Səhifə 5 / 16 · 25%

Mən heç hara getmərəm.

Bunu oxuyurdu və həmişəki kimi, başına toplaşmış cavan məhəllə qızlarına göz vurub bərkdən şaqqanaq çəkirdi. Tramvay kursunda oxuyan Allahverdinin anası Ayna arvad evlərinin pəncərəsindən Balacaxanıma baxıb öz-özünə danışırdı: «Ona bax, gör nə şaqqanaq çəkir!.. Qarğa, məndə qoz var deyir e, lap!..»)

Həmin gün Məmmədağa neft dükanından neft alıb evə aparırdı və Mirzoppanın yanından keçəndə özünü saxlaya bilməyib dayandı.

O illər Məmmədağagildə şəkərbura, paxlava, şəkərçörəyi tez-tez olardı; onda Səkinə xala şirniyyat fabrikində işləyirdi, iki gündən bir, üç gündən bir işdə onlara pay verirdilər; şəkərbura tez-tez olardı, amma başqa şey az-az olardı, duzlu balıq isə heç olmazdı – Səkinə xalanın duzlu balığın iyindən xoşu gəlməzdi.

Əlbəttə, Mirzoppa o saat başa düşdü ki, duzlu balıq üçün Məmmədağanın ağzı sulanıb, amma Mirzoppa da elə ona görə Mirzoppaydı ki, bu yerdə adamı yandırıbyaxardı.

– Əntiqə silyotkadı! – Mirzoppa ağzını marçıldada-marçıldada duzlu balığın quyruğunu sümürdü. – Yeyirsən?

Məmmədağa bilirdi ki, Mirzoppa belə məqamda adama balıq verən deyil, amma özünü saxlaya bilməyib dedi ki, hə, yeyirəm.

– Pulun var yanında?

Bayaq neft alanda Məmmədağaya xırda pul qaytarmışdılar və həmin xırda pullar indi Məmmədağanın trikotaj köynəyinin döş cibində idi, amma o vaxtlar pul Məmmədağagilin evində çox mötəbər bir şey idi və o, ürək eləyib bu pulları Mirzoppaya verə bilməzdi.

– Hə, var pulun?

– Yox.

– Onda al! - Mirzoppa duzlu balığın yağına bulaşmış kök baş barmağını iki barmağının arasına soxub, Məmmədağaya göstərdi, sonra yenə duzlu balığın quyruğunu sümürüb ağzını marçıldatdı və birdən nəsə fikirləşib dedi: – Get evdən şəkərbura gətir, dəyişək. Ancaq yaxşısı olsun, üstündə də badam, özü də lap böyük.

O illər məhəllədə konfet, şokolad, şəkərbura, paxlava, şəkərçörəyi ən ləziz şeylərdən idi və aydın məsələ idi ki, hamı bunları alıb yeyə bilmirdi. Gücü çatan Novruz bayramı üçün şəkərbura ilə paxlava bişirirdi. Əlbəttə, həmin şəkərbura, paxlava fabrikdə bişəndən ləzzətli olurdu, amma o yerdə ki, söhbət olubolmamaqdan gedirdi, onda evdə bişməyə, ya fabrikdə bişməyə fikir verən yox idi.

Məmmədağa evdən şəkərbura gətirəndə Mirzoppa Dar dalanın qabağında dayanıb onu gözləyirdi. Şəkərburanı əlinə alıb zərgər Ələşrəf qızıla baxan kimi, o tərəf-bu tərəfinə baxdı və Məmmədağa fikirləşdi ki, Mirzoppa indi də təzə bir hoqqa çıxaracaq, amma şəkərbura Mirzoppanı tutmuşdu və o təkcə bunu elədi ki, minnət qoydu:

– Yaxşı də, day sənsən... Ala.

Məmmədağa duzlu balıq parçası ilə qara çörəyi alıb elə oradaca yedi, Mirzoppa isə evlərinə getdi.

İki gün keçdi və üçüncü gün axşam Mirzoppa özü Dar dalana gəldi, əlində tutduğu qara çörəklə duzlu balıq parçasını Məmmədağaya göstərib soruşdu:

– Şəkərbura gətirirsən?

– Yox, istəmirəm.

– İstəmirsən? Silyotka istəmirsən? – Az qaldı Mirzoppanın gözləri kəlləsinə çıxsın. – Belə oldu?

Həmin gecə Mirzoppa bütün məhəllə uşaqlarını tut ağacının altında başına yığıb deyirdi:

– Sən öləsən, əntiqə kef eləyirdim özümçün, hərifləmişdim bu maminkin sınoku. Əntiqə şəkərbura gətirirdi mənimçün, üstündə də badam. Mən də basırdım buna köhnə silyotkanı, qara çörəyi. Çörəyi gedib Yasamaldakı tövlədən gətirirdim. Hacıbalagilin qoyunlarının qabağından. Şəkərburanı da yeyirdim özümçün əntiqə!..

Mirzoppa yağlı-yağlı danışdıqca, uşaqlar gülürdü və Məmmədağa ömründə bu cür pərt olmamışdı; əlbəttə, burası məlum idi ki, Mirzoppa çörəyi gedib Yasamaldakı tövlədən gətirməmişdi və balıq da köhnə deyildi, bunların hamısını Mirzoppa özündən toqquşdururdu, amma bu yalanı Mirzoppa ləzzətlə danışırdı, çünki bu yalanlar Məmmədağanı xalis maymaq kimi qələmə verirdi.

Üç-dörd gün də keçdi.

Bir gün Məmmədağa məktəbdən qayıdanda Mirzoppa dayanmışdı Dar dalanın qabağında və nədənsə Məmmədağaya elə gəldi ki, Mirzoppa onu görməkdən ötrü səhərdən burdadı; Mirzoppanın ətli sifətində elə bir ifadə vardı ki, bu ifadə onun üzündə, ancaq özündən böyüklərin, özündən güclülərin yanında günahkar olanda əmələ gələrdi; Məmmədağanı görüb bir az çəkinə-çəkinə dedi:

– Hə, qaranoy, məktəbdən gəlirsən? – Sonra yavaş-yavaş ürəklənib yenə əvvəlki Mirzoppa kimi böyük-böyük danışmağa başladı: – Yaxşı də, padumayeş, nolub e? Zarafat eləyirdim də o gün... Lap zaysan a, sən zarafat-zad da day bilmirsən nədi! Yaxşı... – Bu yerdə Mirzoppa yenə çətinə düşdü və yenə də bir az çəkinə-çəkinə dedi: – Mənə bax, əntiqə silyotka var məndə, canımçun, alayı şeydi! İstəyirsən?

– Bude, ala! - Bu dəfə Məmmədağa mürəkkəbə bulaşmış baş barmağını iki barmağının arasından çıxarıb Mirzoppanın gözlərinin qabağına uzatdı.

Mirzoppa lap yanıb-töküldü:

– Sən öləsən, heyf atam evdədi, yoxsa qoyardım lopuva sənün! – dedi və çıxıb getdi.

Mirzoppa çıxıb getdi, amma Məmmədağa, nədənsə, bu intiqamından bir ləzzət anlamadı, Mirzoppanın bugünkü danışığında, duruşunda, yerişində nəsə elə bir şey vardı ki, Məmmədağanı sidq-ürəkdən ləzzət almağa qoymadı.

Günorta vaxtı idi və Səkinə xala işdən tənəffüsə gəlib yaş süpürgə ilə həyətlərini tərtəmiz süpürmüşdü; yaş süpürgə həmişəki kimi, həyətə bir sərinlik gətirmişdi və Məmmədağa da qapılarının ağzındakı kubik daşın üstündə oturub təzə düzəltdiyi çəlpələnyin qarqarasına onluq sap dolayırdı. Dalandan Mirzoppanın kişi səsi kimi yoğunlamış səsi gəldi:

– Məmmədağa!

Məmmədağa qarqaranı pamazı köynəyinin yaxasına atıb həyətin dalan qapısına çıxdı:

– Nə var? – bunu soruşdu və Mirzoppanın sifətində yenə də həmin ifadəni gördü – özündən böyüklərin, güclülərin yanında qələt eləyəndə əmələ gələn ifadəni.

– Gəl bura də, bir dəqiqəyə.

– Neynirsən məni?

– İşim var sənnən...

Mirzoppa onu dalandakı zibil yeşiklərinin yanında xəlvətə çəkdi və mətləbə keçməzdən əvvəl kefini xəbər aldı:

– Necəsən?

– Sənə nə var necəyəm? Nə deyirsən?

Və Mirzoppaya məlum oldu ki, Məmmədağa ilə aranı düzəltmək daha çətin məsələdi, üz-gözünü qırışdırıb bir az başını qaşıdı, domba gözlərini dalanın üstündən keçən elektrik məftillərinə qonmuş sərçələrdə gəzdirdi və Məmmədağa başa düşdü ki, Mirzoppa bilmir hardan başlasın; axırı Mirzoppa dedi:

– Mənə bax, Məmmədağa, öz canımçün, atam əntiqə kilkə gətirib, vışi şeydi, qabında yazıblar ki, ekstra, özü də Nizami muzeyinin qabağındakı prodmaqdan alıb...

Məmmədağa bilirdi ki, Mirzoppa sabah yenə uşaqları başına yığıb onu pərt eləyəcək, özündən yüz cürə yalan toqquşduracaq, amma həmin gün onun birdən-birə Mirzoppaya yazığı gəldi; həmin gün Mirzoppa yenə də Mirzoppa deyildi və elə bil özü də bunu hiss edib minnət qoymaq istədi:

– Mən sənə görə deyirəm e, əntiqə kilkədi... Badam-zad da lazım deyil, elə bir dənə şəkərbura gətir. Gözləyim səni burda?

Məmmədağa bir söz deməyib evə getdi və bir dənə şəkərbura götürüb Mirzoppagilin həyət qapısına gəldi. Mirzoppa ədəb-ərkanla bir fal qara çörək kəsib üstünə də iki dənə duzlu kilkə qoymuşdu. Məmmədağanın gətirdiyi şəkərburanı alıb yenə də zərgər Ələşrəf kimi, o tərəf-bu tərəfinə baxdı, sonra kilkəni ona uzatdı:

– Ala, sən öləsən, ancaq sən olmasaydın, heç kimlə dəyişməzdim bunu. Əntiqə şeydi!.. Qaranoyumsan da sən, neyniyim?..

Sonra da Mirzoppa güldü və kök sifətindəki məzlum ifadə gözgörəti çəkilib getdi. Mirzoppa bir dəqiqənin içində əvvəlki Mirzoppa oldu; həyətlərinə girib qapını bağladı və birdən-birə Məmmədağaya elə gəldi ki, şəkərburanı Mirzoppa özü yemir, başqasına verir.

Məmmədağa kilkələri elektrik şalbanının yanında dayanıb miyoldaya-miyoldaya ona baxan boz pişiyin qabağına tulladı, çörəyi Mirzoppagilin küçə pəncərəsinin dəmir şəbəkəsinə soxdu və şalbanla dırmaşa-dırmaşa birmərtəbəli binanın damına çıxdı, kərpic bacanın dalında gizlənib Mirzoppagilin həyətlərinə tərəf boylandı.

Dudu həyətdəki kranın yanında tərsinə çevrilmiş vedrənin üstündə oturmuşdu və Məmmədağa təəccüb etdi ki, vedrə bu qədər ağırlığa necə dözür. Mirzoppa Dudunun qabağında dayanıb əlindəki şəkərburanı onun ağzına uzadırdı. Dudu da şəkərburadan dişləyib yavaş-yavaş çeynəyə-çeynəyə udurdu.

Məhəllədəki uşaqlardan heç kim Dudunun əsl adını bilmirdi; hamı Duduya elə Dudu deyirdi. Dudu həddindən artıq kök idi, lap yekə də başı vardı. Ona həmişə balaqları çox enli sətin finka geyindirirdilər ki, baldırları yeyilib yara olmasın, həm də onun bədəninə gələn şalvar yox idi. Dudunun başı həmişə əsirdi, ağzından da həmişə su tökülürdü. Dudu danışa bilmirdi, bir söz demək istəyəndə cürbəcür səslər çıxarırdı. Dudu heç vaxt uşaqların yanına gəlməzdi, hərdən küçəyə çıxıb həyət qapısının ağzında dayanırdı, gülürdü, öz-özünə cürbəcür səslər çıxarırdı. Dudunun on üç yaşı vardı (Məmmədağadan yaş yarım kiçik idi), amma hələ məktəbdə oxumurdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri