Səhifə 1 / 5

(Şairin ölümü haqqında)

olduqca...

həddən artıq...

uy-y-y...

çox...

çox...

çox uzaqlar idi, amma bu uzaqlıq coğrafi bir məsafə deyildi, illərin uzaqlığı idi, zırpı-zırpı dəqiqələrin, ondan da zırpı saatların, ondan da zırpı günlərin, sonra ayların, illərin dəhşətli, əlçatmaz, ünyetməz bir uzaqlığı idi və o uzaqlığı coğrafi mənada təkcə (bəlkə də) göydəki ulduzların uzaqlığı ilə müqayisə eləmək olardı və göydəki o ulduzlara getmək mümkün olmadığı kimi, xatirələrin, yaddaşın dibində olan o uzaqlığa da getmək (təzədən getmək) heç cürə mümkün deyildi və indi, elə bil ki, eşikdə şıdırğı bir yağış yağırdı (səssiz yağış) və o uzaqlıq da, bir üzündən (çöl tərəfdə) su süzülən pəncərə şüşəsindən o tərəfdə görünürdü...

... o su süzülən pəncərə şüşəsindən o tərəfdəki o uzaqlıqda günün qıpqırmızı batabat çağında, palçıq yolla cırıldaya-cırıldaya meşədən gələn bir eşşək arabası gedirdi və arabaya səliqə ilə odun yığılmışdı və o odunların da üstündə ayağı yalın, başı açıq, 6 – 7 yaşında bir oğlan uşağı oturmuşdu...

... arabanın təkəri hərdən palçıq çuxura düşürdü və o zaman arabanın qabağınca piyada gedən kişi – o uşağın atası eşşəyin ipini nə qədər dartsa da, eşşəyə nə qədər hədə-qorxu gəlsə də, qarğış yağdırsa da, heyvan o boyda yükü çəkib o çuxurdan çıxara bilmirdi və o uşaq da məcbur olurdu ki, təzə qırılmış, təzə doğranmış odun iyinin içindəki o gözəl aləmdən çıxıb, arabadan yerə ensin, sinəsini arabanın arxasına dirəyib, bir əli ilə, nazik belində durmayan, tez-tez sürüşüb düşən şalvarını yuxarı çəkə-çəkə, o biri ilə də özü özünə kömək eləyə-eləyə, hıqqana-hıqqana güc versin və axırı ki, eşşəklə bir yerdə o təkəri palçıq çuxurundan çıxarsınlar...

... sonra yenə arabadakı yükün başına dırmaşırdı və yenə o təzə odun iyinin içindəki o gözəl aləmə qayıdırdı və o aləmdə sonrakı o uzun-uzun illərin, o zırpı-zırpı zaman vahidlərinin heç izi-sorağı da yox idi...


2002-ci ilin görünüşü, yazılışı Əminə xanımın heç xoşuna gəlmirdi – ortada iki sıfır (00), başda da, axırda da iki (2) – və elə bil ki, bu yazılışda bir aldatma, yalan var idi, yəni bu iki «0» və iki «2» səliqə-sahmanının arxasında, əslində, dünyanın bəd əməlləri dayanırdı və o səliqəli düzülüş, görünüş isə, adamları aldatmaq üçün idi.

Gecələr şairin çarpayısının qabağındakı kresloda oturub, heç olmasa, bir balaca yuxuya getmək istəyəndə, mürgü aləmində, o 2002 cürbəcür düzümdə, yazıda Əminə xanımın gözlərinin qabağına gəlirdi:

2 – 002

2 – 00 – 2

20 – 02

200 – 2

2 – 0 – 0 – 2

Və beləcə, bu 2002-ci ilin rəqəmləri hansı düzümdə olursa-olsun, Əminə xanıma bədbinlik gətirirdi, hər iki tərəfdəki o «2» hansı bəd qüvvələrinsə tutduğu muzdlu telexronitellər kimi, bədbinliyi o «2002» rəqəminin içində qoruyub saxlayırdı, kiçik bir açar deşiyi də qoymurdu ki, «2002» tutumunun içinə iynənin ucu qədər bir hərarət gəlsin.

Əlbəttə, Əminə xanım yaxşı başa düşürdü ki, onların ailəsini bədbəxtlik basıb və sona da az qalıb, indi 2002-ci ilin başlanğıcıdı, yanvarın əvvəlləridi və bu müsibət uzun sürməyəcək, bu müsibətin son ucu ölüm olacaq (həkimlər də bunu gizlətmirdilər) və sonra şairsiz həyat da tamam başqa bir həyat olacaq – Əminə xanım bütün bunları yaxşı başa düşürdü.

Və 2002-nin yazılışı, düzülüşü də, beləcə, heç bir ümid yeri qoymurdu, nəinki ümid yeri qoymurdu, elə bil, təzə ilin bu rəqəmləri hər tərəfə qapqara bir əlacsızlıq şüası saçırdı.

Elə ki, İstanbulda son müayinədən və Alman xəstəxanasındakı bir aylıq müalicədən sonra Bakıya qayıtdılar və az bir müddətdən də sonra – sentyabrın ortalarından ki, şairin daha ayaq üstə dayanmağa taqəti qalmadı, yatağa düşdü, oktyabr beləcə əzab-əziyyət içində keçdi, noyabr da belə keçdi, dekabr gəldi, bax, həmin dekabrın ortalarında Əminə xanımın bütün içini, bir canavar kimi, belə bir hissiyyat didib-didişdirməyə başladı ki, şair Yeni il gecəsi gedəcək.

Şair gedirdi, onu saxlamaq mümkün deyildi, bu, aydın məsələ idi, amma 2001- ci ilin o dekabr ayı – kədərinin, iztirabının ağrısı-acısı həmişə Əminə xanımın içində qalacaq o dekabr ayı, Əminə xanım səhərdən axşamacan ürəyində Allaha yalvarırdı ki, bu müsibətin son ucu Yeni il gecəsi baş verməsin və oğlu da, qızları da bütün ömürləri boyu Yeni il gecəsinin kədərini çiyinlərində daşımasınlar və qəribə bir əhvalat baş verdi (Allah Əminə xanımı eşitdi?): Yeni il gecəsi şair özünü birdən-birə əvvəlkinə nisbətən yaxşı hiss etdi.

O Yeni il gecəsi oğul da, kiçik qız da heç hara getmədi, böyük qız da, əri də, Əminaşka – şairin hələlik yeganə nəvəsi və şair ona Əminə xanımın adını qoymuşdu («Oğlan olsaydı, öz adımı qoyacaqdım!») – da onlara gəldi, keçmiş gözəl Yeni il axşamları kimi, hamısı evə yığışdı və həmin Yeni il gecəsi oğlu şampan şüşəsinin tıxacını partladıb sağlıq dedi:

– Papa, biz hamımız sənin sağlığına içirik! Biz hamımız çox istəyirik ki, sən sağalasan, ayağa qalxasan, əvvəlki kimi olasan! Bax, görürsən, bu gecə biz heç hara getmədik, evdə qaldıq ki, səninlə bir yerdə olaq!

Böyük qızın əri, yəni Əminə xanımla şairin kürəkəni də:

– Hə,– dedi.– Mənim də papam bizə dedi ki, bu dəfə Novı qodda sizə gələk, sizin yanınızda olaq.

«Mənim də papam», yəni ki, Məmməd müəllim – Əminə xanımla şairin qudası.

Oğlu bu sağlığı söyləyəndə, sonra da kürəkəni bu sözləri deyəndə, Əminə xanım eynəyinin qalın şüşələri arxasından zəndlə, çarpayıda uzanıb başını iki ağappaq qalın balıncın üstündə dikəltmiş şairə baxdı: şair, xəstələnəndən sonra daha da nazilmiş və tamam solmuş dodaqları ilə gülümsədi və başını yavaş-yavaş tərpədib, elə bil, oğlunun dediklərini təsdiq etdi və şairin gözlərindəki o ifadə o Yeni il gecəsi Əminə xanımın bütün içini qəhərlə doldurdu – şairin gözlərindəki o ifadədə bir minnətdarlıq var idi, elə bil, şair oğluna, qızlarına, kürəkəninə, bəlkə elə Əminə xanımın özünə də təşəkkür edirdi ki, onlar heç hara getməyiblər, bu Yeni il gecəsini onunla bir yerdə keçiriblər... Hətta Məmməd müəllimə... Məmməd müəllimə də təşəkkür edirdi ki, icazə verib, böyük qız, kürəkən, Əminaşka bu gecə onlara, yəni, Məmməd müəllimgilə yox, bura – şairin yanına gəliblər...

O ağrılar şair kimi bir şəxsiyyəti sındırmışdı...

Şairin əzablarını ancaq morfi iynəsi azaldırdı.

Əminə xanım qorxdu ki, özünü saxlaya bilməyib ağlayar, mətbəxə keçdi, mikrodalğalı sobanın qapağını açıb, içində cızhacız qızaran qaza baxdı və bu vaxt oğlu mətbəxə gəlib sevinclə:

– Papa soruşur ki, qaz necədi?– deyə xəbər verdi.

Əminə xanım bayaq oğlunun dediyi o sözlərdəki minnəti yadından çıxardı (doğrudan da, o sözlərdə elə də bir qəbahət yox idi, qarışqadan fil düzəltmək lazım deyil və heç kim də o sözlərə fikir vermədi) və şairin əvvəlki gözəl Yeni il gecələri kimi, mikrodalğalı sobanın içində qızaran qazla maraqlanması Əminə xanımın kefini, elə bil, bir az durultdu və o, qaza baxa-baxa:

– Əladı!– dedi.

Sonra daha bir möcüzə baş verdi: şair zəif səslə, amma, az qala, tamam unudulmuş bir şövqlə dedi:

– Mən də araq vuracam!

Oğlu qədəhlərə araq süzdü, şair arıqlayıb uzanmış və saralmış barmaqları ilə qədəhi özü tutub, neçə vaxtdan bəri ilk dəfə araq içdi və düzdü, arıq çənəsindən bir az araq süzülüb yaxasına töküldü, amma o araq neçə aydan bəri, elə bil ki, kiçik gözlüyü də olmayan və havasızlıqdan boğulan bu otağın pəncərələrini taybatay açdı, içəri təzə hava əsdirdi.

Və o gecə Əminə xanımın ürəyində belə bir dəli ümid baş qaldırdı ki, bəlkə, həqiqətən, bir möcüzə baş verəcək? bəlkə, əri, doğrudan da, sağalacaq, ayağa qalxacaq, əvvəlki kimi olacaq? amma elə ki, bir azdan – hələ yeni 2002-ci il gəlməmiş şairi yuxu apardı, gecə keçdi, sübh tezdən şairin dəhşətli ağrıları yenə, ilan başı kimi, başını dik qaldırdı, yenə gəlib morfi vurdular, Əminə xanımın ürəyindəki o dəli ümid də həmişəlik sönüb getdi.


Elə bil ki, nə isə dartınıb şairin içindən çıxmaq istəyirdi, onun bədənindən azad olmaq istəyirdi, amma çıxa bilmirdi, əlləşirdi-vuruşurdu, şairin bütün içini ələk-vələk eləyirdi, vurnuxurdu, eşiyə çıxmağa, qarışqa yuvasının deşiyi kimi bir yer axtarırdı, amma çıxa bilmirdi və doğrudanmı, içində beləcə vurnuxan, eşiyə beləcə can atan, beləcə azadlığa çıxmaq istəyən şairin təbi idi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Iıı fəsil

Xəzərin sahilində, Buzovna ilə Zuğulbanın arasında sal qayalıq var idi və yüngül meh əsən sakit gecələr, xüsusən səhərə yaxın, dəniz uğuldayanda, elə bil, bu qayalar da dənizin uğultusuna səs verib uğuldayırdı və evləri sahildən təxminən bir yarım-iki kilometr aralıda olan Ağadadaş elə yuxuda ikən o dəniz-qayalıq uğultusunu eşidirdi – bu, təhtəlşüur bir hissiyyat idi və həyatının ən gərgin, ən qayğılı, ən yorğun günlərində belə, səhərə yaxın yuxuda eşitdiyi (hiss etdiyi?) o müştərək uğultu Ağadadaşın bütün vücuduna bir rahatlıq gətirirdi, hətta, Ağadadaşa elə gəlirdi ki, səhərə yaxın dəniz o kiçik qayalığın uğultusunu gözləyir və uğultusu qayalıqdan geri qayıtmalıdı ki, Abşeronda, Buzovna sahillərində dəniz üçün səhər açılsın.Bəzən Ağadadaş fikirləşirdi ki, dənizlə qayalığın o müştərək uğultusunu əlli il, yüz il, iki yüz il bundan əvvəl onun atası, babaları da beləcə eşidib və bu fikir, elə bil, həmin uğultunu Ağadadaşa daha doğma, daha məhrəm edirdi, yay aylarında səhərə yaxın onun vücuduna yayılan rahatlıq özü ilə bərabər yüngül bir sərinlik də gətirirdi və həmin sentyabr səhəri də, həmişəki kimi, qırx illik arvadı Balacaxanımla bərabər, kürsülü evinin üzü dənizə olan artırmasında, taxta döşəmədə salınmış yerində yatmış Ağadadaş o gözəl rahatlıq içinə təzəcə girmişdi ki, Qırmızı xoruzun vaxtından əvvəl banlaması bütün həyəti başına götürdü.

2 dəq
Iv fəsil

O zaman Cümü universitetə imtahan verə bilmədi, əvvəlcə bir «3» aldı, sonra da «2» və həmin qatarla da Bakıdan Yevlaxa qayıtdı, amma Cümünün yadında qalan qatar çarxlarının səsi Yevlaxdan Bakıya gedən həmin qatarın səsi idi və həmişəlik də belə olacaqdı.O səsi təkcə xatırlatmaq olardı, təkrar etmək isə mümkün deyildi və Buzovnadakı fəhlə yataqxanasının yarım kilometrliyindən keçən elektrik qatarının səsi də Yevlaxdan Bakıya gedən o qatarın səsini ancaq xatırladırdı və bu xatirədəki kədər Cümünün ürəyinin əlçatmaz, ünyetməz bir dərinliyində idi. Nə üçün belə idi?– Cümü bunun səbəbini bilmirdi, amma o kədər əvvəllər kəpənək kimi yüngül idi, bir gülüşə, Ağadədəli məhəlləsindəki orta məktəbin on birinci sinfinə gedib-gələn, elə o vaxtlar hərdən oğrun-oğrun eyvandan baxan Sonanın bir təbəssümünə bənd idi, uçub gedirdi və indiki zindan ağırlığında deyildi.

2 dəq
V fəsil

Elə ki, qəfil bir həmlə ilə Zibanı tutan xəstəlik onu nəfəs almağa qoymurdu, elə ki, təngnəfəs olub az qalırdı boğulsun, o zaman sidq-ürəkdən gələn bir təəssüflə (heyhatla!) deyirdi:– Qəşrəşin havası lazımdı mənə... Qəşrəşin havası məni sağaldardı...

1 dəq
Vı fəsil

Şuşa camaatı və o cümlədən, Cümü gözünü açıb Gözlə-Gəlirəm Məmməd kişini Bazar başında çayçı görmüşdü və o çayxanada oturub çay gözləyə-gözləyə ondan soruşanda ki, «Məmməd dayı, bizim çayımız nə oldu?», Məmməd kişi əlindəki nəlbəki-stəkanları başqa mizin arxasındakı növbəti müştərilərinin qabağına düzə-düzə deyirdi: «– Gözlə, gəlirəm!» və üç göz qırpımından sonra o gözəl çay, həqiqətən, gəlib mizin üstünə düzülürdü. Bir mizin arxasında istəyir iki adam otursun, istəyir on adam, fərqi yox idi, Gözlə-Gəlirəm Məmməd kişi çayı birdəfəyə gətirirdi, özü də məcməyisiz – bir əlində (sağ əlində), hərəsi iki nəlbəki-stəkan beşmərtəbə çay sarayı gətirirdi və hələ Şuşada heç kim görməmişdi ki, Gözlə- Gəlirəm Məmməd kişi bircə dəfə əlindən stəkan salıb sındırsın, amma on il idi ki, Məmməd kişi Buzovnadakı bu fəhlə yataqxanasında yaşayırdı, Bazar başındakı o çayxana da, bir əlində tutduğu o beşmərtəbə çay sarayı da çayxananın kəklikotu, nanə, yarpız, hil, mixək, darçın qoxusu hopmuş ab-havası kimi, həmişəlik bir keçmişdə qalmışdı, Gözlə-Gəlirəm ayaması da o çayxana ab-havasına sadiq qalaraq yavaş-yavaş yaddan çıxıb getmişdi və indi Məmməd kişi özü birdən-birə o qədər qocalmışdı, o qədər əldən düşmüşdü ki, bir armudu stəkanı güclə əlində tutub çay içə bilirdi.Fəhlə yataqxanasının həyətində qədim bir zeytun ağacı var idi və o qədim zeytun ağacının altında sovet dövründən qalma sınıq-salxaq bir skamya var idi və Məmməd kişi hər gün səhərin gözü açılandan yeddi nəfərin yaşadığı on səkkiz kvadratmetrlik otaqdan çıxıb həmin skamyada otururdu, bir də şər qarışanda durub o otağa qayıdırdı, nə yeyirdisə də, elə o skamyada yeyirdi, kimsə çay gətirəndə də elə o skamyada içirdi.

2 dəq

Başqa şairlərin şeirləri