I hissə
Səhifə 3 / 16 · 13%
– Milisioner Səfər axır ki, ürək eləyib mətləbə keçdi. – Mənim oğlumu gərək qoymayasan buralara gələ, gələndə qovasan.
– Evdən xəlvət pul götürüb gəlib bura?
– Yox, ə, sən də söz danışdın də!.. – Mənim oğlum oğurluq edər? Tanımırsan onu?
– Yox.
– Ona görə də elə deyirsən də!.. Mətləb başqadı, qağa... Dünən yox srağagün soruşuram ondan ki, daha böyük oğlansan, keçmisən səkkizinci sinfə, gərək indidən məqsədin ola ki, kim olacaqsan böyüyəndə. Deyir məqsədim var. Deyirəm kim olacaqsan? Deyir furqonum olacaq, kəndlərə tir gətirəcəyəm...
Məmmədağa milisioner Səfərin uzun sifətinə, tərdən yaş olmuş köynəyinə, par-par parıldayan dəmir düymələrinə baxdı, sonra ayağa qalxıb məhəccərin üstündən atıldı və furqonun qapısına yaxınlaşıb kəndin işıqlarına baxdı. Ona qəribə gəldi ki, sübh tezdən buradan çıxıb gedəcək, bir də neçə vaxtdan sonra bura gələcək, amma kim isə tamam başqa adam, lap elə sabah dənizdə çiməndə, sahildə, günün altında parıldayan alüminium örtüklü bir furqonu gözünün qabağına gətirəcək, bu furqonu özünkü biləcək və ürəyində öyünəcək. Kəndin işıqları birdən-birə ona doğma gəldi, elə bil, içini isindirdi və Məmmədağa fikirləşdi ki, Abşeronun hər kəndində işıqlar sönəndən sonra gecənin yarısı yuxuya getməzdən əvvəl kiminsə gözlərinin qabağına alüminium örtüklü bir furqon gəlir və həmin furqon Məmmədağanın, bax, bu furqonudu. O, başını qaldırıb göyə baxdı.
Qırmızı bulud parçası yox olub getmişdi. Dənizdə üfüq də qızarmırdı daha. Ay çıxmışdı, ulduzlar çıxmışdı, lap xəfif xəzri başlamışdı və ay işığında sahilə gələn ləpələrin köpüyü süd kimi ağappaq ağarırdı; bu süd ağlığında elə bil ki, həmin qəribə yay gecəsinin təmizliyi vardı və Məmmədağa başa düşə bilmədi ki, cəmi on dəqiqə bundan əvvəl niyə birdən-birə o cür darıxdı? Bir halda ki, dünyada bu cür süd ağlığı vardı, adam niyə darıxırdı, niyə adamın ürəyi qısılırdı?
Milisioner Səfər heç vaxt heç kimin ürəyinə dəymək istəməzdi. Onun fikrincə, dünyada ən pis şey kiminsə ürəyini sındırmaq idi. İndi də arxadan bu cavan oğlanın qara saçlarına, enli kürəyinə, əzələləri sayılan qollarına baxa-baxa fikirləşdi ki, pis iş gördü deyəsən, könlünü sındırdı deyəsən bu oğlanın. Amma burası da var idi ki, cavan oğlan da gərək zəhmət çəkib onu başa düşəydi. Milisioner Səfər yaş dəsmalını səliqə ilə qatlayıb cibinə qoydu və uzun qara barmaqları ilə yenə də köhnə portsiqarından bir «Pamir» çıxarıb yandırdı, dərin bir qullab vurub dedi:
– Bilirsən, qağa, nahaq pərt olursan. Deyiblər ki, həmişə imam üçün ağlayanda, bir dəfə də yezid üçün ağla. Mən nə deyirəm? Pis söz demirəm ki... Mən də istəyirəm təkcə oğlum yaxşı oxusun, böyüsün, böyük adam olsun...
Məmmədağaya çox adam çox söz demişdi, amma uşaq vaxtı molla Süleymanın dediyi bir söz heç vaxt yadından çıxmırdı. Adamlara deyilən sözlər də qəribə idi. Bir də görürsən sənə elə söz deyirlər ki, şapalaq kimi tutur, amma bir aydan sonra yaddan çıxıb gedir və heç vaxt onu xatırlamırsan. Hərdən də elə söz deyirlər ki, heç fikir vermirsən, amma sonralar bütün ömrün boyu yadından çıxmır.
Molla Süleyman Məmmədağagilin məhəlləsində olurdu və onun haqqında danışmaq köhnə Sarı hamam, köhnə məscid, yan-yana iki adam güclə yeriyən Dar dalan haqqında danışmaq kimi bir şey idi. Molla Süleymanın gözündə qalın şüşəli çeşmək, başında adda-budda tükü tökülmüş qəhvəyi rəngli buxara papaq, əlində üstü gümüşlə işlənmiş köhnə əsa olardı. Əvvəlcə molla Süleymanın çəliyinin tıqqıltısı eşidilərdi, sonra özü hansı həyətdənsə çıxıb səki ilə addımlayardı.
Məhəllənin molla Süleymandan xoşu gəlməzdi. Molla Süleyman çağırılmayan qonaq idi və harda aşdı, orda başdı. Günlərin bir günündə məhərrəmlik vaxtı Məmmədağa ömründə birinci və axırıncı dəfə uşaqlarla Sarı hasara dırmaşıb məscidin həyətinə baxdı. Molla Süleyman balaca həyətin ortasında dayanıb mərsiyə deyirdi:
Necə qan ağlamasın daş bu gün,
Kəsilib yetmiş iki baş bu gün.
Kaş bu gün, bu dəmdə
Olaydım Kərbəlada.
O zaman Məmmədağa molla Süleymanın çeşməyinin qalın şüşələri altından bərələn gözlərinə baxıb fikirləşmişdi ki, əgər yetmiş iki baş kəsilən vaxt Kərbəlada olsaydı, adamları darda qoyub elə birinci qaçan molla Süleymanın özü olardı. Məmmədağa bunu axşam evdə də dedi və Səkinə xala əvvəlcə ona acıqlandı ki, bir də məscid tərəfə getməsin, sonra da özünü saxlaya bilməyib gülümsədi:
– Amma sən də az bilmirsən ha! – dedi.
Məmmədağagilin məhəlləsində binaların çoxu birmərtəbəli, ikimərtəbəli idi və hamısının da damına qır basılmışdı. Məmmədağagil dama çıxıb molla Süleymanı gözləyirdi, çəliyin tıqqıltısı gələn kimi, birmanatlığın ucunu deşib sapla
bağlayırdılar. Molla Süleyman səkinin üstünə düşmüş manatlığın yanına çatanda
dayanırdı, çeşməyini pula zilləyib diqqətlə baxırdı, sonra əyilib yerdən götürmək istəyirdi. Molla Süleyman səkinin üstünə əyilən kimi Məmmədağagil sapı dartırdı və kişi pulun dalınca bir neçə metr az qala iməkləyirdi. Sonra Məmmədağagil hay-
küylə sapı yuxarı dartırdı və manatlıq molla Süleymanın yekə, çopur burnunun qabağından dama qalxırdı. Molla Süleyman lənət yağdıra-yağdıra, qarğışlaya-
qarğışlaya çəliyini tıqqıldadıb səkinin üstü ilə yoluna davam edirdi:
– Dayanın bir, köpək uşağı! Əlləzinəni əzbər oxudacağam sizə!..
Ən qəribəsi bu idi ki, üç-dörd gündən sonra molla Süleyman yenə də özünü saxlaya bilməyib, ucuna ip bağlanmış manatlığı götürmək üçün aşağı əyilirdi.
Bir gün Məmmədağa Dar dalanın qabağındakı tut ağacının altında oturub taxtadan şumaqədər yonurdu. Birdən kim isə onun boynunun ardından tutub qaldırdı. Məmmədağa heç vaxt bilməzdi ki, molla Süleymanın qolunda belə güc var. Onun gözlərini də bu cür yaxından görməmişdi. Dərinə düşmüş bu acıqlı gözlər qalın şüşənin arxasında böyümüşdü. Molla Süleyman Məmmədağanın sifətini lap gözlərinin tuşuna gətirib saralmış seyrək balta dişlərinin arasından tüpürcək damcıları sıçraya-sıçraya:
– Bircə, – dedi, – biləydim ki, böyüyəndə sən kim olacaqsan? Hambal olacaqsan, hambal! Hambal Dadaş deyəcəklər sənə!
Bu vaxt Məmmədağagilin dalan qonşusu Kitabulla hardansa gəlib çıxdı və onu molla Süleymanın əlindən aldı:
– Uşağın boynunu burax, a kişi! Burax deyirəm sənə!
Molla Süleyman acıqlı gözləri ilə Kitabullanın hündür boynunu, enli kürəklərini, güclü qollarını nəzərdən keçirib:
– Sən də Qoçu Nəcəfqulusan? – dedi.
– Yox, Qoçu Nəcəfqulu deyiləm, amma burax uşağın boynunu!
– Hə... Deməli, Həllac Mənsursan! – Molla Süleyman bu sözləri lap yanıb-yaxılıb dedi və Məmmədağanın boynunu buraxdı; Məmmədağa düz bir həftə molla Süleymanın qaxac barmaqlarını boynunun arxasında hiss etdi.
İndi o vaxtdan çox illər keçmişdi və o zaman dediyi bu sözlər yəqin molla
Süleymanın özünün yadından çıxmışdı. Bakıda olanda Məmmədağa furqonun bir tərəfini səkiyə çıxarıb evlərinin qabağında saxlayırdı. Məhəllənin uşaqları furqonun başına yığılırdı və bu uşaqlardan heç kim ağlına gətirmirdi ki, bir vaxt
Məmmədağanın özü məhəllədə dayanan maşınların qabağında bu cür atılıb -
düşürdü. Düzdür, ondakı maşınlarla bu alüminium örtüklü furqon bir araya sığmırdı, yəni bu furqonun yaraşığının qabağında o «paluturka»lar, «villis»lər təzə nağaranın yanında köhnə dəf kimi bir şey idi.
Məmmədağa Sarı hamama gedib özünü kisəçi Cabbara yaxşıca kisələtdirirdi, buğxanaya girib yaxşıca buğlanırdı, hamamdan çıxıb Əsədullanın budkasında bir krujka sərin pivə içirdi, sonra evə gəlib təzə köynəklərindən birini, təzə kostyumunu geyirdi, qalstuk taxırdı, çölə çıxıb Dar dalanın qabağındakı tut ağacının yanına
gəlirdi. Tay-tuşları, məhəllənin cavanları bir-bir gəlib onunla görüşürdü, hal-əhval tuturdular və Məmmədağa məhəllədəki bütün yeniliklərdən xəbərdar olurdu, bilirdi ki, kim nişanlanır, hansı qızın «hərisini» veriblər, kim işini dəyişib, kim qonşusuyla dalaşıb, kim kimlə barışıb və kim kimdən inciyib. Böyük yeniliklərdən isə
əvvəlcədən evdə xəbər tuturdu. Toya çağrılanda onun dəvətnaməsini Səkinə xalaya verirdilər və o həmişə işini elə qurmağa çalışırdı ki, toylarda iştirak eləyə bilsin.
Məhəllədə hansı toyasa gedə bilməyəndə, o saat dedi-qodu başlayırdı və
Məmmədağanın belə dedi-qodudan zəhləsi gedirdi. İşdi, heç cürə mümkün eləyə
bilməyəndə, əvvəlcədən hədiyyəsini aparıb toy yiyəsinə verirdi, təbrik edirdi. Hər bazar günü Bakıda qalanda mütləq yas yerlərinə dəyərdi, başsağlığı verərdi, üzrxahlıq edərdi. Məhəllədə hamı onun xətrini istəyərdi və cavanlar onunla
hesablaşardı. Məhəllənin fikri yekdil idi:
– Məmmədağa kişi oğlandır!
Bəzən molla Süleyman da çəliyini tıqqıldada-tıqqıldada günün altında par-par parıldayan alüminium örtüklü furqonun yanından keçirdi. Məmmədağagilin küçəyə baxan pəncərələrinin qabağında ayaq saxlayıb çəliyini qaldırırdı, ağacın ucu ilə şüşəni döyüb Məmmədağanın anasını çağırırdı, çeşməyinin arxasında irilənmiş zəhmli gözlərini düz arvadın gözlərinə zilləyib deyirdi:
Kitabxana.az · https://kitabxana.az/works/elcin-bir-gorusun-tarixcesi-i-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nigar həyətdə çox atıldı-düşdü, qaçdı, tərlədi, ona soyuq dəydi, xəstələndi.Yalçın dedi:
Günayın, Yalçının, Nigarın və yekə canavarın nağılıÇox şilə aşı yemişəm, amma belə yalan deməmişəm.Günlərin bir günündə Günay, Yalçın, Nigar həyətdə oynayırdı. Bu təzə həyət elə gözəl idi ki!... Hər tərəf ağac, gül, ot... Bir tərəfə baxanda da böyük bir dağ görünürdü, özü də yamyaşıl meşəli dağ...
Humayın yuxusuHumay elə yaxşı, elə yaxşı qızdı, özü də deyir ki, Humay yaxşı qızdı.Günlərin bir gözəl günündə günəş yavaş-yavaş batdı, axşam düşdü, bütün uşaqlar yatdı, Humayın böyük bacısı Günay da yatdı.
Günay, Humay, bir dənə günəbaxan və qırt toyuğun cücələriQış qurtardı, yaz gəldi, nərgiz torpaqdan baş qaldırdı, ağaclar çiçəklədi, lalələr çölləri, düzləri qıpqırmızı qızartdı, gül bülbülü çağırdı, bülbül gülü, sonra yay gəldi, istilər başladı və Günayla Humay atasıyla birlikdə, anasıyla birlikdə maşına minib yay istirahətinə kəndə getdilər.Günayla Humaygilin kənddə yaşadıqları evin həyətində çoxlu ağac var idi və Günayla Humay bu ağacları meyvələrindən tanıyırdılar:
Başqa şairlərin şeirləri
Bir xaric dövlətdən bir əmirzadə,Gəlibdir Tiflisə, gəzib azadə.
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.