Müəllim Mirzə Həsənlə Mirzə Bağır həmişə görüşəndə yaşdan danışmamağa çalışırlar. Lakin danışığı haradan başlasalar, axırda yenə yaş söhbətilə qurtarır. Keçən il Balaqədeşin oğlunun toyunda yaş barəsində uzun-uzadı danışmışdılar, hansının böyük və hərəsinin neçə yaşı olduğu meydana çıxmamışdı. Keçən ildən bəri Mirzə Həsənlə Mirzə Bağır görüşməmişdi. O günü təsadüfən bir təziyə yerində görüşdülər.

İkisi də məsələsini bilirdi – bir-birini görcək hər ikisi yaşdan danışmamağı qət etdi. Lakin bir-birilə küsülü deyil idilər ki... Buna görə görüşən kimi:

– Xoş gördük, Mirzə Həsən!

– Xoş gördük, Mirzə Bağır! Necəsən?

– Niyə, dövlətindən.

– İş ki, mənim dövlətimə qaldı, onda işin xarabdır. Xa-xa-xa!..

– Nə üçün? Allaha şükür, oğlunun biri mühəndis, biri də yaxında qurtarır, qızının biri doktor, o birilər də oxuyurlar. Özün də pensiya alırsan.

– Eh, övladın ataya xeyri nədir?

– Sızıldama! Sızıldamaq elə sənin köhnə peşəndir.

– Nə vaxt sızıldadım ki?..

– Qırx il bundan əvvəl sən ilk dəfə müəllimlik edəndə də elə peşən sızıldamaq idi.

– Bağışlayasan, qırx il deyil, müəllimliyə başladığım iyirmi səkkiz, ya iyirmi doqquz il olar, artıq olmaz!

– Xa-xa-xa!.. Neçə yaşın var ki?

– Əlli bir, ya əlli iki.

– Ay kişi, elə mənimki əlli dördü keçir. Vəba ilində, Allah ölənlərinə rəhmət eləsin, rəhmətlik atam məni yenicə evləndirmişdi.

– Allah atana behişt versin! Ancaq evlənməyinlə işim yoxdur. Onu bilirəm ki, behiştlik atan güclə yadımdadır. Qırmızı qurşağı vardı, özünün də əlində uzun təsbehi olardı.

– Ey!.. Mirzə Həsən, sən yenə illəri qarışdırdın. Ay kişi, rəhmətlik atam vəbadan çox sonra ölüb, sən deyirsən güclə yadımdadır. Vəba ilindən cəmi qırx il keçmirmi?

– Baba-gözüm, nə bilim, tarix yazan deyiləm ki!.. Sözün var, söz danış. Bu yaş söhbətini haradan eşələdin çıxartdın?

– Hə, görürsən, yalanının üstü açılanda qaçırsan... İndi səndən bir şey soruşacağam. Amma dürüst cavab ver: Qarğadələn Mələyin oğlunun sünnət toyunda Nazı Ağakişinin Zurnaburun Abbasqulunu öldürməyi yadındadırmı?

– Allah ölənlərinə rəhmət eləsin, bu xəbəri mən rəhmətlik qayınatamdan eşitmişəm. Rəhmətlik qayınatam, Allah ölənlərinizə behişt versin, Qarğadələn Mələyin oğlunun kirvəsi imiş. Dəlləyə də bir kəllə firəng qəndi bağışlayıbmış. Kişi gərək sözün düzünü danışsın, bu əhvalatı mən, Allah ölənlərinizə behişt versin, rəhmətlik qayınatamdan eşitmişəm. Mən yalan danışmaram.

– Xa-xa-xa!.. Rəhmətliyin oğlu, yalanı elə deyirsən ki, heç gözlərini

də qırpmırsan.

– Deyirəm axır, sən nə çox gözünü qırpırsan. Xa-xa-xa!..

İndiyə qədər Mirzə Həsənlə Mirzə Bağırın mübahisəsinə sakitcə qulaq asan Hacı Vəli söhbətə qarışdı:

– Mirzə, – dedi, – sizin ikiniz də məndən böyüksünüz, yanınızda cürət edib danışıram.

Hacının bu ifadəsindən mirzələrin ikisi də pərt olaraq, onun sözünü kəsdi:

– A kişi, haradan böyük olduq! Sən də özünü çağa elədin ki!..

Hacı sakit səslə:

– Mültəfit buyurun!..

Mirzə Həsən dilgir bir halda:

– Mültəfit-zad tanımıram! – dedi. – Mən gözümü açıb, elə səni Təbrizdən qaçaq mal gətirən görmüşəm. Bir dəfə də firəng çiti adına, Allah ölənlərinizə behişt versin, rəhmətlik atama rus qədəyi satmışdın, rəhmətlik atam anama bayram xələti almışdı. Anam bəyənmədi, mənə arxalıq tikdi... Bir gün, Allah ölənlərinizə behişt versin, rəhmətlik dayım tərəkəmə köçündən bir keçi oğurlayıb, bizə gətirmişdi. Keçiyə tut ağacından yarpaq yığanda arxalığımın ətəyi ağaca ilişib cırıldı.

Allah ölənlərinizə behişt versin, rəhmətlik atam o gecəsi arxalığın üstündə – nə yemisən, turşulu aş – mitilimə o ki, var,vurdu...

Hacı Vəli sakit:

– Atan mitilinə vurdu, ya vurmadı, o mənim işim deyil. Ancaq kişi gərək doğru danışsın. Mən qaçaqçılıq edəndə cahıl oğlandım. hələ evlənməmişdim.

Rəhmətlik atan Yaftıməlinin qızının üstünə rəhmətlik ananı almışdı...

Mirzə Həsən dəbdəbəli bir halda onun sözünü kəsdi:

– Hacı, deməli mən hələ dünyaya gəlməmişdim... Hacı, bu mənə kifayət edər – deməli, mən sənin oğlun yerindəyəm, vəssalam...

Mirzə Bağır gördün?

Mirzə Bağır cəld:

– Nəyi gördüm? Heç nə görmədim! – dedi.

Hacı Vəli:

– Bağışla, Mirzə, səhv elədim!

– Bağışlamalı təhərim yoxdur. “Dil dönər, düzünü söylər”... Mirzə Bağır, gördün? Gördün ki, mən səndən kiçiyəm?!.

Mirzə Bağır:

– Nəyi gördüm? Mən Hacı Vəli ilə yaşıdam ki, səndən böyük olam?

Hacı Vəli Təbrizə yol döyəndə mən burnu zılıqlı uşaq idim.

Mirzə Həsən şad bir halda:

– Onda nə mən vardım, nə zılığım. Deməli, mən sizin ikinizdən də kiçiyəm.

Mirzə Bağır:

– Ay kişi, sən allah, qoy!

Hacı Vəli gülümsədi:

– Qoyun görək, məni lap qoca elədiniz. Gündüz çıraq ilə zəncəfilpərvərdə axtarırsınız, amma mən qırğı kimi ov gəzirəm!

Mirzələrin ikisi də bir yerdə:

– Bunun məsələyə nə dəxli var? Sən burjuy olub, gözəl yaşamısan, qocalmamısan, biz əlli ildir kəndlərdə füqərayi-kasibə balaları oxutmuşuq.

Hacı Vəli qəhqəhə ilə gülərək:

– Xa-xa-xa!.. Əlli il əvvəl müəllimliyə başlayanda, heç olmasa, iyirmi yaşınız varmı idi?..

Bu halda təziyə məclisinə qapıdan yeni bir adam daxil oldu. Xalının üstündə cüz qiraətinə məşğul olan molla çatlaq gözlüyünün üzərindən onu süzərək:

– Allahun-mən qərə-əl fatihə! – deyə məclisi sükuta sövq etdi.

Mirzə Həsən yavaş səslə:

– A kişilər, bu boş sözləri buraxın da, fatihəmizi verək, görək başımıza nə gəlir, – deyə həlli qeyri-qabil yaş söhbətlərinə xitam verdi.

1932

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri