IV fəsil
Səhifə 2 / 2 · 50%
Dolça birinci gün damın yanında dayanıb bu təzə adamlara baxdı, bu təzə adamların hərəkətinə, danışığına, davranışına fikir verdi və milisioner Səfər düz deyirdi ki, itin xasiyyəti yiyəsinin xasiyyətinə oxşayar, Dolçanın da, deyəsən, elə birinci gündən bu təzə adamlardan gözü su içmədi, bu təzə adamları görəndə üzünü çevirdi, arxasını çevirdi.
Əlbəttə, bu təzə adamlar Dolçanın onları xoşlayıb-xoşlamamağının dərdini çəkmirdi və ümumiyyətlə, dərd çəkən adamlar qəbilindən deyildi bunlar, bircə Ofelya Dolça ilə dil tapmaq istəyirdi, amma bu da mümkün olmurdu.
Ofelya Ağababagilin qızlarına qaynayıb-qarışmırdı və həyət-bacada ayağıyalın, başıaçıq gəzən, istədikləri vaxt çörək yeyən, istəmədikləri vaxt yeməyən, qaynadılmamış, çiy quyu suyu içən, təkbaşına gedib dənizdə çimən bu qızlara Ofelya elə heyrətlə baxırdı, elə bil bu qızlar tamam başqa bir dünyanın adamlarıydı və Ofelya bu qızlarla dil tapmaqdansa, sövq-təbii, Dolça ilə dil tapmaq istəyirdi, Dolça ilə dostlaşmaq istəyirdi və bütün mehrini salmışdı Dolçaya.
Ofelya bütün günortanı gilas, gilasın üstündən şokolad, şokoladın üstündən kotlet, kotletin üstündən toyuq, balıq, ərik, qara kürü və sairə və ilaxır bu sayaq şeylər yeyə-yeyə Dolçanın damının yanındakı iydə ağacının kölgəsində dayanıb ya da Ağababanın düzəltdiyi taxta kətillərdən birini gətirib üstündə oturub boynu zəncirli Dolçaya baxırdı.
Dolça tərtəmiz geyinmiş, saçları səliqə ilə daranıb qırmızı bant taxılmış bu kök qıza fikir vermirdi, qız ona yaxınlaşmaq istəyəndə Dolça hürürdü və Ofelya da o saat qorxub geri çəkilirdi və şüşəbənddən bunu görən Əminə xanım:¸
– Qudurasan, qurbağa! – deyirdi.
Əminə xanımın belə deməsinin səbəbi o idi ki, Ofelya evdə şey qoymurdu,
hamısını gətirib Dolçanın qabağına atırdı, bütöv kotlet, toyuq budu, küftə, dolma içi atırdı Dolçanın qabağına, amma Dolça bunların heç birini yemirdi və bütün bunları həyətə gələn pişiklər tələm-tələsik yeyib qaçırdı. Ofelya o qədər pərt olurdu ki, az qalırdı ağlasın. Ofelya o qədər əlləşib-çalışırdı, o qədər mehriban danışırdı, o qədər əzizləyirdi, amma bütün bunlardan bir iş çıxmırdı və Dolça nə Ofelyanın üzünə
baxırdı, nə də onun verdiyi yeməli şeylərə dilini vururdu.
Əminə xanım yaxşı xörək bişirirdi və bu xörəklərin yaxşılığı, çox dadlı olmağı qoxusundan məlum edirdi. Kirayənişinlər bu evə köçən gündən gündə bir neçə
xörəyin ətri bütün bu həyət-bacanı başına götürürdü: səhər-səhər kəllə-paça, ət
blinçiki, tavakabab, günorta və axşam dolma, dovğa, plov, çığırtma, qızartma,
bozartma və ən çox da kotlet (Əmirqulunun arvadı Xeyransa deyirdi: «– Çox kalan adamlardı evündə olanlar!». «– Kalandırlar özləriyçün, mənə nə?» – deyirdi Ağabacı və ürəyində də deyirdi ki, alnımıza belə yazılmışmış, bu yay bizimki də belə
gətirməliymiş...).
Daha bir həftədən artıq idi bura köçmüşdülər, amma bu müddət ərzində Əminə xanım bir dəfə də olsun həyətdən eşiyə çıxmamışdı, tualet həyətin aşağı başında olmasaydı, zalımın qızı heç şüşəbənddən də aşağı düşməzdi yəqin. Bəşir müəllim hər gün Bakıdan taksi ilə gəlirdi və səhərlər taksi ilə də şəhərə gedirdi (Ağabacı deyirdi ki, bu kişi ki, bu qədər pul verir taksiyə, elə özünə bir maşın alsın də, Xeyransa da deyirdi ki, ağəz, olmaz yəqin də, qorxur də, məvacibi azdı yəqin, yoxsa nöşün almır?!). Bəşir müəllim hər dəfə də şəhərdən gələndə iki əli də dolu zənbillə gəlirdi və Əminə xanım bu zənbilin içindəkilərdən bir ucdan dadlı xörəklər bişirirdi.
Dərslər kəsilmişdi və Nuhbala bütün günü dəniz qırağında olurdu, qapqara qaralmışdı və yazıq biz bildiyimiz səbəbdən gecələr də evə gec gəlirdi, evdəkilər onun üzünü, demək olar ki, görmurdü. Qızlar bu xörək ətirlərinin dərdindən hərə başını götürüb bir rəfiqəsinin evinə gedirdi və Ağabacı da bu gedişlərin səbəbini bildiyi üçün canını dişinə tutub heç bir söz demirdi. Bütün bunlara bəlkə də dözmək olardı, amma bir şeyə dözmək çox çətin iş idi: bu cürbəcür xörəklərin, bu cür ətin müqabilində Ağabacı hər dəfə tavaya kartof töküb qızardanda, badımcan doğrayıb qızardanda, elə bil ki, uşaqlarından xəcalət çəkirdi; indiyəcən Ağababagildə belə şey olmamışdı və bu ən betəri idi.
Ofelya:
– Dolça! Dolça! – deyirdi və sidq-ürəkdən elə hey çalışırdı ki, bu ağ itlə dostluq eləsin. – Ala! – Əminə xanımın təzə dana ətindən bişirdiyi kotleti Dolçanın qabağına atırdı, amma Dolça bu dostluğu qəbul eləmirdi ki, eləmirdi.
Bir dəfə Ağabacının tükü ürpəşdi, arvada elə gəldi ki, Dolça gözünü Ofelyanın atdığı kotletdən çəkdi, üzünü döndərdi və ağladı.
Axşam Ağabacı Ağababaya dedi ki, səhər üç toyuq kəssin və sabah bu üç toyuğu bişirib yeyəndən sonra, Ağabacı sümüklərin hamısını bir qaba yığdı və həmin qabı aparıb Dolçanın qabağına qoydu. Dolça da həmin gün bu sümüklərin hamısını xırçıldada-xırçıldada beş dəqiqənin içində yeyib qurtardı.
Nə isə, dəsgah idi, Ağababa demişkən, eşşək gətir, mərəkə yüklə.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-dolca-iv-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qış qurtardı, yaz gəldi, nərgiz torpaqdan baş qaldırdı, ağaclar çiçəklədi, lalələr çölləri, düzləri qıpqırmızı qızartdı, gül bülbülü çağırdı, bülbül gülü, sonra yay gəldi, istilər başladı və Günayla Humay atasıyla birlikdə, anasıyla birlikdə maşına minib yay istirahətinə kəndə getdilər.Günayla Humaygilin kənddə yaşadıqları evin həyətində çoxlu ağac var idi və Günayla Humay bu ağacları meyvələrindən tanıyırdılar:
Axı, nə oldu ki, birdən hamı güldü?Günayla Humay on iki gün idi ki, yay istirahətinə Bakıdan kəndə gəlmişdilər və gözəl bir həyətdə, gözəl bir evdə yaşayırdılar.Bilmirəm sizə demişəm, yoxsa yox, Günayın yeddi yaşı var idi, səkkizə keçmişdi, özü də lap çoxdan keçmişdi, Humayın isə beş yaşı var idi, altıya keçmişdi, özü də lap təzəcə keçmişdi.
AyıcaAyıca Aysunun ən birinci dostu idi.Ayıca ayı balasının adı idi. Axı, Aysu hələ sözləri düz deyə bilmirdi... Sözlərin orasını əyirdi, burasını əyirdi, özündən cürbəcür sözlər quraşdırırdı.
Gilas qızAysunun adı Aysu idi, amma güllər, çiçəklər, yaşıl, yamyaşıl otlar öz aralarında Aysuya «Gilas qız» deyirdilər, öz aralarında pıçıldayırdılar:– Gilas qız gəldi...
Başqa şairlərin şeirləri
Ey tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
AriflərEşqin şərabından bir qətrə içən,Əlbəttə, od tutub yanar, ariflər!
Mənzumə: Gənə bilmirəm bu nə güftardırGənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır