Səhifə 2 / 4 · 25%

Əgər kefi istəsə, Mirzə Manaf o qovluğu stolunun siyirməsindən çıxarıb, o məşğuliyyəti yenə başlayacaqdı... Yazının adı “Anama məktub”. Mirzə Manaf: “Məktub, məktub, – deyəcəkdi. Bərekallah, namxuda, nə olar, qoy məktub olsun...” Sonra Mirzə Manaf o yazını gətirən müəllifin imzasına girişəcəkdi: “Qələndər Şahin...”, “Şahin... Buravestnik, pəh, pəh”.. Yavaş uç, bala, yavaş uç...” Bunun dalınca, o yazının lap əvvəlinci səhifəsindəcə, Mirzə Manafın öz əlinin səliqəsi ilə xətlədiyi bir-iki cümlə gəlirdi ki, o cümlələri oxuyan kimi nədənsə hər dəfə Mirzə Manaf durub bir yaxşı çay dəmləmək fikrinə düşürdü və o çayı dəmləyə-dəmləyə Mirzə Manaf həmin o bir-iki cümləni dodağının altında əda ilə, şövq ilə əzbərdən deyirdi: “Canımda yel xəstəliyi var, ana, hərdən sümüklərim sızıldayır... Bir az evimizin rütubətindən, bir az Bakının nəmişliyindən... bir az da sənin göz yaşlarındandır...”

Hekayətimizin bu yerində mütləq qeyd etməliyik ki, təvazökar olmaqdan əlavə, Mirzə Manaf həm də çox səliqəli və çox işgüzar yoldaş idi. Əgər ona təzə bir iş tapşırılası olsaydı, bu iki qovluğu da o, heç vaxt stolunun siyirməsində saxlamazdı. Əslində, Mirzə Manafın stolunun siyirməsindəki bu iki qovluğun da birinin məsələsi bir növ həll olunmuş kimi idi. Yəni o qovluqdakı yazını Mirzə Manaf yarıyacan vərəqləmişdi, quş qoyulası yerlərdə quş qoymuşdu, sual işarəsi qoyulacaq yerlərdə sual işarəsi qoymuşdu və hətta o yazının bir neçə vərəqində Mirzə Manaf ərəb əlifbası ilə, bir sıra qeydlər də eləmişdi ki, bu da onun (yəni Mirzə Manafın) öz işinə məsuliyyətlə yanaşmağının nəticəsi idi. Mirzə Manafın, bayaq haqqında danışdığımız yazını özünə bir növ məşğuliyyət eləməyinin də çox güman ki, müəyyən bir səbəbi vardı, amma bu səbəb çox dolaşıq bir səbəb idi və o yazının elə birinci səhifəsində, sümük və rütubət barədəki o bir-iki cümlədəcə ilişib qalmağı Mirzə Manafın bəlkə lap özü üçün də bir növ sirr idi, müəmma idi. Bəlkə Mirzə Manaf o qovluğu gətirən cavan oğlanın o biri sürtük müəlliflərdən olmadığını, o yazının birinci səhifəsindəncə hiss eləmişdi, beləsinin öz yazısının dalınca tezliklə gəlməyəcəyinə arxayın idi, – buna görə də tələsməyi mənasız hesab eləyirdi... Bəlkə, Mirzə Manaf o bir-iki cümlədə nəsə tapmışdı və bəlkə o cümlələr öz keçmiş yazıçılığını Mirzə Manafın yadına salmışdı: “Manaf Maarif... Buzbulağın səhəri... Yavaş uç, bala, yavaş üç...”. Amma Mirzə Manafın o qovluqda ilişməyinin səbəbi bəlkə heç bu da deyildi. Bəlkə Mirzə Manafın o qovluqda ilişməyinin baiskarı o biri qovluq idi və bəlkə bu işdə də həmin o Qazməmmədlinin parlaq əməlindən nəsə vardı?.. Hər halda Mirzə Manafın quş qoyub, sual qoyub, yan-yörəsində ərəb əlifbası ilə qeydlər elədiyi o yazının Qazməmmədlini möhkəm maraqlandırdığını, lap bu dünyanın ən maymaq vətəndaşlarından sayılan (bu şöbənin işçisi) gənc şair Sərvər Sadıq da bilirdi. Və bəlkə bu gethaget məqamda Mirzə Manaf, heç olmasa, həmin o Sərvər Sadığın nəzərində bir balaca müsbət adam olmaq istəyirdi?.. Nə isə, sözümüzün canı budur ki, Mirzə Manaf öz işində həmişə səliqəli olmuşdu və indi onun bu işlə vidalaşmasına vur-tut bir ay qalırdı.

Və Mirzə Manaf işlə vidalaşmaq ərəfəsində bir də ara-sıra onu fikirləşirdi ki, pensiyaya çıxandan sonra bəlkə yenə öz keçmiş yazıçılığına qayıtsın. Bircə o Qazməmmədlinin obrazını yaradıb, gələcək nəsillərin mühakiməsinə verməkdən ötrü Mirzə Manaf çox gecələri yuxusuz qalmağa hazır idi, çünki onun Qazməmmədliyə nifrəti həddi-hüdudu olmayan bir dərya idi. On beş ildən də çox olardı ki, Mirzə Manaf bu dəryanın içində üzürdü və bu dəryada boğulub batmadığı üçün gündə bir neçə dəfə Allaha şükür eləyirdi. Üstəlik, orası da vardı ki, bu on beş ildə Mirzə Manaf Qazməmmədlinin ünvanına ürəyində yüzlərcə monoloq demişdi və təkcə həmin o monoloqlar bir yox, bir neçə əsər yazmaq üçün kifayət eləyərdi. Bu on beş ildə Mirzə Manafı bu idarədə saxlayan bəlkə də onun belə-belə monoloqları deyəndə dodaqlarını tam tərpənməz bir halda saxlamağı bacarmağı idi. Bir də Mirzə Manaf kefi istədiyi vaxt, kefi istəyən qədər xəyala gedə bilirdi, – Mirzə Manafın bu işi lap möcüzə idi və bu işdə Buzbulaq vaxtlıvaxtında Mirzə Manafın dadına çatırdı. Məsələn, hələ beş-on il bundan qabaq, yayın isti günlərindən birində bir dəfə Qazməmmədlinin kabinetində Mirzə Manaf o qədər dəruni bir xəyala getmişdi ki, orada, müdirin işım-işım işaran stolunun üstündəki büllur külqabının altında çox qəribə bir mənzərə kəşf eləmişdi: o büllur külqabının stolda əks olunan kölgəsində Mirzə Manaf əvvəl bir-iki salxım dumduru buz görmüşdü, sonra o buzlar sürətlə çoxalmışdı və Buzbulağın uzaq, çox uzaq bir qışı birdən-birə gəlib Mirzə Manafın gözünün qabağında durmuşdu. O isti yay günü Qazməmmədlinin kabinetində Mirzə Manaf haçansa Buzbulağın novdanlarından salxım-salxım sallanan buz parçalarına xəyalında xeyli vaxt tamaşa eləmişdi – özü də səhər çağı, sübh tezdən... O səhər Mirzə Manaf (hələ onda Manaf idi, Mirzəsi yox idi) axşamdan qonşunun təndirinə salınmış yepyekə, qırmızı balqabağı çıxarıb gətirməyə gedirdi. Uşaq olasan, özü də təndirdə elə bir balqabaq ola... Bəlkə o səhər məhz o balqabağa görə Mirzə Manafın yaddaşında belə möhkəm həkk olunmuşdu?.. Bəlkə o gün Bakı bərk isti idi, buna görə Mirzə Manafın könlünə buz düşmüşdü?.. Qəribə burasında deyil. Qəribə burasındadır ki, o vaxtdan bəri o qış, bütün buzları ilə birgə, həmin o külqabının altında qalmışdı və indi hər dəfə müdirin kabinetinə girəndə Mirzə Manaf gözlərini o külqabıya zilləyib dururdu. Xüsusən iclas vaxtları o külqabı Mirzə Manaf üçün lap göydəndüşmə olurdu, çünki Qazməmmədlini tanıyan bir adam üçün onun iclaslarda söylədiyi nitqlərə qulaq asmaq sözün əsl mənasında çox böyük bir müsibət və məşəqqət idi. Və elə məsələ də burasında idi ki, Mirzə Manaf Qazməmmədlini yaxşı tanıyırdı: “De gəlsin, qurumsaq, yaxşı deyirsən... Ayağının altında “Volqa”n, başının üstündə Allahın yox... Bağında şollar suyu fontan vurur... Bir mənzil oğlun üçün, bir mənzil qızın üçün... pulların ayaq açıb gəzir Bakını... Ayda iki yüz qırx beş manat maaş alırsan, haramzada, hələ məşuqən üçün də mikrorayonda mənzil tikdirmisən... De gəlsin, ağzından dürr tökülür. Sən de, məşuqən yazsın... Deyin, yazın, protokol bağlayın... Görək, havaxtacan yazacaqsız...” – Mirzə Manafın Qazməmmədlinin ünvanına dediyi monoloqların üslub və məna xüsusiyyətləri təxminən bu səpkidə idi və bu monoloqları deyəndə Mirzə Manaf bir an belə gözünü o külqabıdan ayırmırdı.

Əgər bu gün də Qazməmmədli – ya maraqlandığı o qovluğa görə, ya da bir başqa məsələdən ötrü Mirzə Manafı yanına çağırası olsaydı, yenə Mirzə Manaf gözünü o külqabıya zilləyib duracaqdı; o buzlara tamaşa eləyə-eləyə ürəyinin nifrətini birtəhər soyudacaqdı və kabinetdən çıxıb öz iş otağına daxil olanda, hətta güc tapıb, qüvvət tapıb bir anlığa gülümsəyəcəkdi də. Mirzə Manaf ona görə gülümsəyəcəkdi ki, onun Qazməmmədlinin kabinetində alçalıb, təhqir olunduğunu heç kəs hiss eləməsin, amma Mirzə Manafın bu gülümsəməyinin özünü də başqa cür yozanlar tapılacaqdı və heç kəs fikirləşməsə də, hər halda həmin o Sərvər Sadıq yenə mütləq fikirləşəcəkdi ki, Mirzə Manaf müdirin kabinetində nəsə bir əclaflıq eləyib və bu əclaflığın məhz ona, yəni Sərvər Sadığa aid olub-olmadığını bilməkdən ötrü o, gecələr bol-bol boğazına tökdüyü zəhərin-zəhrimarın təsirindən gündüzlər qan kimi qızaran qorxunc, şübhəli gözlərini yenə altdan-altdan Mirzə Manafın oturduğu səmtə tuşlayacaqdı...

Amma o gün Qazməmmədli Mirzə Manafı o kabinetə çağırmadı. Heç sabahısı gün də çağırmadı. Günlərin bir günü həmin o Sərvər Sadıq, nahar fasiləsindən sonra, qapını ayağı ilə açıb, Kefli İsgəndər qiyafəsində içəri girəndə və otağın tən ortasında dayanıb, “ölülər, ölülər” – deyib sarsaqlamağa başlayanda Mirzə Manafa məlum oldu ki, Qazməmmədli daha o kabinetdə yoxdur və Qazməmmədli o kabinetdə daha heç vaxt olmayacaqdır. Otuzillik məhsuldar fəaliyyətdən sonra pensiyaya çıxmaq ərəfəsində, Mirzə Manafı son dərəcə maraqlandıran “Daha sənə nə lazımdır ki?” – sualının cavabı belə həll olundu. O gün işdən evə qayıdanda Mirzə Manaf yol boyu öz-özünə bu sualı verdi, evə yetişib oğluna, kürəkənlərinə zəng elədi və hamını bir yerə toplayandan sonra, üzünü Bikə arvada tutub, cəmisi əllicə qram konyakın köməyi ilə, elə parlaq bir monoloq dedi ki, Bikə xanım düz otuz doqquz il belə ağıllı bir adamın arvadı olduğunu hiss eləyib, əvvəl gülümsədi, sonra azca kövrəldi və lap axırda tamam kövrəlib, xırdaca qız nəvəsi Yeganənin ipək tumanının ətəyi ilə özünün iki damcı qiymətli göz yaşını sildi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dəyirman əhvalatı

I**Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.

197616 dəq
Ön söz yerinə

...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.

19682 dəq
Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 dəq
Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 saat 10 dəq

Başqa şairlərin şeirləri