Səhifə 1 / 16

(Gümüşü Furqon)

– Adamın gərək naxışı gətirə!.. Bir də görürsən ki, bir-birindən bixəbər iki nəfər – bir qız, bir oğlan çöl-biyabanda bir-birinə rast gəldi; birdən

belə məlum elədi ki, elə bir-birilərindən ötrü gəliblər bu dünyaya...

(Qəssab Ağanəcəfin arvadı Balacaxanımın küçə qapısı ağzında dayanıb

tum çırtlaya-çırtlaya cavan qızlara dediklərindən.)

– Mənim də istədiyim budu ki, Məmmədağa xoşbəxt olsun!..

(Bu sözləri bir axşam Əli, Səmədullaya demişdi, həmin axşam ki, Yadulla və Fatmanın toyu idi və Ələkbərin klarneti adamın sümüyünü

yerindən oynadırdı.)

– Mənimki belə gətirdi, təki Məsməxanım xoşbəxt olsun!..

(Voronejə gedən qatarın pəncərəsindən ağaran qış gecəsinə baxa-baxa

Güldəstə belə fikirləşmişdi.)

Bu hissə oxucunu Məmmədağa ilə, Məmmədağanın ay işığında

gümüş kimi ağaran alüminium örtüklü furqonu ilə, milisioner Səfərlə,

Məmmədağanın məhəllə uşağı Mirzoppa ilə və nəhayət, Məsməxanımla

tanış edir, oxucu Məmmədağa ilə Məsməxanımın bir-birilərinə

söylədiklərinin və söyləmədiklərinin şahidi olur.

Həmin qəribə gecə idi. Aydın məsələdir ki, Abşeronda bu cür gecələr saysız olmuşdu və bundan sonra da olacaqdı, amma alüminium örtüklü furqonun arxasında birdən-birə bir topa qıpqırmızı bulud görünəndə Məmmədağa fikirləşdi ki, qəribə gecədi bu gecə; bu gecənin nə üçün qəribə olduğu ona məlum deyildi və o özü də öz fikrinə təəccüb edib gözlərini qıydı, bir müddət altdan-yuxarı qıpqırmızı buluda baxdı, sonra başını qaşıya-qaşıya dənizə baxdı, amma bu işdən bir şey anlaya bilmədi.

Həmin qəribə yay gecəsi təzəcə başlayırdı və bir azdan alüminium örtüklü furqonun arxasında bir parça buludu qıpqırmızı qızardan günəş tamam batacaqdı, ay çıxacaqdı, ulduzlar çıxacaqdı, qurbağalar quruldamağa başlayacaqdı, cırcıramaların səsi aləmi başına götürəcəkdi. Zuğulba qayalarının yuxarısındakı pansionatın, sanatoriyanın həyətində yanan işıqlardan başqa kəndin bütün işıqları sönəcəkdi, Bakıya gedib-gələn elektrik qatarının səsi bir müddət lap aydın eşidiləcəkdi, sonra bu səs də kəsiləcəkdi, bir sözlə, Zuğulbanın bu dəniz sahilini həmişəki yay gecəsi bürüyəcəkdi.

İndi bir tərəfdən də ay dənizdə üfüqü qıpqırmızı qızartmışdı və dənizin mavi-qırmızı suyu üfüqdən sahiləcən par-par parıldayırdı, amma Məmmədağa Abşeronda bu cür yay gecələrini çox görmüşdü və təkcə bir tərəfdən günün batması, bir tərəfdən də ayın çıxması bu gecəni onun üçün qəribə edə bilməzdi.

Həmin gün axşama kimi külək əsirdi və külək bir saatdan bir dəyişirdi, gah xəzri ağappaq köpüklənmiş dalğaları qayalara çırpırdı, gah da gilavar əsirdi, amma axşamçağı birdən-birə külək dayandı və ağcaqanad yenə yamanca baş qaldırdı; Zuğulbanın dənizindən, qumundan, qayalarından olmazdı, amma ağcaqanadı da yaman ağcaqanad idi. Ağcaqanad Məmmədağanın gözünün düşməni idi, amma bu dəfə küləyin belə naxələf çıxması onun qanını qaraltmadı, çünki qəribə gecə idi bu gecə.

Məmmədağa yenə gözlərini qıyıb qırmızı bulud parçasına baxdı. Qırmızı bulud parçası yavaş-yavaş solurdu və necə oldusa, bu solğunluq həmin qəribə yay gecəsinə bir nisgil gətirdi. Məmmədağa bu nisgilin də səbəbini başa düşmədi və axırda bu qərara gəldi ki, qəribəlik elə ona görə qəribəlikdi ki, səbəbi məlum deyil. Bu qərara gəlib sidq-ürəkdən gərnəşdi və başını qaşıya-qaşıya furqonun balaca taxta nərdivanını qalxıb içəri girdi.

Məmmədağanın üstündə alabəzək iri hərflərlə «PNEVMATIÇESKIY TIR» yazılmış furqonu sübh tezdən yolun başında görünəndə çayçı Qəzənfərin qanı qaralırdı, çünki müştərilərinin bir çoxu – kəndin cavanları, yeniyetmələr həmin gün səhərdən axşamacan furqonun yanından əl çəkmirdi, tüfənglə nişan alırdı, parça toplarla bankalardan düzəldilmiş piramidaları vurub dağıdırdı, rezin halqaları tullayıb qarmaqlara keçirirdi.

Yayda Zuğulbaya gələndə Məmmədağa həmişə furqonu kənddən aralıda, sahildəki qumluqda saxlayırdı. Məmmədağa belə fikirləşirdi: o yerdə ki, genişlik yoxdu, orada istirahət də yoxdu; o yerdə ki, baxanda üfüq görünmədi, yağış yağanda üstünə damcılamadı, gün çıxanda səni qaraltmadı, yəni o yerdə ki, dənizlə, qayalarla, ağaclarla təkbətək olmadın, orada əsl istirahət yoxdu. Təkbətək o mənada yox ki, ancaq sənlə dəniz – ikiniz olasınız, o mənada ki, sənlə dənizin arasını asfalt kəsməsin, dəmir yolu kəsməsin, tüstüdən, mazutdan, maşın səs-küyündən uzaq olasan.

Məmmədağa istəsəydi, Bakının ən yaxşı yerlərindən birindəki TIR-ə işə düzələrdi; idarələrində hamı onu tanıyırdı və ona hörmət edirdi, çünki o həftə olmurdu ki, planı doldurmasın və indiyə kimi heç bir əskik işi olmamışdı ki, başını aşağı diksin; amma bunu istəmirdi Məmmədağa, çünki öz furqonunun, öz yolçuluq sənətinin aşiqi idi. Həftədə bir dəfə Bakıya gedirdi, pulunu təhvil verirdi, bazar gününü öz evlərində qalırdı, sonra yenə də yola çıxırdı. Abşeronda onun gəzmədiyi kənd yox idi. Hər kənddə bir, uzaqbaşı iki gün qalırdı, istəyirdi ki, heç kim onun furqonundan bezməsin və furqon hər dəfə özü ilə bir bayram gətirsin.

Bu həftə Bakıdan Xırdalana getmişdi, oradan Dügaha, oradan Məhəmmədliyə, oradan Fatmeyiyə, oradan da bura gəlmişdi – bu qəribə gecəli Zuğulbaya. Sabah sübh tezdən Bakıya qayıtmalı idi.

Axşam saat səkkizdən, doqquzun yarısından sonra TIR-ə gələn olmurdu, çünki hər gecə kənddə kino göstərilirdi və hərdən Məmmədağa özü də furqonu bağlayıb kinoya gedirdi, amma çox zaman axşamlar, gecələr də öz furqonu ilə məşğul olurdu, silib - təmizləyirdi, içini səliqəyə salırdı, tüfəngləri yağlayırdı, maşının kapotunu qaldırıb hissələrini gözdən keçirirdi, sonra da dənizdə çimirdi.

Məmmədağa dənizdən sahildə dayanmış furqonuna baxmağı xoşlayırdı; hər dəfə furqonun təmiz alüminium örtüyünə, üstündəki rəngbərəng iri hərflərlə yazılmış şüarlara baxdıqca hiss edirdi ki, öyünür, lap lovğalanır və dənizin suyu da bu lovğalığı tamam təmizləyirdi, elə bil, ovcunda balıqqulağı yuyurdu, büllurlaşdırırdı, bir uşaq sevincinə çevirirdi; bu uşaq sevinci dənizin içində Məmmədağanın bütün bədəninə yayılırdı. Məmmədağa yaxşı başa düşürdü ki, bu dünyada furqonu olmaq və həmin furqonu bu cür bəzəmək elə böyük bir iş deyil. Bunu başa düşürdü, amma hər dəfə də alüminium örtüklü furqona baxdıqca, üstündəki yazıları oxuduqca belə məlum olurdu ki, yenə öyünür əməlli-başlı.

Alüminium furqonun hər iki tərəfində iki eyni şüar yazılmışdı.

Birincisi:

Uçis iskusstvu metko strelyat!

İkincisi:

Yunoşi i devuşki!

Ovladevayte texniçeskimi vidami sporta!

Bir yazını isə Məmmədağa özü fikirləşmişdi və furqonun girəcəyində «PNEVMATIÇESKIY TIR» sözlərinin aşağısında özü rəngbərəng hərflərlə yazmışdı:

BIR GÜLLƏ ILƏ IKI DOVŞAN VURMAQ OLARMI? OLAR!

Bu, müştəri yığmaq üçün yalandan yazılmış sözlər deyildi və ümumiyyətlə, Məmmədağanın yalanla heç arası yox idi. Bu mexanizmi o özü fikirləşib tapmışdı, özü də düzəltmişdi: taxta dovşanın döşündə qırmızı bir nöqtə vardı və güllə bu nöqtəyə dəyəndə həmin dovşan bir ayağı üstə sağ tərəfə əyilirdi, arxasından çıxan ikinci dovşan isə bir ayağı üstə sol tərəfə əyilirdi.

İş belə gətirdi ki, həmin qəribə yay gecəsi Məmmədağa dənizdə üzə-üzə həmişəki kimi sahildəki furqonuna baxıb öyünə bilmədi...

Məmmədağa rezin parçaların üzərinə yapışdırdığı kağız nişangahları, taxta dovşanı, tülkünü, ayını, şiri və naməlum bir heyvanı, bankalardan düzəltdiyi piramidanı bir-bir nəzərdən keçirib birdən-birə darıxdı; tirdə işlədiyi müddətdən bəri birinci dəfə idi ki, beləcə darıxırdı; birdən-birə bu furqonun içi ona darısqal, cansıxıcı gəldi. O heç cür başa düşə bilmədi ki, bu nədən oldu; dayandığın yerdə birdən-birə beləcə darıxasan, qəribə iş idi; tüfənglərdən birini doldurub təkəlli qaldırdı və bir gözünü qıyıb nişan aldı. Həmişəki kimi onluğu vurdu, sonra özü də təəccüb etdiyi bir biganəliklə (nə olmuşdu axı, ona?!) məhəccəri aşıb kəlbətini götürdü və saçaqlı dəmir gülləni rezindən dartıb çıxartdı: sonra yenə məhəccəri keçib furqonun qapısına yaxınlaşdı, kəndin işıqlarına baxdı və birdən-birə belə bir fikir onu sarsıtdı ki, hərgah, bu saat burada onun başına bir iş gəlsə, heç kimin bundan xəbəri olmaz, bir müddət keçər, bu furqonu başqa birisi sürüb bura gətirər, hamı yenə gəlib nişan atar, amma heç kim yadına salmaz ki, dünyada Məmmədağa adında bir oğlan vardı və o oğlan bu furqonu çox istəyirdi, bu qumluğu da, bu dənizi də. Məmmədağa kənddən gələn işıqlara baxdı, baxdı və ona elə gəldi ki, bütün günü səhərdən axşamacan adamlarla olsa da, əslində o bu taxta dovşanın, tülkünün, ayının, şirin və naməlum heyvanın yanında tək-tənhadı.

Məmmədağa ömründə belə şeylər fikirləşməzdi və bilməzdi ki, vaxt olar, onun başına belə fikirlər gələr...

Furqona tərəf addımlayan adamın boğuq öskürəyindən məlum oldu ki, gələn milisioner Səfərdir.

Milisioner Səfər içəri girib:

– Axşamın xeyir, qağa! – dedi və dəsmalını çıxarıb sümükləri qabarmış arıq sifətinin tərini sildi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri