Xarici siyasətimiz
Məzmun
Səhifə 6 / 6 · 83%
X. denikin qorxusu
Kerenskinin mücərrəd nəzəriyyələri əməli bir nəticə vermədikdən sonra rus xalqına bağlanan ümidlərin boşa çıxmağı rus məmləkətçiləri fikrində təğyirlər doğurdu. Rus fəalları yəqin etdilər ki, sırf rus qüvvələri ilə Rusiyanı ehya etmək olmayacaq. Donda general Kaledinin başçılığı ilə olan müzakirələrdə bu yerə gəldilər ki, Rusiyanı köhnə şəklinə salmaq üçün Rusiyada sakin başqa millətlərdən istifadə etməlidir. Bu millətlər arasında sadiq və cəsurluğu ilə məlum Rusiya müsəlmanları da nəzərləri cəlb eləyirdi.
Milli bölüklər, sonra qul ordu və ordular vücuda gəlməsinə meydan verildi. Romaniya sərhədində “Birinci müsəlman ordusu” ünvanında qüvvələr toplandı. “Birinci müsəlman ordusu”nun Ukrayna hökuməti nəzdindəki komissarı miralay Tukan Baranovski ilə olan müsahibəmdə anladım ki, Don fəalları “müsəlman ordusu”na böyük ümidlər bağlayırlar.
Aşıb-daşmış inqilab bütün qüvvələrə zərbə vuran kimi, “müsəlman korpusu”na da sirayət etdi: əsgərlər qaçıb dağılmağa başladılar.
Kiyev “Musavat” komitəsi kimi bəzi müsəlman təşkilatı da açıq-açığına “korpus”un əleyhinə propakanda yapmağa başladı. Böylə hərəkətlər korpusun qüvvəsini daha da qırdı. Lakin Rusiya ehkamçıları “müsəlman korpusu”ndan ümidlərini kəsmədilər. Bu halda korpus yalnız beş-altı yüz zabitdən (bunlardan təqribən iyirmisi müsəlman idi) və külli ləvazimati-əskəriyyədən ibarət idi. Fikir bu idi ki, zabitlər və ləvazimatla Krıma gəlib, müsəlmanları əsgər çağırıb, Qafqaza yerisinlər və müsəlmanlardan ibarət sadiq və bolşeviklikdən uzaq bir qüvvə ilə Rusiya ehyasına çalışsınlar.
Lakin iş başqa cür oldu: müsəlmanlar gözlənilən kimi kor və avam deyilmişlər. Kiyev “Müsavat”ının fikrinə krımlı qardaşlarımız da şərik olaraq “müsəlman korpusu”nun yalnız rusluğa xidmət edəcəyini bilib, ona şiddətli müqavimət etməyə başladılar. Axırda “korpus” başında duranlar Denikini Krıma dəvət edərək “korpusun iki-üç yüz qalan müsəlman əsgərini də ona təqdim etdilər. Böyləcə, müsəlmanlığı hazırlayan “korpus” öldürüldü. Lakin Kaledinin planı ölmədi: müsəlman sadiq və avamlığından istifadə etmək istənildi. Altı ay əvvəl (yəni: 1919-cu ilin əvvəli – T.H.) Krımda kadetlər hökuməti vasitəsilə səfərbərlik elan etdi. Lakin bir nətiçə hasil olmadı: bircə müsəlman da əsgərliyə gəlmədi. Yalnız Krım mirzalarının (tatar əsilzadələri) bəzisi köhnə imtiyazlarını ehya etmək üçün Denikinə qoşuldu. Axırda bolşeviklik Krımda həm Denikini, həm də mirzaları yuyub götürdü.
Yenə fikir ölmədi. Bu dəfə Don gözünü Qafqaza dikdi. Beş ay əvvəl Yekaterinodar şəhərində miralay Belikov əhəmiyyətli məruzədə bulundu. Belikov isbat etmək istədi ki, Moskovu alıb Rusiyanı ehya etmək üçün öncə Qafqazı almalıdır. Belikovun nəzərincə Bakının nefti, Kuban və Stavropolun çörəyi, Xəzər dənizinin balığı rus qüvvələrinə Moskovu almaq üçün bir əsül-hərəkə təşkil edə bilər.
Belikov fikri bir addan ibarət deyil. Denikin ordusunda bir axındır. Bir çoxları bunun tərəfdarıdır ki, Moskovu bolşeviklərdən qurtarmaq üçün Qafqazın bütün qüvvələrini sərf etməlidir. Bu fikrin nə dərəcə qüvvətli olması gözümüz önündədir. Şimali Qafqaz, Dağıstan ilə bərabər bu gün “istifadə” olunur. Uşaqdan böyüyə əsgərliyə çağırıb, bolşeviklərə qarşı göndərilir, xülasə, avam dili ilə danışaraq deyə bilərik ki, köhnə Rusiya üçün qaynayan bir qazanın altına bizi odun əvəzinə atmaq istəyirlər. Məsələ aydındır: Denikinə odun lazımdır ki, Rusiya qazanını qaynatsın; başımıza bəla etsin. Deməli, bizim yağımız ilə bizi qovurmaq istəyirlər. Bunu çəmi müsəlman bu gün anlayıbdır. Odur ki, Krım müsəlmanları Denikinə əsgər vermədilər və bu səbəbdəndir ki, inquş qardaşlarımız əllərində silah olaraq ölmək istəyirlər, namuslarını satmaq istəmirlər.
Hökumətimizin ciddi tədbirləri Denikin qorxusunu, vətənimizdən uzaqlaşdırır. Bu yolda xalqımızın geniş dairəsi hökumətimizə kömək etməlidir. Xalq anlamalıdır ki, Denikin gəlsə, vətənimiz alt-üst olacaqdır. Əvvəla, daxildə zidd qüvvələr bizə qarşı çıxacaq, ikinci, bolşeviklik meydan alacaqdır. Təcrübə göstərdi ki, Denikin ayağını basan yerlər bolşevik olur. Çünki “dükan yanarsa siçan da yanar” fəhqasincə Denikin siçanlarını öldürmək məqsədilə bütün dükanı yakmaq lazım gəlir. Bu müsibətlər vətənimizə üz verməmək üçün Denikinin qara qüvvəsi ilə həmişə mübarizəyə hazır olmalıdır.
Xı. bolşevik qorxusu
Rus inqilabı rus millətinin təbiəti üzərindən pər dəni götürdü. İnqilab göstərdi ki, rus təbiəti hakimiyyəti sevməyir; bu hakimiyyət nə şəkildə olursa olsun. Rus həyati-fikriyyəsində və rus tarixində bu hallar çoxdan bəri görünmədə idi. Anarşi nəzəriyyəsini rus fikri doğurdu. Baxınız anarşi nəzəriyyəsinin banisi Bakunin nə söyləmiş: “Yıxıcılığın şirinliyində yaradıcılıq ləzzəti var”.
İştə Bakuninin şüarı!
Bakunin kimi beynəlmiləl inqilabçını rus xalqı yetirib. Bu xalq bir çox hakimiyyət tanımayan məzhəblər də vücudə gətirib. Rus hökuməti məmləkətə müzürr məzhəblərlə əsrlərdən bəri mübarizə edə gəlmədədir. Bizim Qafqaza mühacir surətində gələn malakan, duxabur və başqaları da sürgün olaraq gəlmişlər. Rusiyadakı məzhəblərin əksəri müharibəni inkar edən, hakimiyyəti tanımayan və kommuna şəklində yaşamağı sevən qüvvələrdir. Bir xalq deyil, rusun ziyalıları arasında da hər şeyi inkar edici axınlar da çoxdan meydan almadadır. Keçən əsrin ortalarında bu hərəkət qüvvət kəsb edərək, nihilizm sözü ilə təsmiyə olunmuşdur.
Eyni halı rus ədəbiyyatında da görürük. Maksim Qorkinin özü bolşevik olan kimi, bütün qəhrəmanları da bolşevikdirlər. Qraf Tolstoyun fəlsəfə həyatı da bolşeviklikdən xali deyil. Böyük ədib əsrlərcə yaradılmış insaniyyət tərəqqisinin bütün məhsullarını inkar eylədi və axırda da bir nöqtədə dayanmayaraq dünyadan getdi və sabit bir yol da göstərmədi.
İştə rus təbiəti, həmişə qəlyan içində şüruş axtarır! Bu təbiəti azdırmaq üçün çar istibdadı da çalışdı. Fitri amillərə bir də acıq və intiqam hissi qarışdı. Odur ki, çar hökuməti yıxılar-yıxılmaz təbii hallar: acıqlar və intiqamlar meydana çıxdı. Hərcmərclik geniş Rusiyanı ağzına aldı.
Deməli, bolşeviklik rus təbiətindən çıxan bir vulkandır. Bizi maraqlandıran bir şey var: əcəba, bu rus vulkanı başqa millətlərin də malı ola bilərmi, yoxsa ola bilməz?
Macarıstan hadisələri bu suala müsbət cavab verir: “Bolşevik qorxusu başqa ölkələrə də sirayət edə bilər” – deyir.
Bunun səbəbi də aşkardır: əsrlərcə yığılıb toplanan acıqlar və intiqamlar dalğalanır. Deməli bolşeviklik əsrlərin illəti, keçmiş səhvlərin məntiqi nəticələridir.
Bunun uçun bolşeviklikdə tikicilikdən çox yıxıcılığa əhəmiyyət verilir:
“Yaxmaq, yıxmaq və öldürmək!” şüarı hər Yerdə hökmfərmadır.
Bu gün etiraf edəriksə, Şərq dəxi bolşevikliyə alışmadadır.
Həqiqətən, tabe və sadiq, hər bir sıxıntıya səbr edən, hakimiyyəti təqdis və təqdir edən Şərq də bu gün bolşeviklik xəstəliyinə bac verməyi istəyir. Türküstan hadisələrində və başqa hərəkətlərdə müsəlman kommunistlərin adı çəkilir.
Burada da əsri intiqamlar və acıqlar görünür. İntiqam hissi dindar və millətpərvər Şərqi dinsiz və millət tanımayan bolşeviklik qucağına atmaq istəyir.
Nə qorxulu addımlar! Bizim mühitdə bolşeviklik nə dəhşətli şəkillər ala bilər! Bu tufanın önünü almaq çarələrini düşünməli, yəqin etməli ki, bu axın bizi götürsə, bütün Şərqə sirayət edib, uzun müddətlər anarxiyə səbəb ola bilər.
Düşünməli və çox düşünməlidir.
Bolşevikliyi doğuran səbəbləri təkrar-təkrar təhlil etməli və məhvinə çalışmalıdır.
Azərbaycanda asayişin təmini üçün torpaq və əmələ məsələlərinin həllini təxirə salmamalıdır. Kağızda yazılanları işlə nəticələndirməlidir.
Sonra idarəmizin tənziminə çalışmalıdır. Ədalətsizlik ilə qəti surətdə mübarizə etməlidir. Məmləkətimizin hər nöqtəsinə təftiş heyətləri göndərməlidir. İdarəmizi sağlamlandırmalıdır.
Əminəm ki, ədaləti təmin edərsək, acıq və intiqama yer qalmaz və bolşeviklik qorxusundan vətənimizi mühafizə etməyə müqtədir olarıq.
1919
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-xarici-siyasetimiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...
Lüzumsuz arzu üçünİki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.
Qoca nənənin ölümü münasibətiləİbrahimin qoca nənəsi öldü. Tam qarılara layiq bir surətdə də öldü: üç gün yatdı, “varımı-yoxumu bilirsiniz, mənə ehsan verin”, – deyə altı kəlməlik bir vəsiyyət elədi; axırda da ağzını açıb-yumdu. Vəssalam.Qarı tamam oldu... Hekayətimiz də burada bitməli idi. Ancaq... “papağın keçi dərisindən, xəbərin yoxdur gerisindən”... qulaq as, gör nə oldu.
Qusar mülkədarlarıXudat stansiyasından Qusara gələn avtobus sürətlə boşaldı. Son enən orta yaşlı, başının yanları ağarıb gümüşə çalan bir kişi, arıq arvadı və çəlimsiz xırda qızı oldu. Bunlar şeylərini tələsmədən bir tərəfə toplayıb tarlanmaq istəyən toyuq-xoruz kimi, ətrafa hay atmağa başladılar. Bir az keçmiş kişi bazarın uzaqlarına baxaraq:– Reyhan, odur gəlir! – deyə arvadının qolundan dartıb gülümsədi: