küçədən gedən adamların da ayağının şappıltısı kəsildi: xalq evlərinə çəkildi. Nalbənd Kərbəlayı Qurban da dükanını bağlıyıb «halva bazar»dan evə gəldi. Küçə qapısını yumuruq ilə döyüb, deyirdi:– Köpək oğlunun yerində elə bil tufan qopub!

16 dəq
Məlik Məhəmməd

Biri var imiş, biri yox imiş, bir padşah var imiş. Bu padşahın da bağında bir alma ağacı var imiş ki, bir gündə çiçəkləyib, o bir gün çiçəkini tökərmiş, üçüncü gündə bar verərmiş. Bu almanı hər kəs yesə imiş, on beş yaşında oğlan olar imiş.Sizə kimdən deyim – padşahdan. Bu padşah həmişə səhər vaxtı olanda durub, gedərmiş bağa ki, almanı dərib, yesin, görərmiş ki, alma qırılıb; gör, peşman geri qayıdarmış.

15 dəq
Altunsaç

ALTUNSAÇ*Kinossenari

37 dəq
Ana və analıq

ANA VƏ ANALIQ BİR NEÇƏ SÖZ*Dörd-beş il var ki, arvad məsələsinə dair məlumat toplamaqdayam. Bunun nəticəsi olaraq “Arvadlarımızın halı”, “Qanlı göz yaşları” və arvadların ağır vəziyyətini təsvir edən bir neçə hekayə qələmə almağa müvəffəq oldum. Lakin bununla əsil məqsədimə çatmadım. Çünki böyük bir məsələ barəsində fikir və rəyi iki risalə vasitəsilə bəyan etmək mümkün deyil idi. Bu barədə bir xeyli kitabçalar yazmaq lazım gəlir. Ümidim bunadır ki, vaxtım olduqca düşünüb bildiklərimi yenə də məlum edəm.

35 dəq

Başqa şairlərin şeirləri