İkinci hissə, III
...Axşam düşmüşdü və həmin axşam Böyük bəyin imarətində təkcə bir işıq yanırdı və indi Fəxrəndə xanımla Şahnaz xanım bu təkcə işığın – onluq lampanın arxasında üzbəüz oturmuşdu.
Heç kim danışmırdı, heç bir səs-səmir yox idi, amma bu sükutun özündə həyəcan, bir intizar, bir xof vardı.
Birdən həyətdə səs-küy eşidildi, at ayaqlarının səsi gəldi, darvaza açılıbbağlandı və Gülgəz qaça-qaça içəri girdi:
– Böyük bəydi, xanım. Gəldi Böyük bəy!
Fəxrəndə xanım da, Şahnaz xanım da ayağa qalxdı və xanımların qalxmağı ilə də Böyük bəyin tələsik içəri girməyi bir oldu.
Fəxrəndə xanım:
– Böyük! – dedi.
Şahnaz xanım:
– Qardaş! – dedi.
Böyük bəy əyninə «çərkəzka» geymişdi və bu saat bəyin üst-başı çirkin-pasın içində idi və belə bir görkəm Böyük bəyə heç yaraşmırdı; bəy qızdırmalı-qızdırmalı:
– Həyəcanlanmayın! – dedi. – Qorxmayın. Fəxrəndə, qorxma. Bacım, heç bir şey olmayıb. Geri çəkilmək hələ məğlub olmaq deyil. Mən hələ qayıdacağam. Bolşeviklərə deyiləsi sözüm çoxdu hələ. Güllə ilə deyəcəyəm bu sözləri. İnanın, and olsun Allaha, dünənə qədər elə bilirdim ki, məndən çox nifrət eləmək mümkün deyil bolşeviklərə. Amma bu gün, indi, dünənkindən min dəfə, milyon dəfə artıq düşmənəm onlarla. Biz Qarabağ dağlarına çəkilirik, bir az qüvvə toplamaq üçün!.. Bir az nəfəsimizi dərmək üçün!.. Çoxdular!.. Vuruşandılar!.. Öldü var, döndü yoxdu deyəndilər... Fəxrəndə, gecə ikən ələ keçən nə varsa götür, Şahnazla birlikdə get Araz qırağında Şahsevən Xurşud bəyin evinə. On atlı seçmişəm, aparacaq sizi. Mən sizə orda baş çəkəcəyəm.
Fəxrəndə xanım ayaq üstə titrəyə-titrəyə:
– Mən sənsiz qala bilmərəm, Böyük! – dedi. – Nə götürəcəyəm mən! Bu malikanəni qoyub sənsiz neyləyəcəyəm mən? Sənsiz yuxumu gedər gözümə, Böyük? Səni and verirəm əmdiyin südə, sən hara, mən də ora!
Böyük bəy:
– Dağa-daşa düşmək çətin olar sənə, – dedi.
Fəxrəndə xanımın boğazının damarları şişdi və xanım ayaq üstə güclə dura-dura:
– Böyük! – qışqırdı. – Böyük!..
Böyük bəy arvadının əlini sıxdı:
– Yaxşı, – dedi, sonra yenə özündən çıxdı: – Məlunlar! Ac-yalavaclar! Evimizdən, babalarımızın min illik torpağından didərgin saldılar bizi! Yox, bu evə qayıdacağam mən, qayıdacağam! Sən hələlik burda qal, Şahnaz, hələlik. Gözüm üstündə olacaq, adamlarımın yarısını burda, sənin yanında qoyacağam. Pal-paltarlarını dəyişib səni qoruyacaqlar. Lazım olsa, tez qaçıracaqlar səni. Yoxsa ki, səhər-axşam at belində, bu meşə sənin, o meşə mənim gəzmək sənin kimi bir qız xeylağına şayəstə deyil. Nökər-naibdən kimi istəyirsən?
– Bir Gülgəz qalsa bəsdi. Başqa adam lazım deyil.
Böyük bəy yana-yana:
– Yox, – dedi. – Bir qulluqçu ilə səntək xanım keçinə bilməz. Aşpaz Hürü arvad, faytonçu Həbib, bir də bağban Muradxan dayı da qalar. Muradxan dayı etibarlı adamdı. Bəs... – Böyük bəy Fəxrəndə xanıma baxdı. – Bəs o çörəkçi Gözəl arvad hanı?
Fəxrəndə xanım:
– Bilmirəm, – dedi. – Bu gün sübh tezdən yoxa çıxıb...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-aman-ovcu-vurma-meni-ikinci-hisse-iii
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Günlərin bir günündə, axşam çağı ata işdən evə gəldi ki, evdə gözəl, səliqəli, əl-üzü tərtəmiz, saçları qəşəng daranmış bir kukla var.Vay... Bu necə kukladı?! Adam kimi gəzir, adam kimi baxır...
Aysu yorulub...Aysu birinci sinifdə oxuyur. Dünən də birinci sinifdə oxuyurdu, bu gün də birinci sinifdə oxuyur, eh... hələ sabah da birinci sinifdə oxuyacaq...Nə qədər birinci sinifdə oxumaq olar?..
Aysu və balaca balıqlarAysu yenə deyir ki, nağıl danış.– Nə qədər nağıl olar, ay Aysu?
I fəsil(Eysebionun faciəli ölümü haqqındakədərli povest)