Əvvəlinci fəsil. Həsrətin xəstəliyi
Səhifə 1 / 3
...Dağdı, bağdı, çəməndi.
Hər şey həmən-həməndi.
Bu dünya bir Yəməndi,
Yəməndi, ay Səfalı!¹
Səfalı müəllimin həyatından nəsə yazmaq ilk dəfə iki-üç il bundan qabaq mənim ağlıma gəlmişdi. Bu qəribə adamın qəribə həyatını mən o vaxt çox götür-qoy eləmişdim. Onun başına gələnləri (şərq təşbehi ilə desəm) muncuq-muncuq sapa düzüb, bundan boyunbağı, yaxud təsbehvari bir şey düzəltmək istəmişdim. Ancaq o sap dönə-dönə qırılmışdı, muncuqlar ora-bura səpələnmişdi: bir ucu – Buzbulaq, bir ucu – Yəmən. Hələ Zuğulbanı, Buxaranı, Amerika Birləşmiş Ştatlarının cənubundakı – Uilyam Folknerin dünyaya gəldiyi – Missisipi ştatını demirəm...
Mən Səfalı müəllimlə, bir növ, həmişəlik xudahafizləşmişdim. Özüm də, düzünə qalsa, bundan bir elə peşman da deyildim. Bizim işdə belə şey tez-tez olur: aylarla, bəzən illərlə beynində dolandırdığın bir adam – sən yazı stolunun dalına keçəndə – bir də görürsən yoxmuş; ha əlləşirsən, onu tapıb yazıya gətirə bilmirsən. Mənə qalsa, Səfalı müəllimin də aqibəti çox güman ki, belə olacaqdı. Ancaq belə olmadı. Bu il iyul ayının 21-də (fikir verin: amerikalı Nil Armstronqun Ayda gəzdiyi gün) Bakıdakı Qoburnat bağı ilə üzüaşağı bulvara sarı getdiyim yerdə Səfalı müəllim birdən-birə təzədən yadıma düşdü. Özü də tək ona görə yox ki, otuz doqquz yaşlı amerikalı professorun bir vaxt gedib Ayda gəzməyi Səfalı müəllimin həyatında çox böyük hadisəydi, həm də ona görə ki, bu il, iyul ayının axırlarında Bakıda olan isti bəlkə heç ABŞ-ın cənubundakı Missisipi ştatının özündə də çoxdan olmamışdı və o isti Amerikanın böyük yazıçısı Uilyam Folkneri və
¹ El atası Əli Ziya bu qiymətli misraları bir zaman – kefinin saz vaxtı – uzaq Səna şəhərinin təyyarə vağzalında demişdi. Buzbulaq kəndinin doxsan altı yaşlı sakini Xızır kişini, mənim əqidəmə görə, mütləq Səfalı müəllimin yadına salmalıydım.
Elə Səfalı müəllimin həyat tarixçəsini də o vaxt mən Folknerlə Xızır kişinin əhvalatından başlamaq fikrindəydim. Təsəvvür eləyin: Folkner və Xızır kişi – bədii əsər üçün bundan maraqlı başlanğıcı hardan tapmaq olardı?.. Həm real, həm də qeyri-adi. Qeyri-adiliyi öz-özünə məlumdur. Reallığı isə burasındaydı ki, bir gün (onda da isti yay günü idi) öz evində kresloda oturub, tərləyə-tərləyə çay içdiyi yerdə birdən Səfalı müəllimin gözü kitab rəfindən birbaş ona tərəf baxan bir adam sifətinə sataşmışdı. Sifət bir qalın kitabın üz qabığındaydı. Baxan – qaraqaş, qaragöz bir bığlı kişiydi. Yaşı qırx beş-əlli arasında olardı. Və qaramtıl çərçivəyə alınmış o şəklin yuxarısında iri ağ hərflərlə alt-alta: UİLYAM FOLKNER yazılmışdı.
Uilyam Folknerin böyük adam olduğunu Səfalı müəllim, söz yox idi ki, bilirdi. Bu məşhur yazıçının ədəbi fəaliyyətindən də Səfalı müəllimin az-çox xəbəri vardı. Ancaq o kitabı Səfalı müəllimin özü almamışdı. Qızı Rena (pasportda da Renaydı, Rəna deyildi) Leninqradda oxuduğu vaxt ordan alıb gətirmişdi. Folknerin o üstü şəkilli kitabı kitab rəfində o vaxt qoyulduğu kimi də qalmışdı. Yəni: kitabdan çox, şəkil kimi. (Kim bilir, bəlkə elə o Renanın özündən ötrü də o şəkildəki qaraqaş, qaragöz, qarabığ kişi böyük yazıçı Folknerdən savayı kiməsə, bir ayrı adama da oxşayırmış!)
Ancaq o isti yay günü təri dabanından çıxa-çıxa çay içib yanğısını söndürəndə Səfalı müəllim o şəkildə gördüyü adamı özgə heç kəsə yox, elə birbaşa dayısı Xızır kişiyə bənzətmişdi. Hələ “bənzətmişdi” sözü də bəlkə o söz deyil: o anda Səfalı müəllimə elə gəlmişdi ki, o şəkildəki adam Folkner yox, məhz Xızır kişidir. Həmin Xızır kişi: Buzbulaq kəndinin doxsan altı yaşlı sakini və Səfalı müəllimin dopdoğmaca dayısı.
Əsər üçün əla başlanğıcdır, elə deyilmi?.. Ancaq hadisənin reallığı məsələsi qorxuram kimdəsə yenə şübhə doğursun. Xüsusən: qırx beş-əlli yaş arasında olan “intilligentni” bir adamın doxsan altı yaşlı adi bir kəndliyə oxşamağı!.. Realdır, vallah, bu da yüz faiz realdır. Ona görə ki, Səfalı müəllim, dayısı Xızır kişini axırıncı dəfə min doqquz yüz otuz səkkizinci ildə görmüşdü. O vaxt Xızır kişi qırx beşlə əlli yaşın arasındaydı. İndiki doxsan altı yaşı isə Səfalı müəllimin özü cürbəcür üsullarla hesablamışdı. Əslində Xızır kişinin yaşı doxsan da ola bilərdi, hətta lap doxsan doqquz da. Bunun məsələyə dəxli yoxdur. Söhbətimizin məğzi burasındadır ki, Bakının isti yay günlərinin birində belə bir qəribə əhvalat həqiqətən Səfalı müəllimin başına gəlmişdi və bu əhvalat hər hansı bir bədii əsər üçün kifayət qədər maraqlı başlanğıc ola bilərdi.
Bu yay (Armstronqun Aya uçduğu həmin gün) həmin o Qoburnat bağında Səfalı müəllim birdən-birə təzədən yadıma düşəndə mən o Folkner əhvalatını da, söz yox ki, xatırlamışdım və ötüb keçən iki illik fasilədən sonra o gülməli əhvalat indi mənə, nədənsə, daha çox ağlamalı görünmüşdü. Özü də ona görə yox ki, Xızır kişi, Folknerə baxmış, çox bədbəxt adam idi. Belə şeyi bilmək olmaz! Heç bunu da bilmək olmaz ki, Xızır kişi, ümumiyyətlə, bütün yer üzündə özünü hər hansı bir kişidən aşağı hesab eləyirdi, ya eləmirdi. Ancaq eyni göyün, eyni Allahın altında yaşayan bu iki insanın müqayisəsində nəsə ağlamalı bir şey mütləq vardı: heç olmasa ona görə ki, guya hamıya eyni gözlə baxan o Allahın altında Xızır kişi vur-tut on iki sot torpağın yiyəsiydi, həmin o Folkner isə yaşadığı ölkənin xəritəsində dörd min kvadrat kilometrlik bir sahəni rəngli karandaşla çevrəyə alıb altından bu sözləri yazıb, qol çəkmişdi.
“UİLYAM FOLKNER: BU TORPAĞIN YEGANƏ VARİSİ VƏ SAHİBİ”.
Səfalı müəllim Folknerin tərcümeyi-halının bundan savayı da bəzi faktlarını elə o üstü şəkilli kitabdanca bilirdi. Dayısı Xızır kişinin barəsində isə Səfalı müəllimin indiki təsəvvürü ayda-ildə bir dəfə bazarda, yolda-zadda təsadüfən rast gəldiyi və dayanıb ayaqüstü kəlmə kəsdiyi adamların dediyinə, bir də onun – yəni Səfalı müəllimin özünün nəhayətsiz fantaziyasına əsaslanırdı. Məsələn: Səfalı müəllim bilirdi ki, dayısının arvadı Tərlan da hələ ölməyib, sağdır. Bilirdi ki, Xızır kişinin üç qızının hansı kimin oğluna ərə gedib, yeganə oğlu Səfər kimlərdən özünə arvad alıb... Bir inək, beş-on qoyun-keçi, beş-on da toyuq-cücə. Özü də bunlar, Xızır kişinin təsərrüfatında gərək ki, elə o vaxt da vardı. Ancaq o vaxt Xızır kişinin bir qara, qıvraq, qiyamət eşşəyi də vardı, Səfalı müəllimin xatirində o eşşəklə bağlı çox şey qalmışdı və indi real dünya ilə tamam üzülüşüb, öz keçmiş uşaqlıq xəyallarına bərk-bərk qapıldığı vaxtlarda hərdən Səfalı müəllimə elə gəlirdi ki, o eşşək o kənddə hələ də durur.
Səfalı müəllimin kənddə keçən uşaqlıq çağlarından mən bu kitabda sizə çox şey danışacağam. Mən sizi Xızır kişinin özüylə də, onun – Səfalı müəllimin təsəvvüründə hələ də əvvəli, axırı görünməyən bir böyük aləm kimi qalmış – o on iki sot həyətyanı torpağıyla da, hətta lap inəyi, qoyunu, keçisiylə də mütləq tanış eləyəcəyəm. Ancaq Folknerlə Xızır kişinin əhvalatına bir də qayıtmayacağıma, düzü, özüm də bir o qədər arxayın deyiləm və bunu nəzərə alaraq bu söhbətə bəri başdan bir-iki söz də əlavə eləyib, mətləbi bitirmək istəyirəm.
Birinci sözüm odur ki, həmin o isti yay günü, oturub, çay içdiyi yerdə birdən başını qaldırıb, dayısı Xızır kişinin kitab rəfindən birbaş ona baxdığını görəndə Səfalı müəllim əvvəl bir növ, sevinən kimi olsa da, sonra möhkəm narahat olmuşdu; istiyə-zada məhəl qoymadan, özünü poliklinikaya salıb, ilk növbədə qan təzyiqini ölçdürmüşdü, çünki o kitab iyirmi ildən də çox ordaca durduğu halda Xızır kişinin Folknerə çevrilməyi cəmi-çümlətanı bir-iki saniyənin içində baş vermişdi və deməli, tibbi terminlə desək, anomaliya göz qabağındaydı. “NOSTALGİYA!” – Bu diaqnozu “Minzdravın” dördüncü baş idarəsinin ikinci poliklinikasında təzəlikcə peyda olub, az vaxtda “talkovıy vraç” adı qazanmış – danışığından, rəftarından əyalət adamına oxşayan – cavan bir həkim Səfalı müəllimə sevinc və təntənə içində böyük kəşf kimi elan eləmişdi. Ancaq Səfalı müəllim bunu həkimsiz də bilirdi. Üstəlik, onu da bilirdi ki, bu sözün əsl adı “nostalgiya” yox, “nostalgiyadır” – yəni vurğu ikinci hecada deyil, üçüncüdədir. Buna baxmayaraq, poliklinikadan qayıdan kimi Səfalı müəllim lüğət kitablarının birində o sözün mənasını axtarıb tapmışdı və hər şeydən əvvəl, o mənaya heyran qalmışdı: “NOSTALGİYA (yunanca nostos – qayıdış+alqos – ağrı, əzab) – vətən həsrəti”. Bir sözlə, yurdun, vətənin həsrətindən yaranan ağrı və əzab! Səfalı müəllimə görə, burada heyrətamiz dərəcədə böyük məna vardı və bu məna lüğət kitabında çox dəqiq ifadə olunmuşdu. Ancaq görəsən nəydi bu: həsrət idi, yoxsa xəstəlik idi?.. Bəlkə həsrətin xəstəliyiydi? Kərəminə min şükür, Pərvərdigara, həsrətin də xəstəliyi olarmış!
Kitabxana.az · https://kitabxana.az/works/ekrem-eylisli-yemen-evvelinci-fesil-hesretin-xesteliyi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.
Qədim, qara küləkSiz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.
Tənha narın nağılıI**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.
Bir misranın yuxusu(Yaxud yas yerindən reportaj)*1**
Başqa şairlərin şeirləri
Məni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
BənövşəniBaşına döndüyüm ay qəşəng pəri,Adətdi, dərərlər yaz bənövşəni.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,