Səhifə 10 / 11 · 82%

– Səbəbi tühafdır! – deyə pıçıldadı, buraxıb getdiyi məktub daha qəribədir: “Başlı-başını saxlasın – vəhşi mujik zənciri qırdı!” – bu qədər! Mərhumun son ifadəsi bu olmuşdur...

– Özünü saat neçədə öldürmüşdür?

– Səhər saat səkkizdə. Çay içmiş, sonra nəfəri baş mehtərin dalınca göndərmişdir.

– Bəs Jenya ilə əri harada imiş?

– Evdə yatmış imişlər. Jenya tappıltı eşitmiş, əhəmiyyət verməmişdir.

Sonra gəlib qan içində görmüşlər...

– Tühaf bir aqibət! – deyə Rüstəmbəy köksünü ötürdü.

35

Çingiz Qafqazdan Rüstəmbəyə bir bağlı qəzet göndərmişdi. Burada türkcə “Yeni iqbal”, “Açıq söz”, “Sovqat”, iki ildən bəri toxdayıb yenidən nəşrə başlayan “Molla Nəsrəddin” və rusca “Kaspi” qəzeti vardı. Çoxdan bəri vətən mətbuatından məhrum olan Rüstəmbəy Çingizin töhfəsindən son dərəcə məmnun oldu. Axşam yatağına uzanıb şamın işığında bu qəzet və məcmuələri başdan-başa diqqətlə oxudu, nəticədə Qafqaz türklərinin mədəni və siyasi səviyyələrini aydın surətdə təsəvvür edərək, qeyri-məmnun bir hala gəldi. “Kaspi” qəzetinin “Iz jizni i pressı musulğman” sərlövhəli sütunlarında arnaut, ərəb, kürd, çin müsəlmanlarından bəhs açması onun sinirlərinə belə toxundu. Başqa-başqa ictimai, iqtisadi və siyasi şəraitdə yaşayan, ayrı-ayrı dillərdə danışan bir çox xalqların ittihadi-islam məfkurəsi ətrafına toplanılması Rüstəmbəyə olduqca süni göründü. Türkcə mətbuat da onu qane etmədi: bunlarda qəti bir yol, siyasi bir istiqamət yoxdu. Əksəri yıpranmış mövzularla məşğuldu. Ümum mətbuatın mündərəcəsi vaqe olan böyük hadisələrə uymurdu. Başlıca bəhs maarif və mədəniyyətə aid idi.

“Cəmiyyəti-xeyriyyə”, “Nicat”, “Səfa”, “Nəşri-maarif” kimi Bakı cəmiyyətləri də həp eyni dairədə fəaliyyət göstərirdi. Fikirləri məşğul edən ən böyük hadisə yüz minlərcə müsəlmanın müharibədən zərər görməsi idi. Qars və Ərdəhan cəhətlərin “üsyan” edən müsəlmanları çar ordusu tərəfindən “təskin” edilərək, yüzlərcə kəndlər xaraba qoyulmuşdu; Ərzurum, Trabzon və istila olunmuş başqa Türkiyə torpaqları qırğınlar keçirib pərişan halda idi. Dul qadınlardan və yetim çocuqlardan ibarət qaçqın dalğası Gəncəyə qədər gəlmişdi. Bakı “Cəmiyyəti-xeyriyyəsi” bütün dalğın yerlərdə şöbələr açıb, zərər görən müsəlman əhalisinə yardımda bulunurdu. Türk gəncliyi var qüvvəsini bu sahədə sərf etmədə idi. Rüstəmbəy bu cür fəaliyyəti təsvib və ümumi mənada anlaşılan siyasətə yer qalmamasına təəssüf edirdi.

“Gəncədə ilk dəfə olaraq, mövludi-nəbi olmuş” – bu da işmi? Bu, müvəffəqiyyət deyə qəzet sütununda xəbər verilirmi? İnqilab gurultuları ilə bu tutarmı?”..

Rüstəmbəyin düşüncələrini Vanyanın gəlməsi pozdu: taqqıltı ilə qapını açıb girdi. Adi təbəssümü ilə Rüstəmbəyi süzərək şapkasını çıxardı:

– Saat 12-dir, hələ yatmamısınız?

– Tezdir!.. Sən harada idin?

– İclasda idim.

– Nə iclas?

– Nə bilim – soldatlara kitabxana və qiraətxana açırıq; xalqı maarifə sürükləmək istəyirik, – deyə güldü.

– Sürükləyin!.. Daha nə xəbər var?

– Bir qol ordunu cəbhəyə sövq etmək istəmişlər də, getməmiş.

– Necə getməmiş?

– Mitinq qurmuşlar, getməməyə dair qərar çıxarmışlar.

– Deməli, ordu yıxılır.

– Nə fərqi var? Bu saat ümumi tələb kontribusyon və anneksionsuz sülhdür. Boş yerə vuruşmadan nə çıxar?

Rüstəmbəy bir şey söyləmədi. Yenidən qəzetlərə daldı, Rusiyadakı iqtisadi böhranlara dair verilən xəbərlərə göz gəzdirdi. Un, şəkər, sabun, ayaqqabı yoxluğu ehtikara böyük meydan vermişdi. Get-gedə ölkə yoxsulluq uçurumuna doğru sürüklənir və müvəqqəti hökumət də önünü almaqdan acizdi.

Vanya Nataşanı çağırıb yemək istədi. Nataşa gözlərini ova-ova gəldi: yuxudan ayıldığı bəlli idi. Dolğun köksünü Vanyanın qarşısında nümayiş etdirərək, cazibəli bir əda ilə:

– Bir az toxtayın, qızsın! – dedi və eyni əda ilə çönüb, yancaqlarını titrədərək otaqdan çıxdı.

Vanya ehtiraslı bir nəzərlə onu təqib etdi və bir-iki dəfə yerində qurcuxdu; rəngi qaçmışdı, burnunun tənələri yellənirdi. Rüstəmbəy qəzetin o biri üzünü çevirdi: Qafqazda Zemstvo təşkilatı qurmaq üçün Tiflisdə olan ilk müşavirə xəbərləri gözlərinə çarpdı.

Zərurətdə qalan çar hökumətinin bir hiyləsi deyə əhəmiyyət vermədi. “Toydan sonra nağara” – deyə qəzeti kənara atdı. “Çar düşdü, Zemstvo da öldü. Indi millətlərin müqəddəratı məsələsi meydana çıxır”, – dedi və sevincək bir sima ilə soyunub yatağına girdi.

36

Nataşa əlində qab içəri girdi. Onunla bərabər odekolon qoxusu da otağı doldurdu. Vanyaya yemək verib divara söykəndi. Özünə olduqca süs vermişdi: yuyunub, üzünü pudralamışdı; saçları səliqə ilə daranmışdı.

Vanya şəhvətəngiz bir nəzərlə onu süzərək, yeməyə başladı. Rüstəmbəyin yuxusuna mane olmamaq üçün danışmaqdan çəkindi.

Rüstəmbəy gözlərini yummuşdusa da oyaqdı. Oxuduğu qəzetlərin təsirinə düşərək, həp vətəni ətrafında düşünüb gələcəyini təyin etməyə çalışırdı. Inqilabın törətdiyi hərc-mərclikdən bəzən məyus olurdusa da ümidini kəsmirdi. “Ta pərişan nə şəvəd kar bəsaman nərəsəd”6 – deyə bu anarxiyadan böyük bir şey doğacağına inanırdı. Düşüncəsinin birinci sırasını təşkil edən öz vətəni və öz milləti idi: Rüstəmbəy islamiyyət məfkurəsi ilə əlaqədar deyildisə, Turan idealı daşıyanlardandı.

O, “Tərcüman” qəzeti məktəbinə mənsub olaraq, “dildə, işdə, fikirdə birlik” tərəfdarı idi. Odur ki, milli müqəddərat deyə düşündükdə Azərbaycanla bərabər Türküstan, Edil Boyu və Krımı da nəzərdə tuturdu...

Nataşa vəziyyətini dəyişmədən gözləyirdi. Vanya yeməyini qurtarıb, həsrətli təbəssümlə Nataşanın üzünə baxdı, nəzərləri bir-birini qıdıqladı.

Nataşa vücudunu Vanyaya sürtərək qabları yığışdırıb getdi. Vanya gərnəşib yerindən qalxdı. Sonra titrək əllərilə frençinin düymələrini aça-aça şamı söndürüb, qaranlıqda soyundu.

Rüstəmbəy uyumamışdı, düşüncə və mülahizələrində davam edirdi. Onu Vanya uyumuş zənn etdi və oyatmamaq üçün ehmalca yatağına uzandı.

Rüstəmbəy həqiqi aləmdən ayrılıb xəyala dalmağa başlamışdı. Türk-tatar aləmini hürr, müstəqil, müntəzəm və mütərəqqi bir dövlət şəklində təsəvvür edirdi. Bu işdə özünün də böyük rolu vardı. O, ədəbi bir dil yaradır, bir çox islahat yapır, əlifbanı dəyişir, dini dövlətdən ayırır. Avropaya minlərcə tələbə göndərir... Turan dövləti-müəzzəməsi müntəzəm dəmiryollara, qüvvətli donanmaya, nizamlı orduya malikdir. Elm, ədəbiyyat və sənət tərəqqinin ən yüksək dərəcələrinə sığmışdır. Gənclərin təbii vergiləri aranır, o yolda təhsil verilir. Vergi və fövqəladə zəkaya malik olanların həyatı dövlət tərəfindən təmin olunur; ixtisasları sayəsində qeydsizcəsinə çalışırlar.Rüstəmbəy şəxsi səadətini də unutmur: gözəl, tərbiyəli bir türk qızı ilə evlənib, bir çox çocuq atası olur...

Vanya yatağından yavaşca qalxdı. Rüstəmbəyə bir az qulaq verib, çarpayıdan endi. Qapını ehmalca açıb, Nataşanın yanına keçdi. Çox çəkmədi, Nataşanın taxtının cırıltısı Rüstəmbəyin beynini xəyal dumanından təmizlədi. Yavaşca qalxdı, qısqanc gözlərini qaranlıqda zilləyərək, iztirabla dinləməyə başladı. Nataşanın işvəkar iniltisi qanını coşdurdu...

Vanyanın geri dönməsi sanki illər çəkdi – əzabdan boğuldu. Nəhayət, Vanya yavaş addımlarla gəldi, yatağına uzanar-uzanmaz xoruldamağa başladı.

Rüstəmbəyin isə xəyalı həqiqətə, həqiqəti də əzaba qarışaraq yuxusunu pozdu.

37

Lenin Süyüsdən Almaniya təriqilə dönüb Petroqrada gəlmiş və Kseşinskinin sarayını iqamətgah etmişdi. Vaxtilə xarici ölkələrə fərar edən və Sibirə sürgün olan bolşeviklər də Leninin ətrafına toplanmada idilər. Petroqrad müşavirəsində Lenin mühüm bir çıxışda bulunmuşdu – bütün firqələrin proqramlarını tənqid edib, əməkçiləri bolşevik təşkilatı ətrafına dəvət etmişdi. Leninin nitqi bütün Rusiyaya inikas edib, böyük mübahisələrə meydan vermişdi. Hər yerdə “qansız” inqilabın bitməsi, daha doğrusu, həqiqi inqilabın hələ başlanmaması qənaəti zehinlərə yerləşmədə idi. Leninin sözləri yeni peyğəmbər kəlamı kimi ağızlarda dolaşırdı; bolşeviklərin naşiri-əfkarı olan “Pravda” qəzeti ələl gəzir və müəyyən dairələrdə böyük təsir buraxırdı.

İnqilabın ilk günlərində bütün Rusiya iki yerə ayrılmışdı: biri hürriyyətə tərəfdar, o biri isə tamamilə ona zidd idi. İndi isə vəziyyət dəyişilmişdi; hürriyyətçilər belə cürbəcür təmayüllər göstərirdilər, sinif bəhsi yeni zehniyyətlər doğururdu. Artıq proletariat Rusiyanın hər tərəfindən baş qaldıraraq Leninə “ləbbeyk” deməyə başlamışdı.

Leninin atdığı toxumlar hər yerdən artır, cəbhədə zəmin bulurdu. Bu da təbii idi; müvəqqəti hökumət “Zəfərə çatıncaya qədər müharibənin davamı!” şüarı ilə meydana çıxdığı halda, Lenin təxirsiz sülh tələb edirdi, odur ki, milyonlarca əli tüfəngli kəndlilər də cəbhədən Leninə “ləbbeyk!”* deyirdi.

Çar Rusiyasında yüz milyondan artıq, başqa-başqa dillərdə danışan xalqlar velikoruslar tərəfindən təhkim olunub istismar edilirdi.

Əzilən xalqlar hürriyyəti tam mənası ilə anlayaraq milli müqəddəratın həllini gözləyirdilər. Lakin müvəqqəti hökumətin xətti-hərəkəti və məmləkəti mərkəziyyət üsulu ilə idarə etməsi məhkum xalqları ümidsizliyə sövq edirdi. Milli məsələdə hazırkı hökumətlə çar hökuməti

Bəli

arasında xətti-hərəkət etibarilə heç bir fərq görünmürdü. Lenin bu sahədə də yeni vədlər verirdi. Rusiyaya zor ilə ittifaq olanların ayrılmasını və başqalarının da geniş məhəlli muxtariyyət qazanacağını elan edirdi. Velikoruslardan başqa Rusiyada yaşayan bütün xalqlar Leninə “ləbbeyk!” deyirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ağı

AĞI*Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar.

2 dəq
Folklor yolunda

FOLKLOR YOLUNDA*Yazılı ədəbiyyatımızın realist dövrü rus ədəbiyyatı təsirində doğulduğu kimi, bizdə folklora oyanan rəğbət də şübhəsiz rus alim və redaktorlarını təqliddən alınmışdır. Əvvəllər bu sahədə rus müəllifləri yalnız başına qalmışlar, sonralar türklər də köməyə gəlmiş və bəziləri sərbəst təşəbbüslərdə də olmuşlar. 1882-ci ildə Tiflisdə nəşrə başlamış “Sbornik materialov dlya mestnostey plemen Kavkaza” adlı məcmuə türk folklorunun toplanması yolunda ilk addımlar atmışdır. Qori və Irəvan seminariyalarını bitirmiş müəllimlər eşidib öyrəndikləri xalq məhsulunu bu məcmuələr vasitəsilə nəşrə çalışmışlar. İlk toplayış təsadüfi olmuş, heç bir sistem və plana tabe olmamış, təbiidir ki, qüsurlardan da xilas ola bilməmişdir: toplanılan yer göstərilməmiş, yerli şivə saxlanılmamışdır...

3 dəq
Azərbaycanda Zərdüşti adətləri

AZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.

10 dəq
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləri

TARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.

7 dəq

Başqa şairlərin şeirləri