Axı, nə oldu ki, birdən hamı güldü?
Günayla Humay on iki gün idi ki, yay istirahətinə Bakıdan kəndə gəlmişdilər və gözəl bir həyətdə, gözəl bir evdə yaşayırdılar.
Bilmirəm sizə demişəm, yoxsa yox, Günayın yeddi yaşı var idi, səkkizə keçmişdi, özü də lap çoxdan keçmişdi, Humayın isə beş yaşı var idi, altıya keçmişdi, özü də lap təzəcə keçmişdi.
Məktəbdə dərslər qurtarmışdı. Günay da birinci sinfi qurtarmışdı və Günay o qədər məktəbə getmişdi, o qədər dərs oxumuşdu, o qədər yazı yazmışdı ki, yaman yorulmuşdu.
Düzdü, Humay hələ məktəbə getmirdi, hələ hərfləri tanımırdı, ona görə də oxuya bilmirdi, yaza bilmirdi, amma Humay da axı, Günayı məktəbə ötürürdü, Humay da axı, evdə oturub Günayı gözləyirdi, Humay da axı, Günayın kitablarına baxırdı, Humay da axı, Günayın çəkdiyi şəkilləri çəkirdi və Humay da yaman yorulmuşdu.
İndi düz on gün idi ki, kənddə dincəlirdilər.
Günayla Humayın atası yazıçı idi. Səhərdən axşama qədər Bakıdan gətirdiyi yazı makinasının arxasında oturub yaz ki, yazırdı. Günayla Humay isə bütün günü həyətdə oynayırdılar, anaları ilə kəndə gəzməyə çıxırdılar, bulaq başına gedirdilər, çəmənlikdə gül-çiçək dərirdilər, böyürtkən kollarından böyürtkən yığırdılar...
Günayla Humay kənddə o qədər təzə şey öyrənmişdilər ki...
Sən demə, qarpız alma kimi, ya da ki, armud kimi, ya da ki, nar kimi, ağacda bitmir, yerdə bitirmiş...
Sən demə, inəyin balasının öz adı var imiş, buzov, atın da balasının öz adı var imiş, dayça, camışın isə balasının adı balaq imiş...
Sən demə... Eh, hansını deyəsən? Günayla Humay kənddə o qədər çox şey, o qədər çox şey öyrənmişdilər ki, elə bil kənd də bir təzə... məktəb idi! Düzdü, Günay Bakıdakı məktəbi də çox istəyirdi, amma bu məktəbi də lap çox istəyirdi!
İndi də Günay ilə Humay şüşəbənddə oturub həyətdəki armud ağacının dibində armud yeyən qaratoyuğa baxırdı. Bu qaratoyuq neçə gün idi ki, uçub gəlib həmin armud ağacının dibinə qonurdu və ağacdan düşüb yerdə qalan armudları dimdikləyə-dimdikləyə bir-bir yeyirdi.
Birdən kənddəki həmin gözəl evin sahibəsi Validə xala hinin yanından Günayla Humayı çağırdı:
– Günay! Humay! Tez bura gəlin! Görün sizə nə göstərirəm?!
Günayla Humay qaça-qaça hinin qabağına getdilər.
Validə xalanın ovcunda bir dənə balaca, lap, lap, lap balaca cücə var idi.
Bu cücə indicə yumurtadan çıxmışdı və Validə xala onu yavaşca əlinə götürüb Günayla Humaya göstərirdi.
Cücənin hələ heç tükləri qurumamışdı. Elə yavaşdan civildəyirdi ki, elə bil cücə deyildi, cücü idi. Gözləri elə xırdaydı ki, elə bil bir düyünü iki yerə paralayıb qapqara rəngə boyamışdın. Qanadları elə kiçikdi ki, elə bir kibrit çöpünü ikiyə bölüb düzəltmişdin. Ayaqları elə nazik idi ki, elə bil çəyirtkə ayağıydı. Təkcə... təkcə dırnaqları yaman uzun idi.
Günay cıqqılı cücənin bu cür uzun dırnaqlarını gördü və tələsik dedi:
– Validə xala! Validə xala! Tez qaçım qayçı gətirim, cücənin dırnaqlarını tut! Humay da tələsik dedi:
– Hə, Günay, tez qayçı gətir! Qoy qəşəng olsun!
Birdən Validə xala Günayla Humayın bu sözlərinə bərk güldü.
Validə xalanın böyük qızı İlahə də, ortancıl qızı Nüşabə, kiçik qızı Əfiqə də bərkdən güldü.
Validə xalanın balaca oğlu var idi, Nəsib, həmişə qaşqabaqlı olurdu, amma Nəsib də Günayın bu sözlərinə bərkdən güldü.
Humay da heç bilmədi ki, hamı niyə güldü, amma Humay da güldü.
Cıqqılı cücə də Validə xalanın ovcunun içində kiçik dimdiyini açıb yavaşcadan civildədi, elə bil ki, bu cıqqılı cücə də Günayın sözlərinə güldü...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-axi-ne-oldu-ki-birden-hami-guldu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qırt toyuq birinci dəfə idi ki, hindən çıxmışdı və dünyanı cücələrinə göstərirdi.Cücələr civildəşə-civildəşə, yüyürə-yüyürə analarının dalınca qaçışırdı və anaları da qırt yatdığı günlərdə qartlaşmış səsiylə qırt-qırt salıb o tərəf-bu tərəfə dimdik atır, gözaltı böyürtkən kollarının dibinə, hündür otların arasına baxırdı, hərdən başını çəpəki tutub zəndlə göyü gözdən keçirirdi.
Üçüncü sərçəBəzən təbiətdə elə hadisələrə rast gəlirsən ki, onların dolayısı yox, tamam müstəqim, birbaşa mənası səni tutur, sənə ləzzət edir.Misal üçün, mən, ədəbiyyatda müstəqim surətdə əxlaq dərsi verməyin, mənası tamam üzdə olan hadisələrin təsvirinin həmişə əleyhinə olmuşam.
«Aləm olduqca...»Qara Qarayev vəfat edib...Bizim böyük müasirimiz əbədi yuxuya gedib və bir də heç vaxt oyanmayacaq.
Alma əhvalatıVəfatından təxminən dörd-beş il əvvəl Rəsul Rza ilə Moskvadan Bakıya gəlirdik. Qatarla gəlirdik, ikimiz bir kupe götürmüşdük. Mən indi bu sətirləri yazanda, elə bil ki, gecənin içi ilə yol gedən o qatarın səsini eşidirəm və həmin qatar elə bil ki, Rəsul müəllimlə yol yoldaşı olduğumuz o uzaq iki günü daha da uzaqlara aparır...Təbii ki, yol boyu biz çox söhbət etdik. Rəsul müəllim şerində olduğu kimi, həyatda da ciddi adam idi, bəlkə də bir az sərt adam idi və mənə həmişə elə gəlirdi ki, onun bu sərtliyi əslində daxili kövrəkliyinin göstəricisi idi. Bu ciddilik və zahiri sərtliklə bərabər, Rəsul müəllim yumoru sevən, başa düşən və yumordan ləzzət almağı bacaran adam idi.
Başqa şairlərin şeirləri
Məni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
کار گل زار شود گر تو به گلزار آیینرخ یوسف شکند چون تو به بازار آیی
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
نه ذوق صحبت و نه میل گفتگو دارملبی خموشتر از گوش آرزو دارم