Milli və mədəni işlərimiz
MİLLİ VƏ MƏDƏNİ İŞLƏRİMİZ I. ÜMUMİ KİTABXANA
Bakıda ümumi bir kitabxana açılmasını qəzetlərdə oxumuşduq.
Sonra bu məsələ unudulmuş kimi göründü. Halbuki, kitabxananın bizim üçün o qədər əhəmiyyəti var ki, çoxdan bu yolda çalışmalıydıq. Kitabxana açmaq bir o qədər də çətin iş deyil, təşəbbüs olunsa, pulsuz belə bir çox kitablar toplamaq olar. Ümumi kitabxana fikri birinci olaraq Kiyev “Müsavat” komitəsini düşündürdü. İlyarım əqdəm komitə Bakıda ümumi kitabxana təsisinə qərar verdi və min çildə qədər kitab ələ gətirdi. Kitablar iqtisadi, siyasi, ictimai və başqa məsələlərə aiddi. Avropalıların islam və türk aləminə olan nəzəriyyələrinə dair bir çox kitablar var. Fikir bu idi ki, kitabxananın bir qismi islam məsələsinə sərf edilmiş və islama dair nə qədər əsərlər yazılıbsa, ələ gətirilsin. Təəssüf ki, inqilab bir çox maniələr təşkil etdi və kitabxanamız da Kiyevdə qaldı. Bakıya gətirə bilmədik. Bu gün bu məsələ yenə önümüzdədir. Gələcəkdə də bizdən əl çəkməyəcəkdir. Bu gün bu məsələnin həllinə çalışmalıdır.
Milli işlərimizdə hər şeyi hökumətdən gözləməməlidir. Xüsusi təşəbbüslər də lazımdır. Bu barədə zəhmətkeş ziyalılar ittifaqı işə girişməlidir. “Ittifaq” bütün səyini kitabxana məsələsinə həsr etsə, böyük iş görər. Kömək üçün hökumətə müraciət olunsa, hökumət müzayiqə etməz, zənnindəyəm. Kitab ələ gətirmək üçün xaricdəki səfarətlərimizə və konsullarımıza müraciət edilsə, türk, fars, ərəb və Avropa dillərində qiymətli əsərlər ələ gətirmək olar.
Bunları deməyə lüzum yoxdur. Kitabxana açmağa meyl olsa, yolu da tapılar. Milli adamlar bulunmalı.
Kitabxanamızın olmaması bizə çox zərərlər verir. Rusiyanın böyük şəhərlərində yaşadıqda və bir məsələ ilə maraqlandıqda o saat ümumi kitabxanaya gedirsən. Səni maraqlandıran məsələyə aid bir neçə cild kitab alıb çəkilirsən kitabxananın böyük salonuna, nə lazımsa o kitablardan yazıb götürürsən. Bir şeyi yazmaq üçün nə məlumat lazım isə asanlıq ilə almaq mümkündür. Bizdə isə belə deyil.
Bu günlərdə bu sətirləri yazana bir qədər keçmiş yazıçılarımıza dair məlumat lazım idi. Şəhərdə kitabxana yox, xüsusi kitabxanam da yanımda deyil. Axırda bütün şəhəri ayaqlamaq məcburiyyətində qaldım.
İştə yazıçı üçün nə qədər muşkülat...
Hərgah milli fikrimizə, milli sözümüzə meydan verilmək istəyiriksə, tezliklə ümumi kitabxana açmalıdır.
Iı. nəşriyyat cəmiyyəti
Xalq üçün asan dildə faydalı kitablar nəşr etmək üçun özgə millətlərdə nəşriyyat cəmiyyətləri var. Bu cəmiyyətlər ucuz qiymətə millətə gözəl kitablar verirlər.
Heyfa ki, bizdə belə cəmiyyətlər yoxdur və olmayıbdır. Yalnız
Kiyev tələbələrimizin “Nəşriyyat heyəti” türk dilində üç kitabça təbi ilə işlərinə xitam vermişdir.
Nəşriyyat cəmiyyətlərinə olan ehtiyac bizdə başqa millətlərdən çox-çox böyükdür. Çünki naşirlərimiz yox mənziləsindədir. Bir Orucov qardaşları var idi. Şimdi onlar da nəşriyyat işlərindən əl çəkmişlər. Bizim millət üçün ticarət məqsədilə açılan müəssisə xeyir verməz. Bu yolda hökumətimiz və ya xüsusi cəmiyyətlərimiz çalışmalıdırlar. Yaxşı olardı ki, maarif nəzarəti nəzdində bir heyət təşkil olunaydı və bu heyətə kitab möhübləri dəvət olunaydı. Firidun bəy Köçərli həzrətləri məktəbdə müdirlik edirlər. Müdir üçün başqa adamlar da tapmaq olar. Amma Firidun bəyin ədəbi vəzifəsini kimsə görə bilməz. Firidun bəyi maarif nəzarəti nəzdində açılacaq olan nəşriyyat şöbəsinin başına dəvət etməli və birinci olaraq ədiblərimizin əsərlərini basdırmalıdır. Nəşriyyat şöbəsinə əza olmaq üçün Salman Mümtaz çox faydalı olar.
Mümtaz cənabları kitab möhübbü olduğu üçün çox qiymətli əsərlər toplamışdır. Onun kitabxanasında bir çox ədiblərin əlyazmaları mövcuddur.
Köçərli ilə Mümtaza nəşriyyat işlərimiz tapşırılsa və onlara pullar təxsis olunsa, az bir zamanda gözəl nəticələr meydana çıxar, zənnindəyəm.
Hansı yolda qənaət olunsa, nəşriyyat üçün gərək qənaət olunmasın. Çünki bu günlər basılan kitablar kəsilən pullardan qiymətlidir. Bir çox pullar var ki, sərf olunur və əməli nəticələr də vermir. Nəşriyyata xərclənənlər millət üçün böyük sərmayələr vücudə gətirir. Bütün gələcəyimiz, mədəni binalarımız, tərəqqi məhsullarımız bu sərmayə üzərində binalanacaqdır.
Pəs sərmayə üçün çalışmalıyıq və onu əhali əlinə verməliyik.
Iıı. milli məcmuə
Bizdə heç vədə milli məcmuə təb olunmayıb desək, səhv etmərik. Nə “Fyuzat”, nə “Şəlalə”, nə sonra çıxan məcmuələr milli olmuşdur. “Fyüzat” yolu itirdiyi üçün müaqibləri də onu təqlid etmişlər. Hankı məcmuə çıxmağa başlarsa, Hindistan və Misir camilərinin təsvirini qeyd edərək, ümumislam aləminə aid şeylər yazar.
Halbuki, birinci bizi həvəsləndirən məsələ Azərbaycanımız gərək olsun: onun üçün milli məcmuəni başdan-başa Azərbaycan ilə doldurmalıdır. Bərəkət versin ki, tariximiz, ədəbiyyatımız, teatro musiqimiz və başqa mədəni məhsullarımız çox-çox var. Bunlara dair yazılsa, həm özümüz özümüzü, həm də əcnəbilər bizi tanıyarlar. Vətənimizdə bir çox tarixi binalar var. Hər nömrədə bunun birinin rəsmini qeyd
edərək, ətraflıca məlumat verməlidir.
Ticarət məsələləri məmləkətin can nöqtəsidir. Buna dair statistika saxlamalı, ölkəyə nə qədər mal gəlir, ölkədən nə qədər mal çıxır, xaricdə bizim nə kimi mallarımız kimlər tərəfindən alınır, müştərilərimiz nə növ mal sevir, bazarın övzai nə təhərdir?
Yazmalı min şey var. Bizdə yeni-yeni qüvvələr və istedadlı cavanlar çıxır. Bunlara meydan verməli, vergilərinin yolunu təmizləməlidir. Yoxsa bir çox təb və qabiliyyətlər məhv olub gedər.
Milli məcmuədə əksər səhifələr Azərbaycana həsr olunmalı və sonra bütün aləmi-islama və Avropa mədəniyyətinə. Millətimizin təbii tərbiyə və başqa məsələlərə ehtiyacı var. Amma bu yolda heç bir şey yazılmadı. Yazmalı, yazdırmalı, tərcümə etməli. Yeni şeylər vücudə gətirməlidir. Yeni şey də onda olar ki, əvvəlcə ərəb və fars aləmini təsvir etməkdən daşınıb, türk aləmini və bilxassə Azərbaycanı təsvir edək.
Iv. köçərlinin əsərləri
Hər bir insanın mahiyyəti və məzmunu onun fikri və işi ilə bəlli olan kimi, millətin də bütün istedadı və qabiliyyəti, qüvveyi-fikriyyə və xəyaliyyəsi onun ədəbiyyatında bəyan olunur. Bir milləti öyrənmək üçün onun tarixi ilə bərabər ədəbiyyatını da öyrənirlər. Millətin, mənəvi həyatı geniş bir surətdə xalq ədəbiyyatında inikas eyləyir. Burada şəxsiyyət yox, bütün millət görünür. Yazılı ədəbiyyatsa ayrı-ayrı şəxsiyyətlərin nə dərəcədə xalq ümumiyyətindən ucalmasını göstərir. İstər xalq, istər şəxs ədəbi məhsulları ilə bütün millətin ruhunu və o ruhun incə meyl və hərəkətlərini təsvir eləyir. İşdə bizi özümüzə tanıdan və başqalarına zinətli bir şəkil də təqdim edən ədəbiyyatımız olacaq.
Heyfa ki, indiyə kimi ədəbiyyatımıza əhəmiyyət verməmişik. Ən müqtədir ədiblərimizin əsərləri bir çoxları üçün gizli qalmışdır. Səbəb bu ki, onlar ya heç təb olunmayıb və ya ki basılıb və çoxdan satılıb qurtarmışlar. Qarabağ şairlərinin əsərləri Almaniyada Leypsiq şəhərində 1868 sənəsində Adolf Berje tərəfindən təb olunmuşdur. Bu gün nadir bir şeydir. Mirzə Fətəli Axundovun mətbu əsərləri bir az adamlarda qalmışdır. Bir çox məqalə və məktublar heç də təb edilməmişdir. Həsən bəy Zərdabinin əsərlərindən yalnız ikisi Kiyev tələbələrimiz tərəfindən çap olunub. Başqaları isə qeyri-mətbudur. Xalq ədəbiyyatımız çox adamlar təşəbbüsü ilə toplanmışsa da, təb olunmuşu yoxdur. Bir çox şairlərimiz var ki, adları belə çoxlarına bəlli deyil...
Ədəbiyyatımızı müntəzəm bir şəklə salmaq və ümumə tanıtmaq əhəmiyyətli, həm də çox əhəmiyyətli məsələlərdəndir. Bu yolda iyirmi ildən bəri çalışması ilə və ədəbiyyatımızı nizama salması ilə məşhur Firidun bəy Köçərlidir.
Firidun bəy ən müqtədir, ən sevgili ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaq ilə bütün keçmişimizi diriltdi. Şairlərimizin ülvi ruhlarını canlandırdı və həyati-fikriyyəmizi təbii yoluna saldı.
Çox heyf ki, Firidun bəy həzrətlərinin çox az əsərləri oxuculara mal oldu. Ən güzidəsi “Azərbaycan türklərinin ədəbiyyat tarixi” hələ təb olunmayıb qalır.
Müharibədən əvvəl bu əsərlərin təbi üçün Bakıda “Nəşri-maarif” cəmiyyətinə müraciət olunmasını o vaxtlar qəzetələrdə oxumuşduq. Müharibə və inqilab ortalığı qarışdırdı. Ədəbiyyat məsələsi unuduldu. İndi isə bu məsələlər üçün əlverişli bir zaman gəldi. Bu gün maarif nəzarətimiz bu yolda ciddi addımlar atmalıdır.
Doğrudur, kağız yoxluğu hiss olunur, lakin bu, maniə təşkil edə bilməz. Nə qədər kağız baha olsa, milli kitabdan baha olmaz. Bizə kitab lazımdır ki, bizi həm özümüzə, həm də əcnəbilərə tanıtsın. Bu kitab da ədəbiyyat tariximizdir.
Hal-hazırda Bakıda gözəl kitablar basdırmaq mümkün deyilsə, İstanbulda təb etdirmək olar. Istanbul səfarətimiz cəmi maarif məsələlərində maarif nəzarətimizə kömək etməyə hazır olduğu kimi, nəşriyyat işində də kömək edər.
V. hürufat məsələsi
Hürufat məsələsi Şərq üçün ən zəruri məsələlərdən biridir. Çünki hürufat çətinliyi milləti bu hürufatdan qaçma məcburiyyətində saxlayır. Bu səbəbdəndir ki, Qaftazda ruslaşma xalqımızın öz xahişi ilə geniş meydan almadadır. Xalqı qınamaq olmaz. Rus əlifbasına iki ay sərf etdikdə oxuyub yazmağı öyrənirlər. Bizim hürufata isə bir il sərf olunsa da, dürüst oxuma mümkün olmur. Rus hərfi ilə bir şey yazılarsa, yazıldığı kimi də oxunar. Bizdə isə böylə deyil: yazılan sözə cürbəcür mənalar verilir. Əcnəbi sözləri bizim hürufat ilə yazılarsa, heç doğru oxumaq olmaz.
Bizə oxumaq və yazmamıza bir çox vaxtlar sərf olunur. Axırda da lazımi nəticələr görünmür. Hürufatımız latın əlifbası olsaydı, az bir zamanda milli maarifimiz ölkəmizin hər tərəfinə yayılardı.
Şərqin məktəblərində uşaqlar illər itirirlər. Oradan savadsız çıxırlar. Bais hürufat...
Millətini sevən bir adam hürufatımızı görərək laqeyd qala bilməz. Bizim can nöqtəmiz. Burada bu hal çoxdan bəri millət xadimlərimizi düşündürməkdədir. Mirzə Fətəli Axundov hürufat məsələsini həll etmək üçün Istanbula səfər etdi; Tehrana layihə göndərdi. Heyfa ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar. O vaxtdan bu məsələ arabir meydana çıxdı.
Bu gün ölkəmizin və millətimizin müqəddəratı əlimizdə olduğu bir zaman hürufat məsələsi yenidən fikirləri məşğul eləyir. Bizim nazirimiz Xudadad bəy Məlikaslanov cənablarının təklifi Nazirlər Şurasında qəbul olunaraq hürufat islahı üçün çalışmağa başlanır. Bu yolda bir heyət işləyir.
Şərqdə dəfələrlə mütəəssiblik sədlərini yıxan, ənənəvi hüdudları pozan və həyat tələbatından başqa heç bir şeyə bac verməyən Azərbaycan bu gün yenə bir inqilab doğurmaq istəyir. Babaların köhnəlib dəbdən düşmüş adətlərini atıb, yenilik hüsulə gətirir... Uğurlar olsun!
İndi baxaq görək bizə hankı hərflər və səslər lazımdır: zənnimizcə, yeni əlifbamız 35 səsdən ibarət olmalıdır...
Bu səslərin çoxu latından alınmalıdır. Latında olmayanları icad edib uydurmalı, təbiidir ki, soldan sağa oxunub, yazılacaq. Yeni hürufat ilə söz söyləndiyi kimi də yazılacaq. Bir səs neçə şəkildə olmayacaq. Yəni sin, sad və ze, zad kimi əhva şəkillər olmayacaq. Hər səsə müvafiq bircə şəkil olacaq.
Əgər yeni əlifba qəbul olunarsa, oxumaq, yazmaq qayət asanlaşar, qələtsiz yazı yazmaq az bir vaxt sərf etmək ilə mümkün olar. Deməli, millət oxuyar, yazar, müşkülat görməz, xeyir və şərin anlar. Köhnə hürufatımız milli idarəmizdə də bir çox əngəllər törədir. Teleqrafda işləmir, dəftərxanalarda yazı maşınlarına uymur. Avropalılar bir kağızı bir neçə dəqiqədə maşında yazıb, kopyası ilə bərabər çıxarırlar. Bizdə isə əl ilə yazaraq bir çox vaxt itirilər...
Deməyə nə hacət. Millətimiz o qədər ayılıb ki, özü hürufatımızın qüsurlarını görür, bilir. Əgər hökumət bu məsələni həll edərsə, millətə unudulmaz bir xidmət etmiş olar.
Bir sual dilimizin ucuna gəlir: əcəba, Azərbaycan yeni hürufatı qəbul eləsə və başqa müsəlman ölkələri eləməzsə, nə təhər olar?
Təsəvvür olunan sualın cavabı gödəkdir:
– Biz qəbul eləməliyik. Vaxt gələr başqa ölkələr də görər, götürər.
Doğrudan da, nə üçün hər cəhətdən tərəqqi etmiş Azərbaycan bir nöqtədə
dayanıb mürgü döyən qardaşlarını gözləsin? Biz çoxdan bəri inqilabçılığa öyrəndik. Biz Rusiyada birinci olaraq türk qəzetəsini nəşr etdik.
Biz türk aləmində Qurani-şərifi ana dilimizə tərcümə etməklə birincilik qazandıq.
Aləmi-islamda birinci olaraq opera vücudə gətirdik.
Azərbaycan Cümhuriyyətini vücudə gətirməklə islam tarixinə yeni səhifə əlavə elədik...
Latın hürufatını qəbul etməklə bir inqilab da yapaq və əmin olaq ki, bu inqilab əvvəlkilərdən də parlaq və məhsuldar olacaq.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-milli-ve-medeni-islerimiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Ay həkim, başına dönüm, bizdə bir azarlı var, tez gəl, bir ona bax!Deyəsən, allah eləməmiş, lap qarışıb.
Dərdli ZüleyxaYarımişıq bir otaqda çarpayıdan on altı-on yeddi yaşlarında bir arvad qalxdı. Zarıldaya-zarıldaya çırağa doğru gedib, işığını çoxaltdı və sonra həyətə tərəf pəncərədən zəif və sızıltılı bir səslə çağırdı:– Sənəm bacı, ay Sənəm bacı. Ay qız, vallah, ölürəm, bircə gəl!
Yuxu– Get yat, bədbəxt fəqir! Sənin dərdin məni lap çərlədib! – deyə ana, qızı Fatmanın arxasınca zənn ilə baxıb, başını mütəkkəyə söykədi:– Get, yat, aşıb daşmış fəqir! Hamı ərə gedib, ev-eşik sahibi oldu, bircə sənin bəxtin bağlandı. Döşün-başın çıxıb, ata dönmüsən!..
MərsiyəxanPəncərədən düşən işıqdan məsciddəkilərin başları işıldayırdı. Möminlər börklərini yerə qoyub, yaşlı gözlərini mərsiyəxana dikmişdilər. Mərsiyəxan bir də bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı:– Hələ çox ağlayacaqsan! Gərək gözləriyin təvşehi kəsilə!
Başqa şairlərin şeirləri
Fələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
Səmadan ağır-ağırSəmadan ağır-ağırDənizə yağış yağır.
AlçaAlçadan özgə məgər yoxdu təamın, Yusif,Alçadan oldu mənə töhfə salamın, Yusif.
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.