İkinci hissə, II
Qırmızı bayraq dalğalanırdı və bu bayrağı əlində tutmuş döyüşçü çapdıqca qırmızı bayraq qalan atlıların arasından keçib irəli çıxdı; qırmızı bayraq yol göstərirdi və bu yol indi Şuşa qalasına idi.
Qırmızılar hücuma keçmişdi və bu dəm Əsgəran qalasının həndəvərində at kişnərtisi, səs-küy, güllə-boran ərşə qalxmışdı.
Böyük bəyin atlıları davam gətirə bilmirdi.
Atının ayaqları qırılan kim, bir gülləyə hədəf olub yerə sərilən kim, vuran kim, vurulan kim...
Böyük bəy atırdı, Yunis bəy atırdı, Hümmət atırdı.
Mirzə bəy bir qaya dibinə qısılıb atın cilovunu bərk-bərk əlində tutub saxlamışdı və özünü güllə qabağına verməyib bütün bu həngamənin, bu qanlı vuruşun nə ilə qurtaracağını gözləyirdi.
Qırmızıları saxlamaq mümkün deyildi.
Nicat Ovçuoğlu çapa-çapa əlini yuxarı qaldırıb qışqırdı:
– İrəli! İrəli!
Və bu çağırışdan sonra, elə bil, qırmızıların atları daha yeyin getdi, güllələri daha sərrast oldu.
Birdən-birə Nicat Ovçuoğlunun altındakı atın qabaq ayaqları büküldü və düz alnından dəyən güllə atı yerə sərdi və Nicat Ovçuoğlu da bir göz qırpımında atın belindən yerə sıçrayıb:
– İrəli! İrəli! – qışqırdı.
Başına «Budyonnı papağı» qoymuş əsgərlərdən biri komandirin yanında atının cilovunu çəkdi və ağzından köpük tökülən at şahə qalxdı. Əsgər atın belindən atılıb:
– Min, komandir. – dedi. – Atalar üçdən deyib, üçüncü atdı dəyişirsən!
Nicat Ovçuoğlu atın belinə sıçradı və yenə də çapa-çapa:
– İrəli! İrəli! – qışqırdı...
...Böyük bəy gülləsi qurtarmış «Mauzeri» yerə çırpdı:
– Qıracaqlar hamımızı... – dedi. – Qıracaqlar... – Sonra ayaqlarını üzəngiyə basıb atın belində dikəldi və qışqırdı: – Çəkilin. Qurtarın canınızı! Salamat qalanlar Turşsu meşəsinə gəlsin!..
Və Böyük bəy başının bir dəstə atlısı ilə sıldırım qayalar arası, daş-kəsək arası kəsə yolla Şuşaya tərəf çapmağa başladı.
Bir dəstə qırmızı atlı onların ardınca düşdü.
Bayaq öz atını komandirə verən cavan əsgər indi başqa bir atda Böyük bəyi qovurdu və Böyük bəy də, bu «Budyonnı papaq»lı cavan əsgər də güllələrdən yayına-yayına bir-birinə atırdı.
Böyük bəy yenə də arxaya qanrılıb əlindəki tüfəngin tətiyini bir çəkdi, iki çəkdi, tüfəng açılmadı, bu dəfə də güllə qurtarmışdı.
Cavan əsgər bunu başa düşdü və daha da bərk çapmağa başladı. Böyük bəy tüfəngi yerə atıb iki əlilə də cilovdan tutdu və atın yalına yatıb özünü qurtarmaq istədi, amma Böyük bəyin axırı yetmişdi deyəsən – cavan əsgər ona çataçatda idi. Və bu zaman bu sıldırım qayalar arasında qəfil bir güllə açıldı, cavan əsgər bir anlıq atın üstündə dikəldi, tüfəngi əlindən yerə düşdü, cilov əlindən çıxdı, iki əli ilə də başının arxasını tutdu, sonra bərəlmiş gözləri ilə qandan qızarmış əllərinə baxdı və bundan sonrasına vaxtı qalmadı, qızmış atın belindən sürüşüb böyrü üstə yerə sərildi və az qala, hədəqəsindən çıxacaq gözləri naməlum nöqtədə həmişəlik donub qaldı.
Arxadan çapıb gələn Hümmət indicə nişan alıb atdığı tüfəngi atın qarınaltı qayışına keçirdi və vurulmuş cavan əsgərin yanından ötüb çapa-çapa da Böyük bəyə yaxınlaşdı.
Böyük bəy:
– Sağ ol! Sağ ol, Hümmət! – dedi və iki əlilə də üst-başını yoxladı, bir şey tapmayıb, barmağındakı böyük almaz qaşlı üzüyü çıxarıb Hümmətə tərəf atdı: – Sənindi bu!
Hümmət üzüyü göydə tutub ovcunda sıxdı, sonra ovcunu açıb gün işığında par-par yanan almaza baxdı və dedi:
– Buna görə çox sağ olun, bəy! Amma buna görə qurtarmadım sizi!
Böyük bəyin gözlərində bir sevinc qığılcımı parladı və bəy fəxrlə nökərinə baxıb:
– Bilirəm, Hümmət! – dedi. – Qeyrətli qardaşlarsınız siz! Amma bu da lazımdı. Görürsən, dünya qarışıq dünyadı indi. Bir saatdan sonra nə olacaq, bilmək olmaz. Balalarına xərclik elə.
Və hər iki atlı çapıb sıldırım qayalar arasında gözdən itdi.
...Qırmızılar isə, «Ağa körpüsü»ndən keçirdi və daha onların qabağını heç kim kəsmirdi...
...Qırmızı bayraqlılar aramla, tələsmədən irəliləyirdilər...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-aman-ovcu-vurma-meni-ikinci-hisse-ii
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I fəsilAxşam Sergey Baruzdin və Vladimir Drozdla birlikdə gəzə-gəzə gedib Brandenburq qapılarının qabağında dayandıq və xeyli müddət Qərbi Berlinə tərəf baxdıq. İndi gecədir, oteldə oturub bu cümlələri yazıram və Brandenburq qapıları ağzındakı o əsgərlərin baxışını təzədən öz üzərimdə hiss edirəm. Orda-burda dayanmış o əsgərlər, zabitlər, bayaq elə bir şübhə, hətta, ədavətlə bizə baxırdılar ki, elə bil, baxışları da tüfəng lüləsi idi, üstümüzə tuşlanmışdı.
Birinci hissə, Iİlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı»pyesinin motivləri əsasında yazılmışdır.
Birinci hissə, IINicat səmənd ürgənin cilovunu buraxdı və at elə bil ki, çoxdan belə bir əmin-amanlığın həsrətindəymiş kimi, başını aşağı salıb yavaş-yavaş otlamağa başladı.Şahnaz xanımla Nicat çəmənlikdə salınmış xalçaya tərəf gəldilər və qız gələ-gələ də soruşdu:
Birinci hissə, IIIBöyük bəyin bağ-bağatı bütün Qarabağda məşhur idi və bu bağda armud, alma, tut, gavalı ağaclarının arasında böyük bir meydan vardı.Güllənin açılmağı ilə Yunis bəyin göyə tolazladığı boşqabın çilik-çilik qırılıb yerə tökülməyi bir oldu.
Başqa şairlərin şeirləri
Neylmişdim sənə, ey çərxi-gərdunBizim ilə düşübsən inadə, fələk
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Bölgü-bölgü olmuş bu gün TürkiyəBölgü-bölgü olmuş bu gün Türkiyə:Bir dəstəsi məşrutiyyət istəyir.
Əli bəy FulatovaNədən azürdəsən, ruhi-rəvanım, bisəbəb məndən?Biməhdillah ki, zahir olmayıb tərki-ədəb məndən.