Araba
Səhifə 2 / 5 · 20%
o təb onu qoyub niyə qaçmaq istəyirdi?
o təb onsuz nə edəcəkdi?
boşluq olacaqdı o təb, hava olacaqdı, nə olacaqdı?
hər şey keçmişdə qalıb... quyunun dibində... qapqaranlıq quyunun dibində...
o quyunun dibindən heç kim qalxmayıb və heç kim də qalxmayacaq...
o quyunun ağzı bu dünyadadı, dibi isə tamam başqa bir dünyadadı...
Heç kim bilmirdi ki, onun iki yaradıcılığı var:
a) yazılmış şerləri (poemaları, mənzum pyesləri, Puşkindən, Nekrasovdan, Mayakovskidən, Nazim Hikmətdən, Yeqor İsayevdən, Eduardas Mejelaytsinin (bu Litva şairinin Lenin mükafatı aldığı vaxtlar), Pablo Nerudadan, Tunis şairi və SSRI-nin dostu Mustafa əl-Farsinin ruscaya çevrilmiş şerlərindən, Sovet İttifaqı dağılandan sonra isə Mandelştamdan, Svetayevadan, İosif Brodskidən, Mehmed Akifdən tərcümələri və s.
b) və bir də – bax, bunu heç kim bilmirdi!– yazılmamış şerləri.
Şairin yazılmamış o şerləri, eləcə yazılmadı və heç zaman da yazılmayacaq.
O yazılmamış şerlərdən min dəfə yaxşıları yazılacaq, yəqin onlardan pisləri də çox yazılacaq, amma onun o yazılmamış şerləri heç zaman yazılmayacaq.
Beş il bundan qabaq – şairin 60 yaşı tamam olanda – düzdü, respublikanın rəhbərləri onu təbrik etdi və bu təbriklər qəzetlərdə dərc olundu, televiziya ilə onun haqqında verilişlər verildi, o, müstəqil Azərbaycan Respublikasının «Şərəf» ordeni ilə təltif olundu, universitetlər, elmi institutlar, bir sıra şəhər və rayonların (kiçik qızının hesablamasına görə, onların sayı 23 idi) icra hakimiyyətləri onunla görüş keçirdilər, amma şair Respublika Sarayında təntənəli yubiley gecəsindən imtina etdi:
– Qarabağ ermənilərin əsarətindən azad olunmayanacan, mən heç bir yubiley istəmirəm! – dedi.
Və şairin bu bəyanatını bütün qəzetlər çap elədi.
Əminə xanım:
– Qarabağın dərdini çəkmək elə bizə qalıb də!– dedi.
Kiçik qızı dərindən ah çəkib:
– Papa belədi də!..– dedi.
Əminə xanım:
– Öküz kimi oğlanlar bığlarını bura-bura bazarda pomidor satır, amma Qarabağın dərdini biz çəkirik!..– dedi.
Yazılmamış şerlərdən:
xatirələr
bu yağışlı günlərdə
güzgü kimi
sınır bir bir
yerə tökülmüş
güzgü qırıqlarında
gün işığı
ocaq şöləsi
qulaq parası
gözün yarısı
gecənin qaranlığı
döşün giləsi
yarımçıq göbək
güzgü qırığına
düşmüş göz yaşı
güzgü qırığında
gülən dodaqların
bir kənarı
güzgü qırığında öpüş izi
yalan
sədaqət
xəyanət
qara gözlərin işıltısı
sonuncu nəfəs
çağa qışqırtısı
yenicə tərləyən bığ yeri
dən düşmüş saçlar
yağış kəsmir
sınır güzgülər
qırıq qırıq
yerə dağılır
xatirələr
kəsəcək yağış
dan yeri söküləcək
görünəcək günəş
süpürgəçi qarı
həmişə axan burnunu çəkə çəkə
güzgü qırıqlarını süpürəcək
və aparıb
zibil qabına tökəcək
O mikrobların hamısı, o milyard-milyard, trilyard-trilyard və bunlardan da çox-çox mikrobların, azı, lap cüzisi mehriban, çoxu, həddən artıq çoxu isə zəhərli mikrobların hamısı, elə bil, bu dəm şairin beyninə dolmuşdu, biri o birini itələyə-itələyə, bir-birini sıxışdıra-sıxışdıra hər mikrob onun beynində öz yerini bərkitməyə çalışırdı və şairin beynindəki bu mikrob təlatümü, bu mikrob çaxnaşması çox bədheybət, çox əzablı-əziyyətli bir ağrının içində idi.
Əminə xanım onda nazik, kəpənək kimi yüngül bir qız idi, elə bil, indi yaşadığı (indi yaşadığımız) bu dünyanın adamı deyildi, başqa bir planetdən gəlmişdi və evləndikləri gecənin səhəri günü – həmişəlik bir keçmişdə qalmış o günün sübh çağı, əynində ağappaq ipək penuar (və bu penuarın altından onun o zaman balıq kimi hamar lüt bədəni görünürdü), pəncərənin qabağında dayanıb hələ oyanmamış şəhərə – Bakıya – baxırdı və o sübh çağının ala-qaranlığında dəniz kənarına tərəf uçan bir cüt quş – görən, nə quşlar idi onlar? kim bilir?.. o quşların sümükləri də çürüyüb indi...– gördü, ona görə, ya da nəydisə, birdən soruşdu:
– Görəsən, quşların da ruhu var?
Sən arxası üstə çarpayıda uzanıb qollarını başının altında çarpazlamışdın və:
– Yəqin...– dedin.
O ağappaq ipək penuarlı nazik (bədəni balıq kimi hamar!) qız:
– Dünyada nə qədər canlı var, onların hamısının ruhu var?– soruşdu.
Sən gülümsəyib:
– Yəqin var də...– dedin.
– Mikroblar da canlıdı də... Onların da ruhu var də... Hə?
Sən çiyinlərini çəkib (onda heç haran ağrımırdı):
– Yəqin də...– dedin.
– Milyon illər mikroblardan tutmuş dinozavrlaracan, bu qədər canlı ölüb dünyada, bundan sonra da hələ, e-e-ey!.. nə qədər öləcək... Bəs, bu qədər ruh o dünyaya necə sığışır?
Sən ağappaq penuarlı və bir az da, elə bil, özü öz fikirlərindən ürkmüş o nazik qıza baxa-baxa, bu dəfə güldün və:
– Nə bilim?..– dedin.
nə bilim...
Sən onda:
– Nə bilim...– dedin.
Amma niyə sığmır?
O gün ki, Allah insanı yaradıb, bax, o gündən bu tərəfə nə qədər insanlar Allaha yalvarıb, dua edib, imdad istəyib və o qədər yalvarışlar, dualar, imdadlar görünən bu dünyaya necə sığıbsa, o ruhlar da görünməyən o dünyaya eləcə sığa bilməz bəyəm? Bu qədər fikir, bu qədər dərd-sər, qəm-qüssə, bu qədər sevinc, bu qədər hissiyyat balaca bir beyinə necə sığışır? Hə?
Amma onda sən:
– Nə bilim...– dedin.
nə bilim...
heç kim bilmir...
bu düynyada heç kim heç nə bilmir...
və belə bir savadsızlıq müqabilində bu dünyanın – görünən dünyanın hiss-həyəcanları, dərdi-səri, ağrısı-acısı, qorxusu, əslində, çox əbləh bir şeydi...
İndi, bax, bu dəm şairin beynini doldurmuş o mikroblar da, şairlə birlikdə, o ruhlar dünyasına gedəcək...
Bəs o ruhlar dünyası yoxdusa, onda necə?
Amma o araba ki, o palçıq yolda cırıldaya-cırıldaya gedirdi, o yol ruhlar dünyasına aparan yolun başlanğıcı deyildi, o yol başqa bir dünyanın – heç kimin eşitmədiyi, bilmədiyi üçüncü dünyanın yolu idi, amma bu dünya – bu görünən dünya o uşağı o araba yükünün üstündən çəkib aşağı saldı, özündə saxladı, onu o arabanın getdiyi üçüncü dünyaya buraxmadı.
Şair öz şerlərini əzbər yadında saxlaya bilmirdi, ədəbi məclislərdə, oxucularla görüşlərdə, televiziya çıxışlarında şerlərini ya kağızdan, ya kitabdan oxuyurdu və indi də heç bir şeri əməlli-başlı yadına gəlmirdi, bütün o saysız-hesabsız misralar şairin beynində bir-birinə qarışmışdı və axır zamanlar şairin beyni çox zaman o adda-budda misralar xaosunun içində olurdu və qəribədir, o misralar xaosunun içindən düz qırx doqquz il bundan əvvəl, on altı yaşında ikən, 1953-cü ilin o qəmli-kədərli mart gecəsində Stalinin ölümü münasibətilə yazdığı və elə bil ki, çoxdan unudulmuş şerin – bu, onun mətbuatda dərc olunmuş ilk şeri idi, rayon mərkəzinə gedib poçtla qəzetə göndərmişdi, «Azərbaycan gəncləri» qəzeti isə, respublika gənclərinin minlərlə o cür matəm məktublarının, matəm şerlərinin arasından həmin şeri seçib çap etmişdi və o şeri Azərbaycan radiosu da o soyuq mart günlərindəki matəm verilişlərində məşhur diktor Soltan Nəcəfovun ifasında efirdə səsləndirmişdi
– bir parçası birdən-birə o misralar xaosunun içindən çıxıb səliqə ilə alt-alta düzüldülər:
Sən əbədiyyətə köçdün,
ancaq biz
Necə yaşayacağıq sənsiz?
Doğrudanmı, yenə
güləcəyik əvvəlki tək,
sevəcəyik əvvəlki tək,
yeyəcəyik əvvəlki tək,
içəcəyik əvvəlki tək?
Yenə əvvəlki tək,
udacağıq havanı?
Şair gülümsədi: necə yaşayacağıq sənsiz?
Və şair eləcə gülümsəyəndə, kiçik qızı otaqda idi, atasının gülümsəməyini görəndə, sevincək:
– Oy, papa gülür!..– qışqırdı.
Əminə xanım, şairə içirtmək üçün, mətbəxdə alma və kök şirəsi çəkirdi və qızının sözlərini eşidəndə tələsik otağa keçdi, eynəyinin qalın şüşələrinin arxasından şairə baxdı.
Şairin beynindəki xaosun içindən çıxmış o misralar eləcə dəqiqliklə, eləcə səliqə ilə alt-alta düzülmüşdü, pozulmurdu, elə bil ki, o misralar, ölümündan bu qədər illər keçsə də, yenə Stalinin özündən qorxurdular.
Şair yenə gülümsədi.
Qız sevinclə:
– Görürsən, mama?– dedi.
Neçə həftənin əzab-əziyyətindən sonra, birinci dəfəydi ki, şairin sifətinə beləcə bir yüngül gülüş təbəssümü çökmüşdü, amma bu təbəssüm Əminə xanımın heç xoşuna gəlmədi – niyə?– bunu deyə bilməzdi... amma... elə bil... o təbəssümə başqa bir dünyanın kölgəsi çökmüşdü...
Meşə ilə kənd arasındakı o araba yolu dərədən, təpədən aşıb eləcə uzanıb gedirdi...
O söyüdün adı isə, «Pir Söyüd» idi...
Nuh-Nəbidən qalma əyri-üyrü arx meşə ilə kənd arasındakı o araba yolunu tən ortadan kəsirdi və kəndin camaatı meşədən gətirilmiş cürbəcür ağac gövdələrini o arxın üstündən uzadıb körpü kimi bir şey düzəltmişdilər və o körpünün yanında, arxın qırağında o dağ ətəkləri üçün nadir ağac olan nəhəng bir söyüd bitmişdi – Pir Söyüd və o Pir Söyüdün qol-budağı o qədər uzanmışdı, çoxalmışdı ki, körpünün üstünü də tutmuşdu, xüsusən yazın sonlarında, yay aylarında, payızın əvvəllərində o körpüdən keçmək üçün, gərək Pir Söyüdlə əməlli-başlı güləşəydin, qol-budağını kənara dartaydın ki, araba körpüdən keçə biləydi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-araba
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xəzərin sahilində, Buzovna ilə Zuğulbanın arasında sal qayalıq var idi və yüngül meh əsən sakit gecələr, xüsusən səhərə yaxın, dəniz uğuldayanda, elə bil, bu qayalar da dənizin uğultusuna səs verib uğuldayırdı və evləri sahildən təxminən bir yarım-iki kilometr aralıda olan Ağadadaş elə yuxuda ikən o dəniz-qayalıq uğultusunu eşidirdi – bu, təhtəlşüur bir hissiyyat idi və həyatının ən gərgin, ən qayğılı, ən yorğun günlərində belə, səhərə yaxın yuxuda eşitdiyi (hiss etdiyi?) o müştərək uğultu Ağadadaşın bütün vücuduna bir rahatlıq gətirirdi, hətta, Ağadadaşa elə gəlirdi ki, səhərə yaxın dəniz o kiçik qayalığın uğultusunu gözləyir və uğultusu qayalıqdan geri qayıtmalıdı ki, Abşeronda, Buzovna sahillərində dəniz üçün səhər açılsın.Bəzən Ağadadaş fikirləşirdi ki, dənizlə qayalığın o müştərək uğultusunu əlli il, yüz il, iki yüz il bundan əvvəl onun atası, babaları da beləcə eşidib və bu fikir, elə bil, həmin uğultunu Ağadadaşa daha doğma, daha məhrəm edirdi, yay aylarında səhərə yaxın onun vücuduna yayılan rahatlıq özü ilə bərabər yüngül bir sərinlik də gətirirdi və həmin sentyabr səhəri də, həmişəki kimi, qırx illik arvadı Balacaxanımla bərabər, kürsülü evinin üzü dənizə olan artırmasında, taxta döşəmədə salınmış yerində yatmış Ağadadaş o gözəl rahatlıq içinə təzəcə girmişdi ki, Qırmızı xoruzun vaxtından əvvəl banlaması bütün həyəti başına götürdü.
Iv fəsilO zaman Cümü universitetə imtahan verə bilmədi, əvvəlcə bir «3» aldı, sonra da «2» və həmin qatarla da Bakıdan Yevlaxa qayıtdı, amma Cümünün yadında qalan qatar çarxlarının səsi Yevlaxdan Bakıya gedən həmin qatarın səsi idi və həmişəlik də belə olacaqdı.O səsi təkcə xatırlatmaq olardı, təkrar etmək isə mümkün deyildi və Buzovnadakı fəhlə yataqxanasının yarım kilometrliyindən keçən elektrik qatarının səsi də Yevlaxdan Bakıya gedən o qatarın səsini ancaq xatırladırdı və bu xatirədəki kədər Cümünün ürəyinin əlçatmaz, ünyetməz bir dərinliyində idi. Nə üçün belə idi?– Cümü bunun səbəbini bilmirdi, amma o kədər əvvəllər kəpənək kimi yüngül idi, bir gülüşə, Ağadədəli məhəlləsindəki orta məktəbin on birinci sinfinə gedib-gələn, elə o vaxtlar hərdən oğrun-oğrun eyvandan baxan Sonanın bir təbəssümünə bənd idi, uçub gedirdi və indiki zindan ağırlığında deyildi.
V fəsilElə ki, qəfil bir həmlə ilə Zibanı tutan xəstəlik onu nəfəs almağa qoymurdu, elə ki, təngnəfəs olub az qalırdı boğulsun, o zaman sidq-ürəkdən gələn bir təəssüflə (heyhatla!) deyirdi:– Qəşrəşin havası lazımdı mənə... Qəşrəşin havası məni sağaldardı...
Vı fəsilŞuşa camaatı və o cümlədən, Cümü gözünü açıb Gözlə-Gəlirəm Məmməd kişini Bazar başında çayçı görmüşdü və o çayxanada oturub çay gözləyə-gözləyə ondan soruşanda ki, «Məmməd dayı, bizim çayımız nə oldu?», Məmməd kişi əlindəki nəlbəki-stəkanları başqa mizin arxasındakı növbəti müştərilərinin qabağına düzə-düzə deyirdi: «– Gözlə, gəlirəm!» və üç göz qırpımından sonra o gözəl çay, həqiqətən, gəlib mizin üstünə düzülürdü. Bir mizin arxasında istəyir iki adam otursun, istəyir on adam, fərqi yox idi, Gözlə-Gəlirəm Məmməd kişi çayı birdəfəyə gətirirdi, özü də məcməyisiz – bir əlində (sağ əlində), hərəsi iki nəlbəki-stəkan beşmərtəbə çay sarayı gətirirdi və hələ Şuşada heç kim görməmişdi ki, Gözlə- Gəlirəm Məmməd kişi bircə dəfə əlindən stəkan salıb sındırsın, amma on il idi ki, Məmməd kişi Buzovnadakı bu fəhlə yataqxanasında yaşayırdı, Bazar başındakı o çayxana da, bir əlində tutduğu o beşmərtəbə çay sarayı da çayxananın kəklikotu, nanə, yarpız, hil, mixək, darçın qoxusu hopmuş ab-havası kimi, həmişəlik bir keçmişdə qalmışdı, Gözlə-Gəlirəm ayaması da o çayxana ab-havasına sadiq qalaraq yavaş-yavaş yaddan çıxıb getmişdi və indi Məmməd kişi özü birdən-birə o qədər qocalmışdı, o qədər əldən düşmüşdü ki, bir armudu stəkanı güclə əlində tutub çay içə bilirdi.Fəhlə yataqxanasının həyətində qədim bir zeytun ağacı var idi və o qədim zeytun ağacının altında sovet dövründən qalma sınıq-salxaq bir skamya var idi və Məmməd kişi hər gün səhərin gözü açılandan yeddi nəfərin yaşadığı on səkkiz kvadratmetrlik otaqdan çıxıb həmin skamyada otururdu, bir də şər qarışanda durub o otağa qayıdırdı, nə yeyirdisə də, elə o skamyada yeyirdi, kimsə çay gətirəndə də elə o skamyada içirdi.
Başqa şairlərin şeirləri
Səni bir şahi-gülrüxan,Mən özümü zəlil gördüm.
Didəbanam rəhguzari-şahı gozlər gozlərimDidəbanam rəhguzari-şahı gozlər gozlərim,Baqmazam qeyri yola, şəhrahi gozlər gozlərim.
Çoxlar şikayət eyləyir ol zülfi-tardanÇoxlar şikayət eyləyir ol zülfi-tardan,Bir tarı haqqı çəkərəm əl mən o tardan.
Deyən yoxMənim ərzi-halım bir təriq ilə,Söhbət salıb nazlı yarə deyən yox,