Səhər tezdən idi. Şuşa yuxudan təzəcə ayılmışdı.

Əlində səhəng tutmuş qızlar «Xan qızı» bulağında durub növbə gözləyirdi.

Səhər tezdən idi, Şuşa təzəcə yuxudan ayılmışdı, amma elə bil ki, günün günorta çağı idi, böyük-kiçik hamı həyətlərdə, küçələrdə idi və ən qəribəsi də bu idi ki, elə bil, bu boyda Şuşada, o Şuşada ki, Qafqaz Parisi deyərdilər ona, bir nəfər də olsun bəy geyimli-kecimli, xanım geyimli-kecimli adam yox idi, hamısı şəhər alverçiləri idi, şəhər sənətkarları idi, adi şəhərlilər idi.

Qalayçı qalayını çəkirdi, nalbənd eşşək nallayırdı, bağırsağçı bağırsaq aşılayırdı, sərrac yəhər düzəldirdi, misgər qazanla məşğul idi, palanduz palan tikirdi; xalçasatan idi, şirnisatan idi, çörəksatan idi, çəkmə-çust satan idi, müştəri gözləyirdi. Əslində bu dəm bütün Şuşa gözləyirdi.

Kimsə:

– Gəlirlər!.. – qışqırdı.

Aləm bir-birinə dəydi. Camaat Şuşanın aşağısındakı «Ərimgəldi»yə yığışdı, «Xan qızı» bulağı boş qaldı, qızlar və o cümlədən, Gülgəz də camaata qoşulub şəhərin aşağı başına qaçışdı.

Əvvəlcə at ayaqlarının tappıltısı, araba təkərlərinin cırıltısı eşidildi, sonra qırmızı bayraq göründü, sonra şeypur dilə gəldi və Nicat Ovçuoğlunun başçılığı ilə qırmızı əsgərlər dəstə-dəstə «Ərimgəldi»dən keçib Şuşaya daxil oldu...

Bütün Şuşa tamaşaya çıxmışdı, kimi maraqla baxırdı, kimi məhəbbətlə baxırdı, kimi də paltarını dəyişsə də, gözlərinin ifadəsini dəyişə bilməmişdi, nifrətlə baxırdı...

...Gülgəz tələsik darvazadan içəri girib boş səhəngi bir tərəfə atdı və qaça-qaça Böyük bəyin imarətinə tərəf gəlib aşağıdan-yuxarı ikinci mərtəbəyə qışqırdı:

– Gəldilər! Gəldilər, ay xanım!..

Şahnaz xanım əlindəki kitabı bir tərəfə atdı, cəld ayağa qalxıb otağından çıxdı, tələsik pilləkənləri aşağı enib həyətə çıxdı:

– Nədi? Nə olub? – soruşdu.

– Gəldilər! Gəldilər, ay xanım!

– Kim gəldi?

– Bolşeviklər!

Şahnaz xanım bir müddət susdu, sonra dedi:

– Bəs, sən niyə sevinirsən, ay axmaq?

Gülgəz təəccüblə Şahnaz xanıma baxdı:

– Boy, ay xanım, bəs, onlar bizim hökumətimizdi də!.. Bizimkilərdi!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xvı fəsil

Şuşa İnternat məktəbində idman müəllimi işləyən Salman indi xəstəxanada gözətçi yeri tapıb, orada işləyirdi və gecələr xəstəxanadan spirt oğurlayırdı, Cümü də Salmanla birlikdə o spirtdən içib keflənəndə, növbəti stəkandan sonra üz-gözünü turşudub deyirdi:– Ə, dərddən içirəm e, mən, dərddən! – Sonra da özünün özünə hirsi tuturdu və bu dəfə də öz-özünə deyirdi: – Tüpürüm sənin dərdinə də, özünə də!..

1 dəq
Xvıı fəsil

Bir dəfə – mayın axırları idi və Abşeronda hələ çimmək mövsümü başlamamışdı, dənizin sahilində, Buzovna ilə Zuğulbanın arasındakı qayalıq tamam kimsəsiz, bomboş olurdu – axşam Cümü yenə Sonanı motorollerin kuzovuna mindirib qayalığa apardı və yenə də o qayalıqda Sonanın solub rəngi məlum olmayan donunun düymələrini aça-aça, Sonanı öpə-öpə növbəti dəfə söz verdi ki, hər şey yaxşı olacaq, arağı da atacaq, bir də heç vaxt Sonanı beləcə qayalığa gətirməyəcək və elə bu vaxt, göydən düşdü, ya qayanın içindən pırtlayıb zühur elədi, bir ağsaqqal kişi – kənd sakini düz onların üstünə çıxdı, əvvəlcə özünü itirdi, sonra toxtayıb:– Alə, – dedi, – it döyülsüz siz!.. Pişik döyülsüz!.. Adamsuz axı!.. İnsansuz axı!..

1 dəq
Xvııı fəsil

Sonanın böyük bacısı Solmaz anadangəlmə kor idi və elə ki, ermənilər Şuşaya hücum çəkdi, Şuşada qaçaqaç düşdü, kim nə tapdısa, ona mindi, şuşalıları köçürən vertalyotda, yük maşınlarında, başqa maşınlarda yer qalmadı, onda hərə canını götürüb bir tərəfə dağıldı, kimi pay-piyada Turşsu meşələrindən keçib Laçına qaçdı, kimi dağlardan enib Ağdama gələ bildi, bir qismi işğalçı gülləsinə tuş oldu, bir qismi girov götürüldü, güllədən və girovdan yayınan bir qismi də elə o meşələrdə, o dağlarda tələf oldu. Ana oğuldan xəbərsiz qaldı, oğul bacıdan, bacı atadan və o vaxt Solmaz da itdi və Cümügil minbir məşəqqətlə gəlib Ağdamda yığışanda Solmazı «gördüm» deyən olmadı, Solmazdan xəbər-ətər çıxmadı.Bütün bu müsibətlər azmış kimi, Solmazın da sevimli və köməksiz sifəti gecə-gündüz Sonanın gözlərinin qabağından getmirdi və belə məqamlardan birində Güllü arvad dediyi sözlərə özü də inanmayaraq, Sonaya toxtaxlıq vermək istədi:

2 dəq
Xıx fəsil

Azərbaycanda bir milyondan artıq qaçqın yaşayırdı, bu insanlar Ermənistanın işğal elədiyi torpaqlardan qaçmışdılar, yüzilliklərdən bəri atalarının, babalarının doğulub, yaşayıb və öldüyü, dəfn edildiyi doğma torpaqlarından məcburi köçkün düşmüşdülər. Bu ölkənin əhalisi cəmi səkkiz milyon idi və bu o deyən söz idi ki, Azərbaycanda hər səkkiz nəfərdən biri qaçqın idi və bu da – dünyada analoqu olmayan bir hadisə idi.İzabel Xanukoff artıq üç gün idi ki, Azərbaycanda idi və beş il müddətində dünyanın müxtəlif ölkələrində – Somalidən tutmuş Balkanlaracan – qaçqınlarla çox görüşsə də, növbəti hər görüşün ağır təəssüratı qətiyyən azalmırdı. Azərbaycanda ezamiyyətdə olduğu bu üç gündə də İzabel ölkənin bir neçə bölgəsində qaçqınların çadır düşərgələrində, onların ayrı-ayrı yaşayış məntəqələrində oldu və hər dəfə qaçqın anaların məişətini, qaçqın uşaqların güzəranını görəndə Cenevrə gölünün sahilindəki o sakit, arxayın yaşayış İzabel üçün Corc Lukasın filmləri kimi bir şey idi, başqa bir planetin, başqa sivilizasiyanın həyatına bənzəyirdi.

4 dəq

Başqa şairlərin şeirləri