Səhifə 3 / 13 · 15%

Çalğıçı Kavus onun sözünü kəsərək:

– Burası doğru, – dedi. – Lakin ruh və zövqü nə qədər gözəldir?

Zövqsüz bir ruha malik isə, zahiri gözəlliyi heç deməkdir; çünki zahir batinin təzahüründən ibarət olmalı. Bu iki amil biri digərindən ayrılaraq mühakimə ediləməz. Cismani gözəlliyə bir ruhani hüsn də əlavə olunarsa, tam bir ahəng vücuda gələr.

İlyus istehzalı təbəssümlə:

– Ahəngi cisim, yoxsa ruh daha çox tamamlayır? – deyə sordu.

Kavus çox düşünməyərək:

– Əlbəttə, ruh! – dedi.

– Ruhu tam bir tərbiyəyə tabe etmək olarmı?

– Tam da olmasa, bir qədər olar.

– Bu yolda başlıca amili nədə görürsən?

– Musiqidə, çünki ruhu incəldən, ona İnsani hisslər təlqin etmədə musiqidən başqa bir amil görmürəm.

– Hər bir şəxs musiqini öyrənməyə müstəiddirmi?

– Aşağı-yuxarı hər bir şəxs öyrənə bilər. Ancaq biri ilhamla, digəri adi sənət kimi qəbul edər.

– Daşçı daş yonarkən, bənna divar hörərkən ruhunda bir ahəng doğarmı?

– Zənn etməm.

– Deməli, musiqi də belədir.

Yalnız ilhamla vücuda gələn musiqi ruhda ahəng doğura bilir.

İlham təbiətin bəxş etdiyi bir imtiyazdır. İlhamlı İnsanlar mədən daşıyan torpağa bənzərlər.

Vergisizlər ruhu ahəng atəşindən uzaqdır... Deməli... musiqiyə verdiyin əhəmiyyət bir az mübaliğəlidir.

Bu əsnada Ahənəsb mübahisəyə qarışdı:

– Mən, – dedi, – musiqi ilə əlaqədar deyiləm. Ruhunda nə olduğunu anlamam. Əlimə toxunan və gözlərimə görünən şeylərdən başqasına belə inana bilmirəm. Ancaq dəmirçilikdə şahidi olduğum bəzi şeylər var. Ağır işdən sonra bədənim yorulursa da, özümdə bir nəşə duyuram. Halbuki işləmədiyim günlər mənə bir süstlük gəlir...

İlyus:

– İştə, iştə! – deyə onun sözünü kəsdi. – Kavus, – dedi, – Ahənəsbin sözlərində bir hikmət var. Ruhda ahəng doğuracaq bir qüvvə varsa, o da zəhmətdir, çünki zəhmət cismin inkişafı ilə ruha da sirayət edir. Zahir batinin deyil, biləks, batin zahirin təzahürüdür.

9

İdman bitər-bitməz söhbət kəsildi. Bizi əlillər evinə apardılar. Qəbilənin çalışmaq iqtidarından məhrum bütün ünsürləri burada idi.

Qəbilə şurası bunların yeyəcək, geyəcək və bütün ehtiyaclarını təmin etmişdi.

Əlillər evində Nimradın məktəbinə getdik. Idmanda gördüyümüz uşaqların hamısı burada idi.

Nimrad öz məktəbi və təhsil üsulu haqqında izahat verdi:

– Əsas tərbiyə – həyatı olduğu kimi çocuqlara tanıtma, onun yüngülləşmə və gözəlləşməsi yolunda çalışmaqdır, – dedi. – Odur ki, çocuqlar işlərin hamısında iştirak edər və yeniliklər törətməyə təşviq olunarlar.

Kəbusey böyük bir maraqla Nimradı dinlədi və suallar verdi:

– Bir-birinə qarşı rəftarları necədir?

– İstər bir-birinə, istərsə qəbilə üzvlərinə qarşı böyük hörmətləri var.

– Tənbəllik edən varmı?

– Əsla! Çünki əvvələn, idman tənbəlliyi kökündən yox edər. Sonra ilin bütün fəslini açıq havada keçirən tələbələr təbiətin bütün sərtliyinə alışır və istirahət məfhumuna yabançı qalırlar.

Bir çox suallarla marağını dəf edən Kəbusey gənclərdən birini yanına çağırdı:

– Oğlum, – dedi, – düşmən qəbiləyə hücum edərsə, vəzifənə nə düşər?

– Cəmiyyətimiz yolunda şərəflə ölmək, – deyə gənc mətanətlə cavab verdi.

Kəbusey gəncin alnından öpdü.

10

– Nimraddan sonra Kavus dərsə başladı:

– Musiqi, – dedi, – zəhməti nəşələndirmək üçündür. Həyat çətinlikləri qarşısında musiqi İnsanda ruh yüksəkliyi və mübarizə hissi oyadarsa, böyük bir amil olduğunu isbat edər. Iştə, musiqimizin məqsədi bu!

Kavus musiqi haqqında bəslədiyi fikirlərin doğruluğunu isbat etmək üçün çocuqlara bir neçə hava çaldırdı.

Doğrudan da ruhumuza mətanət saçıldı. İlyus belə məmnun qaldı.

Kavus ikinci bir əmr verdi. Gənclər musiqi alətlərini kənara buraxaraq əllərinə daş, taxta və dəmir parçaları aldılar.

Kavus yenə kiçik bir izahat verdi:

– Musiqi, – dedi, – təbiətdə gizli və ya gizli olmayan səslərdən ibarətdir. Musiqiçinin vəzifəsi bu səsləri kəşf edərək ahəngə salmaqdan ibarətdir. İştə, bu yoldakı təcrübələrimizdən biri! – deyə əlləri ilə işarə etdi.

Gənclər əllərindəki şeyləri bir-birinə vuraraq elə bir hava çaldılar ki, ümumun alqışına səbəb oldular. Kavusun nəşəli siması bir də ciddiləşdi.

– Musiqinin vəzifəsi bununla da bitmədi, – dedi.

Musiqi əməyə sürət və ləzzət verməklə də böyük rol oynayır. Bizi əlli addımlıq bir məsafədə tikilən bir evin yanına apardılar.

Divarları yeni tikilməyə başlamış bu binanın ətrafına daş tökülmüşdü. Bir çalada palçıq hazırlanmışdı. Kavusun əmri ilə gənclər binaya yaxınlaşaraq iki yerə bölündülər. Dəstənin biri daş, taxta və dəmir parçalarından ibarət olan şeyləri bir-birinə vuraraq tühaf bir hava çaldı, o birisi dəstə işə başladı: sürətlə daş və palçıq verildi, divar hörüldü. İşləyənlər yorulduqca vəzifələr dəyişilirdi: yorulanlar çalır, o birilər işləyirdi.

Beləliklə az bir zamanda divarlar başa çatdı və kimsədə yorğunluq izi qalmadı.

Xəstəxanada da Kavusun musiqi üsullarından istifadə edilirmiş.

Həkim Keyhun bizə anlatdı:

– Xəstəliyi tədavi etmək üçün vücudun mübarizə qüvvəsini artırmaq lazımdır. Təmiz hava, yemək və istirahət bu sahədə böyük rol oynayır.

Lakin üçünün müştərək məhsulu ruh yüksəkliyinə bağlıdır. Ruhlara mətanət vermək üçün günün müəyyən vaxtları xəstələr üçün musiqi çalınır.

Xəstəxanadan sonra bağ, bağça və tarlaları gəzdik. Hər yerdə iməcilik gördük. “Qoç” qəbiləsində də bizimki kimi xüsusi mülkiyyət yoxdur. – Hər bir şey ümumun və müştərək zəhmətin məhsuludur: istər zəhmət, istərsə məhsulun bölünməsi qəbilə şurasının öhdəsindədir.

Xəstəxana, çocuq yurdu, məktəb və əlillər evi kimi ümumi müəssisələr də şura tərəfindən idarə olunur.

11

Bu gün yeməyi Qızlar bulağında seçdiyimiz qızlarla bərabər yedik. Hər kəs öz naçarlısı ilə yan-yana oturmuşdu.

Mənimkinin adı Nuşa imiş. Qarşımızda oturanların arasında gözlərim Ceynizə sataşdı. Naçarlısı qayət şişman bir qız idi. Daima tərəddüd nəşəsizliyində çırpınan Ceynizi bu dəfə çox məmnun gördüm.

Hər an naçarlısına ikramda bulunurdu.

Namezlər verildi, hər kəs naçarlısı ilə badənuş olub öpüşdü. Nuşanın dodaqlarında hərarətli qan çırpıntısı duydum. Öpdükdən sonra ona yandan baxdım. Gözlərini dikərək qıpqırmızı kəsilmişdi. Qara kirpikləri yuvasına sığınmış qərib quş qanadını andırırdı.

İkinci namezi rədd etdi:

– Başım dönür, – dedi, – onsuz da məstəm.

Baxdım, ciddən məst idi – yanaqları atəş saçır, gözləri xumarlanırdı. Piyaləni qaldırdım, yavaş səslə – Sənin şərəfinə, – dedim, – xoşbəxt olaq, qəbilə sığırları kök, itləri iti dişli olsun!

– Olsun, – deyə gülümsündü.

İçdim, piyaləni sındırıb ayaqlarının altına atdım: “Sənə vəfasızlıq etsəm bu piyalə kimi parçalanım” demək idi.

Hərəkətimdən çox məmnun oldu.

Bir az sükutdan sonra:

– Qəbiləmiz xoşuna gəldimi? – deyə sordu.

– Gözəldir! Adətləriniz daha çox xoşuma gəldi.

– Sizdə belə adətlər yoxmu?

– Var. Təbii, sizinkilərə bənzəməyənləri də var.

– Birini anlat.

– Hansını söyləyim? – deyə fikrə getdim. Sonra yadıma düşdü:

– Biz özümüzə “Qoç” qəbiləsində naçarlı arayan kimi “Quzğun” qəbiləsi gəncləri də bizə gələrlər... Bizdə Qızlar bulağı yoxdur. Qızlar oğlanlarla bir düzdə görüşür, güləşirlər. Hansı oğlan hansı qızı yıxarsa, sağ əlini başına çəkər: “Həyatının sonuna qədər mənə tabesən” – deməkdir.

Qız yerdən qalxar və oğlanın sağ qolundan öpər – “Qüvvətini təqdir edirəm” – deməkdir.

Sonra qız oğlana yeddi tapmaca söylər və tapmasını tələb edər.

Oğlan tapmacaları şərh etmədə acizlik göstərməsə, qız sağ əlini oğlanın sağ əlinin üstünə qoyar:

– Sənə bağlanmaq istərəm – deyər.

– Sənə bağlanıram, – deyə cavab verilərsə, şura rəisi onların əllərini göy otla bağlar.

– Naçar verilməzmi?

– Yox.

– Bəs naçarlıya nə deyirlər?

– Otlu.

12

Yemək əsnasında Şibra xatın kefsiz kimi görünürdü.

Nimradla arabir yavaşdan danışır və gözlərini bir nöqtəyə dikərək fikrə dalırdı. Yeməkdən qalxdıqda Milnir və Ahənəsb də Şibra xatına yanaşdı. Söhbət münaqişə şəklinə girdi.

Sonra Kəbusey məsələni bizə anlatdı:

– Qəbilədə indiyə qədər görünməmiş bir iş baş vermiş, – dedi.

– Nahura adlı bir qız qəbilə gənclərindən Murdadı sevdiyi üçün

Qızlar bulağına gəlməmiş. Oğlandan sual olunduqda Nahuranı naçarlı intixab etdiyini söyləmiş. Qəbilə içərisində gənclərin bir-birilə evlənməsi adət olmadığı üçün Şibra xatın ağır bir vəziyyətdə qalmış.

Bu vəqə hər adamda başqa bir mühakimə doğurdu. Ceyniz:

– Qarşılıqlı arzu hər bir şeyin əsasıdır, – deyirdi. – İki könül birbirini seçmişsə, qəbilənin bütün adət və ənənələri o könüllərə təslim olmalıdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri