Səhifə 2 / 13 · 8%

İrticalən söylədiyi şeirdən şair olduğu meydana çıxdı,

– Bu kimdir? – deyə sorduqda:

– Şair Milnir, – cavabını verdilər.

Milnir şərqisini qurtardı və incə səsli qopuzla bir “xoş gəldi” havası çaldı.

Haman qədəhlər doldu. Hər kəs ehtiramla ayağa qalxdı: şairin şərəfinə içildi.

Milnir Şibra xatının sağ tərəfində oturdu. Ona ayrıca yemək gəldi. Əsəbi əlləri ilə cəld çöplərə yapışdı, sürətlə yeməyə başladı. Təbəssümlü gözləri ilə şairi süzən Şibra onun qulağına bir şeylər pıçıldadı.

Şair səksəkəli bir quş kimi çırpındı, saçlarını titrətdi, ayağa qalxdı. hər tərəfdən üzlər ona tərəf çevrildi. Şairin mavi gözləri sakin dənizi andırırdı. Üzündə ilham şüaları parlayırdı. Sol əli ilə uzun saçlarını oxşayaraq sözə başladı:

– Ey sabahın pak şehləri ilə bəslənmiş qönçələr! Qəlbimizin ilk baharı, göylərimizin bakir tülui, yaldız günəşi, incə buludları – həp sizə mədyundurlar.

Siz əzəliyyətin coşqun dalğasından nəşə ilə qopan parlaq bir atəşiniz. Sizdə yanmaq, sizdə coşmaq – səadətindən bayqın səadətlərin amalıdır.

Ey qərib səyyarəmizi titrədən sədaların sədası! Ey baharın sakin sahilində yelkən fırladan yolçunun asi duası. Ey qanadlı nəşələrlə kainata əbədiyyət saçan gənclik!

Mən də, qopuzum da, şerim də, ilhamım da, fikrim də, nisyanım da... həp sizinlə mədyundurlar.

Gözlərindən yaşlar süzələnən şairin səsi tənha çinar yarpağı kimi titrədi, qırıldı.

Qədəhlər qalxdı:

– Yaşa şair! – deyə səslər qopdu.

Şair içdi və gənclərə qarşı bəslədiyi hisslərin baqiliyinə işarə olaraq, qədəhini qopuzunun üzərində sındırdı.

5

Ziyafətdən sonra evə döndük.

Yatmaq üçün iki adama bir otaq təxsis edilmişdi. Ceynizlə bir yerdə düşdük. Namezin təsirindən qurtarmadığımız üçün bir müddət uyuya bilmədik. Ceyniz təbiətən hər şeyi təhlil və tənqid edər və hamının çox məqbul gördüyü şeylərdən belə şübhə edərdi. Bu dəfə də adət və ayinlərimizdən bəhs açıldı, mən ənənələri təqdis edənlərdənəm.

İnanmadığım bir adətə qarşı belə duakar bir vəziyyət alaram. Ceyniz isə istehza edər, özü inanmadığı bəs deyil, mənim də imanımı şübhə ilə zəhərlər. Bu günkü intibalarımı ona vəcdlə anladarkən Ceyniz adəti üzrə istehza ilə güldü:

– Mühafizəkarlıq həyata durğunluq verir, – dedi, – halbuki durğunluq həyata yakışmayan bir sifətdir.

– Bu doğru, – dedim; – ancaq mühafizəkarlığa riayət olunmazsa, əsrlərin təcrübəsindən istifadə edilməz. Ənənə cəmiyyətin rüknüdür.

– Ənənə olmasa cəmiyyət yaşamazmı?

– Yaşar, lakin sarsıntı ilə yaşar.

– Ənənə deyil, ağıl, daha doğrusu, kollektiv bir ağıl lazımdır.

– Zatən ənənə nəsillərdən intiqal etmiş kollektiv bir ağıl deyilmi?

– Xeyr! Tarixin tozlarına bulaşmış bir ağıl zəmanəmizə uyamaz. Cəmiyyətimizə canlı bir ağıl lazımdır.

– Canlı ağıl irsiyyət qanununa tabe deyilmi? Sənin təsəvvür etdiyin hər bir canlı ağlında əsrlərin izi var.

– Buna deyəcək sözüm yox, ancaq ağıl mühakimə qüvvəsindən məhrum olmadığı halda, ənənə bu mühakimələri tanımır. Əcdadın mənəviyyatına uydurulmuş bir ölçü bizə də tövsiyə olunur. Halbuki bizim mənəviyyatımız onlarınkından başqadır.

– Əcdadın mənəviyyat dairəsi dar olsa belə onun məzmunu bizə mane təşkil edəməz. Çünki keçmişin təcrübəsi hal-hazır üçün faydalıdır.

Bizim ənənələrimizdə əsrlərin təcrübəsindən başqa bir də anlaşılmaz bir hüsn var. Istehza etsən belə mən bu hüsnün məftunuyam.

Sözlərimdən Çeynizin dodaqlarından şübhəli bir təbəssüm zühur etdi.

– Dostum, – dedi, – hər şeyi anlaram, ancaq hüsn deyə məftunu olduğun o şey mənə yabançıdır.

– Deməli, başqa-başqa fitrətə malik olduğumuzdan bir-birimizi anlaya bilməyəcəyik. Onun üçün uyumağı daha faydalı görürəm.

Ceyniz üzünü divara çevirərək gözlərini yumdu.

6

Gəldiyimizin üçüncü günü Qızlar bulağına getmək adət imiş. Sabahdan bizə bildirildi, hazırlaşdıq, verilən ağ paltarları geydik, hər kəs var qüvvəsi ilə özünə süs vermədə idi. Yalnız Ceyniz həmişəki kimi tərəddüd içində görünürdü:

– Yenə nə var, dostum? – dedim. Cavabında ağzını büzdü.

– Ceyniz, – dedim, – hər bir şübhə və tərəddüdünü anlayıram. Lakin indiki halın mənə yabançıdır.

– Nədən?

– Çünki gəncdə gənclik təzahürü o qədər təbiidir ki, izaha yer qalmır.

– Hər şey izaha möhtacdır.

– Aydın söylə.

– Aydın?.. Erkək sürünün dişi sürüyə qatılmasından çox da xoşlanmam.

Evlənmək şəxsi iş olduğundan şəxslərə həvalə olunmalı.

Nəşəmi Ceynizin şübhələri ilə zəhərləməmək üçün ondan ayrıldım və yemək zamanı belə başqası ilə oturdum.

Günəş qübbənin ortasından yatağına doğru enərkən bizə birər gümüş naçar1 payladılar. Bəyəndiyimiz qızlara verəcəkmişik.

Naçar indiyə kimi heç kəsə açılmayan sirlərimizin rümuzu imiş.

Yola düşdük.

Sarı dağın ətəyindəki yaşıl meşə altun üzərinə nəsb olunmuş firuzəni andırırdı. Göy otluğu bəzəyən çiçəklərin rayihəsi dimağa çökür,

İnsanı məst edirdi.

Əlvan rəngli daşlardan çağlayan suların yanı ilə dağa dikləndik. Yol geniş bir meydançaya çıxdı. Sol tərəfdə sərt qayanın köksündən qopan çeşmənin əsrarəngiz təranələri vardı.

Ortalıqda əl-ələ tutuşaraq halqa təşkil edən ağ geyimli qızlar həzin-həzin oxuyurdular:

Gəldik çeşməyə,
Sudan içməyə,
Ağca qoçlara
Təzim etməyə...

Dəstəmizi çəkən Milnir bu mənzərədən coşmuş kimi saçlarını tərpətdi, qopuzunu köksünə basaraq oxumağa başladı:

Milnir – Bu dağların qızları var.
Biz – Naçar, naçar, naçar, naçar.
Milnir – Nəşələri, nazları var.
Biz – Naçar, naçar, naçar, naçar.
Milnir – Gül-çiçəkli yazları var.
Biz – Naçar, naçar, naçar, naçar.
Milnir – Şərqiləri, sazları var.
Biz – Naçar, naçar, naçar, naçar.

Səslərimiz sanki qızlara həyat bəxş etdi. Sayrışan ulduzlar kimi parladılar. Təbəssümlərindən busələr yağdı.

İlahi bir cəzblə qızları əhatə edərək halqalandıq. Qızlar fırlanmalarında davam etdikcə biz də onları təqib edirdik:

Qəbilə xalqı ətrafı bürümüşdü. Biz şərqilər söyləyərək meydançada qaçışdıqca, bunlar da arabir cürbəcür səslə:

Naz-naz-naz.
Tapılı-tapıl-taz.

– deyə əllərindəki ağ daşları bir-birinə vururdular. Bu adət gənclərin səadət ulduzlarının bir-birinə qovuşmasına yardım etmək demək imiş.

7

Rəqs əsnasında təsadüfən qarşımdakı qızlardan birinin saçına toxundum: məni vulkandan sıçrayan bir atəş kimi yakdı:

– Bağışla! – dedim.

– Bir şey deyil! – deyə döndü və üzünə yayılmış tüklərinin arasından bütün varlığıma hakim bir təbəssüm parladı.

Bir kasa namez içən kimi oldum: gənc vücudunun qoxusundan kefləndim. Dəfələrlə göz-gözə gəldik – ikimiz də sancıldıq qaldıq.

Nəhayət, qıçlarımdakı qüvvələr məni tərk etməyə başlayınca sıranı buraxdım.

Bulağın kənarında iri bir daş üzərində oturub, qızı gözlərimlə təqib edirdim. Şəffaf geyiminin altında parlaq cizgiləri, gözü qamaşdıran köksləri məndə gümüş naçarın təslimini tələb edirdi. Üzərində gözümün seyr etməsindən qıdıqlanırmış kimi cilvələnir, mənə təbəssümlər göndərirdi.

Bir də sıradan çıxdı. Haman yanındakı oğlan da halqanı tərk etdi. Ürəyim hərəkətindən əl çəkdi, vücuduma buzlar yamandı...

Bir də mənə doğru gəldiyini sezdim. Atəşli gözləri məni yenidən isitdi. Yerimdən qalxdım:

– Bağışla, ehtimal yoruldun. İstirahət elə, yerimi sönə verirəm, – dedim. Məmnun bir halda razılıq elədi, qoluna girərək, yerimdə oturtdum. Onun hərarətini duydum, vücudumu titrətdi, sanki mən bütün kainatı da özümlə titrətdim. Günəş belə bir an əvvəl üfüq yatağına dalan kimi oldu.

İlk dəfə olaraq onu diqqətlə süzdüm. Gənclik həyəcanından doğmuş bir pəri idi. Yanaqları qüruba süslər verər, dodaqları gülləri məhcub edər qədər gözəl idi. Vücudu yetişmiş dişilərə məxsus bir rayihə nəşr edir, köksü göylərə oxlar atırdı.

Varlığını qaib etmiş iradəmi çağırdım. Cəsarətsiz bir halda səsləndi.

Ürəkləndim... Gümüş naçarı rəşələrimlə bərabər ona təslim etdim.

8

Sabah tezdən qəbiləni gəzəcəyimizi Cürceys bizə xəbər verdi. Çörəklə bir kasa süd yeyib, evdən çıxdıq.

Qəbilənin kənarındakı geniş bir meydanda qızlar və oğlanlar idmanla məşğul idilər. Həya yerlərindən başqa bədənləri tamamilə açıq idi. Yamacdakı iskəmlələrə yerləşdik. Buğatay əmr verdi, oyunlar başlandı. Əvvəl qaçışdılar, sonra ağır daşları qaldırdılar. Vücudu inkişaf etdirmək üçün bir çox hərəkət yapdılar və nəhayət, ox atma və at yarışı oldu. Hər bir oyunda birincilik qazananlara hədiyyələr verildi.

Hədiyyə alınırkən Şibra xatın birincilərin alnından öpürdü.

Bu sağlam vücudlu, qəvi əzələli gəncləri seyr edən Milnir şövqlə:

– Bircə sağ tərəfdəki sarışın qıza baxın, – deyirdi. – Gözəllik nöqteyinəzərindən bu bir məfkurədir. Tənasübi tam. Bir yerdə qüsuru yoxdur. Üzü bir kərə xariqədir. Boynu, köksü, yancaqlarının xəfif cizgisi, bacaqları, xırda və zərif ayağı gözəlliyin nümunəsidir. Halbuki on üç yaşı ola-olmaya, hələ qızlar bulağından su içməmiş. İçsə bu gözəllik bir qat daha artacaq...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri