Səhifə 3 / 10 · 20%

– Məbədə nə üçün gəlmirsən? – deyə sordu.

– Bir daha gəlməyəcəyəm! – dedim.

Sözlərimə inanmayan kimi bir zaman üzümə baxdı. Sonra qulağımdan tutub, məni darta-darta apardı.

Jinduqt ağlayaraq məbədin qapısında qaldı, onu içəri buraxmadılar.

Şiz məni həyətə çəkib, yeddi inək axurunun yanındakı zindana saldı və qapını çəkib bağladı.

Burası tozlu bir yer idi. Pəncərəsi də yox idi. Ətrafa baxdım, qaranlıqda gözlərim heç bir şey seçmədi. Bir az sonra gözlərim qaranlığa alışmağa başladı. Küncdə köhnə bir xoruz qəfəsi vardı. Üzərində oturub qaldım. Vaqe olanları düşünmək istədim, bacara bilmədim. Tühaf bir vəziyyətdə idim. Dünya mənim üçün əzabdan başqa bir şey deyildi.

Jinduqtla anam müstəsna edilərsə, ürəyimdə bütün yaradılışa qarşı dərin bir nifrətim vardı. Zərdüşt və Ahura Mazda da gözümdən düşməyə başlamışdı... Gecəni orada qorxu içində keçirdim. Divlərin qorxusundan çox ağladım. Nəhayət, yuxu qorxuya qələbə çaldı...

Susuz və ələfsiz bir səhraya toxum düşüb, ağac oldu, çiçəklədi, yarpaqladı, geniş kölgə saldı. Çeşmələr qaynayaraq sərin su ətrafa dolmağa başladı. Axar su kənarında süfrələr salıb, bütün gözləri yaşlı çocuqları oraya topladılar. Mən də orada idim. Jinduqtu aradım. Yox idi, kədərləndim. Birdən göydəki ağ bulud partladı, içindən yaldızlı paltarlı Jinduqt çıxdı və göyərçin kimi qanadlanıb uçarkən məni gördü.

Sevincindən ağladı, göz yaşları yağış kimi tökülüb, səhranı islatdı.

Səhra göyərib çiçək açdı. Hamımız yerimizdən qalxaraq bir səslə:

– Cismani dünyanı yaradan, pak ol! – deyə bağırdıq...

Səsimə ayıldım, qapının cırığından içəri işıq düşmüşdü. Qalxıb, gözlərimə inanmayaraq qapıya yanaşdım. Həyətdə bir gediş-gəliş vardı. Bir də Şiz göründü, atırvandan birisinə açar verib, bir şeylər söylədi. Atırvan qapıya doğru gəlib açdı və bir söz demədən məni dışarı buraxdı”.

6

“Evə gedim, – deyə düşündüm. Ev gecələdiyim zindandan daha ağır görünürdü. Lakin Jinduqtu görmək arzusu məni evə sövq etdi.

Getdim. Jinduqt qapının ağzında oturub, sağ əlini qəmli üzünə söykəmişdi.

Məni görcək sevindisə də sevinci üzündəki kədər izlərinə qələbə çala bilmədi. Yanında oturdum.

– Yenə nə olmuş? – deyə sordum. Bir az düşündükdən sonra:

– Dünən axşam baş möbid atamı və Eyzədəsbi yanına çağırmışdı.

Onları barışdırmışdır.

– Sonra?

– Sonra məni Eyzədəsbə vəd etmiş.

Sözlərini qurtarmamış Jinduqt ağladı.

– Sonra?

– Sonra nə olacaq – bu axşam qardaşıma arvad olmalıyam.

Bu işdə adətdən kənar bir şey yox idisə də, mənə olduqca ağır gəldi.

Jinduqtun verdiyi xəbər məni nizə kimi deşib o tayıma keçdi. Düşüncəyə daldım. Lakin uzun düşüncələr çıxacaq yol göstərə bilmədi.

Bircə fikrə gələ bildim – Eyzədəsb Jinduqtla əyalətə gedincəyə qədər daxma hasarının yanına qaçıb, anamın skeletinin qonşuluğunda yatmağı kəsdirdim.

Göz yaşları ilə ayrıldıq.

Sabah səsə ayıldım: daxmaya meyit gətirmişdilər. Atırvanlar arasında atamı və Eyzədəsbi də gördüm. Məni görcək hönkürtü ilə ağlaşdılar.

Ürəyimə acı bir şeylər damdı. Zindandakı yuxumu xatırladım.

Süst bir halda irəlilədim – cənazədə Jinduqtu gördüm. Alnının bir tərəfinə qan sağılmışdı. Qapalı gözlərində acı həsrət duyulurdu.

Qonşumuzdan sordum, qısa olaraq hadisəni anlatdı: gecə Eyzədəsbi yataqda qoyaraq çıxmış, gözləmişlər gəlməmiş. Səhər tezdən meyitini Semiramis18 qələsinin altından tapmışlar: bürcə çıxıb, oradan özünü atmışdır...

Kənara çəkildim. Tozlu yollarla qoşaraq uzaqlaşdım.

Şəhər darvazasının ağzında bir aslan heykəli var idi. Bu, Həmədanın himayəçisidir. Bunun üzərində oturub, şəhərin saraylarına, atəşgədələrinə, qüllələrinə, bağ-bağçalarına son dəfə olaraq tamaşa etməyə

başladım. Bu əsnada aslanın arxa tərəfində gözümə bir xoruz dəydi.

Ağ və gözəl bir xoruz idi. Bu xoruzu tanıyıb heyrət etdim, Jinduqtun idi, üç gün əvvəl itmişdi.

Xoruza yanaşdım, heç də ürkməyərək qucağıma atıldı. Bağrıma basdım, bərabərcə yola düşdük...”

– Bəsdir! – deyə Kəbuseyin səsi gəldi. Kərpicləri tərk edib, kənara çəkildim. Kəbusey dedi:

– Təfsilatına lüzum görmürəm. Əcdadımız Midiyadan Urartu ölkəsinə gedir. Bunu tutub, qul deyə bazarda satırlar. Bir mülkədar alıb, onu evə gətirir. Mülkədarın gözəl bir qızı varmış. Cəməsblə qız bir-birini sevir. Məsələni mülkədar duyur, əvvəl rədd cavabı verir. Sonra qızının ah-zar etdiyini nəzərə alaraq Cəməsbə bir təklif edir: “Yeddi il doğru xidmət etsən, qızımı sənə verərəm”, – deyir. Cəməsb razı olur. Səmimi olaraq xidmətə başlayır. Dördüncü il mülkədar ölür, qızla Cəməsb evlənir. Bu əsnada Kapadosya Urartu ölkəsinə hücuma başlayır. Buna əlavə olaraq bir də daxildə iğtişaş baş verir. Yaşayış şəraiti fənalaşdığı üçün Cəməsb ailəsini və əqrəbalarını götürərək Aran ölkəsinə keçir.

Və burada bu gördüyümüz qəbiləni bina edir. Cəməsbin qurduğu təşkilat axın-axın gələn qaçqınlara örnək olur. Yavaş-yavaş ətrafdakı qəbilələr meydana çıxır. Qəbiləmizin adı da Jinduqtun xoruzunun yadigarıdır.

İştə, son dərsimiz bu!

Bu qədər əmək sərf olunan qəbiləni sevməli və onun adət və qanunlarına hörmət etməlisiniz!

Həyatda xoşbəxt olun, müəlliminiz də sizə baxsın, fəxr etsin!

Yoldaşlarımız o qədər mütəəssir oldular ki, bir çoxları ağladı. Birbir yeriyib, müəllimin əlindən öpdük.

7

İkinci dərs yaşayış qanunları idi. Müəllim Xanburabinin yanına getdik. Qoca bizi göz yaşları ilə qarşıladı. Bizi görcək:

– Ayrılırıq, deyilmi? – dedi və təkrar ağladı. – Ayrılıq, iştə, həyatın əsası! Bundan mütəəssir olmamalı! Mənim göz yaşlarıma baxmayın – bu, qocalıq əlamətidir, – deyə gülümsədi.

Xanburabi gözlərini silib, mətanətli bir vəziyyətə düşərək dərsə başladı.

– Övladlarım, – dedi, – yaşayış qanunları çox sadədir – yaşamaq, tox və salamat yaşamaq, yaşayışın cəfasını azaldıb, səfasını çoxaltmaq.

İştə, həyatın məqsədi bu sadəcə əməllərdən ibarətdir. Halbuki bu sadəcə tələbləri İnsan olduqca mürəkkəbləşdirmiş və qumlu səhralarda yol itirmiş kimi şaşıb qalmışdır. İnsan yaşayışı, heyvan yaşayışı, bitki yaşayışı... həp bir-birinin eynidir. Bir yarpağın budaqdan üzülüb düşməsi, bir çiçəyin solması bir heyvanın gəbərməsi, bir İnsanın ölümü eyni mənadır! Həyatdan məhrum olmaq əzəli və əbədidir. Ölən dirilməz, dirilən eyni cisim deyil, başqasıdır. Həyat baqidir, ancaq şəkillər dəyişilir. Bir ot solar, yerində başqası bitər adam ölər, digəri doğular...

Həyat daim diri və maddi bir qüvvədir. Maddə və həyat bir-birindən ayrılmaz; maddədən kənar həyat yoxdur.

Yaşamaq özü-özlüyündə bir məqsəddir. Yaşamaq yalnız yaşamaq üçündür. Başqa məqsəd təqib etməz.

Hər bir yaranan yaşamalıdır, lakin yaşamaq fərdi və xudbini deyil, ictimai olmalıdır. Fərd yaşarkən cəmiyyət içərisində yaşar və fərdi deyil, cəmiyyət faydasına çalışaraq yaşar. Çünki cəmiyyət ümumiyyət, fərd isə xüsusiyyət deməkdir. Cəmiyyət fərdlərdən qüvvətlidir... İnsanlar həyatın sadəcə məqsədini mürəkkəbləşdirir, dedim. Düz yolu buraxıb da, dolanbac yollar arayırlar. Bunu yapanlar adi İnsanlar deyil, ağıllılar, zəkalılardır. Piramidalar, dəbdəbəli saraylar, incə sənətlər yaradan misirlilər min bir qeyri-maddi şeylərə inanırlar. İnsanın yenidən eyni şəkildə dirilməsinə etiqad edirlər. Guya hər bir İnsanın bir də dublu19 varmış... Israillilər xəşin bir Yekovu təsəvvür edərək onu yaradılışın ağası zənn edirlər. Həyat müvəqqəti bir imtahandan ibarət imiş.

Bundan sonra məhkəmə olub da həyatda görünən əməllərə əcr veriləcəkmiş...

Arilər dünyanı iki qeyri-maddi qüvvələrin mübarizəsi məhsulu kimi anlayırlar... Babil ağlasığmaz əfsanələrlə özünü aldadır.

Hindli göylərdə altun arabalı qüvvələr görərək səadətini onlardan diləyir... İnsanlar acizlikdə çırpınaraq mövhum qüvvələrdən xarüqələr gözləyir. Halbuki beş hiss vasitəsilə duyulan və təyin edilən maddədən başqası qeyri-maddi, qeyrimövcuddur. İnsan tam bir məxluqdur; onu yaşamağa sövq edən amillər varlığına bağlıdır. Yemək, içmək, yatmaq... kimi dəruni arzuları olan kimi, dəruni arzuları lazımınca yerinə yetirmək üçün zahirdən qüvvə alan arzuları da var. Yaxşı yemək

üçün yaxşı çalışmalı; yaxşı su içmək üçün yaxşı bulaq aramalı, ya fəna suyu durultmalı; ev üçün şücaət göstərməli... Xülasə, hər bir daxili ehtiyacı dəf etmək üçün zahirdə bir çox ehtiyaclar doğur. Çalışmaq, şücaət, hiylə, yazı, musiqi... dəruni ehtiyacların xidmətçiləridir.

Həqiqət belədir! Həqiqətin ötəki tərəfi boşdur, xəyaldır, yəni qeyri-mövcuddur. Həyat mövcudiyyət məhsuludur. Həyatın şəraiti mövcudiyyət törədir. Yaşayış yolunu da mövcudiyyət göstərir... Bu qədər!

Yox, mövcudiyyət müvəqqəti imiş, onun da əbədi bir inikası varmış... Bu kimi batil fikirlər gəlmələrin uydurmasıdır. Sami və Ellin dimağının xəstəliyindən doğan əfsanədir. Biz bu abadan qəbiləmizi vücuda gətirərkən, məsud yaşayışımızın təməl daşını atarkən “əbədi inikas” yardımımıza gəlmədi. Ondan “istifadə” etməyə heç də lüzum görmədik...

Xanburabi bu məalda söylədiyi nitqinin sonunda cəmiyyətə sadiq qalmamızı tövsiyə edib, bir-bir alnımızdan öpdü, biz də onun əlindən öpərək ayrıldıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Kiyevdə millətlər şurası

KİYEVDƏ MİLLƏTLƏR ŞURASI*Millətlər qurultayının qərarına görə əmələ gələn millətlər şurası neçə vaxtlar var işə başlayıb. Sədri professor Qruşevskidir.

5 dəq
İki aləm

İKİ ALƏM*Ukrayna cümhuriyyəti elan eylədi... Ol axşam mərkəzi rada millətlər şurası üzvlərinə məxsus (heyəti rəisə arxasında) kürsüdə oturub qarşımda oturan yüzlər ilə xalqa tamaşa edirdim. Rada üzvləri giribçıxırdılar, heyəti-rəisə və Ukraynadakı xırda millətlər vəkilləri salonda yox idilər. Deyirdilər; “Xırda millətlər cümhuriyyətə razı deyillər. Bu barədə məşvərət olur”.

3 dəq
Kiyevdə “Müsavat” şöbəsi

KİYEVDƏ “MÜSAVAT” ŞÖBƏSİ*Kiyev türk tələbələrinin milli təşkilatı 1909-cu ildə əmələ gəlib. Əvvəli siyasi məqsədlər təqib eləməyib, ümdə fikri mədəni bir yolda işləmək idi.

3 dəq
Zəruri məsələlər

ZƏRURİ MƏSƏLƏLƏR I. QOŞUN*Kiyev müsavatçılarının tatar alaylarının Azərbaycana köçürülməsinə dair çıxardıqları qərarları yazmışdıq. Bu səfər müsəlman hərbi şurası tərəfindən Ukrayna işləri ilə aşina olmaq üçün Kiyevə göndərilən miralay Yaqubovskidən aldığım məlumatı yazıram. Həm miralayın söylədiyinə görə, həm də Kiyev müsəlman hərbi komitəsi vasitəsilə aldığım xəbərlərə görə Rumuniya sərhədində tatar qol orduları (süvari ordu – red.) əmələ gəlməlidir.

4 dəq

Başqa şairlərin şeirləri