I hissə
Səhifə 9 / 16 · 50%
Qız bir az susub:
– Abrı-həyası yoxdu də... – dedi və Məmmədağaya məlum olmadı ki, bu sözlər kimə aiddir, Mirzoppaya, yoxsa ki, milisioner Səfərə.
Qız yenə gözucu bu taxta heyvanlara baxıb, yəqin fikirləşdi ki, əgər bu tir bu gün gəlib burada dayanmasaydı, Mirzoppa da bura gəlməzdi, milisioner Səfərlə rastlaşmazdı və bu əhvalat da baş verməzdi:
– Olmaz bu tirdən!..
Aydın məsələdir ki, Məmmədağanın bu qızın nə fikirləşdiyindən xəbəri yox idi və həmin qızın acığını indi də tirə tökməsi ona lap gülməli gəldi; ümumiyyətlə, bu qızın hay-küyündə, bu cür çığır-bağır salmasında xalis bir uşaqlıq vardı və onun bayaq özü dediyi kimi, kiminsə «həyat yoldaşı» olması da adama gülməlidən də gülməli gəlirdi.
Məmmədağa birinci dəfə görürmüş kimi, furqonunun dörd tərəfini də nəzərdən keçirib özü öz səliqəsindən razı halda gülümsədi:
– Xoşuna gəlmir mənim tirim?
Məmmədağanın bu cür açıq-aşkar özündən razı-razı gülümsəməyi qızı cin atına mindirdi:
– Sənin tirin? Sənin niyə olur, hökumətin tiridi! Bəlkə atan bağışlayıb sənə?
Məmmədağanın bir xasiyyəti vardı: ata haqqında artıq-əskik söhbətdən xoşu gəlmirdi və ən başlıcası isə belə söhbətlərə dözə bilmirdi – bu bir, ikincisi də o idi ki, Məmmədağa bu saat bu qarabəniz davakar qızdan lap ata söyüşünəcən hər şey gözləyirdi, odur ki, tez ciddiləşib:
– Atam bağışlamayıb, – dedi və bir daha ata söhbətinə qayıtmamaq üçün elə bil ki, ona xəbərdarlıq etdi, amma bu xəbərdarlığın özü də otuz yaşında kişinin xəbərdarlığından çox on beş yaşında oğlanın xəbərdarlığına oxşayırdı: – Atam müharibədə ölüb.
Qız ağzını açıb yenə nə isə qışqır-bağır salmaq istəyirdi, amma bu sözü eşidəndə birdən-birə susdu.
Məmmədağa tanımadığı adamla (hətta tanıdığı adamla belə) açıqlıq eləməyi xoşlamazdı və bu dəfə də üzünü birinci dəfə gördüyü bu qıza tərcümeyi-halını danışması onu acıqlandırdı, qızın birdən-birə susması isə onu lap pərt etdi.
– Adın nədi sənin?
– Neynirsən?
– Adam bir-biri ilə danışanda gərək bilsin ki, kim kimdi.
– Məsməxanım.
– Belə-belə işlər, Məsməxanım...
Əlbəttə, Məmmədağa bu saat Məsməxanımın ürəyindən keçənlərdən xəbərsiz idi və bilmirdi ki, Məsməxanımın ürəyində bu saat bir ağrı sızıl-sızıl sızıldayır.
Çox-çox illər bundan əvvəl, o vaxtlar ki, Məsməxanım balaca qız uşağı idi və həmin qız uşağının dünyada heç bir dərdi-səri yoxuydu, anası həmişə deyərdi ki, atan müharibədə ölüb. Anası səfərdə olanda Məsməxanım günlərlə evdə tək qalardı və o vaxtlar o həmişə atası ilə söhbət edərdi, sonralar bu söhbət internat məktəbində də davam edərdi, top guruldardı, bomba partlardı. Məsməxanım atasının yarasını sarıyardı, atası da iri kişi əlilə onun qara saçlarını sığallayıb gülümsəyərdi; bu iri kişi əllərinin istisi, mehribanlığı onun bütün bədəninə yayılardı və ürəyində belə bir məhəbbət əmələ gətirərdi ki, bu məhəbbətin qəhəri hərdən gözlərini doldurardı. Amma günlərin adi bir günündə birdən-birə Məsməxanıma məlum oldu ki, atası heç vaxt müharibədə ölə bilməzdi, çünki müharibə qurtarandan üç il sonra dünyaya gəlmişdi. Bu məlum olandan sonra Məsməxanım daha heç vaxt anasından atası barədə bir söz soruşmadı. Həmin söhbətlər yəqin anasının da yadından çıxıb getmişdi. Bəlkə heç yadından çıxmamışdı və Güldəstə də qızı kimi ürəyində çəkirdi?
Amma həmin iri kişi əllərinin istisi, mehribanlığı uzun müddət çəkilib getmədi və əslinə baxsan, elə indinin özündə də haradasa bir az qalıb o istidən, o mehribanlıqdan.
Məmmədağa qarşısında dayanmış bu gülməli qızın dolu sinəsinə, yaraşıqlı dizlərinə, yumru topuqlarına, səndəlli yalın ayaqlarına baxdı və ürəyindən qəribə bir nigarançılıq keçdi. Çoxdan idi onun ürəyindən belə bir nigarançılıq keçməmişdi və ona elə gəlirdi ki, belə bir nigarançılıq da yeniyetməlik illəri ilə birlikdə çıxıb gedib işinin dalınca. İndi həmin nigarançılıq hissinin birdən-birə qəflətən bu cür geri qayıtması elə bil ki, bu gülməli qızın, bu davakar, hay-küylü qızın gülməli olmağını da, davakarlığını da, hay-küyünü də yuyub apardı və Məmmədağa furqonun gur işığında dolu sinəli, yaraşıqlı bədənli, yumru topuqlu bu qızda bir məsumluq, bir təmizlik gördü.
Məmmədağa gecə-gündüz Abşeron yollarında maşın sürə-sürə bərkimiş, çox görüb, çox götürmüş bir kişi idi və indi onun bu cür yeniyetməlik dövrünə qayıtması da, görünür, Zuğulbadakı həmin qəribə yay gecəsinin bir hissəciyiydi; bu dəfə o, həmin naməlum qəribəliyi bütün varlığı ilə hiss etdi.
Gözlərini Məmmədağanın sarı köynəkdə, göy yubkada, yalın ayaqlarda gəzən baxışlarından çəkməyən Məsməxanım qabağında dayanmış bu hündürboylu, enlikürəkli oğlanın fikirlərini özü bildiyi kimi yozdu və ürəyindəki gizli bir ürkəkliklə furqonun açıq qapısından dalğalarının köpüyü ağaran dənizə baxdı, bu biyabanlığın kimsəsizliyini hiss etdi, sonra da Məmmədağanı xəbərdar etməkdən daha çox özünə toxtaqlıq vermək üçün:
– Mən sən deyənlərdən deyiləm a-a! – dedi.
– Mən deyənlər kimdi? – Məmmədağa məhəccərin üstündə oturub əlləri ilə dizini tutdu. – Hə?
– Bilmirəm kimdi... – Qız bu oğlanın göy gözlərinə baxa-baxa başa düşdü ki, onun baxışlarını düzgün oxumayıb və bu dəm həmin baxışlar, nədənsə, ona çox doğma gəldi, elə bil ki, bu baxışları çox-çox görmüşdü. Nə üçün ona belə gəldi, özü də məəttəl qaldı.
– Nə dedilər milisdə?
– Dedilər ki, bu dəfə işi xarabdı... On beş sutkayla qurtarmadı bəlkə bu dəfə...
– Bəs Nəcəfə zəng eləmədi?
Məsməxanım təəccüblə bu oğlana baxdı, yəni ki, sənin tanımadığın adam yoxmuş ki, dünyada... Sonra dedi:
– Nəcəf keçən il qovub onu kabinetindən...
Bu sözləri dedi və özü də öz sözlərinə heyrət elədi, elə bil, o yox, başqa bir adam dedi bu sözləri. Məsməxanım heç kimin yanında belə danışmazdı, neçə illər idi ki, heç kim onun nə çəkdiyini bilmirdi, neçə illər idi ki, evlərinin söhbəti evlərində qalırdı və Məsməxanımın fikrincə, həmişə də belə olacaqdı, həmişə – ölənə kimi. Öləndən sonra camaat deyəcəkdi ki, dünyada bir Məsməxanım vardı, bu Məsməxanımın da Mirzoppa adında bir əri vardı, bir yerdə yaşayardılar... Amma necə yaşayardılar – bunu, heç kim bilməyəcəkdi və Məsməxanım da necə Məsməxanımdı, ürəyindən nələr gəlib, nələr keçirdi – bunu da heç kim bilməyəcəkdi... Yaxşı, bütün bunlar ki, belə idi, bütün bunları ki, heç kim bilməyəcəkdi, bəs indi o burada nə edirdi, nə işi vardı bu furqonun içində, bu taxta dovşanın, tülkünün, ayının, şirin və naməlum heyvanın yanında, bu yad oğlanın qabağında? Niyə çıxıb getmirdi öz xarabasına? Qızışıb gəldin bura, indi də görürsən ki, bu oğlanın heç bir təqsiri yoxdu və ondan heç nə də asılı deyil, təqsirlərin hamısı sənin o başıbatmış ərindədi, bəs niyə çıxıb getmirsən, nə gözləyirsən?
Məsməxanım bunları fikirləşdi və evi yadına düşdü, çarpayısı yadına düşdü, yadına düşdü ki, yenə tək-tənha qalacaq həmin evdə, səhər durub işə gedəcək, pamidor, xiyar, üzüm – nə varsa, onu satacaq, axşam yenə tək-tənha otağında oturub pəncərədən evlərinin qabağındakı böyük əncir ağacına baxacaq və ürəyindən keçəcək ki, bu cür tək-tənha pəncərə qabağında oturmaqdansa, Mirzoppanın dava-dalaşı yaxşıdı, Mirzoppanın ayaqyolunda bərkdən öyüyə-öyüyə qusmağı, sonra da gəlib xoruldaya-xoruldaya, fısıldaya-fısıldaya yatmağı yaxşıdı.
Keçən il həmin gün də əvvəlcə otağa spirt iyi doldu, sonra Mirzoppa içəri girdi və elə bil ki, dünyanın ən müsibətli xəbərini gətirirmiş kimi, bərkdən ağlaya-ağlaya (içəndən sonra tez-tez beləcə ağlamağı vardı Mirzoppanın) dedi ki, Nəcəf onu kabinetindən qovub:
– Bir məhəllədə böyümüşük, bir yerdə aşıq-aşıq oynamışıq, şumaqədər yortmuşuq asfaltın üstünə, indi məni kabinetindən qovur!..
Bir qədər bu cür yanıb yaxıla-yaxıla ağladı, dünyanın vəfasızlığından şikayət elədi, sonra da həmişəki kimi, hirsini tökdü Məsməxanımın üstünə, bir bəhanə tapıb əlini, ayağını işə saldı. Məsməxanım da onun yağlı sir-sifətini cırmaqlayıb qanatdı. Amma bütün bunların heç kimə dəxli yox idi, məhəccərin üstündə oturub furqonun gur işığında ona baxan bu göygöz oğlana da dəxli yox idi və Məsməxanım buradan çıxıb əvvəlcə milis idarəsinə gedəcəkdi, yenə də çığır-bağır salacaqdı, amma yenə də bu çığır-bağırdan bir iş çıxmayacaqdı, axırda tək-tənha qayıdacaqdı evinə. Bəyəm az olmuşdu belə gecələr?
– Sənin neçə yaşın var? – Bunu Məmmədağa soruşdu.
– İyirmi dörd. – Bunu da Məsməxanım dedi və yenə də özünə məəttəl qaldı ki, niyə bu yad oğlanın bu cür suallarına cavab verir.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-bir-gorusun-tarixcesi-i-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nigar həyətdə çox atıldı-düşdü, qaçdı, tərlədi, ona soyuq dəydi, xəstələndi.Yalçın dedi:
Günayın, Yalçının, Nigarın və yekə canavarın nağılıÇox şilə aşı yemişəm, amma belə yalan deməmişəm.Günlərin bir günündə Günay, Yalçın, Nigar həyətdə oynayırdı. Bu təzə həyət elə gözəl idi ki!... Hər tərəf ağac, gül, ot... Bir tərəfə baxanda da böyük bir dağ görünürdü, özü də yamyaşıl meşəli dağ...
Humayın yuxusuHumay elə yaxşı, elə yaxşı qızdı, özü də deyir ki, Humay yaxşı qızdı.Günlərin bir gözəl günündə günəş yavaş-yavaş batdı, axşam düşdü, bütün uşaqlar yatdı, Humayın böyük bacısı Günay da yatdı.
Günay, Humay, bir dənə günəbaxan və qırt toyuğun cücələriQış qurtardı, yaz gəldi, nərgiz torpaqdan baş qaldırdı, ağaclar çiçəklədi, lalələr çölləri, düzləri qıpqırmızı qızartdı, gül bülbülü çağırdı, bülbül gülü, sonra yay gəldi, istilər başladı və Günayla Humay atasıyla birlikdə, anasıyla birlikdə maşına minib yay istirahətinə kəndə getdilər.Günayla Humaygilin kənddə yaşadıqları evin həyətində çoxlu ağac var idi və Günayla Humay bu ağacları meyvələrindən tanıyırdılar:
Başqa şairlərin şeirləri
Bir xaric dövlətdən bir əmirzadə,Gəlibdir Tiflisə, gəzib azadə.
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.