Səhifə 11 / 11 · 91%

Rüstəmbəyin də Lvov, Milyukov, Quçkov hökumətindən get-gedə soyuyaraq, Leninə yavıqlaşmasının başlıca səbəbi milli məsələdən irəli gəlirdi. Rüstəmbəy qırx milyonluq türk-tatar xalqlarının məhkumiyyətdən qurtarmasını şiddətlə istəyirdi; inqilaba da həmişə bu nöqteyi-nəzərdən baxaraq, onun doğru yolda olubolmamasını kəsdirə bilirdi. Rüstəmbəydə sinfi görüş yoxdu. Daha doğrusu, qeyrişüuri bir halda ifadə olunurdu. O, milləti bir dildə danışan, bir ənənəsi olan, bir torpaqda yaşayan və bir ideal daşıyan yeknəsəq bir kütlə kimi təsəvvür edir və onun hürr yaşamağının tərəfdarı idi. O, bir kök daşıyan dillərdəki ayrılıqları şivə və provinsializm tərəqqi edərək, vahid ədəbi dilin şivələrə qələbə çalacağına qane idi.

Bu mülahizələrə istinadən türk-tatar aləminin bir yerə toplanıb bir dövlət təşkil etməsində heç bir maneə görmürdü. Rüstəmbəy Leninin milli nəzəriyyəsini də öz zehniyyətinə uyduraraq qəbul etmişdi.

Bundan başqa, Leninin imperialistlərə qarşı hərəkət etməsi də Rüstəmbəyin rəğbətini qazanmışdı: Milyukov İstanbulun ilhaqını istədiyi halda, Lenin ona tamamilə əleyhdardı. Lenin bütun Şərq xalqlarının ana torpağında müstəqil olaraq yaşamalarını tələb edirdi.

38

Rüstəmbəy iki ildən bəri məzuniyyətə getməmişdi – cəbhə həyatı onu son dərəcə yormuşdu. Onda axır vaxtlar baş verən tənhalıq duyğusu və məyusiyyət də qismən yorğunluğundan irəli gəlirdi. Bəzən tənhalıq hissi onu boğub çıxılmaz bir yola sövq edirdi.

Bu sabah yuxudan ağır bir duyğu sıxıntısı ilə qalxmışdı. Hər kəsə və hər şeyə qarşı səbəbsiz bir hiddət bəsləyirdi. Çay içərkən Vanya ona müttəfiqlərə verilən nota haqqında söyləyərək:

– Sosialistlər haqlı olaraq Milyukovla Quçkovun istefasını tələb edirlər. Bunlar tamamilə çar nazirlərinin proqramını yürüdürlər, – dedi.

Rüstəmbəy cavab olaraq əlini çırpdı:

– Əh, ürəkaçan bir şey yoxdur; hər şey fəna, hər yer qaranlıqdır. Gələcək belə işıq izi göstərmir.

Rüstəmbəy sözlərini elə bir sima ilə söylədi ki, Vanya söhbətin davamına cəsarət etmədi.

Çay sükutla keçdi və qurtarar-qurtarmaz Rüstəmbəy şapkasını alıb evdən çıxdı.

Rüstəmbəy evi tərk etməkdə müəyyən bir məqsəd təqib etmirdi – dəruni sıxıntısını susdurmaq üçün onu bıqdıran mühitdən uzaqlaşmaq istəyirdi.

Kəndə gedən yola çıxdı. Bir çox kişi və qadın şəhərə gəlirdi. Bunların bəzisinin burunlarını yara yemişdi, fəci bir mənzərə təşkil edirdilər. Müharibənin nəticəsi olan bu xəstəliyi Rüstəmbəy çox kəndlərdə müşahidə etmişdi, bu dəfə də laqeyd bir şahid sifəti ilə onları süzərək keçdi və şəhərə nazir bir təpədə dayandı. Yamacda salınan bu şəhərin ortasından axan çay burularaq, meşə ətəyində parlaq bir ayna təşkil etmişdi; təzə yarpaqlı ağaclar çayın durğun sinəsinə əyilib, gözəlliyə məftun olan kimi görünürdü; hava təmiz və sərindi – may günəşi hələ şiddətinə malik deyildi; meşə üfüqə doğru irəlilədikcə mavi sislərə dalırdı...

Rüstəmbəy bu dilfirib mənzərəni seyr edərkən, bir də arxadan qoluna bir əl yapışdığını duyub çöndü.

– O, Svyatoslav Ivanoviç, – dedi, görüşdülər. Təqribən qırx yaşlarında olan qızartdaq saqqallı bu adam zabit paltarında idi. Frençinin sağ döşündə mavi xaçlı darülfünun nişanı vardı. Svyatoslav İvanoviç məruf bir senatorun oğlu olaraq zadəgana mənsubdu. Atasının sayəsində ön cəbhədə deyil, arxa tərəfdə xidmətə cəlb olunmuşdu. Bu da atası kimi olduqca mühafizəkar və inqilabın şiddətli əleyhdarı idi.

– Necə varsınız? – deyə Rüstəmbəy onun halını soruşdu.

– Fəna. Çox fəna! – dedi. – Artıq izahata ehtiyac varmı?

Rüstəmbəy gülümsəyərək:

– İnqilab!.. – dedi. – Yenilik ağrı ilə doğulur.

– Hansı yenilik? Bu uyğunsuzluqlar yenilikmi? Qaragüruhun tüğyan etməsi, əsrlərdən bəri qurulan bir idarənin pozulmasımı? Yox, buna yenilik adı verə bilmərəm; savadsız, sərxoş, tənbəl və yıxıcı bir xalq yenilik qura bilməz! Lvovlara təhəmmül edə bilmədiyimiz halda, ortalığa bir də bir Lenin çıxdı – bu, baltanı bir az da ağacın dibindən vurur... Vursun, baxalım sonu nə olacaq?! Bunların hamısı alman oyunudur; Lenin düz adam olsaydı, Vilhelm onu qapalı vaqonda bizə göndərməzdi...

Hər halda bir daha danışmamağı qət etmişəm. Biz kimik ki? Danışığımıza kim məna verər ki?.. – Birdən mövzunu dəyişdi və eyni zamanda siması da dəyişildi: – Əzizim, necəsiniz, nə ilə məşğulsunuz? – dedi.

– Təşəkkür edirəm. Yorulmuşam, məzuniyyətə getmək istəyirəm.

– Zatən hamımız məzun deyilmiyik? – deyə dodaqlarında tənəli təbəssüm oynatdı; – müharibə artıq uduzulmuş, indi əsarət zənciri önündə boyunlarımızı aşağı əyməliyik...

Rüstəmbəy susmuşdu. Müsahibinə qarşı söz söyləməyə nə marağı, nə də iştahası vardı. Bunu Svyatoslav Ivanoviç duydu:

– Seyrəmi çıxmısınız, yoxsa müəyyən bir məqsədinizmi var? – deyə sordu.

Rüstəmbəy yaxasını qurtarmaq üçün:

– Kəndə, sklada gedirəm, – dedi.

– Onda, əzizim, yolunuza mane olmayım, – deyə əlini uzatdı. Rüstəmbəy onun əlini sıxıb, kəndə doğru getdi.

39

Şəhərdə yer olmadığı üçün Rüstəmbəy anbarı kənddə saxlayırdı. Kənd yaxındı; zatən at və araba olduğu üçün çətinlik çəkilmirdi.

Rüstəmbəy yavaş-yavaş yürüyərək kəndə çatdı. Kənd vuruşmalar görmədiyi üçün salamat qalmışdı. Küləş taxtapuşları Çin üslubunu andırırdı; karnizlərin ucları yarımdairə təşkil edərək yuxarıya doğru qalxmışdı. Kəndin kilsəsi də eyni üslubda idi. Rüstəmbəyə kənddə rast gələn rusinlər salam verərək, tənbəl addımlarla uzaqlaşırdı. Qadın gözə az çarpırdı; görünür qaçıb dağılmışdı; çünki əsgər gecən yerdə heç bir qız və qadın özlərini kişilərin təcavüzündən saxlamağa qadir deyildi. Cəbhə məntəqəsində qalanların əksəri əxlaqən pozulmuş və fəna xəstəliklərə tutulmuşdu.

Rüstəmbəy bir daxmanın qapısına yanaşıb açdı. İçəridə oturan iki ləzgi Rüstəmbəyi görcək dik qalxdı. Rüstəmbəy:

– Oturun, oturun! – deyə cəld irəliləyib yığılan qənd kisələrindən birinin üstündə oturdu.

Anbar müdiri Məhəmməd və köməkçisi Ömər oturmağa cəsarət etməyib bir neçə saniyə ayaq üstə qaldılar; yalnız Rüstəmbəyin təklifindən sonra oturdular. Məhəmməd ortaboylu, dolğun, təqribən qırx beş yaşlı bir kişi idi. Ömər uzunboylu və arıqdı; Məhəmməddən gəncdi.

İkisi də milli libasda idi.

– Ağa, çay buyurun, – deyə Məhəmməd çay təklif etdi və dişləmə qəndi qoydu. Masanın üstündə yavan çörək, çay və xırda doğranmış qənddən başqa bir şey yoxdu. Rüstəmbəy buna diqqət verərək:

– Məhəmməd, bəs çayı nə üçün yavan içirsiniz? – deyə sordu.

Məhəmməd gülümsüyərək yerə baxmasında davam etdi bir şey söyləmədi.

Rüstəmbəy təkrar:

– Yağınız yoxmu? – dedi.

– Var. Bir neçə çəllək var.

– Bəs nə üçün yemirsiniz?

–?!

– Canım, özünüzə korluq verməyin! Burada əlli kisə qənd var

– çayı dişləmə içirsiniz, yağ var – yemirsiniz.

– Nə bilək, ağa, dedik bəs olmaz.

– Necə olmaz, bu işçilər üçün deyil, bəs kimin üçündür? Ömər, dur yağ gətir, qənd də çıxar.

Ömər durub qızararaq, bir qab yağ və qənd gətirdi. Rüstəmbəy hərəsinin stəkanına bir parça qənd saldı:

– Hər gün çayı şirin içərsiniz. – dedi, – günorta da təzə ət tapmasanız, konserv yeyin.

Ləzgilərin ikisi də məmnun təbəssümlə gah Rüstəmbəyin üzünə, gah yerə baxırdılar.

Bunların bu qədər utancaq və düz olduqları Rüstəmbəyi bir az darıldırdı.

“Bu qədər ifrata varmaq olarmı?” – deyə Rüstəmbəy öz-özünə düşünürdü. “Doyunca yeməyə belə cəsarət etmirdilər. Halbuki bunlardan əvvəl sklada qoyulanlar nə qədər mal oğurlamışdılar... Hər halda, zəmanə hərəkətinə bənzəmir...”

Rüstəmbəy:

– Sizin ailəniz yoxmu? – deyə soruşdu.

– Ağa, var.

– Onlara pul göndərirsinizmi?

– Nə bilim, ağa, topladığımızdan göndəririk.

Məhəmmədin mütəvaze ifadəsi Rüstəmbəyi mütəəssir etdi. Bunların acizliyi ürəyini kədərlərlə doldurdu. Qəti bir səslə:

– Baxın, Qafqaz bu saat böyük iqtisadi böhran keçirir, qənd, un, düyü və başqa məkulat tapılmır. Ayda evinizə hərəniz yarım put qənd, bir put un göndərə bilərsiniz, izin verirəm.

Ləzgilər yavaş səslə dəfələrlə razılıq etdilər. Rüstəmbəy də etdiyi hərəkətindən fərəhlənərək, mənəvi həzz duydu. Sonra anbarı dolaşaraq cürbəcür əmrlər verib çıxdı. Məhəmməd onu kəndin sonuna qədər təşyi etdi.

40

Nahardan sonra Vanya ilə Rüstəmbəy otaqlarına çəkildilər. Rüstəmbəy çarpayısının üzərinə uzanıb, Mopassanın hekayələrini əlinə götürdü. Mopassan Rüstəmbəyin sevdiyi yazıçılardan biri idi.

Vanya otaqda gəzinirdi, tərəddüd içində idi. Evdə qalmaq niyyəti olmadığı bəlli idi. Rüstəmbəyə tərəf çönərək;

– Rüstəmbəy, bu axşam iclasa gəlməyəcəksinizmi?

– Nə iclas? – deyə Rüstəmbəy üzünü turşutdu. – İclaslardan artıq xoşlanmıram.

– Nə üçün? Əvvəllər ki, çox xoşlayırdınız.

– Əvvəllər... – deyə Rüstəmbəy ağzını büzdü, bir gözünü qıyaraq, başını tərpətdi, ancaq sözünü yarımçıq kəsdi.

Vanya təkrar:

– Rüstəmbəy, bu axşam gedək – məmnun dönəcəyinizə əmin ola bilərsiniz. Indi böyük iclaslarda bir soldat var, o rəyasət edir. Gözəl natiqdir. Özü də hazır adamdır. Deyirlər, müharibədən əvvəl Moskvada işçi olmuş və gizli təşkilatlarda iştirak etmişdir. Özü bolşevikdir və bir dərnəyi də var. Mən də ora yazılmaq istəyirəm...

Vanyanın sözləri Rüstəmbəyi qane etmirdi – o bu sözləri istehzalı təbəssümlə qarşılayırdısa da, Vanya danışığına davam edirdi:

– Məncə, bolşeviklər haqlıdır: müharibənin əməkçilərə faydası yoxdur. Müharibə yalnız burjuylara, tacirlərə lazımdır; onlar mallarına bazar axtarır, mən də ortalıqda qurban gedirəm.

Rüstəmbəy Mopassanı kənara qoydu.

– Bunları anlayıram, – dedi, – ancaq... intizamsızlığa, ədəbsizliyə təhəmmül edə bilmirəm... Sərxoş soldatlar məclisə gəlib adamı təhqir edirlər. Münəvvərlərə qarşı bir kin başlamışlar; kimsə amirini tanımaq istəmir. Xülasə...

Vanya qeyzlə:

– Rüstəmbəy, siz boş şeylərdən dilgir olursunuz; əsrlərcə əsarətdə

böyümüş xalqdan nələr gözləmək olar? Əsir zənciri qırmış, hürr

vəziyyətə hələ alışmamışdır. Onun özünü idarə edə bilməməsi hələlik

təbiidir. Lakin bunlar düzələcək. Xalqı təşkilata sövq etməli və onu

hazırlamalıdır. Məyus olub, bədbinliyə varmaqdan nə çıxar ki?!.

Rüstəmbəy onun sözlərini kəsərək:

– Bunlar doğru, – dedi, – ağlım tamamilə dediklərinizə şərikdir,

lakin ürəyim... başqa şeylər duyur: ürəyim inqilaba qarşı daha əvvəlki
kimi çırpınmır. Səbəbini bilə bilmirəm. Bəlkə də məyusluğum yorulduğumdan irəli gəlir... Vanya, çox yorulmuşam, cəbhədən qaçıb dincəlməliyəm...

Vanya səsini alçaldaraq:

– Məzuniyyətə nə vaxt gedirsiniz?

– Bir-iki gündən sonra Ternopola gedib, baş müdirimizdən icazə istəyəcəyəm, razı olmasa, istefamı verəcəyəm.

Vanya cavab vermədi və “istefa” sözündən məmnun olan kimi göründü.


1 Zemstvo təşkilatlarının hərbi olmadıqlarına baxmayaraq, əməkdaşları zabit forması geyirdilər. İstehza üçün bunlara “zemquslar” deyirdilər.

2 Şəhər idarəsi

3 Gicgahlardan salladılan bir çəngə tük

4 Üz dəsmalı

5 Evdə çəkilən araq

6 Dağılmasa düzəlməz

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ağı

AĞI*Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar.

2 dəq
Folklor yolunda

FOLKLOR YOLUNDA*Yazılı ədəbiyyatımızın realist dövrü rus ədəbiyyatı təsirində doğulduğu kimi, bizdə folklora oyanan rəğbət də şübhəsiz rus alim və redaktorlarını təqliddən alınmışdır. Əvvəllər bu sahədə rus müəllifləri yalnız başına qalmışlar, sonralar türklər də köməyə gəlmiş və bəziləri sərbəst təşəbbüslərdə də olmuşlar. 1882-ci ildə Tiflisdə nəşrə başlamış “Sbornik materialov dlya mestnostey plemen Kavkaza” adlı məcmuə türk folklorunun toplanması yolunda ilk addımlar atmışdır. Qori və Irəvan seminariyalarını bitirmiş müəllimlər eşidib öyrəndikləri xalq məhsulunu bu məcmuələr vasitəsilə nəşrə çalışmışlar. İlk toplayış təsadüfi olmuş, heç bir sistem və plana tabe olmamış, təbiidir ki, qüsurlardan da xilas ola bilməmişdir: toplanılan yer göstərilməmiş, yerli şivə saxlanılmamışdır...

3 dəq
Azərbaycanda Zərdüşti adətləri

AZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.

10 dəq
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləri

TARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.

7 dəq

Başqa şairlərin şeirləri