Səhifə 4 / 16 · 19%

– Səkinə bacı, maşallah! Maşallah! Yaxşı oğlun var! Allah-taala onu sənə çox görməsin! Xoşbəxt olsun!

Səkinə xala da ürəyindəki gizli təlaşla dil-ağız edirdi:

– Çox sağ ol, molla! Ömrün uzun olsun!

Səkinə xala qorxurdu ki, molla Süleymanın Məmmədağaya gözü dəyər; səhər mis qazanda ayrıca bozbaş asırdı, elə qazanla da göndərirdi molla Süleymangilə; bu da, bir növ, rüşvət kimi bir şey idi.

Molla Süleymanın iki oğlu var idi, ikisi də dustaq yatırdı. Biri müharibə vaxtı əsir düşüb faşistlərin tərəfinə keçmişdi, o birisi isə on beş yaşında bir qızı zorlamışdı.

Səkinə xala oğlundan çox razı idi. Məmmədağa keçən il bacısı Solmazı şah qızı kimi köçürmüşdü. Solmazın indi yaxşı ev-eşiyi vardı, özü də yaxşı adama rast gəlmişdi.

Səkinə xalanın dünyada bircə nigarançılığı vardı ki, o da Məmmədağa sarıdan idi. Həm işi elə iş idi ki, adamı nigaran qoyurdu, həm də evlənmirdi ki, evlənmirdi: Səkinə xala məhəllənin ən yaxşı qızlarının adını çəkirdi, amma Məmmədağa heç kimi yaxın qoymurdu və belə söhbətlərdən də xoşu gəlmirdi. Səkinə xala bilirdi ki, oğlu bircə dəfə «hə» desə, məhəllənin ən adlı-sanlı ailəsindən ən yaxşı qızı gəlin gətirər evinə. Hətta qonşuları upravdom Kərim özü bir-iki dəfə işarə vurmuşdu ki, Məmmədağa nahaq subay gəzir. Upravdom Kərimin bütün məhəllənin yaraşığı bir qızı vardı, gündüz kitabxanada işləyirdi, axşam institutda oxuyurdu...

... Həmin qəribə yay gecəsi məhəllələri, evləri, Dar dalanın qabağındakı tut ağacı Məmmədağanın yadına düşdü və nədənsə ona elə gəldi ki, buradan – Zuğulbanın bu qumlu dəniz sahilindən onların məhəlləsinə cəmi bir saatlıq, furqonla iki saatlıq yol deyil, gərək günlərlə gedəsən bu yolu; birdən-birə ona elə gəldi ki, məhəllələri də milisioner Səfərin başı qarlı dağları kimi, bu yerlərdən çox uzaqdı; üzünü furqonun məhəccərinə söykəyib, səhərdən bəri papağı ilə sifətini yelləyə-yelləyə özünü tənbehləyən milisioner Səfərə tutub:

– Deyirsən, yaxşı vaxtıdı o dağların? – dedi.

Milisioner Səfər məsələnin bu cür asan və yüngül həll olunmasına sidq-ürəkdən sevinib:

– Başın haqqı, qağa, – dedi, – bu saat orada bir büsat var ki, qiyamətdi!.. Sonra bir az susub əlavə etdi: – Deyəsən, müştərilərin gəlir.

Milisioner Səfər papağını başına qoyub furqonun qapısından çölə boylandı və bu dəfə lap açıq-aşkar qanı qaraldı:

– Qurumsaq oğlu qurumsaq, içib deyəsən yenə...

Bir-birinin ardınca iki nəfər içəri girəndə spirt iyi furqonu başına götürdü və Məmmədağa qabağındakı kök oğlanı o saat tanıdı.

Kök oğlan əvvəlcə milisioner Səfərə tərs bir nəzər saldı, sonra Məmmədağaya baxdı, sonra da taxta dovşana, tülküyə, ayıya, şirə və naməlum heyvana baxıb güldü:

– Alə, kefdi ki bu, – cibindən bir dənə beşlik çıxarıb məhəccərin üstünə çırpdı:

– Əlli dənə güllə ver! Atacağıq səhərə kimi!

Onun yanındakı arıq oğlan da elə bil şüar deyirdi, əlini yuxarı qaldırdı:

– Atacağıq!

Məmmədağaya məlum oldu ki, Mirzoppa onu tanımadı, buna baxmayaraq, lap yüz güllə verərdi onlara, amma o yerdə ki, söhbət tüfəngdən-güllədən gedirdi, qoy tirin saçaqlı gülləsi olsun, fərqi yox idi, qardaşı da içib gəlsəydi, atmağa qoymazdı. Mirzoppa yağlı göz qapaqlarını qıyıb taxta dovşana baxdı və bu dəfə lap bərkdən güldü:

– Alə, doğrudan kefdi e, bu! Nöş indiyəcən bura gəlməmişik biz?

Mirzoppa arıq oğlana baxdı. Arıq oğlan əlini yuxarı qaldırıb:

– Atacağıq! – dedi.

– Tüfəngin yaxşısını ver a, xalaoğlu, fiktivni iş görmə bizimlə!.. – Bunu da Mirzoppa Məmmədağaya dedi.

Əlbəttə, başqa vaxt olsaydı, Məmmədağaya belə sözlər demək mümkün olan iş deyildi, yəni bu sözləri deyən, TIR-in saçaqlı gülləsi kimi, furqonun qapısından çölə atılardı, amma Məmmədağanın bir xasiyyəti vardı ki, lazım olanda acı sözü udmağı bacarırdı; bu dəfə də Mirzoppanın yağlı sifətinə baxıb təkcə bunu dedi:

– Qalsın sonraya. Bağlamışam tiri.

– Neynəmisən? – Mirzoppa arıq oğlana baxdı, yəni ki, bu nə səfeh sözdü eşidirik, sonra üzünü Məmmədağaya tutdu. – Tez elə, alə, tez elə!

Arıq oğlan yenə əlini qaldırıb:

– Atacağıq! – dedi.

– Atmayacaqsınız! – Bunu da milisioner Səfər dedi.

– Sən mumla! – Bunu da Mirzoppa milisioner Səfərə dedi, sonra da əlini boğazına apardı. – Yığmısan məni, bax, bura! Hara gedirəm düşürsən dalıma. Əl çək məndən, deyirəm sənə!

Milisioner Səfər papağını çıxarıb bu dəfə furqonun içinə dolmuş araq iyindən özünü yelləyə-yelləyə:

– Ə, Mirzoppa, adam olmadın də, sən! – dedi. – Ayaq üstə dura bilmirsən, harana yaraşır indi tüfəng atmaq?

Mirzoppa cibindən bir dənə də əzik beşlik çıxarıb məhəccərin üstünə çırpdı:

– Puluna minnət! Yüz güllə ver! – dedi.

Arıq oğlan yenə əlini yuxarı qaldırıb şüarını dedi:

– Atacağıq!

– Atmayacaqsınız! – Bunu təzədən milisioner Səfər dedi.

Mirzoppa köynəyinin açıq yaxasından tükləri pırtdayıb çıxmış kök sinəsini qaşıya-qaşıya:

– Sənə demirəm əl çək bizdən? – dedi. – Nə istəyirsən? Pulun yoxdu, pul verək?!

Əlbəttə, bu söz milisioner Səfər üçün dünyanın ən böyük təhqiri idi. Hirsindən səsi xırıldaya-xırıldaya dedi:

– Mənim indiyə qədər dilimə haram çörək dəyməyib! İndiyə qədər, gözümün ucuyla da olsa, kimsənin əlinə baxmamışam. Həmişə çesni olmuşam, düz dolanmışam. Həmişə də belə olacağam!

Mirzoppa milisioner Səfəri nifrətlə təpədən-dırnağa qədər süzüb:

– Elə ona görə bu günə qalmısan də!.. – dedi. Milisioner Səfər papağını başına qoyub Mirzoppanın lap qabağına yeridi:

– Nə günə qalmışam, ə, mən? Nə günə qalmışam?!

Mirzoppa bu dəfə milisioner Səfərə cavab vermədi, üzünü Məmmədağaya tərəf tutub:

– Tez elə! – dedi. – Adama bir tüfəng, yüz güllə!

Məmmədağa heç vaxt gözləməzdi ki, günlərin bir günündə, qəribə bir yay gecəsi Mirzoppa ilə beləcə rastlaşacaq. Əslində o, Mirzoppanı tamam yadından çıxarmışdı və bu gecə onu görməsəydi, bəlkə də heç vaxt yadına salmayacaqdı.

– Noldu, alə? – Mirzoppa gözünün birini yumub diqqətlə Məmmədağaya baxdı və onu tanıdı. – Məmmədağa döyülsən sən?

– Məmmədağayam...

...Mirzoppanın atası Əliabbas kişi qırçı idi və məhəllədə hamı onlara «Qırçılar» deyirdi. İri bir qır tiyanı Mirzoppagilin küçə qapılarının qabağında dayanırdı və payızqabağı bu qır tiyanı məhəllədəki evlərin qapılarında gəzirdi. Əliabbas kişi binaların damına qır basırdı. Hərdən tiyan məhəllədən yox olurdu, bu o demək idi ki, Əliabbas kişi başqa məhəllədə iş götürüb. Həmin iri qır tiyanı görünməyəndə, elə bil, məhəllədə nəsə çatışmırdı, nəsə öz yerində deyildi.

Mirzoppa həmişə özündən dörd-beş yaş kiçik uşaqlarla durub-otururdu və bu uşaqların yanında sözü keçirdi. Heç kim bilmirdi ki, Mirzoppanın neçə yaşı var və Məmmədağagili evdə onunla qorxudurdular:

– Görürsüz Mirzoppanı, papiros çəkir, ona görə də boyu çıxmır. Kim papiros çəksə, Mirzoppa kimi pota olacaq, böyüməyəcək, bax, beləcə qartıb qalacaq.

Uşaqlardan heç kim Mirzoppaya oxşamaq istəmirdi, çünki Mirzoppanın özünü heç kim istəmirdi, ondan qorxan vardı, amma xətrin istəyən yoxdu. Uşaqların arasında papiros çəkən də o idi, birinci dəfə arvadlardan danışan da o olmuşdu.

Mirzoppagil məhəllənin aşağısında balaca yay kinoteatrının yanında olurdu. Bir yay həmin kinoteatrda üç ay hər gün «Tarzan»ı göstərdilər. Uşaqlar səhər yerlərindən qalxan kimi gedib bilet növbəsinə dururdu. Kinoteatrın qabağı bilet alverçiləri ilə dolu olurdu. Hərdən uşaqların pulu olmayanda, Mirzoppagilin damına çıxıb kinoya oradan baxırdılar və bunun üçün Mirzoppa səhəri gün onların hərəsindən abbası-abbası pul yığırdı.

Mirzoppa həmişə böyük-böyük danışırdı, başından böyük qələt eləyirdi, uşaqlara qulluq buyururdu, böyüklərə qulluq göstərirdi; Məmmədağadan xoşu gəlmirdi, ona görə ki, göndərmək istəyəndə nə papiros dalınca gedirdi, nə tiyanın altında yandırmaq üçün taxta-tuxta yığırdı. Bir-iki dəfə xəlvətə düşəndə Mirzoppa onunla vuruşmuşdu, heç biri heç birini əməlli-başlı əzişdirə bilməmişdi, amma Mirzoppa həmişə qalib kimi gəzirdi, qalib kimi durub-otururdu.

Bir gün hər şey dəyişdi.

Həmin gün Mirzoppa evlərinin qabağındakı səkidə oturub qara çörəklə duzlu balıq yeyə-yeyə pəsdən oxuyurdu özü üçün:

«Pobeda» - mobeda bilmərəm,

Tarzanı mindirmərəm,

Cenn ipi kəsibdir,

Mən onu dindirmərəm.

(Qəssab Ağanəcəfin arvadı Balacaxanım hərdən kefinə düşəndə məhəllədə uşaqların arasında bu məşhur mahnını başqa cür oxuyurdu:

«Pobeda» - mobeda bilmərəm,

«Moskviç»ə minmərəm,

«Zim» qapıya gəlməsə,

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri