II hissə
Səhifə 4 / 7 · 43%
– Sən dayan burda, bu saat çöldə balaca bir ocaq düzəldim, çörəyi qızdırım, gətirim.
– Hə, qala ocağı! Qoy həm çörək iyi gəlsin, həm də ocaq iyi gəlsin! Mən də baxacağam, burda niyə dayanım?..
– Yaxşı, burda dayanma. – Məmmədağa güldü.
– Ocaq çaqqıldaya-çaqqıldaya yanacaq, səs salacaq qumluğa... Biz də baxacağıq özümüzçün... İşığı düşəcək hər yana, bizim də kölgəmiz düşəcək onun işığında... Dənizə də düşəcək işığı... Dənizin suyunda bir parça qıpqırmızı od yanacaq... – Sonra Məsməxanım birdən-birə açıq-aşkar bikeflədi. – Amma ocağı söndürmək pis olur yaman... Közün ki, üstünə su tökürsən, külək aparıb pajar eləməsin, adamın ürəyi birtəhər olur...
– Hə, onu düz deyirsən. – Məmmədağa da lap əvvəldən, o vaxtdan ki, uşaq idilər və bayram axşamları məhəllədə – Dar dalanın qabağında ocaq qalayıb üstündən atılardılar, bu fikirdə idi ki, dünyada ocaqdan yaxşı şey yoxdu, amma bu şərtlə ki, sonra onun üstünə su töküb cızıldada-cızıldada söndürməyəsən.
Və həmin qəribə yay gecəsi Məsməxanımın gözləri yenə də birdən-birə işıldadı:
– Yanarqayanı tanıyırsan sən?
– Yanarqayanı? Yox...
– Heç eşitməmisən?
– Yox.
– Onda getdik! – Məsməxanım bir göz qırpımında məhəccərin üstündəki üzümü, pendiri, çörəyi tələsik qəzetə bükdü.
– Hara gedirik?
Məsməxanım qəzet bağlamasını qoltuğuna vurub:
– Gəl dalımca! – dedi.
Məmmədağa başa düşdü ki, bircə dəqiqənin içində küləyi dayandıran bu qız, bu dəfə də onu adi yerə aparmır, çünki bu özü də məlum məsələ idi ki, bu qız da adi adam deyildi, necə ki, bu gecə adi gecə deyildi və ümumiyyətlə, həmin gecə dünyanın bütün işləri adi işlər deyildi; Məmmədağa məhəccərin üstündən aşıb furqonun qapısından çıxan Məsməxanımın ardınca getdi; birdən qız qapının ağzında dayanıb geri çevrildi və taxta dovşana baxıb dedi:
– Onu vurmaq düzgün deyil.
– Niyə? – Məmmədağa da taxta dovşana baxdı.
– O cür qəşəng dovşandı, adam baxanda gülməyi tutur... Onu niyə gülləynən vurasan ki, gərək?..
Məmmədağa bir taxta dovşana baxdı, bir də Məsməxanıma baxdı:
– O ölmür ki, güllə dəyəndə. Əkizdi onlar, gülləni yaxşı atanda o birisi də o saat böyründən çıxır.
– Yox a? – Məsməxanım da bu dəfə gülə-gülə bir Məmmədağaya baxdı, bir taxta dovşana.
– İstəyirsən at özün, bax.
– Mən! A-a-a... Mən heç güllə atmamışam axı ömrümdə...
– Atmamısan, indi atarsan. Gəl bura.
Məsməxanım əlindəki bağlamanı taxta kətilin üstünə qoydu. Məmmədağa tüfənglərin hamısına bir gözdə baxırdı, təzəli-köhnəli hamısı cağbacağ idi və o, məhəccərin qabağındakı balaca dördkünc mizin üstünə yığdığı tüfənglərdən birini götürüb qanırdı, qalın saçaqlı dəmir gülləni lüləyə keçirtdi:
– Bax, o qırmızı nöqtəni görürsən, düz onu nişan al.
– Mən axı nişan ala bilmirəm...
– Bu saat elə yaxşıca atacaqsan ki...
Məsməxanım tüfəngi götürdü, gözünün birini qıyıb taxta dovşana baxdı və taxta dovşan onun gözünün qabağında o tərəf bu tərəfə qaçmağa başladı.
– Nişan ala bilmirəm e, mən...
Məmmədağa sol əli ilə tüfəngin qundağından yapışıb sağ əlini qızın çiynindən aşırdı, barmağını onun barmağının üstündən tətikdə saxladı, üzünü Məsməxanımın saçlarına yapışdırıb nişan aldı. Məsməxanımın qara saçlarından qəribə bir ətir gəlirdi və Məmmədağa qolları ilə, sinəsi ilə qızın kürəklərini, çiynini, boynunu hiss edirdi; bu hissdə bir doğmalıq, mehribanlıq vardı və Məmmədağa öz qolları ilə, sinəsilə, üzü ilə qızın çılpaq qollarını, çiynini, bütün bədənini örtmək istədi, bürümək istədi, elə bil, Məsməxanımı kimdənsə, nədənsə qorumaq lazım idi və elə bil, Məmmədağa indi bu qədər köməksiz, bu qədər zirehsiz görünən bu bədənə dəyə biləcək zərbələri öz üzərinə götürmək istəyirdi, çünki bu saat ona elə gəlirdi ki, güclü qolları arasındakı bu bədən, bu vücud uşaq bədəni, uşaq vücududu; onun sağ biləyi qızın döşünə toxundu. Məmmədağa bu döşün yumruluğunu, bərkliyini hiss etdi və Məsməxanımın barmağı ilə tüfəngin tətiyini çəkdi.
Taxta dovşanın bir ayağı üstə sağ tərəfə, arxadan çıxan ikinci dovşanın da bir ayağı üstə sol tərəfə əyilməyilə Məsməxanımın sevincək olub – ura - a! – qışqırmağı bir oldu və qız üzünü çevirib altdan-yuxarı bu göy gözlərə baxdı; o, bu gözləri, bu sifəti birinci dəfə idi bu qədər yaxından görürdü; oğlanın nəfəsi onun sifətini istilətdi və qız birdən-birə bu oğlanın üzündən öpmək istədi; istədi və öpdü – Məsməxanım belə Məsməxanım idi...
...Bikəbacı evdə tək qalıb darıxmamaqdan ötrü hərdən otağının birini kirayə verirdi. Kirayənişin çox vaxt Zuğulbaya işləməyə gəlmiş cavan qızlardan olurdu, bir-iki ay kirayədə qalırdı, sonra ya qaçıb Bakıya gedirdi, ya da hökumətdən təzə ev alırdı. Məsməxanım doqquzuncu sinifdə oxuyanda Gülzar adında cavan bir qız Bikəbacının evində qalırdı. Gülzar Bakıda kitabxanaçılıq texnikumunu qutarmışdı və təyinatını Zuğulbanın kitabxanasına almışdı.
Bir gün gecəyarısı Məsməxanım mətbəxdə qabları yuyub silirdi. Camaat çoxdan yatmışdı, təkcə Məsməxanımgilin pəncərəsi yanırdı. Həmin gün Məsməxanım ikiseriyalı ərəb filminə baxıb evə gec gəlmişdi. Film Məsməxanıma o qədər təsir etmişdi ki, evə qayıdandan sonra da bir xeyli özünə gələ bilmirdi. Film Əhməd adlı bir təyyarəçinin həyatından idi. Əhmədin Həbibə adlı gözəl bir sevgilisi vardı. Onların toyu olmalı idi. Bütün qonaqlar çağrılmışdı. Lakin Mahmud adlı bir həkim də Həbibəni istəyirdi və o, toy günü xəlvətcə Əhmədin təyyarəsinin cihazlarını xarab eləmişdi. Əhmədin təyyarəsi qəzaya uğrayır və onun üzünün bir tərəfi yanır. Əhməd xəstəxanaya düşür, amma Həbibəyə xəbər vermir. O, bu cür eybəcər sifətlə Həbibənin gözünə görünmək istəmir. Həbibə elə bilir ki, Əhməd vəfasız çıxıb, onu atıb gedib. Doktor Mahmud Həbibəni aldadıb zorlamaq istəyir. Həbibə qaçıb küçələrə düşür, az qalır dəli olsun. Oğrular, qumarbazlar onu içirib istifadə etmək istəyirlər. Birdən Həbibə ayılır. O, Əhmədin başına gələn qəza-qədərin təfsilatını öyrənir və uzaq bir kurortda hamıdan gizlənən Əhmədi tapır. Onlar uzun həsrətdən sonra bir-birini qucaqlayıb öpürlər. Doktor Mahmud öz əməlindən peşman olub acı-acı göz yaşları tökür. Sonra o, Əhmədin üzünü sağaldır və Əhməd yenə də əvvəlki kimi yaraşıqlı olur. Əhməd ilə Həbibə təzədən toy edib xoşbəxt olurlar. Filmin axırında doktor Mahmud sevincdən göz yaşları axıdır.
Məsməxanım boşqabları yuyub silə-silə Əhməd ilə Həbibə barədə fikirləşirdi və gözləri dolurdu; o fikirləşirdi ki, dünyadakı sevgililərin hamısı gərək bir-birini Əhməd ilə Həbibə kimi istəsin, onda doktor mahmudlar da həmişə öz əməllərindən peşman olarlar. Birdən Məsməxanıma elə gəldi ki, bayırdan nə isə qəribə səslər gəlir. Pəncərədən aşağı boylananda bir oğlanla bir qızın blokun qapısına söykənib bir-birini öpdüyünü gördü və Gülzarı o saat tanıdı.
Məsməxanım bütün ömründə birinci dəfə idi ki, doğrudan doğruya bir-birini öpən, bir-birini qucaqlayan oğlanla qız görürdü.
Bundan sonra Gülzar ilə həmin oğlan hər gün gecə blokun qapısına söykənib öpüşürdü və hər gecə də Məsməxanım mətbəx pəncərəsinin qabağında gizlənib
onları gözləyirdi. Məsməxanım bu oğlanı tanımırdı, o da yəqin gəlmə idi. Bu
oğlanın lap ürəkdən gələn yumşaq səsi vardı. Məsməxanım onun nə dediyini
eşitmirdi, təkcə bunu görürdü ki, bu oğlan öz ürək sözlərini ahəstə-ahəstə Gülzara deyir və sonra da öpüşürlər. Gülzar oğlanı birinci öpürdü, heç gözləmirdi oğlan
sözlərini deyib qurtarsın, sözlərini ağzında yarımçıq qoyurdu. Sonra da Gülzar
axırıncı dəfə oğlanı bağrına basıb bərk-bərk öpürdü, pilləkənlərlə yuxarı qalxırdı.
Oğlan bir müddət həyətdə dayanıb Bikəbacının pəncərəsinə baxırdı, sonra çıxıb
gedirdi.
Məsməxanım hər gecə oğrun-oğrun onlara baxırdı və yuxuya getməzdən əvvəl onun özünə də bir oğlan bu cür ürəkdən gələn yumşaq səslə cürbəcür sözlər deyirdi. Məsməxanım bu sözlərin mənasını başa düşmürdü, amma bu sözlər yağ olub, yuxuya getməzdən əvvəl onun bədəninə yayılırdı.
Bir gecə Məsməxanım mətbəx pəncərəsinin qabağında çox gözlədi, amma Gülzarla həmin oğlan gəlib blokun qapısına söykənmədi; ikinci gecə Məsməxanım təkcə həmin oğlanı gördü, həyətin yuxarı başında tək-tənha dayanıb Bikəbacının pəncərəsinə baxırdı; üçüncü gecə oğlan da daha gəlmədi; dördüncü gecə də blokun ağzı bomboş qaldı və Məsməxanım elə bildi ki, gecələr bu blokun ağzı daha həmişə bomboş olacaq, amma beşinci gecə yenə də bayırda tanış səslər eşitdi və gizlincə mətbəxin pəncərəsindən boylanıb aşağı baxdı, qaranlıqda Gülzarı o saat tanıdı və burasını da o saat başa düşdü ki, Gülzarın bu dəfə qucaqlaşıb öpüşdüyü oğlan başqa bir oğlandı.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-bir-gorusun-tarixcesi-ii-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Novruz Cuvarlinskinin xatirəsinəBakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.
Bu dünyada qatarlar gedərDünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.
TalvarAkademik Məmməd Arif Dadaşzadəninxatirəsinə
Bülbülün nağılıDan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş, qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə işıqlandı, şəffaflandı və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi göründü.Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində, çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi, qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını sezirdi.
Başqa şairlərin şeirləri
“Biz indi hardayıq Məmməd İsmayıl” şeirinin müəllifinə.*Yazdın, sorağını aləm eşitdi,
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
پر گذشتم به تماشاگه انسان و ملَکسیر کردم همه خوبان جهان را یک یک
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,