Səhifə 3 / 7 · 29%

Bu əhvalatı Məsməxanıma Bikəbacı danışmışdı. Onda Məsməxanım internat məktəbdən evlərinə təzəcə köçmüşdü. Bikəbacı onlarla qapıbir qonşu idi, əri müharibədə ölmüşdü, iki qızı var idi, ikisi də ərdə idi. Bikəbacı ikiotaqlı mənzilində tək yaşayırdı. Bikəbacının Güldəstədən xoşu gəlmirdi, amma bunu Məsməxanımdan gizlədirdi. (Güldəstənin də Bikəbacıdan xoşu gəlmirdi, deyirdi: «– Əh, qadam onun ürəyinə! Fors eləməyinə bir bax! Nəyi artıqdı məndən? Padumayiş, qızları yaxşı yerə ərə gediblər!.. Hələ bilmək olmaz ki, o yaxşı ər bunun qızından xəlvəti nə eliyir!». Güldəstə belə deyirdi, amma ürəyində özü də yaxşı bilirdi ki, Bikəbacı ondan artıq adamdı). Güldəstə səfərdə olanda Bikəbacı hərdən Məsməxanımın yanına gəlirdi, hərdən Məsməxanımı öz evinə çağırırdı, bir yerdə düşbərə büküb bişirirdilər, bir yerdə oturub yeyirdilər, Bikəbacı da elə hey söhbət edirdi. Bu əhvalatı da bir qış axşamı ikilikdə oturub loto oynayanda danışmışdı.

Yüz yaşında bir kişi vardı. Bir gün həmin kişi meşədən bir şələ odun gətirirdi evə. Şələ ağır idi, az qalırdı qocanın belini sındırsın. Şələ ona o qədər əzab-əziyyət verdi, belini o qədər incitdi ki, qoca odunu belindən yerə atıb Əzrayılı çağırmaq istədi; onsuz da, yüz il ömür sürmüşdü bu dünyada, bəsdi daha, qoy Əzrayıl gəlib canını alsın.

– Əzrayıl! Ay Əzrayıl!

Birdən, doğrudan da, Əzrayıl qocanın qabağında peyda olub soruşdu:

– Nədir, kişi, nə istəyirsən?

Yüz yaşlı ixtiyar Əzrayılı görən kimi, o saat ölümdən qorxub dedi:

– Səni çağırdım ki, gəlib kömək eləyəsən, bu şələni dalıma alım...

...Məsməxanım dənizin lap kənarı ilə addımlaya-addımlaya:

– Görürsən də, yüz yaşlı kişini, – dedi, – o saat qorxdu ölməkdən. Belədi də, can şirin şeydi...

– Elədi. – Məmmədağanın Məsməxanımın çoxbilmişliyinə gülməyi tutdu.

Məsməxanım yenə başını qaldırıb işığı güclə sezilən ulduzuna baxdı, sonra üzünü Məmmədağaya çevirib soruşdu:

– Sənin arzuların çoxdu?

– Nə bilim?.. – Məmmədağa yenə gülümsədi.

Məsməxanım isə bu saat ən ciddi hesab müəlliməsinə oxşayırdı.

– Necə nə bilim? Öz arzularını bilmirsən?

– Nə cür arzuları?

– Arzunun nə cürü yoxdu ki... Arzu elə arzudu də! Əgər sən istəyirsənsə ki, gecənin bir aləmi yağış yağıb pəncərənin şüşələrini taqqıldatsın, bu da arzudu. Əgər istəyirsən ki, dünyada heç kim heç kimə bir pislik eləməsin, bu da arzudu. Arzu arzudu, böyüyü-kiçiyi yoxdu!.. Bax, sən indi nə arzu edirsən?

– Mən?

– Hə, sən. Bax, bu saat sən nə istəyirsən?

– Bu saat mən yemək istəyirəm.

– Nə istəyirsən?

– Yemək.

– A - a - a!.. - Məsməxanım əvvəlcə ay işığında bu göy gözlərə baxdı, sonra bərkdən güldü. – Acmısan?

– Ölürəm acından... – Məmmədağaya elə gəldi ki, Məsməxanımın bu gülüşü yaz yağışı kimi, hər tərəfə bir təmizlik, bir sərinlik gətirdi; elə bil, qapqara bulud birdən-birə boşaldı və bircə dəqiqənin içində Zuğulbanın bu qumlu sahilini, dənizi, Abşeronun aylı-ulduzlu göyünü bağışladılar Məmmədağaya – o özü də bu işə lap mat-məəttəl qaldı; ona elə gəldi ki, dama çıxıb çərpələng uçurtduğu vaxtlara qayıdıb birdən-birə, ürəyi qayğısızdı və bütün yer üzündə indi təkcə bu aylı-ulduzlu Abşeron göyüdü, dənizdi, Zuğulbanın bu qumlu sahilidi, bir də onlar ikisidi, bütün yer üzündə ikicə nəfər adam var, birinin adı Məmmədağadı, o birinin də adı Məsməxanımdı.

– A-a-a... Mən də acmışam e!..

Səhər bura gələndə Məmmədağa yolda Bilgəhdən təndir çörəyi almışdı.

Bilgəhin çörəyi yaxşı çörək olurdu. Əlbəttə, çörəyin pisi yox idi və Məmmədağa

belə fikirləşirdi ki, çörəyə pis demək, onu bəyənməmək günahdır. Çörək bərəkətdir və bu bərəkəti dadlı bişirəndə adam da çörəyi çörəyə layiq ləzzətlə yeyir. İndi

furqonda həmin çörəkdən bir az qalmışdı, bir az üzüm vardı, bir az da pendir.

Məmmədağa yolda heç vaxt kolbasa, sosiska, konserv yemirdi, onunku yağ idi,

pendir idi, göyərti, tərəvəz, meyvə idi – bunlar salamat şeylərdi. Milisioner

Səfərgilin dağlarında hər addımbaşı bir bulaq vardı, Abşeron yollarında isə hər

addımbaşı bir kababxana vardı və hərdən kefinə düşəndə Məmmədağa maşını bir kababxananın yanında saxlayırdı, əl-üzünü yaxşıca yuyub yay vaxtı açıqlıqda, payız, qış vaxtı pəncərə qabağında otururdu, yaxşı təndir çörəyi ilə iki-üç şiş qabırğa

kababı yeyirdi. Kababxanada işləyənlər onu tanıyırdı, təzə ət olmayanda məsləhət görmürdülər ki, otursun, bir də bunu yaxşıca bilirdilər ki, Məmmədağa heç bir

stəkan pivə də içən deyil, «Borjom» olsa, başqa məsələ; Məmmədağa rul arxasında içki içmirdi, başqa vaxtlar isə baxırdı yerinə və əhvalına. Misal üçün, bazar günləri Sarı hamamdan çıxandan sonra məhəllənin yuxarı başında Əsədullanın pivə

köşkünün qabağında dayanıb noxudla bir-iki krujka pivə içməyin ləzzəti var idi.

(Amma bunun bir işi də vardı ki, Səkinə xala narahat olurdu: «– İsti yerdən çıxıb soyuq şey içməzlər, ay bala, angina olub başımıza iş açarsan də...». Məmmədağa: «– Qorxma, məmə, heç nə olmaz», – deyirdi və gələn dəfə Sarı hamamdan çıxanda

Əsədullanın «qvardeyski» pivə krujkasını Səkinə xalanın pürrəng çayı əvəz edirdi.)

...Məmmədağa dedi:

– Üzümlə, pendir-çörəklə necəsən?

Məsməxanım dedi:

– Üzümlə, pendir-çörəklə aram sazdı! – Sonra ay işığında alüminium örtüyü gümüş kimi ağaran furqona baxdı; furqon uzaqdan bütün dünyada tək-tənha ağarırdı, amma bu tənhalıqda bu saat bir istiqanlılıq vardı, bir doğmalıq, əzizlik vardı; Məsməxanım başa düşürdü ki, gecə yarıdan keçir, evinə çıxıb getməlidi, evi-eşiyi var, əri var və gecənin yarısı burada heç bir işi yoxdu – bütün bunları başa düşürdü, amma bu saat bütün bunların heç birinin mənası yox idi, çünki bu saat yer üzündə ikicə adam var idi, bunlardan birinin adı Məsməxanım idi, o birinin adı Məmmədağa idi və bu Məmmədağanın yekə, isti əlləri var idi, göy gözləri var idi.

Aydın məsələdir ki, Məsməxanımla Məmmədağa bir-birinin nə fikirləşdiklərindən xəbərsiz idilər, amma ən maraqlısı da elə bu idi ki, həmin qəribə yay gecəsi onlar ikisi də tez-tez eyni şey barədə fikirləşirdi.

Məmmədağa ilə Məsməxanım furqonun içinə girəndə ikiyüzlük elektrik lampası gözlərini qamaşdırdı və Məsməxanıma elə gəldi ki, divardan asılmış bu taxta dovşan, bu taxta tülkü, ayı, şir və naməlum heyvan əməlli-başlı gülürlər. Nəyə gülürdü onlar? Məsməxanıma gülürdü? Məmmədağaya gülürdü? Bu gecəyə gülürdü? Bəlkə birdən-birə belə yaman acmaqlarına gülürdü və deyirdi ki, Məsməxanım, Məmmədağa, görürsüz də, siz yerin uşaqlarısız, adi bəndələr kimi acırsız, zəhmət çəkin göyün yeddinci qatından düşün aşağı.

Məmmədağa tirin məhəccərindən atılıb, küncdə üstünə «Araz» radioqəbuledicisi qoyduğu balaca dolabın qapısını açdı və qəzetə bükülmüş çörəyi, pendiri, üzümü çıxartdı.

Məsməxanım balaca dolabın qabağında əyilmiş Məmmədağaya baxa-baxa fikirləşdi ki, bu gecəni səhərə kimi oturub xəmir yayar, bu oğlan üçün düşbərə, qutab bişirər və bu oğlan onun düşbərə, qutabını ləzzətlə yeyəndə özünü dünyanın bəxtəvəri bilər; çoxdan idi, lap çoxdan idi ki, Məsməxanım kiminçünsə, nəsə bişirmək arzulamırdı, çoxdan idi heç özüyçün də fərqi yox idi nə yeyir, amma hərdən gecələr yuxuya getməzdən əvvəl onun sehrli nağıl aləmində Məsməxanım adında tamam başqa bir qız kiminçünsə qəssab Mirzənin təzə kəsdiyi əmlik quzu ətindən şabalıdlı, albuxaralı qovurmaplov bişirirdi, dəvə ətindən narlı qutab qızardırdı, küncüt halvası çalırdı...

Məmmədağa əlindəkiləri məhəccərin üstünə qoydu, üzü qurama döşəkcəli taxta kətili məhəccərdən o tərəfə keçirib:

– Otur, – dedi. – Kasıbın olanı... Bir misal da var...

– Hansı?

– Varın verən utanmaz.

– Hə, bir misal da var.

– Hansı?

– Vaxtsız qonaq öz kisəsindən yeyər.

– Sən qonaqsan? – Məmmədağa lap sidq-ürəkdən təəccübləndi; doğrudan da, bəyəm Məsməxanım bu furqonda qonaq idi?

Məmmədağa qəzeti açıb səliqə ilə məhəccərin üstünə sərdi, üzümü, pendiri yerbəyer etdi, çörəyi ortadan bölmək istədi və məlum oldu ki, nazik təndir çörəyi bütün günü dolabda qalıb quruyub.

– Çörək quruyub yaman...

– Eybi yox..

– İstəyirsən qızdıraq?

– Hə, qızdıraq, – Məsməxanımın qara gözləri o saat işıldadı. – Qoy iyi gəlsin çörəyin!..

Məmmədağa qabaqlar yola çıxanda özüylə balaca elektrik pilətəsi götürürdü, akkumulyatordan furqonun içinə elektrik xətti çəkmişdi, hərdən özünə çay dəmləyirdi, qayqanaq bişirirdi, amma sonralar daha bu pilətəni özü ilə götürmədi, çünki onun fikrincə tir mətbəx deyildi və gərək tirdən pilətə iyi, yağ iyi, çay iyi gəlməyəydi; düzdür, yaxşı dəmlənmiş çayın iyi hərdən ləzzət edirdi, xüsusən, Abşeron kəndlərində keçirtdiyi kimsəsiz gecələr bu iydə, elə bil, bir insan qayğısı, bir mehribanlıq vardı, amma nə etmək olardı, tir ev deyildi, tir tir idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qış nağılı

Novruz Cuvarlinskinin xatirəsinəBakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.

23 dəq
Bu dünyada qatarlar gedər

Dünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.

13 dəq
Talvar

Akademik Məmməd Arif Dadaşzadəninxatirəsinə

26 dəq
Bülbülün nağılı

Dan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş, qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə işıqlandı, şəffaflandı və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi göründü.Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində, çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi, qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını sezirdi.

13 dəq

Başqa şairlərin şeirləri