«Sarı gəlin»
Səhifə 1 / 4
... sonra bir şıdırğı yağış yağdı və birdən-birə bu dağların sal daşları, yamyaşıl döşləri və adda-budda o döşlərdə bitmiş ağacların eləcə yamyaşıl çətirləri, kolların yarpaqları, dibində ağappaq bir köpüklə köpüklənə-köpüklənə çay axan yarğanın üstü ilə uzanıb gedən sıldırım qaya parçalarını tozdan, torpaqdan yuyub tərtəmiz etdi və tərtəmiz bir parıltı ilə də işım-işım işıldatdı və bu dəm bu dağlar, bu yaşıllıq, bu sal daşlar, yarğan boyu uzanan o sıldırım qayalıq dünyanın genişliyindən, əvvəlsizliyindən və axırsızlığından xəbər verdi...
... sonra bütün bu genişliyi, əvvəlsizliyi və axırsızlığı bir səda bürüdü və o səda altında, elə bil ki, o yarğanın dibi ilə köpüklənə-köpüklənə axan o çayın, o dağların, o yamyaşıl döşlərin özü o sədaya söz söyləməyə başladı:
Saçın ucun hörməzlər,
Səni mənə verməzlər,
Nə ola bir gün görəm,
Nazlı yarın, ah, üzünü...
Neynim aman, aman,
Neynim aman, aman,
Sarı gəlin...
... sonra o şıdırğı yağış kəsəcəkdi, sonra axşam düşəcəkdi, sonra da bütün bu yerlərə bir qaranlıq çökəcəkdi, amma o səda da, o mahnı da yenə bu yerlərlə birlikdə olacaqdı:
Bu dərənin uzunu,
Çoban, qaytar quzunu...
Nə ola bir gün görəm,
Nazlı yarın üzünü...
Neynim aman, aman,
Neynim aman, aman,
Sarı gəlin...
«Payız yağışı» kababxanasının görkəmində adından savayı yaxşı bir şey yox idi. Sovet İttifaqı zamanı Bakının 3-cü mikrorayonunda tikilmiş səkkizmərtəbəli yaşayış binasının həyətinin aşağı başında hansı müəssisəninsə balaca bir avtomobil təmiri emalatxanası var idi, amma elə ki, Sovet İttifaqı dağıldı, kimlərsə bu emalatxananı özəlləşdirdilər, sonra da oranı kababxana elədilər.
Düzdü, deyilənə görə bu kababxanada yaxşı kabab bişirirdilər, amma o səkkizmərtəbədə yaşayan adamlar ocaq tüstüsündən, daimi kabab iyindən, ora gəlib-gedən müştərilərin hərdən səs-küy salmasından çox narazı idilər, yeganə xoşagələn bir şey var idi ki, bəzən «Payız yağışı»ndan həzin bir klarnet səsi gəlirdi, o zaman sakitlik çökürdü, o klarnetin səsi səkkizmərtəbədəki insanların içində nəsə elə bir hissiyyat yaradırdı ki, onlar bir müddət o daimi kabab iyini də, o ocaq tüstüsünü də, tərbiyəsiz müştərilərin qışqır-bağırını da yaddan çıxarırdılar...
Həmin gözəl yaz günü klarnetçalan Fətulla həmişəki kimi, sübh tezdən yatağından qalxıb əl-üzünü yumağa gedəndə, arvadı – Firuzə – elə bil, elə onun durmağını gözləyirdi, mətbəxdən başını uzadıb:
– Fətulla, durdun?– soruşdu, sonra da: – Sözüm var e, sənə... Get, yuyun, sonra... – dedi və bu sözləri elə dedi ki, Fətullanın ürəyindən tarın sarı simi kimi çox nazik, amma çox da sərt bir sızıltı keçdi: Firuzənin bu səsində bir yazıqlıq var idi, acizlik var idi və Fətulla boyda kişi əl-üzünü yuya-yuya özünü güclə saxladı ki, əməllicə kövrəlməsin və ürəyində bu dünyanın qarasına yağlı bir küçə söyüşü söydü, çünki son vaxtlar,– səbəbi nə idi? heç özü də bilmirdi!– arvadının cavanlıq çağları tez-tez gəlib gözlərinin qabağında dururdu, o çağları ki, indi xınadan qıpqırmızı qızarmış ağ saçların heç izi-tozu da yox idi, bilək yoğunluğunda qapqara iki hörüyü, az qala, topuğunacan uzanırdı, qəddi-qamətli bir ceyran balası idi və günə deyirdi, sən çıxma, mən çıxacağam, aya deyirdi, yox, sən çıxma, mən çıxacağam və bütün məhəllə cavanlarının gözü o hörüklü qızda idi, o hörüklü qız isə o qədər cavanın arasından onu, yəni, indi ürəyindəki o sızıltı ilə əl-üzünü yuyan Fətullanı seçdi.
Fətullanı seçdi, amma ona görə seçmədi ki, otuz ildən sonra, aya, günə meydan oxuyan o qızın səsi indi belə yazıqlaşsın, ona görə seçmədi ki, Firuzə bu yaz məhəllədəki dalbadal beş toyun beşinə də eyni paltarda getsin, ona görə seçmədi ki...
və Fətulla az qaldı əlindəki sabunu güzgüdəki əksinə çırpsın...
yaxşı...
bəsdi...
başqaları səndən də pis gündədi...
və o vaxtlar Fətulla da qara, qıvrımsaçlı, qabağındanyeməyən, həyət qapıları ilə üzbəüz qoşa tut ağacının kölgəsində oturub küçədən ötən, pəncərələrdən boylanan məhəllə qızlarının xəlvəti baxışları altında şəstlə nərd oynayan və məhəllə cavanlarının hamısını udan bir oğlan idi və o hörüklü qızın bu qədər cavanın içində Fətullanı seçməyi də, yayın cırhacır istisində məhəllə kişilərinin bu qoşa tut ağacının kölgəsində oturması kimi bir şey idi, yəni, təbii idi, burada təəccüblü heç nə yox idi, Fətulla görkəmiylə də, ədasıyla da o hörüklü qıza layiq bir cavan idi, amma elə o vaxtlar papaqçı Cəfər – hörüklü qızın atası – iki ayağını bir başmağa dirədi ki, mən zurnaçalana qız verməyəcəyəm.
Məsələ burasında idi ki, Fətullagil nəsillikcə musiqiçi idilər, ulu babası da, babası da, atası da Bakının məşhur balaban çalanları olmuşdular və Fətulla özü də lap uşaqlıqdan balaban çalmağa başlamışdı və balaban hava kimi, su kimi bir şey idi və Fətulla üçün bizim bu gözəl dünyamızda balabansız yaşamaq mümkün olan bir iş deyildi, amma papaqçı Cəfər ki, iki ayağını bir başmağa dirədi, Fətulla o hörüklü qızdan ötrü bütün həyatının mənası hesab elədiyi balabandan əl çəkdi, klarnetə keçdi.
Klarnet, görünür, papaqçı Cəfər üçün balabandan xeyli hörmətli imiş və papaqçı Cəfər axır ki, o hörüklü qızın razılığını verdi.
O vaxtdan düz otuz altı il keçib.
Bu otuz altı ildə Fətullanın klarneti çox məclislər yola salmışdı, çox toylar çalmışdı, böyük bir ailəni – özləri və beş qız – dolandırmışdı, o klarnet qızları böyütmüşdü, oxutmuşdu, onları ərə vermişdi.
Sovet vaxtında indiki qədər çalğıçı yox idi, amma elə ki, Sovet İttifaqı dağıldı, o qədər oxuyan, çalan peyda oldu ki, məəttəl qalmalı iş idi – bunlar əvvəllər harda idi? müstəqillik bunlara necə hamilə olmuşdu ki, birdən-birə bu qədər doğdu bunları? və hamısı da çalğı çalandan çox, yaxşıca mantyor idi, bu mənada ki, bütün çalğı alətlərini elektrikə calayırdılar, bir hay-küy salırdılar, bir oyun çıxarırdılar, bir geyim geyinirdilər ki, Fətullanın klarneti axırda balaca bir kababxanalıq oldu və bir vaxtlar eləcə pul gətirən o klarnet indi ancaq həmin kababxanaya gələn üç nəfərin, beş nəfərin cibinə baxmağa məcbur oldu.
Və Fətulla əl-üzünün sabununu yuya-yuya gözlərini qaldırıb güzgüyə baxmırdı, bu çalbaş, bığları ağappaq ağarmış kök kişiyə baxmaq istəmirdi, amma, o məqamda, elə bil, güzgü maqnitə dönmüşdü, Fətullanın gözləri də dəmirə – güzgü o gözləri özünə çəkirdi...
mənə baxmalısan!..
mənə baxmalısan!..
Norveçli Martinius Asbyornsen artıq yeddi il idi ki, Bakıdakı xarici neft şirkətlərindən birində baş mühasibin köməkçisi vəzifəsində işləyirdi və İbseni çox sevsə də, əntiq əşyaların satışı ilə məşğul olan Bakı dəllallarını İbsenin qəhrəmanlarından qat-qat yaxşı tanıyırdı, həmin əntiq əşyalara baxanda, onların gətirəcəyi gəliri əvvəlcədən hiss edəndə, sevimli bəstəkarı Qriqin musiqisindən də qat-qat artıq dərəcədə həzz alırdı.
Düzdü, indi yerli sakinlər də, dəllallar da beş-altı il bundan əvvəlkilər deyildi, çox ayılmışdılar və Sovet İttifaqı dağılandan sonra ki, sərhədlər açılmışdı, Bakıya gəlib-gedən xaricilər əntiq əşyaları – qədim Azərbaycan xalçalarını, zərgər işlərini, misgərlik nümunələrini, lap elə müasir rəssamların əsərlərini su qiymətinə alırdılar, xaricə aparıb on qat, hətta, yüz qat artıq qiymətə satırdılar, ya da çox az pulla özlərinə zəngin, qiymətli şəxsi kolleksiyalar düzəldirdilər – beş-altı il bundan əvvələ qədər belə idi, sonra isə, təzə dəllallar peyda oldu, qiymətlər qalxdı, amma nə qədər qalxsa da, respublikanın sakinləri nə qədər ayılsalar da, əntiq Azərbaycan və Şərq əşyalarının Azərbaycandakı qiyməti Avropada və ABŞ-dakı qiymətlərə nisbətən çox ucuz idi.
Əlbəttə, həmişə belə olmayacaqdı, fürsətdən istifadə etmək lazım idi. Düzdü, belə getsəydi, bir-iki ildən sonra Azərbaycanda daha heç nə qalmayacaqdı, amma bu, sonranın problemi idi və bu problemlə, qoy, gələcəyin adamları və azərbaycanlıların özü məşğul olsun.
Təbiətən cəld, ağıllı və işbacaran bir adam olan Martinius Asbyornsen isə, həm də çox ayıq adam idi, əvvəlcə özünə qədim Azərbaycan xalçalarından və xalça məmulatlarından ibarət gözəl və qiymətli şəxsi kolleksiya düzəltdi, sonra başa düşdü ki, bu yerdə şəxsi kolleksiya ilə kifayətlənmək olmaz, əməlli-başlı biznesə girişmək lazımdır – başa düşdü və cani-dildən fəaliyyətə başladı, bu illər ərzində həmin biznesin gizli yollarını da, rəsmi yollarını da yaxşıca mənimsədi və yaxşı da pul qazandı.
Norveçdəki tanış-bilişlərinin (elə özünün də!) heç ağlına da gəlməzdi ki, haçansa Sovet İttifaqı dağılacaq və o qorxunc Sovet İttifaqının dağılması Martiniusu bəxtəvər edəcək, dünənə qədər heç kimin tanımadığı Azərbaycan adlı bir ölkədə bu balaca, dazbaş, yekəqarın adamın bəxti beləcə açılacaq.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-sari-gelin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Getdim meynədən qara ÜZÜM ÜZÜM.ÜZÜMÜ ÜZDÜM, yedim.
Nənəm yaman hirsləndi...Bizim kəndimiz DAĞDADI. Biz də yayda getdik DAĞA. DAĞ nə DAĞ!.. Elə xoşlayıram, elə xoşlayıram DAĞI!.. Meşələr, bulaqlar, yarğanlar... Bir də ki, bizim gözəlimiz kənd...Nə yaxşı ki, biz bütün yayı qalacayıq DAĞDA!
DüzdəMaşına mindik getdik, getdik, DÜZ getdik DÜZƏ.Oy, nə gözəldi DÜZ!.. Güldü, çiçəkdi, hər tərəf kəpənəkdi...
Babamla ot çalmağa getmişdik...Mənim saçım qapqaradı, babamın saçı ÇAL.Mənim papağımın quzu dərisi qapqaradı, amma babamın papağı ÇAL.
Başqa şairlərin şeirləri
O, sərt idi. Səhər dərsə tələsəndə mənBildirməzdi yolda durub boylandığını.
Ey dil, həzar şükr, xəbər gəldi yardənEy dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Fərhad olmazDərd-qəmin ərbabıyam,Dərdlər məndən irad olmaz,