Əvvəlinci fəsil. Həsrətin xəstəliyi
Səhifə 2 / 3 · 33%
Hər halda, lüğətdəki bu izahat o gün Səfalı müəllimə bəlkə heç vaxt oxumadığı ən gözəl, ən qəmli bir şerin təəssüratını bağışlamışdı. Həm də o izahat Səfalı müəllimi haradasa – ürəyinin bir yerində xeyli sevindirmişdi. Əvvəla, ona görə ki, Səfalı müəllimin xəstəliyi əgər vur-tut buydusa, bu “nostalgiya” deyilən şey lap xəstəlik olsa da, bu xəstəliyə Səfalı müəllim çoxdan öyrəşmişdi – yəni doğulduğu, böyüdüyü, ta bu şəhərə gələnəcən on yeddi-on səkkiz il suyunu içdiyi, havasını udduğu yerin həsrəti Səfalı müəllimin ürəyində elə bu çağacan da ağrı kimi, əzab kimi dönə-dönə baş qaldırmışdı. İndi Uilyam Folknerin sifətində peyda olmuş Xızır kişi də, çöz yox, bu həsrətin belə bir qəribə təzahürüydü. Özü də, başqası yox, məhz Xızır kişi! Çünki Səfalı müəllimin kənddə keçən on yeddi-on səkkiz illik həyatı hamıdan və hər şeydən çox Xızır kişi ilə bağlı idi. Onun həyətilə, o həyətdəki ağac-budağı, kərdi-küləsilə... Atası lap cavan ikən ölmüş yetim Səfalı gözünü açandan, demək olar ki, bir növ dayısıgildə, dayısının yeganə əziz-xələf oğlu Səfərlə, onun bir cüt “qafiya-qızı” Nazxanım və Qızxanımla bir yerdə böyümüşdü. Balaca Səfalı, dayoğlusu və dayısıqızıyla birgə, kəndin çayının qırağında Xızır kişinin qoyun-keçisini otarmışdı, inəyini naxıra qatmışdı, onun o qara, qıvraq eşşəyini minib, ləzzətlə yolaşağı, yolyuxarı çapmışdı... Və demək, o isti yay günü ömrün o unudulmaz çağlarının həsrəti yetmiş iki yaşlı Səfalı müəllimin gözləri qarşısında Xızır kişinin vücudunda, necə deyərlər, bir növ zühur eləmişdi. Bu da insan tənhalığının belə bir mənzərəsiydi. Bu dünyada kimsəsiz qocalanların kədərli aqibətinin bəlkə də adi bir ştrixiydi, cizgisiydi. Pensiyaya çıxandan və anası həştad səkkiz yaşlı Sərənin dalınca arvadı Zərnigarı da qəbrə qoyandan sonra Səfalı müəllim bu aqibəti, dinməz-söyləməz, bütün ağırlığıyla qəbul eləmişdi, çünki onun Rena ilə əlaqəsi çoxdan kəsilmişdi. Səfalı müəllimin Leninqradda oxuyan qızı, hələ institutu qurtarar-qurtarmaz, orda ona dərs deyən – təxminən atası yaşda bir gürcü familiyalı yəhudi professora ərə getmişdi və o vaxtdan Bakıya qayıtmamışdı...
Qızı ərə gedəndən sonra Səfalı müəllim bir dəfə Leninqradda olmuşdu. Onda Sərən arvad da hələ sağ idi. Renanı Sərən arvad bəlkə Zərnigarın özündən də çox istəyirdi. Ancaq ölüm yatağında qəsdən bir dəfə də nəvəsinin adını çəkmədi. Elə bir hey “Xızır! Xızır!” – deyib qardaşını çağırdı. Xızır isə, əlbəttə, yoxuydu. Xızır kişi Buzbulağın dağ-daşında, bağ-bağatında ədəb-ərkanla öz qoyun-keçisini otarırdı. Ancaq o kitab ordaydı. O kitab Sərən arvadın sağlığında da neçə il orda olmuşdu: qaraqaş, qaragöz, qarabığ kişi... Və əgər o şəkildəki adam Xızır kişiyə həqiqətən bu qədər oxşayırdısa, bunu bəs Sərən arvad niyə heç vaxt görməmişdi?.. Bir sözlə, Səfalı müəllimin təxminən əlli il bundan qabaq Buzbulaqda qoyub gəldiyi Xızır kişi şəkildəki o Folknerə bu və ya digər dərəcədə həqiqətən oxşasa da, hər halda, “həsrətin xəstəliyi” də burada, söz yox, öz işini görmüşdü.
Bu xəstəlikdən heç olmasa bir müddətliyə canını qurtarmaq üçün Səfalı müəllim, təxminən əlli illik fasilədən sonra, mütləq kəndə getməliydi. Gedib orda dayısıyla, dayıcanısıyla, Səfərlə, Nazxanım və Qızxanımla, indiki Buzbulaqla və (ən vacibi!) özünün uşaqlıq və ilk gənclik çağlarıyla görüşməliydi. Və o gün, yəni “Apollon – 11” kosmik gəmisinin Aya uçduğu 21 iyul tarixdə Qoburnat bağından sahil parkına çıxıb, orada gəzə-gəzə mən, xəyalımda, Səfalı müəllimlə birgə Buzbulağı da eninə-uzununa gəzib dolanmışdım. Və əgər mən bu yazını elə o gün yazmağa girişsəydim, onun birinci fəslini yəqin ki, elə bu yerdəcə – yəni Səfalı müəllimin kəndə səfərindən başlayacaqdım. Ancaq mənimki o gün də gətirmədi, çünki istiydi, çox istiydi, bürküdən-boğanaqdan adamın beyni qır qazanı kimi qaynayırdı.
...Bu günlərdə yenə sahil parkına gəzməyə çıxmışdım. Sentyabrın əvvəlləriydi. İstilər sınmışdı. Sahil parkının əsl gəzməli vaxtıydı. Ancaq arvadı Zərnigar rəhmətə gedəndən sonra az qala bütün gününü sahil parkında keçirən Səfalı müəllim o gün orada yox idi.
Görəsən, harda olardı?
Çox fikirləşəndən sonra bu qərara gəldim ki, yəqin Səfalı müəllim Zuğulbada olar: “Minzdrav”ın dördüncü baş idarəsinin sanatoriyasında, çünki arvadı Zərnigarın sağlığında Səfalı müəllim ilin bir-iki ayını həmişə həmin sanatoriyada keçirərdi.
Zuğulbaya gedəcəyi gün Səfalı müəllim lap tezdən durmuşdu.
Həyəcanlıydı. Bir növ sevincək kimiydi. Üç-dörd stəkan çayın hesabına bir loxma yağ-pendir tikəsini zorla yeyə bildi. Siqaretini də balkonda həris-həris çəkəndən sonra gördü ki, tezdir, lap tezdir. İndi yola çıxsa, ola bilər ki, metroda bir o qədər də əziyyət çəkməzdi, ancaq metronun lap axırıncı stansiyasındakı avtovub dayanacağında mütləq basırığa düşəcəkdi: camaatın işə gedən vaxtıydı.
Şey-şüyünü axşamdan yığıb hazırlamışdı. “Şey-şüy” deyəndə – bir iki dəst alt paltarıydı, bir cüt ehtiyat başmaqdı; sabın, üzqırxan və s. Bunları Səfalı müəllim balaca çamadana yığmışdı. Arvadı – rəhmətlik Zərnigarın sağlığında da həmişə Zuğulbaya apardıqları tok pilətəsini isə ayrıca zənbilə qoymuşdu. Daha doğrusu, “Vaskanın sumkası”na (pişik Vaskanın!). Sibir cinsindən olan bu qəribə heyvanat məxluqunu Zərnigara – ölümündən bir il qabaq, qızına baş çəkmək üçün birinci və axırıncı dəfə Leninqrada gedəndə Renanın həmin o gürcü familiyalı professoru hardansa alıb bağışlamışdı. Üç-dörd il dalbadal onlar hər il Vaskanı da – o sumkada – özləriylə Zuğulbaya aparmışdılar və axırıncı dəfə Zuğulbadan qayıdanda Zərnigar pişikdən birdən-birə vaz keçmişdi. “Qoy qalsın burda, – demişdi. – Vallah, Səfalı, qorxuram bunun sir-sifətindən. Görmürsən – adama necə nifrətnən baxır! Elə bil dədəm borcludu bunun dədəsinə... Üz-gözündən allahlıq tökülür evini Allah yıxmışın!..”
Zərnigar doğru deyirdi. Adama o cür pis-pis baxmaq Vaskanın, necə deyərlər, arı deyil, adətiydi. Gözlərinin ifadəsində sanki anadangəlmə bir amiranəlik və yekəxanalıq vardı. Adama elə baxırdı ki, elə bil ağıl da bundaydı, şüur da, üstəlik – ən yüksək mədəniyyət də! İnsan isə başdan-binadan ona qulluq eləmək üçün yaranmışdı: gedib, iki saat növbədə durub ona dükandan süd almaq üçün, onun üç-dörd öynəlik xörəyini vaxtında və keyfiyyətli bişirib vermək üçün. Bir sözlə, Vaska demə, deynən bəy balası, anadangəlmə aristokrat. Pişikdəki bu “allahlıq iddiası” edə Səfalı müəllimin özünü də dönə-dönə cin atına mindirmişdi, hirslədib özündən çıxartmışdı. Ancaq bu işlər o zaman olmuşdu. Zərnigarın sağlığında. Son vaxtlar Vaskanın o xasiyyətləri üçün Səfalı müəllimin hərdən lap burnunun ucu göynəyirdi və indi, arvadının ölümündən sonra, ilk dəfə Zuğulbaya gedərkən, onun ürəyinin başında orada Vaskanı görməyin – sehrli-nisgilli – böyük ümidi dolanırdı.
Sumkayla çamadanın yanında vurnuxa-vurnuxa, bekarçılıqdan Səfalı müəllim Zuğulbaya apardığı şeyləri yenə bir-bir xəyalında götür-qoy elədi. Yaddan çıxmış bir şey olsaydı da, bunun əslində elə bir qorxusu-zadı yox idi. Zuğulbadan şəhərə qayıtmaq çətin iş deyildi: avtobusla vur-tut bir saatlıq yol idi. Ancaq bu dəfə Səfalı müəllim fikrində qoymuşdu ki, heç olmasa oktyabrın ortalarınacan şəhərdə görsənməsin, çünki Xızır kişinin Buzbulaqdakı nəvə-nəticəsinin içində xüsusən onun sonbeşiyi – müharibə başlanan il dünyaya gəlmiş – üçüncü qızı Bəsxanımın böyük oğlu Taryelin qəfildən Bakıda peyda olmağından, düzü, Səfalı müəllim yaman qorxurdu. Səfalı müəllimin yayda Buzbulaqda gördüyü həmin o Taryel bir neçə il idi ki, Moskvada yaşayırdı. Orda evlənmişdi və aldığı qız da guya general qızıydı. Bu yay Səfalı müəllim Buzbulaqda olanda Bəsxanımın gədəsi orada – beş-on günün içində – birdən görünüb, birdən də yoxa çıxmışdı. Özünün də Səfalı müəllimə heç bir pisliyi-zadı dəyməmişdi. Əksinə, az vaxtın içində ona gözləmədiyi hörməti göstərmişdi. Üzü qızıl suyuna çəkilmiş dəmir qabda xarici çay (İngiltərədə doldurulmuş Çin çayı!) az qala dünya xəlq olandan, ildə azı bir dəfə Moskvaya yolu düşən Səfalı müəllimin ömründə görmədiyi cürbəcür Moskva konfetləri, qəribə peçenyelər... Taryelin lap birinci görüşdə bu şeylərin sırasında Səfalı müəllimə bağışladığı şotland viskisini isə indi Səfalı müəllim ya həkimlərin birinə, ya da rastına çıxacaq hər hansı bir əməlisaleh sovet adamına bağışlamaqdan ötrü çamadanda özü ilə Zuğulbaya aparırdı.
Ömründə birinci dəfə gördüyü bir adama bu cür bahalı hədiyyə bağışlayan otuz-otuz beş yaşlı cavan bir oğlandan elə təkcə bu hədiyyəyə görə də Səfalı müəllim, söz yox, şübhələnə bilərdi. Ancaq Taryelin hədsiz diribaşlığı deyəsən Səfalı müəllimi daha çox qorxutmuşdu. Kənddə olduğu bir neçə günün içində Taryel öz evlərinin damına boyaboy paslanmayan dəmir saldırmışdı. Çayın yatağına motor qoydurub, iyirmi-otuz metr hündürlüyündə uzun bir boru ilə babası Xızır kişinin həyətinə, bir barmaq nazikliyində olsa da, hər halda, həmişəlik su çıxarmışdı. Səfalı müəllimin illər uzunu heç kəsin oturmadığı dədə-baba yurdunda da Taryel özündən bir nişanə qoymuşdu: odunla qızdırılan dəmir bak, kran, duş – hamamvari bir şey. Əgər Səfalı müəllim razı olsaydı, Taryel onun dədə-babadan qalma torpaq damına şifer saldırmağa da hazır idi. Ancaq Səfalı müəllim belə şeyə razılıq verə bilməzdi, çünki Taryel bu boyda işə görə də ondan pul almaq fikrində deyildi, bu isə çox böyük xəcalətlik idi və bu boyda xəcalətliyin altından çıxmağa Səfalı müəllimin heç cür zoru çatmazdı. Üstəlik, o Taryelin Səfalı müəllimin Bakıdakı bu mənzili ilə bağlı, deyəsən, nəsə gizli bir planı vardı. Hər halda, bu mənzil o ütük, o fələk gədəni açıq-aşkar maraqlandırırdı; tez-tez evin yerini soruşurdu, otaqların sayını xəbər alırdı. Birbaşa dili ilə deməsə də, dolayısıyla dediyi buydu ki, indiyəcən qohum-əqrəbadan qaçdığın bəsdir, icazə ver, innən belə yaxın olaq, evinə gələk; qoca kişisən, ölməyinə bir şey qalmayıb, elə eləmə ki, öləndə evin itə-qurda qismət olsun... Taryel Səfalı müəllimdən telefon almışdı, adres götürmüşdü. Kişi sentyabrın ortalarında həmin o “general qızı” arvadıyla Bakıya, Səfalı müəllimə təşrif gətirməyə hazırlaşırdı. Səfalı müəllim bu təşrifin arxasında Taryelin mənzillə bağlı “uzaqvuran” planlarını da görürdü və indi yığışıb Zuğulbaya getməkdə Səfalı müəllimin bəlkə də əsas niyyəti o gədəni imkan daxilində bu evə buraxmamaqdı.
Kitabxana.az · https://kitabxana.az/works/ekrem-eylisli-yemen-evvelinci-fesil-hesretin-xesteliyi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.
Qədim, qara küləkSiz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.
Tənha narın nağılıI**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.
Bir misranın yuxusu(Yaxud yas yerindən reportaj)*1**
Başqa şairlərin şeirləri
Məni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
BənövşəniBaşına döndüyüm ay qəşəng pəri,Adətdi, dərərlər yaz bənövşəni.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,