Son səhifə
Səhifə 2 / 2 · 50%
Marqarita qarının sözlərini dinlərkən qulaqlarına inana bilmirdi.
Gənclik təcrübəsizliyi ilə bağlandığı bir adamın bu qədər fəna olacağını heç də təsəvvür edə bilməzdi. İndi Xəlilin ona qarşı olan rəftarının səbəblərini yavaş-yavaş anlamağa başladı. Peşman bir halda göz yaşları axıtmaqda davam etdi.
Bir gün Xəlilin naharını verib, qabları yuduqdan sonra Marqarita ərinə tərəf yönəldi:
– Müsaidə et, axşama qədər bacımgilə gedim, – dedi.
Xəlil hiddətlə:
– Get, amma geri dönmə! Görürsən, bir yerdə yaşaya bilmirik!
Marqarita məyus bir halda çıxıb getdi.
Xəlil papirosu damağına alıb, masaya oturdu. Katyuşanın tərcümeyihalını qurtarmadığı üçün onu tamamlamaq istədi. Dəftəri çıxardı, açdı. Son sətirləri oxudu: “Qızın ölməsi canımı qurtardı – artıq Katyuşa kökündən oynamış ağaca bənzəyirdi; kiçik bir hiddətimdən yarpaq kimi əsirdi...” Burada yazı dayandırılmışdı. Xəlil yazmağa başlamadan əvvəl dəftərin ağ qalan səhifələrini yoxladı; cəmi üç səhifə qalmışdı.
Xəlil bir az düşündü... “İki səhifə Katyuşaya bəsdir”, – dedi.
– “Son səhifəni də... Marqaritaya həsr edərəm...”.
Bu düşüncədən sonra Xəlilə bir nəşə gəldi. Qələmi yerə qoydu, bir papiros da yandırdı. Xəyalı qanadlanaraq papiros tüstüsü ilə bərabər uçmağa başladı. Bir neçə il irəlini görmədə idi – bir sürü qız siması tüstüyə bürünmüş havanı seyr etmədə idi; bir-birindən gözəl, bir-birindən gənc idilər...
Xəlilin qanı coşdu, həyatına qarşı olan məmnuniyyətinin həddi yox idi. Qalxdı. Əllərini cibinə qoyaraq, məst bir halda otağı dolandı.
Sonra birdən ciddiləşdi. “Katyuşa məsələsini qurtarmalı” – deyə cəld masaya yanaşdı. Qələmi alıb yazdı.
Axşam Marqarita evə döndükdə otağın qapısını qıfıllı gördü. Bir az fikirləşdi. Anaxanımın yanına getməli oldu. Bir-iki addımlıq məsafədə olan qapıya yanaşaraq döydü.
– Kimsən? – deyə içəridən səs gəldi. Sonra qapı açıldı, qarının qırışmış siması göründü:
– Gəl, qadan alım! – dedi.
Marqarita girdi və yarımişıq otağın bir guşəsində oturdu.
Anaxanım Marqaritaya çay təklif etdi. Marqarita:
– İçmirəm, sağ ol! – dedi.
– Elə onsuz da sağam, qadan alım, birini iç, – deyə qarı çay töküb Marqaritaya verdi.
– Kefin niyə yoxdur? – dedi.
Marqarita həyəcanlı gözlərini aşağı dikdi.
– Kefini pozma, bir çığıranda sən iki çığır. Elə insafsız adama başqa çarə yoxdur.
– Orası düz, ancaq...
– Nə ancaq? “Dinsizin öhdəsindən imansız gələr!” “Sənə biz batırana qıyıq soxmalısan”. Elə olmazsa, qədrini bilməz.
Marqarita gülümsədi:
– Orasını indi-indi bilməyə başlayıram. Görünür, həyat bunu tələb edir.
– Bəs nə?!
– Bu gün bir komsomolka arqadaşımla görüşdüm. Əvvəl dərdimi ona söyləməyə qürurum yol vermədi. Sonra ürəyim öz-özünə açıldı; başıma gələnləri bir-bir söylədim. Heyrət etdi. “Niyə qadın şöbəsinə xəbər vermirsən?” – dedi. Sonra məni çox məzəmmət etdi. Dedi: “Sənin yerinə olsam, onu bir dəqiqədə otaqdan dışarı ataram”.
– Bəs nə?! Mənim evimdə qız uşağı, bundan həya eləmir; gündə buraya bir arvad gətirir. Dinirsən, dava salır. Onu görüm qanına bulaşsın!
Marqarita qadının mətanətli sözlərindən xoşlandı. Zatən komsomolkanın sözləri onu olduqca təhrik etmişdi. Onda doğmuş azad qadın fikri və mətin bir mənəmlik haqqını tələb edirdi. Bu günkü Marqarita artıq dünənkinə bənzəmirdi. Çayını içərkən:
– Bax, məni yazıq gördükcə, tapdalamaq istəyir. İndiyə qədər nəzakətdən bir şey çıxmadığını anladım. Artıq ona qarşı başqa rəftar lazım...
– Bəs nə?!
– Heyrət yeri budur ki, bir gün bacımgilə gəldi. Evdə heç kim yox idi. Ayağıma yıxıldı, dedi: “Qulun olacağam”... Mən nə bilim ki, ildə bir neçəsinin ayağına yıxılırmış...
– Bəs nə, qadan alım! Onu görüm qanına bulaşsın!
Marqarita qarı ilə bir neçə saat dərdləşdi. Əri gəlib çıxmadı, saat on ikiyə yaxın koridorda tappıltı eşidildi. Anaxanımın qapısından bir adam gəlib keçdi.
Qarı:
– Dur, qadan alım, – dedi, – sonra qapını bağlar, çöldə qalarsan.
Marqarita paltosunu götürüb, cəld çıxdı. Otağına girdikdə Xəlil heyrət etdi: onun gəlməyəcəyini zənn edirmiş. Bir də hiddətləndi:
– Sənə “gəlmə” dedim, sən niyə gəldin? – dedi.
Marqarita mətanətli səslə:
– Gəldim, maxüsus gəldim!
Marqaritadan gözlənilməyən bu sözlər Xəlili odladı:
– Fahişənin dilinə bax! – deyə çığırdı.
Marqarita:
– Fahişə sənin kimi gündə bir qadın dəyişənə deyərlər, – deyə paltosunu divardan asdı.
Marqaritanın bu hərəkətindən Xəlil son dərəcə əsəbiləşdi. Rəngi qaçdı, gözləri çanağına sığmamağa başladı. Söz demək istədi, dili tutuldu. Acımış qurd kimi Marqaritaya hücum etdi. Birinci yumruğu Marqaritaya dəydikdə, Marqarita özündən çıxdı; ona tühaf bir qüvvə gəldi, Xəlili itələdi. Xəlilin ayağı büdrədi – dizi üstə çökdü. Bu haldan istifadə edərək, Marqarita dolabdan mətbəx bıçağını aldı. Xəlil yerindən qalxar-qalxmaz Marqarita dəhşətli bir qışqırıqla:
– Bu saat buradan get, yoxsa bu bıçağı qarnına soxaram! – dedi.
Xəlil Marqaritanın üzünə baxıb, dəhşətlər duyaraq otağı tərk etdi.
Çiskinli hava idi. Bu havada o çox qadınlar yola salmışdı... Bu dəfə özü gedir və qovduğu qadınlar kimi, nərəyə gedəcəyini belə kəsdirə bilmirdi.
1928
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-son-sehife
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Usta Ağabala qapını axtarırca, divardakı şəkillərə də bir nəzər yetirdi. Qoçaq nəqqaş cəmi sə’yini burada sərf etmişdi.Divarın biri Bəhramın fövqəladə rəşadətini təsvir edirdi; Bəhramın atdığı ox ilə ceyranın dal ayağını qulağına yapışdırmağı bir cavanı mütəhəyyir qoymuşdu. Biçarə cavan təəccübündən ağacın dalında şəhadət barmağını dişləyib gözünün qarasını bir tərəfə döndərməkdən başqa bir şeyə qadir deyil imiş…
VIIVeylabad şəhəri elə bil dəyişmişdi: hərə bir tərəfə qaçıb dağılmaqda idi; ətrafdan həyəcanlı səslər gəlirdi; sərvətlilər qızıllarını basdırırdılar, fağırlar da damlara doluşub allah sədasını göyə qovzayırdılar.Qoşun kişilik idi. Düşmənlər hər tərəfdən şəhəri ihatə etmiş idi. Şəhər darvazaları təmamən bağlanıb dallarına qalın torpaq çəkilmiş idi. Qoşun fövc-fövc düşmənin hücumunu dəf etməyə çalışırdı. Qalabəndlik ili idi, Usta Ağabala yenicə anadan olmuşdu, bələyinin üstə göz yaşları sel kibi axırdı. Arvatlar buna baxdıqda deyirdilər, «suya dönmüş oldu olmadı, şəhərin nuraqı döndü». Elə arvatların haqları var idi. Ağabala çox ağlağan uşaq idi. Ağlayanda üzünü turşaldırdı. Elə bil mərsiyyə deyəcək idi. Birdə usta Ağabala gördü ki, bunu bələkdə bir biyabana atıblar, qalıb çığıra-çığıra. Səs küy təmam kəsilib; dağlar, daşlar, duman ilə bürünüb, bircə xırda çığır gözə görünürdü. Bu yol ilə bir addım enirdi. Yavıqlaşdıqda Əli-Əsgər-ağa olduğu mə’lum oldu. Axund yetişən kibi ustanı qucağına götürüb bələyini açdı və sonra cibindən bir kağız çıxarıb ona verdi: «al bu kağızı, tapşırdım cənnətin kənarından sənə bir parça yer versinlər orada ye, iç, huri və ğılmanlar ilə axirət ləzzətini apar».
VIIICənnətin ənbəri qapıları, usta Ağabalanın üzünə açıldı. Rizvanlar tə’zim edib Ustanın pak qədəmlərini təbrik etdilər. Bir dəqiqədə minlərcə hurilər tökülüb işvəyi-dilnəvazləri ilə onu ihatə edə-edə apardılar. Səndəl taxtlar ipək mütəkkələr hazırlanmışdır. Ustanı oturtdular, gözəl bir çocuq bir piyalə lə’l tək şərab gətirdi. Şərabın ləzzəti-ruhanisindən Ustanın dünyada çəkdiyi zəhmətlər yadından çıxdı. Bədəni böyük bir qüvvə ilə məmlu oldu, gözləri işıqlandı; ürəyində yeni bir hiss, həzz və ləzzət hissi oyandı. Ətrafa baxdıqda gözəlcə hurilər gördü, vücudu bir od paraya duçar olub, ilk dəfə olaraq eşqi-həqiqi nə olduğunu duydu. Hurinin birini sağa aldı, birini sola və incə bellərini qucaqlayıb, almaya bənzər yanaqlarını öpməyə başladı və öpdükcə eşq odu alavlanıb, Ustanın vücuduna yayıldı.Bu halət artıq çəkmədi. Birdən böyürdən keçəl Həsən çıxıb Usta ilə salamlaşdı:
IXUsta Ağabalanın hamamda başına gələn qəza və qədər sabah Veylabadın cəmi guşəsində danışıldı, bazarlarda cürə-bəcür şayiələr dövran etdi. Dedilər, cinlər usta Ağabaladan cənnətin qəbzini tələb edəndən qabaq, haman hamamın yanında, cüzamlı Abbasın vurub ağzını əyiblər; dedilər güya Əli-Əsgər-ağa müridləri inandırıb ki, cənnət qəbzi cinlərə lazım deyil: onlar hər yerə gedə bilərlər; amma elə əvvəl hamam cin yığnaqıdır. Bir dəfə də mən oradan keçəndə gördüm hamamın üstə göydən bir cüt ayaq sallanıb. Dedilər güya Əli-Əsgər ağa «ayətülkürsi» oxuyub, neçə dəfə pufluyubsə də ayaqlar çəkilməyib, sonra başmaqlarını qoyub qaçıb. Gün günü tə’qib elədi, söhbət daha da təzələndi. Hətta bu barədə məscidin hücrələrində sakin olan tullab arasında da mübahisə və münaqişələr oldu. Tələbələr iki firqəyə bölündülər; bir tərəf deyirdi ki, cin-şeyatinə cənnət qapıları açıqdır, gedə bilərlər; o biri firqə deyirdi: xeyir hər yerə getsələr də cənnətə heç və’də onları qoymazlar. Bir müctəhidin rəyinə görə onlara zəmhərir verəcəklər.Seyidlər öz hüquq və ixtiyaratlarını tələb etmək sayəsində isyan qoparıb ikinci firqəyə nəfrətlər izhar etdilər: «Biz cin-şeyatin yoldaşı olmamışıq ki, onları bizim yanımıza buraxalar. Allah zəmhəriri bizdən ötrü xəlq edib; oraya cinlər gedə bilməzlər»!
Başqa şairlərin şeirləri
Səbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artarNigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar,Fəraqindən gəlir min qəm, qəmindən min fəraq artar.