Səhifə 2 / 2 · 50%

Həmin qarlı cümə günü Əlipaşanın ürəyindəki o yüngül qəmginliyi bu dəfə bir hərarət əvəz elədi: maaşdan başqa da Züleyxaya nəsə bir pul verəcəkdi və o gözəl hadisə həmin hərarəti, həmin çəkisiz, xoş hərarəti indidən ürəyinə yaydı.

Əlipaşa altı il korrektor işləmişdi, sonra kiçik redaktor işləmişdi, indi də on ildən artıq idi ki, redaktor işləyirdi və bütün bu müddətdə, təbii ki, yalnız maaşa baxmışdı. Başqa redaktorlar ordan-burdan pul qazanırdı, kimisi hekayə yazırdı (hətta roman yazıb, sonra da həmin romanı nəşriyyatda çap elətdirmək uğrunda illərlə mübarizə aparanlar da var idi!), kimisi tərcümə edirdi, qəzetlərə, radioya, televiziyaya nəsə bir məlumat, ya reportaj, ya da bir başqa şey yazırdı, amma Əlipaşa heç nə yazıbpozmurdu və buna görə də, arı şirniyə uçan kimi, ora-bura qonorara uçuşan həmkarlarından açıq-aşkar seçilirdi. Bəlkə, yaza bilmirdi? Bəlkə, yaza bilərdi, amma həvəsi yox idi? Bəlkə, başqaları kimi bacarığı yox idi, qılığı yox idi? – Səbəbini bilmirdi, heç vaxt nəsə bir şey yazıb-pozmaq üçün təşəbbüs göstərməmişdi, təkcə bir dəfə, bircə dəfə yazı yazmışdı, yaxşı da pul qazanmışdı, amma indi o yazının yalnız bir xatirəsi qalmışdı...

Əlipaşa yeddi il idi ki, üçotaqlı rahat mənzilinə köçmüşdü; mikrorayondakı bu mənzili nəşriyyatda növbəyə durub almışdı, o vaxta qədər isə Züleyxanın anasıgildə ikiotaqlı balaca mənzildə qalırdılar. Yeni köçdükləri binada qapıbir qonşuları Mürsəl adında bir kişinin ailəsi idi və həmin Mürsəl restoranda – gərək ki, ode, uzaqdan görünən o «Sağlamlıq» restoranında – bufetçi işləyirdi, çox işgüzar, burdan vurub, ordan çıxan, cəld bir adam idi, civə kimi, yerində dayana bilmirdi, həddən artıq tanış-bilişi var idi, evində də tez-tez qonaqlıqlar olardı və əvvəllər (o yazı əhvalatına qədər!) Mürsəl Əlipaşanı da qonaqlıqlarına çağırırdı, sonra isə (o yazı əhvalatından sonra) araları xeyli sərinlədi.

Mürsəl, deyəsən, heç orta məktəbi də bitirməmişdi, kefinin kök vaxtlarından birində, dediyi kimi, qırx yeddi illik ömründə bir dənə də kitab oxumamışdı və buna görə də, qalın-qalın kitablarda redaktor kimi Əlipaşanın adını görüb (o kitabları təsadüfən Əlipaşanın evində görmüşdü) təzə qonşusuna böyük hörmət göstərirdi, qurduğu məclislərdə Əlipaşa ilə açıq-aşkar fəxr edirdi. Əlipaşa ilə qonşu olandan sonra, Mürsəl hərdənbir, hətta, kitab mağazalarına girirdi və azərbaycanca təzə çıxmış qalın kitabları çox ciddi görkəmdə vərəqləməyə başlayırdı, Əlipaşanın adını axtarırdı, rast gələndə, elə bil, lotereyası udurdu, daxili bir sevinclə mağazadakı adamlara baxırdı, hətta iki dəfə özünü saxlaya bilməmişdi, cildləri gözəl olan həmin kitablardan – bir dəfə Drayzerin «Kerri bacı»sını, bir dəfə də Rəşad Nuri Güntəkinin «Çalı quşu»sunu – alıb gətirib qonaq otağında, gözlərinə cürbəcür büllur güldanlar, qənddanlar, qədəhlər düzülmüş dolabın görümlü yerlərindən birinə qoymuşdu. Düzdü, Mürsəl o iki kitabı oxumadı, amma hərdən şəstlə gəlib o iki kitabla üzbəüz dururdu, o iki kitaba baxırdı, sonra dolabın qabağında bir neçə addım o baş-bu başa var-gəl edirdi, səhərdən-axşamacan «Sağlamlıq» restoranının bufetində nəfəs aldığı o ab-havadan çox fərqlənən, əsl maariflə dolu yüksək bir hiss kişinin sinəsini qabardırdı və belə anlarda Mürsəl, nədənsə, gedib özünə çeşmək sifariş eləmək, çeşmək taxmaq istəyirdi.

Mürsəlin dostlarının arasında müfəttişdən tutmuş məşhur stomatoloqacan, futbol hakimindən tutmuş müstəntiqəcən çox adam var idi, amma iş belə gətirmişdi ki, yazı-pozu işləri ilə məşğul olan adam yalnız təzə qonşusu Əlipaşa idi və günlərin bir günündə Mürsəl Əlipaşanın qapısının zəngini basdı və Əlipaşadan yatsa yuxusuna girməyəcək bir xahiş elədi: Mürsəlin dostlarından biri səhiyyə nazirliyində işləyirdi, cürbəcür xəstəliklərin əleyhinə plakatlar buraxmaq istəyirdilər və bu barədə söz düşəndə, dostu həmin plakatlara qısa şerlər yazmaq üçün qələm ustası axtaranda, Mürsəl, əlbəttə, o saat Əlipaşanın adını çəkmişdi, həmişəki kimi, bu dəfə də dostlarının köməyinə gəlmişdi, indi də Əlipaşadan xahiş edirdi ki, həmin plakatlar üçün o qısa şerləri yazsın.

Ömründə ilk dəfə pendir, yaxud kolbasa, yaxud göy-göyərti, içki haqq-hesabı ilə yox, maarifçi bir işlə məşğul olduğu üçün, Mürsəl daxili bir coşğunluq, ruh yüksəkliyi içində idi və özü ilə səhiyyə nazirliyi adından müqavilə gətirmişdi, sifariş olunan plakatların mövzusu yazılmış bir qovluq səliqəli kağız-kuğaz gətirmişdi və bu xəbərin gözlənilməzliyindən özünü tamam-kamal itirmiş Əlipaşa heç özü də bilmədi ki, üçrəqəmli məbləğ yazılmış o müqaviləni (bütün ömründə ilk dəfə imzalayacağı o müqaviləni) necə imzaladı.

Züleyxa əvvəlcə bu işə çox şübhəli yanaşdı, sonra Əlipaşada qalan həmin imzalanmış nüsxəsini əvvəldən axıracan bir neçə dəfə diqqətlə oxuyub öyrəndi, sonra o səliqəli qovluqdakı kağızları bir-bir oxudu və doğrudan da, dünyanın qəribə işləri var idi. Mürsəl hara, Züleyxa hara? – amma Mürsəlin bayaqkı daxili coşğunluğu, ruh yüksəkliyi, elə bil ki, yavaş-yavaş Züleyxaya keçdi, Züleyxa Əlipaşanın yazı mizinin üstündən qızların dərs kitablarını, dəftərlərini götürdü, mizi səliqə-sahmana saldı, həmin daxili coşğunluqla, ruh yüksəkliyi ilə Əlipaşanın karandaşlarını yondu, qələmlərinin mürəkkəbini yoxladı, çay dəmlədi və axşam Əlipaşa yazı mizinin arxasında oturanda özündə heç vaxt hiss etmədiyi bir yaradıcılıq ehtirası hiss etdi, bütün həyatında ilk dəfə şer misraları yazmağa başladı.

Adətən, nəşriyyat işçiləri, nəşriyyata gəlib-gedən müəlliflər söhbət düşəndə, gülə-gülə, yaxud xəyala dala-dala deyirdilər ki, eh, cavanlıqda kim şer yazmayıb?! O zaman Əlipaşa səsini çıxartmırdı, çünki ömründə və o cümlədən də, cavanlığında heç vaxt şer yazmayan adamlardan biri elə özü idi.

Nə isə, ilk plakatın mövzusu bədəni istiyə-soyuğa öyrətməyin xeyrindən, yeyib-içməyə fikir verməkdən ibarət idi, bu barədə rəssam satirik şəkil çəkəcəkdi və Əlipaşa o çəkiləcək şəklin altındakı iki misranı belə yazdı:

Mən tez-tez oluram zökəm,

Çünki çox yeyirəm, kökəm.

İkinci plakat oturaq həyat keçirməyin, hərəkətsizliyin əleyhinə olmalı idi və Əlipaşa bir xeyli yaradıcılıq iztirablarından sonra, çox götür-qoy edəndən, fikirləşəndən sonra bu iki misranı yazdı:

Maşınla gəzirəm mən hər saat,

Bununçun da olmuşam infarkt.

Yazı mizinin arxasında oturub o plakatların şerlərini yazdığı zaman birdən-birə Əlipaşaya elə gəldi ki, elə bil, həmin yaradıcı dəqiqələrdə nədən ötrüsə çox yeyənlərdən, ömründə trolleybusa minməyib maşınlarda gəzənlərdən, içki içənlərdən, siqaret çəkənlərdən intiqam alır; nəyin intiqamı idi? Nə üçün məhz intiqam almalı idi? Ürəyindəki o gizli kin-küdurət nə idi hələ? Bilmirdi, amma bu hiss Əlipaşanın xoşuna gəlmirdi, bu hissi özündən uzaqlaşdırmaq istəyirdi və buna görə də üçüncü plakatın şerini tamam kinsiz-küdurətsiz yazdı:

Əllərini yumazsan,

Dezinteriya tutarsan.

Axşam keçdi, gecə düşdü, Gülzar da, Sona da, Süsən də, o vaxt lap balaca olan Suğra da atalarının çox ciddi və vacib bir işlə məşğul olduğunu başa düşdükləri üçün cınqırlarını da çıxarmadan yerlərinə girib yatdılar, Züleyxa mane olmasın deyə heç bir söz demədən hərdənbir Əlipaşa işləyən otağa isti çay gətirdi və bu minval ilə Əlipaşa səhər, saat beşə qədər işlədi, plakatların hamısının şerini yazıb qurtardı və cəmi ikicə saat (səhər saat yeddiyə kimi: əvvəlcə birinci növbədə oxuyan Sonanı məktəbə aparmalı idi, sonra nəşriyyata işə getməli idi) yatdı, amma ömrünün ən şirin yuxusunu yatdı.

İkinci gün axşam bufetdən yarım saatlıq qaçıb gəlmiş Mürsəl içəri girən kimi, Əlipaşa yazdıqlarının hamısını ona oxudu və həmin anlarda ürəyi yüksək maarifçi hisslərlə dolmuş Mürsəl də heyranlıqla başını bulaya-bulaya bu şerlərə qulaq asıb ağız dolusu təşəkkür elədi, Əlipaşanın yazdığı əsərləri qoltuğuna vurub apardı.

İki gündən sonra Əlipaşa müqavilə üzrə ona çatacaq qonorarın hamısını alıb gətirib Züleyxaya verdi, amma o yaradıcılıq fəaliyyətinin, o üçrəqəmli məbləğin sevinci çox çəkmədi, çünki beş-altı gündən sonra pilləkəndə Mürsəllə rastlaşanda çox pis bir hadisə baş verdi.

Mürsəl açıq-aşkar bir kinlə (hətta nifrətlə!) Əlipaşaya baxa-baxa: « – Alə, – dedi, – sənin əlindən bir iş-zad gəlmirmiş ki, alə! Allah səni biabır eləsin, biabır eləmisən məni o boyda kişinin yanında!». Ayaq üstə çaşbaş qalmış Əlipaşaya haçandan-haçana məlum oldu ki, plakatlara yazdığı o şerlərin üstündə az qalıblar Mürəsəlin hörmətli dostunu (həmin kişini!) işdən çıxarsınlar, axırda xətir-hörmət qoyub şiddətli töhmətlə kifayətləniblər. Mürsəl yana-yana: «–Alə, elə də şer yazarlar? – dedi, sonra da o şerləri yamsıladı: – Dizenteriya oldum, mən nə bilim neylədim?.. Ay-hay! sən lap bisavadıymışsan ki, alə!..»

Həmin gündən sonra, Mürsəl, təbii ki, bir də heç vaxt Əlipaşanı evindəki məclislərə dəvət etmədi, blokun pilləkənlərində, ya həyətdə rastlaşanda ötəri bir salam verib keçdi və Əlipaşa hələ burasını bilmirdi ki, Mürsəl daha bir də heç vaxt kitab mağazalarına girib qalın kitabları vərəqləmədi, o yazıq Drayzerlə Rəşad Nuri əfəndinin kitablarını da o qonaq otağındakı dolabdan götürdü.

Ancaq bir dəfə Mürsəl yenə də Əlipaşagilin zəngini basdı və bir balaca çəkinə-çəkinə belə bir təklif etdi ki, bir dostu qəbiristanlıq işləri ilə məşğuldu, o adamın qəbir daşlarında yazdırmaq üçün təsirli şerlərə ehtiyacı var (yəni ki, həmin təsirli şerləri qəbiristanlıqda yatan o rəhmətliklərin qohum-əqrəbasına satacaqdı ki, əzizlərinin qəbir daşlarına həkk elətdirsinlər) və yox, yox, o şerləri Əlipaşa özü yazmasın, başqa böyük şairlərin şerlərindən dünyanın vəfasızlığı barədə misallar tapsın versin, o adam da nə qədər lazımdısa, bu zəhmətin haqqını ödəsin.

Bu, əlbəttə, asan bir iş idi, hələ tələbəlik illərində Füzulinin, Seyid Əzimin, Vahidin kitablırını almışdı və o kitablar indiyədək Əlipaşanın evdəki balaca kitabxanasında idi, amma Əlipaşa Mürsəlin bu yeni təklifini qəbul etmədi, yumurtasayağı balaca və dolu Mürsəl həmin anlarda Əlipaşanın gözlərində yeyib kökəlmiş qəbir qurdlarına oxşayırdı...

Qar bərkiyirdi və yavaş-yavaş təkcə tut ağacının dibindəki kiçik kvadrat torpaq sahələri yox, səkilərin qırağı, küçə eyvanlarının sürahiləri, hərdənbir küçədən ötən maşınların üstü də kağız kimi nazik qar layı ilə örtülürdü.

Əslində, yəni lap əslində, o «Temp-2»ni təhvil vermək, rəngli televizor almaq, bu qarlı cümə günü işdən sonra beləcə əlləri cibində (bir balaca da üşüyə-üşüyə...) univermağa getmək Əlipaşanın ürəyindən deyildi, çünki köhnə televizor indinin özündə də göstərirdi və bu qədər xərcə düşməyin, əziyyət çəkməyin mənası yox idi, amma Züleyxa belə qərara gəlmişdi və deməli, belə də olmalı idi, mübahisəyə ehtiyac yox idi.

Ümumiyyətlə, televizorun özü də dünyanın qəribə hadisələrindən biri idi; təkcə o mənada yox ki, elm, texnika inkişaf edib (bu, necə deyirlər, öz yerində!), ona görə ki, misal üçün, qədimlərdə göbək rəqsinə ancaq saraylarda padşahlar tamaşa eləyərdi, amma indi televizorda bütün camaat baxır, göbəyi də bütün ekran boyu göstərirlər, özü də rəngli...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Alma əhvalatı

Vəfatından təxminən dörd-beş il əvvəl Rəsul Rza ilə Moskvadan Bakıya gəlirdik. Qatarla gəlirdik, ikimiz bir kupe götürmüşdük. Mən indi bu sətirləri yazanda, elə bil ki, gecənin içi ilə yol gedən o qatarın səsini eşidirəm və həmin qatar elə bil ki, Rəsul müəllimlə yol yoldaşı olduğumuz o uzaq iki günü daha da uzaqlara aparır...Təbii ki, yol boyu biz çox söhbət etdik. Rəsul müəllim şerində olduğu kimi, həyatda da ciddi adam idi, bəlkə də bir az sərt adam idi və mənə həmişə elə gəlirdi ki, onun bu sərtliyi əslində daxili kövrəkliyinin göstəricisi idi. Bu ciddilik və zahiri sərtliklə bərabər, Rəsul müəllim yumoru sevən, başa düşən və yumordan ləzzət almağı bacaran adam idi.

1 dəq
Bədbəxt şir

İnsan təbiətdən nə qədər uzaq düşüb...Yazıçı Emil Ağayev, mən və altı yaşlı Humay Göygöl sanatoriyasının həyətində gəzişə-gəzişə söhbət edirik. Emil hər gün göbələk yığmağa gedir, bu gün səhər də getmişdi və mən ondan soruşuram:

1 dəq
Yandırır bu ölüm...

Fikrət Əmirov vəfat etdi...Düzdür, illər keçəcək, «Şur» da, «Kürd ovşarı» da, «Gülüstan Bayatı-Şiraz» da dünən və bu gün olduğu kimi, ürəkləri ovsunlayacaq, həyatdan söz açacaq, hisslərin saflığından, təmizliyindən deyəcək.

2 dəq
İki qız və sərçə

Maşınımda işdən evə qayıdırdım və tinlərdən birinin qabağında qırmızı işıq bizi saxladı.Qarşıdakı səki ilə bizə tərəf iki qız gəlirdi: ozündən razı, həddən artıq dəblə geyinmiş, ding-ding dingildəyən və bütün görkəmləri ilə, yerişləri, gülüşləri ilə aləmə meydan oxuyan iki qız.

2 dəq

Başqa şairlərin şeirləri