Səhifə 3 / 3 · 67%

Abşerondakı belə kababxanalarda menyü olmazdı, amma Gümüş Malikin kababxanasının bir fərqli cəhəti bundan ibarət idi ki, burda menyü olurdu və hamı bilirdi ki, bu gözəl menyü bukletini Gümüş Malik Çexoslovakiyada sifariş elətdirib gətirmişdi, arasına əllə yazılmış kağız qoyurdu və bu kağızda kababxanadakı cürbəcür yeməklərin adı yazılırdı, amma qiyməti yazılmırdı.

Ağababa xörəkpaylayan Cəfərqulunun gətirdiyi menyüyə baxdı və gördü ki, burda ən birinci şaşlık «Sürpriz» yazılıb, Ağababa da göy-göyərti, pomidor-xiyar və pendirdən başqa adama bir yeməklik şaşlık «Sürpriz» sifariş verdi.

Gümüş Malikin bu otağındakı pənçərədən Məşədi Manqalın manqalları görünürdü və ömrü boyu həmişə kabab bişirməklə məşğul olmuş Məşədi Manqal bu manqaldan o manqala qaça-qaça bir belə müştərinin kababını bütün gün ərzində təkbaşına bişirirdi. (Kəndin camaatı danışırdı ki, Məşədi Manqal hər gün o qədər tintüstü udur ki, axşam iş qurtarandan sonra, yəni, kababxananın manqallarının hamısına su çiləyib söndürəndən sonra, Məşədi Manqal bir tikə çiy quyruğa sap bağlayıb udur, sonra sapı dartıb quyruq tikəsini çəkib qarnından çıxarır və quyruq tikəsi hisdən qapqara olur; guya, Məşədi Manqal bu minval ilə hər axşam mədəbağırsağını təmizləyir.)

Xörəkpaylayan Cəfərqulu göy-göyərti gətirib mizin üstünə düzdu, xiyar, pomidor gətirdi, pendir gətirdi, Ağababa üçün iki yüz qram araq gətirdi, quyuya sallanmış və indi buz kimi olan «Badamlı» gətirdi və:

– Nuş can! – deyib getdi.

Ağababagil mizin üstundəkilərdən yeməyə başladı, sonra Ağababa araqdan yüz qram süzüb Baladadaşın və Ağagülun sağlığına içdi, sonra da hamı «Sürpriz» kababını gözləməyə başladı.

Ağabacı dedi:

– Balam, bu nə kababdı belə? Birdən qoyun əti olmaz, alayı şey olar a?..

Ağababa başa düşdü ki, Ağabacı ehtiyat eləyir ki, birdən donuz əti-zad olar, kişini gülmək tutdu və Ağababanın axır vaxtlar bu qədər urəkdən güldüyü olmamışdı; Nuhbala da, qızlar da başladılar gülməyə və elə bu vaxt klarnet səsi gəldi, zurna səsi, nağara səsi gəldi, «Gəlin» havasının adamın sümüyünü oynadan səsi aləmə yayıldı, sonra qapı açıldı, xörəkpaylayan Cəfərqulu əlində üstü pomidorla, göy-göyərti ilə bəzədilmiş içi kabab dolu böyük bir bulud oynaya-oynaya içəri girdi və xörəkpaylayan Cəfərqulunun ardınca da klarnetçalan Muxtar, zurnaçalan Ərəstun, nağaravuran İbrahim çala-çala, klarneti, zurnanı, nağaranı oynada-oynada içəri girdilər, xörəkpaylayan Cəfərqulu buludu mizin ortasına qoydu. Muxtar, Ərəstun və İbrahim də keçib dayandılar Ağababanın başının üstundə və güc verdilər «Gəlin» havasına.

Bu əhvalatın gözlənilməzliyindən əvvəlcə Ağababagilin gözü çıxdı kəllələrinə və handan-hana özünə gələn Ağababa:

– Alə, Cəfərqulu, bu nədi belə? – soruşdu.

Xörəkpaylayan Cəfərqulu:

– Şaşlık «Sürpriz»di də, qədeş! – dedi, – sonra: – Nuş can! – dedi və otaqdan çıxdı.

Muxtar klarnetin ağzını otağın tavanına qaldırdı, Ərəstun ovurdlarını şişirdib var gücü ilə püflədi, İbrahim bir əli ilə nağaranın qabağını, o biri əli ilə də nağaranın dalını döyəclədi və çalğıçılar doğrudan aləm çaldılar, elə ürəkdən çaldılar ki, Ağabacı özünu saxlaya bilməyib ürəyində bunlara: «– Əhsən!» – dedi.

Ağababa başa düşdü ki, kababdan yeməyincə Muxtarın dəstəsi burdan çıxıb gedən deyil, çünki «Sürpriz» kababı belə kabab idi ki, gərək çalğıçılar müştərinin başının üstündə «Gəlin» havası çalaydı; əl atdı buluda, kababdan Ağabacının qabağına qoydu, qızların qabağına qoydu, Nuhbala özü götürdü, hərə özünə bir dənə də pomidor kababı götürdü. Ağababa qalan yüz qramı da töküb başda klarnetçalan Muxtar olmaqla çalğıçıların sağlığına qaldırdı və burası da aydın oldu ki, Gümüş Malik Ağababagil üçün, həqiqətən əla kabab təşkil eləyib.

Necə oldusa, birdən-birə Ağabacı fikirləşdi ki, görəsən, kirayənişinlərinin oğlu Adil instituta girdi, yoxsa yox? Ağabacı istədi ki, bu sualı bərkdən versin, amma bir söz demədi, çünki belə bir qiyamət gündə Ağababanın və uşaqların kefinə soğan doğramaq istəmədi.

Ağababa bura gələndə cibinə əlli manat pul qoymuşdu, amma Ağababagil yeyib-içib qurtarandan sonra, Gümüş Malik içəri girib dedi ki, gərək mənim qonağım olasınız. Ağababa təşəkkürünü bildirdi, sonra Gümüş Malik gedib xörəkpaylayan Cəfərqulunu içəri göndərdi ki, haqq-hesabı çəksin və bu zaman məlum oldu ki, gərək Nuhbala evə qaçıb bir xeyli əlavə pul gətirsin.

Kirayənişinlər, yəni Bəşir müəllimgil Ağabacıya yüz əlli manat pulu əvvəlcədən vermişdilər, əlli manat da sonradan verməli idilər, amma Ağababa Bəşir müəllimgili vaxtından beş-altı gün qabaq qovduğu üçün qalan pulu vermədilər və Ağabacı da həmin pulu onlardan istəmədi.

Nuhbala qaçdı evə ki, o yüz əlli manatı götürüb gəlsin və Ağababa bu kababxana ilə haqq-hesabı çürütsün, yəni «Sürpriz» kababının xərcini ödəsin.

Ağabacı təzə televizorun məhəbbətini ürəyindən sildi, amma, doğrudan, heç «uf» da demədi. Ağababa da həmin pulun ikicə saatın içində beləcə xərclənməsinə fikir vermədi. Elə bil ki, elə belə də olmalı imiş.

Ağababagil kababxanadan çıxanda Nuhbala ilə qızlar qabaqca çıxdı. Ağababa ilə Ağabacı sonra çıxdı və onlar kababxananın dal tərəfindən keçib dəniz kənarına düşmək istəyəndə ki, evlərinə getsinlər, birdən Ağabacı Ağababanın qolundan yapışdı:

– Ağababa!

Ağababa əvvəlcə Ağabacıya baxdı, sonra Ağabacının baxdığı səmtə tərəf baxdı.

Üç dənə it Gümüş Malikin kababxanasının dalında sür-sümük yeyirdi və bu itlərdən biri Dolça idi.

Dolça ağzında yekə bir sümük başını qaldırıb Ağababagili gördü.

Dolça bir müddət Ağababagilə baxdı. Dolçanın qara gözləri günün altında parıldayırdı və Ağababa bu gözlərdə açıq-aşkar bir kədər oxudu.

Sonra Dolça başını aşağı salıb yavaş-yavaş zingildəyə-zingildəyə kababxananın həyətinə girdi.

Ağabacı bir də onu gördü ki, bətnindəki körpə qarnını təpikləyir; birinci dəfə idi ki, qarnındakı bu uşaq təpik atırdı, tərpənirdi və həmin avqust günü Ağababa ilə birlikdə evlərinə gedə-gedə Ağabacı Baladadaşın, Ağagülün, Nuhbalanın, Nailənin, Firuzənin, Kəmalənin, Amalənin, Dilşadın, Böyükxanımın çağalığını yadına saldı, bu çağaları bir-bir gözünün qabağına gətirdi və fikirləşdi ki, adamın nə qədər çox uşağı olsa, bir o qədər yaxşıdı.

İyul, 1978.

Zuğulba.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xııı fəsil

Həmin sentyabr günü Bolelşik Bufetçi İbadullanın kefi kök idi, çünki dünən axşam «Neftçi» Finlandiyadan gəlmiş bir komandanı 3-1 hesabı ilə udmuşdu, bu gün də həmin gözəl futbol qələbəsinin davamı kimi, nərddə əli gətirirdi və səhərdən bəri bazar günü olduğu üçün, işə getməmiş məhəllə kişilərini, hətta, məhəllədə ən yaxşı nərd oynayan hesab olunan və ildə-ayda bir dəfə uduzanda da qızarıb pərtləşdiyindən xoruz kimi, az qala, adamın gözünü deşməyə hazır olan Avtobus Ağadadaşı da bir-bir udurdu.Qırx il idi ki, məhəllə adamları da, kənd camaatı da, Buzovnanın, Zuğulbanın və Vişnyovkanın yolayrıcında yay-qış həmişə açıq olan bufetin daimi və qeyri-daimi müştəriləri də Bolelşik Bufetçi İbadullaya sadəcə «Bufet» deyirdilər və çəkisi 160 kilodan çox olan Bolelşik Bufetçi İbadulla ayaq üstə durub nəhəng qarnını qabağa verəndə, bu kişidə, həqiqətən, bir bufet əzəməti hiss olunurdu. Kəndin birinci futbol azarkeşi olan Bolelşik Bufetçi İbadulla hər dəfə «Neftçi», yaxud respublikanın yığma komandası oynayanda, nə olursa, olsun, istəyir lap bufetinə müfəttiş gəlsin, mütləq Bakıya, oyuna baxmağa gedirdi və elə ki, bizimkilər bir qol vururdu, bufet əzəmətli bu 160 kiloqramlıq bədən yerindən elə hoppanırdı, elə bil, o özü də 160 kiloqram yox, top kimi yüngül bir şey idi.

2 dəq
Xıv fəsil

Bir dəfə, səfeh giləvar əsən bir payız axşamı idi və o səfeh giləvara baxmayaraq, Məmməd kişi yenə həmin zeytun ağacının altındakı o sınıq-salxaq skamyada oturmuşdu və bu hələ o vaxtlar idi ki, Məmməd kişi, ancaq öz-özü ilə yox, başqalarıyla da danışırdı, bax, həmin axşam Cümü motorolleri həyətdə saxlayıb yataqxananın blokuna girmək istəyəndə Məmməd kişi ondan soruşdu:– Bura bax, ə, Cümü, ermənilər müsəlman olsaydı, ruslarnan Amerika yenə onlara qəhmər çıxacaqdılar?

1 dəq
Xv fəsil

Gəlib Buzovnadakı bu fəhlə yataqxanasında yerləşəndən sonra, Cümü uzun müddət gecələr yata bilmədi və məsələ təkcə onda deyildi ki, nəm və isti Abşeron havası ilə nəfəs ala bilmirdi və dənizin o uğultusu da onu yatmağa qoymurdu – bunlar öz yerində, ən başlıcası o idi ki, bir balaca huşa gedən kimi Şuşanın küçələri, bağları, Ağadədəli məhəlləsi gəlib dururdu gözlərinin qabağında və bu – yuxu kimi yuxu deyildi, qarabasma kimi də qarabasma deyildi, amma o anlarda Cümünün nəfəsi daha da ağırlaşırdı, havası çatmırdı.Sonralar gecə gözlərinin qabağına gələn o rəngli – ən çox da yarpaq yaşılı – Şuşa mənzərələri yavaş-yavaş yox oldu və ümumiyyətlə, uzun müddət heç bir yuxu görmədi, amma axır vaxtlar tır-tır yuxusuna girməyə başlamışdı. Bu gecə də yuxuda tır-tırı gördü. Gördü ki, canını götürüb tır-tırdan qopmaq, qaçmaq istəyir, amma tır-tır onu buraxmır, Cümü qaçır, sürətlə öz-özünə gedən tır-tır da ardınca qova-qova onu izləyir və səksəkə içində yuxudan oyanıb hələ gün çıxmamış həyətə düşdü, zeytun ağacının yanında Məmməd kişinin (Gözlə Gəlirəm Məmmədin) boş skamyasında oturdu, bir siqaret çəkdi, sonra gedib tır-tırı işə saldı və tır-tır yarım saat bütün həyətə haray-həşir salıb işə düşdü və Cümü yataqxananın həyətindən çıxdı, bir də axşam saat 9-da – 10-nun yarısında qayalığa gəldi.

2 dəq
Xvı fəsil

Şuşa İnternat məktəbində idman müəllimi işləyən Salman indi xəstəxanada gözətçi yeri tapıb, orada işləyirdi və gecələr xəstəxanadan spirt oğurlayırdı, Cümü də Salmanla birlikdə o spirtdən içib keflənəndə, növbəti stəkandan sonra üz-gözünü turşudub deyirdi:– Ə, dərddən içirəm e, mən, dərddən! – Sonra da özünün özünə hirsi tuturdu və bu dəfə də öz-özünə deyirdi: – Tüpürüm sənin dərdinə də, özünə də!..

1 dəq

Başqa şairlərin şeirləri