Səhifə 1 / 4

Şair Səlim Sürəyya keçən il Türkiyədən gətirdiyi (ora yaradıcılıq ezamiyyətinə getmişdi) kürkü çiyninə salıb «Sağlamlıq» restoranının qabağında var-gəl edirdi; beş dəqiqə bundan əvvəl məclisdən qalxıb su başına çıxmışdı və təzədən məclisə qayıtdığı zaman restoran dəhlizinin geniş pəncərəsindən get-gedə bərkiyən qarı görəndə, neçə müddətdən bəri təbiətin qoynunda olmadığı üçün özünü saxlaya bilmədi, asqıdan kürkünü götürüb çiyninə saldı və isti yeməklərin, konyakın, gözəl sağlıqların səbəbindən içəridən buğlana-buğlana küçəyə çıxdı.

Səlim Sürəyya hələ lap balaca ikən atası onu və anasını atıb, gedib başqa bir rayonda arvad almışdı və anası Səlim Sürəyyanı təkbaşına böyütmüş və Səlim Sürəyya da böyüyüb şer yazmağa başlayanda heç sifətini də yadına gətirmədiyi atasının yox, anası Sürəyyanın adını özünə təxəllüs götürmüşdü. Əlbəttə, arvad adını özünə təxəllüs götürmək çoxunun gülüşünə səbəb olurdu, amma Səlim Sürəyya həmin istehzalardan, gülüşlərdən, yuxarıda dayanırdı, çünki əsl sənətkar həmişə dedi-qodu söhbətlərindən, hisslərindən yüksəkdə dayanmağı bacarmalıyıdı və bu minval ilə bir müddət keçəndən sonra oxucuların və ən başlıcası isə, həmkarlarının qulağı bu ada öyrəşdi.

Səlim Sürəyyanın təxəllüslərindən yeganə bir adam narazı qaldısa, o da doğma atası oldu; günlərin bir günündə Səlim Sürəyyagilə balaca bir kişi gəldi və məlum oldu ki, həmin balaca kişi şairin doğma atasıdı; atası öz adını təxəllüs götürmədiyi üçün oğlunu xeyli məzəmmət etdi və Səlim Sürəyya da qabağında oturub onu danlayan və iştahla evdə olanlardan yeyən bu kişinin boynuna, arıq vücuduna, çənəsinin, əllərinin, qollarının, çiyninin, boğazının nazik sümüklərinə baxa-baxa heyrət içində donub qalmışdı ki, görəsən, doğrudan da, Səlim Sürəyya boyda cəmdəyin atası bu sısqa, bu cılız kişidi? Amma atası tək gəlməmişdi, boy-buxunda Səlim Sürəyya kimi əzəmətli bir qızla gəlmişdi və məlum oldu ki, həmin əzəmətli qız da Səlim Sürəyyanın bacısıdı, atası rayondan gətirmişdi ki, Səlim Sürəyya kömək eləyib bu bacısını instituta düzəltsin. Əlbəttə, sənətkar gərək xırda hisslərdən yüksəkdə dayanmağı bacarsın və Səlim Sürəyya da özünü oda-közə vurub, tanış-biliş tapıb təzə peyda olmuş bacısının instituta girməyinə kömək elədi, amma sonra da məlum oldu ki, həmin balaca, sısqa kişinin bu cür əzəmətli daha yeddi qızı var və həmin yeni bacıların hamısı ildən-ilə Bakıya gəlib, şairin evinə düşüb instituta girmək istəyirdilər... Nə isə...

Küçədən ötənlərin bəzisi şair Səlim Sürəyyanı görüb tanıyırdı, çönüb baxırdı, him-cim ilə onu bir-birlərinə göstərirdilər və tanımadığı yad adamların maraq dolu bu baxışları da, bayaq məclisdə şərəfinə söylənən o sözlər də, hər halda, həyatını əbəs yerə yaşamadığından xəbər verirdi: xalq Səlim Sürəyyanı tanıyırdı və bunu fikirləşəndə həmin qarlı cümə günü Səlim Sürəyyanın onsuz da konyakdan, isti restoran havasından qızışmış bədəninə daha artıq bir hərarət gəldi və Səlim Sürəyya burasını da hiss etdi ki, indicə ürəyindən xalqımız haqqında, vətənimiz haqqında gözəl misralar axıb gələcək, amma elə bu vaxt əllərini nimdaş qara paltosunun ciblərinə soxub, fikirli-fikirli küçə ilə üzüyuxarı qalxan Əlipaşanı gördü.

O qarlı cümə günü «Sağlamlıq» restoranının qabağında var-gəl elədiyi həmin anlarda şair Səlim Sürəyyanın ürəyində yer üzündəki bütün insanlara sonsuz bir məhəbbət var idi və əlbəttə, Əlipaşa da həmin insanlardan biri idi, universitetdə bir yerdə oxumuşdular, Əlipaşanın bu qara nimdaş paltosu, bu fikirli-zikirli sifəti bu gözəl qarlı gündən çox seçilirdi, bu gözəl qarlı günün «Sağlamlıq» restoranının qabağındakı ab-havasından çox fərqlənirdi və doğrusu, elə bil, Səlim Sürəyyanın qəlbindəki sarı simə titrək, xəfif, incə bir mizrab toxundu və şair böyük qollarını geniş açıb qüdrətli sinəsini irəli verdi, iti addımlarla Əlipaşanın qabağına yeriyib gur səsi ilə:

– Əzizim! Mənim əzizim! – dedi və daha başqa bir söz tapmayıb, o sarı simin titrəyişindən dolmuş gözləri ilə bir neçə an Əlipaşanın gözlərinin içinə baxdı, sonra Əlipaşanı bərk-bərk qucaqlayıb bağrına basdı.

Əlipaşa küçənin ortasında birdən-birə belə bir coşğun ehtiraslı görüş gözləmirdi və şair Səlim Sürəyyanın qollarının arasında qalıb bilmirdi ki, nə eləsin, amma şairin kürkünün astar tərəfdən yumşaq yunu sifətinə dəydikcə, şairin isti nəfəsini duyduqca, şairin sinəsinin, qollarının qüdrətini hiss etdikcə, elə bil bu gözlənilməz görüşün səmimiyyəti, mehribanlığı Əlipaşaya da sirayət etdi, Əlipaşa da imkanı daxilində Səlim Sürəyyanı qucaqladı, hətta az qaldı Əlipaşanın da gözləri dolsun; düzdü, Səlim Sürəyyanın isti nəfəsi açıq-aşkar tünd konyak iyi verirdi, amma, elə bil, o dəm o konyak iyinin özü də səmimiyyətə çağırırdı və həmin səmimiyyətdə bir yerdə oxuduqları o gözəl çağlardan, o gözəl tələbəlik illərindən, gənclik illərindən ötən iyirmi yeddi-iyirmi səkkiz ilin qürbəti, kövrəkliyi var idi.

Əlipaşa universitetdə bir yerdə oxuduqları başqa tələbə yoldaşlarına nisbətən Səlim Sürəyyanı daha tez-tez görürdü, çünki Səlim Sürəyya tez-tez nəşriyyata gəlirdi; düzdü, müfəssəl hal-əhval tutmağa bir o qədər də vaxt olmurdu (yəqin ki, Səlim Sürəyya tərəfdən bir o qədər həvəs də olmurdu, amma Əlipaşa heç vaxt bunun fərqinə varmazdı), şair həmişə tələsirdi; eləcə salamlaşırdılar, «nə var, nə yox?» və bir dəfə Əlipaşa öz gözləri ilə görmüşdü ki, Səlim Sürəyya kabinetə girən kimi, müdir Əlimuxtar müəllim Əlipaşanın uzatdığı nəşriyyat kağız-kuğuzunu bir tərəfə itələyib ayağa qalxdı, qapının ağzınacan gedib şairi qarşıladı.

Səlim Sürəyya, nəhayət, Əlipaşanı buraxdı və bu dəfə rus dilində:

– Doroqoy moy! – dedi. – Gedək! – Və Əlipaşanı özü ilə darta-darta «Sağlamlıq» restoranının iri qapılarına tərəf apardı.

Əlipaşa:

– Hara gedirik? Axı, hara gedirik, ay Səlim müəllim?.. – deyirdi, amma heç bir cavab almırdı.

İçəri girib restoranın asqısının qabağında dayananda Səlim Sürəyya bir zəndlə Əlipaşanın gözlərinin içinə baxdı, özünü saxlaya bilmədi, təzədən tələbə yoldaşını bərk-bərk qucaqlayıb yenə də rus dilində:

– Tı moy rodnoy! – dedi, özü o nimdaş qara paltonu Əlipaşanın əynindən

çıxartmağa başladı.

Əlbəttə, Əlipaşa başa düşdü ki, Səlim Sürəyya onu yeyib-içməyə aparır və o rəngli tetevizorun narahatlığı ürəyində bir nigarançılıq əmələ gətirdi, amma qəribə idi, Əlipaşa qəti bir hərəkət eləyə bilmədi, yəni Səlim Sürəyyanın dəvətinə qəti

etiraz eləyə bilmədi, çünki... çünki o nigarançılıqda nəsə başqa bir şey də var idi və o «başqa şey»də gizli bir hərarət, istilik var idi; məsələ onda deyildi ki, Əlipaşagilin evində heç vaxt qonaqlıq olmazdı, Züleyxa yaxşı xörəklər bişirərdi, amma içki heç vaxt olmazdı, bayramlarda da həmişə qayınanasıgilə gedərdilər və orada da, adətən, içki olmazdı (düz altı gündən sonra, bu dəfə, səksən beşinci ili qayınanasıgildə

qarşılayacaqdılar) və ümumiyyətlə, Əlipaşa yemək-içmək məclislərində çox az

olardı, ildə, iki ildə bir dəfə Züleyxa ilə birlikdə hansı qohumunsa (əsas etibarilə

Züleyxa tərəfdən) toyuna gedərdi, vəssalam (bir də ki, təzə evə köçdükləri ilk

vaxtlar qonşusu Mürsəlin məclislərində); yəqin əsas məsələ burasında idi ki,

Əlipaşanın ürəyinin lap dərinliklərində birdən-birə nəsə bir ərəfə hissi, daha

doğrusu, bir ərəfə sevinci, ərəfə şövqü əmələ gətirmişdi.

Asqıçı kişi Əlipaşanın əynindəki o qara nimdaş paltonu çıxartmaqda Səlim Sürəyyaya kömək elədi, sədaqət, məhəbbət və ehtiram dolu gözləri ilə şairə baxıb, nədənsə, başını tərpədə-tərpədə gülümsədi, sonra Əlipaşaya baxdı və Əlipaşa hiss etdi ki, asqıçı kişinin gözlərindəki həmin sədaqətdən, məhəbbətdən, ehtiramdan bu dəqiqələrdə onun da payına nəsə düşür və burası Əlipaşanın heç xoşuna gəlmədi, çünki sədaqət də, məhəbbət də, ehtiram da sədəqə deyildi; Əlipaşa qəddini düzəltdt, boynundakı şərfi, sulu qardan islanmış yaşıl şlyapasını başından çıxarıb özü asqıçıya verdi, pencəyinin döş cibindən darağını çıxarıb saçlarını daradı, Səlim Sürəyya isə kürkünü asqının sürahisinin üstünə atdı və ikisi də bir yerdə dəhlizdən keçib zalın qapısına tərəf getdi.

Qəribə idi, indicə küçədə Əlipaşa Səlim Sürəyyanın güclü qolları arasında bilmirdi ki, nə eləsin, çolpa bıçaq altında çapalayan kimi, Səlim Sürəyyanın qolları arasında çapalayırdı, amma elə ki, o asqıçı kişi gözləri ilə Səlim Sürəyya üçün nəzərdə tutulmuş sədaqətdən, məhəbbətdən, ehtiramdan ona da bir pay sədəqə verdi, Əlipaşa özü daxilən hiss etdi ki, nəsə başqa bir adam oldu, çünki Əlipaşanın da, Züleyxanın da heç bir sədəqəyə ehtiyacı yox idi və bütün bunlar, əlbəttə, belə idi, amma qapını açıb zala girəndə o tərəddüd, o qətiyyətsizlik və ən başlıcası isə, o nigarançılıq təzədən Əlipaşanın ürəyini bürüdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ömrün son səhəri

Yəqin iyul idi, ya bəlkə də iyun hələ qurtarmamışdı, ya da bəlkə avqust girmişdi– yadına gəlmirdi, daha doğrusu, bilmirdi və həmin yay səhəri belə bir naməlumluq onun ürəyini sıxmırdı, onu narahat etmirdi, çünki bu barədə və ümumiyyətlə, dünyanın işləri barədə fikirləşməyə həvəsi və imkanı yox idi: başında bir uğultu var idi, sol qulağı lap dibindən ağrıyırdı (neçə vaxt idi ki, beləcə ağrıyırdı... bir həftə idi?.. bir ay idi?.. ya lap çoxdan idi? Yadına gəlmirdi və bu barədə də fikirləşmirdi... ), sol ayağının baş barmağına da nəsə olmuşdu – nə olduğunu bilmirdi, nə vaxtdı ki, ayaqqabısını ayağından çıxartmamışdı – və ağrıyırdı, amma həmin yay səhəri başının uğultusu da, qulağının, ayaq barmağının ağrısı da, əslində onun üçün heç nə idi, çünki bütün bədəni dəhşətli bir yanğı içində idi, bu yanğı saçlarının dibindən tutmuş barmaqlarının ucuna kimi, bütün varlığını yandırırdı. O, gözlərini «Qırmızı qərənfil»in qapısındakı iri qıfıllara zilləyib qəlyanaltıxananın açılmasını gözləyirdi və bu gözləmə bədənindəki o yanğını söndürmək ehtirasını daha da artırırdı, o yanğını dözülməz bir səbrsizliklə qızdırıb qaynadırdı.

35 dəq
Stalinin ölümü

Sonra 1953-cü ilin o soyuq 5 mart günü, o cümə axşamı birdən-birə Bakıda gün çıxdı və qışın sazağında günün birdən-birə eləcə çıxıb, eləcə yaz şüaları ilə qızdırmağı bütün məhəlləni alt-üst etmiş, hamını mat qoymuş o qara xəbərlə, daha doğrusu, o xəbərin qara nigarançılığı ilə heç cürə uyğun gəlmirdi və hətta elə bil ki, gün işığının o istisində, hərarətində indi bir düşmən əli var idi, elə bil, Pravadnik Əbdülkərimin həmişə sayıq və zəhmli nəzərləri də o gün işığına qarışıb məhəlləni bürümüşdü, qənbər döşənmiş küçə bomboş idi və elə bil ki, o cümə axşamı, o günorta çağı küçəyə döşənmiş o daşlar da Pravadnik Əbdülkərimin o sayıq nəzərləri altında üşüyürdü və qızına bilmirdi, təkcə Sarı hamamın qabağında ucalan qara tut ağacının çılpaq budaqlarına qonub, sonra da pırıltıyla uçan sərçələr məhəlləyə çökmüş bu pis nigarançılığın, bu qüssənin, kədərin fərqində deyildilər, heç nədən çəkinmirdilər, sıxılmırdılar, heç nəyin dərdini çəkmirdilər, birdən elə olurdu ki, cikkiltiləri boş məhəlləni başına götürürdü. Həyətləri yaşıl, qəhvəyi, birmərtəbəli, bəzi yerlərdə ikimərtəbəli kiçik və bir-birinə bitişik binaların küçəyə baxan pəncərələri bağlı idi və qapı-pəncərənin payızda, qışda qarın-yağışın altında qalıb solmuş rəngi də, divarların ağ, Sarı hamamın həmişəki sarı əhəngi də məhəlləyə daha artıq bir yetimlik gətirirdi və elə bil ki, məhəllə camaatının – o qapısı örtülü həyətlərdəki, pəncərəsi bağlı evlərdəki adamların nigarançılığı o yaşıl, qəhvəyi, göy, ağ sarı rənglərin solğunluğunda boş küçəyə yayılmışdı və o boş küçə də həmin qapıpəncərələrlə, həmin əhəngli divarlarla, səkidəki o köhnə elektrik şalbanları ilə birlikdə, xüsusən sərçələrin cikkiltisi kəsilən zamanlar fikrə gedirdi ki, görəsən, bu fəlakətin axırı necə olacaq, (fəlakət olmağına isə, əsl fəlakət idi!). O cümə axşamı səhər tezdən məhəlləyə elə bir xəbər yayıldı ki, camaatın əli-ayağı qurudu, heç kim bu xəbərə inanmadı, amma inanmamaq da olmurdu, çünki bu xəbər elə bir şəxs haqqında idi ki, onunla zarafat eləmək, şayiə yaymaq olmazdı; məhəllənin kişiləri, yeniyetmələr, uşaqlar Sarı hamamın qabağına yığışdı və poçtalyon Müzəffər isə işə gecikməyini yaddan çıxarıb qolları sındığı üçün rezinlə bağlayıb başına keçirtdiyi çeşməyinin qalın şüşələri arxasından çox iri, bədheybət görünən gözlərini hələ mətbəə iyi verən «Kommunist» qəzetinin birinci səhifəsinə zilləmişdi, həyəcandan tez-tez udqunduğu üçün nazik boğazının ucu iti hülqumu enib qalxa-qalxa bərkdən oxuyurdu: «SSR ITTIFAQI NAZIRLƏR SOVETININ SƏDRI və Sov.IKP MƏRKƏZI KOMITƏSININ katibi İosif Vissarionoviç STALIN yoldaşın xəstələnməsi haqqında hökumət məlumatı. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSR İttifaqının Nazirlər Soveti partiyamıza və xalqımıza bədbəxtlik üz verdiyini – I. V. STALIN yoldaşın ağır xəstələndiyini xəbər verirlər. Martın 2-nə keçən gecə, STALIN yoldaş Moskvada öz mənzilində ikən, beyninə qan sızmış, qan beyinin həyat üçün mühüm olan sahələrini bürümüşdür. STALIN yoldaş huşunu itirmişdir. Ürək fəaliyyəti və tənəffüsü xeyli pozulmuşdur. STALIN yoldaşı müalicə etməyə ən yaxşı həkimlər: professor-terapevt P. E. Lukomski, SSRI Tibb Elmləri Akademiyasının həqiqi üzvləri: professor-nevropatoloq N. V. Konavalov; professor-terapevt A. L. Myasnikov, professor-terapevt E. M. Tareyev; professornevropatoloq I. V. Filimonova; professor-nevropatoloq R. A. Tkaçov; professornevropatoloq I. S. Qlazunov; dosent-terapevt V. I. İvanov-Neznamov cəlb edilmişdir. STALIN yoldaş SSRI Səhiyyə Naziri A. F. Tretyakov yoldaşın və Kremlin Müalicə-Sanitariya İdarəsinin rəisi I. I. Kuperin yoldaşın rəhbərliyi altında müalicə olunur». Bu yerdə Pravadnik Əbdülkərim poçtalyon Müzəffərin oxumağını kəsdi və açıq-aşkar bir təlaş və həyəcanla: « – O birinci familiya necə oldu? – soruşdu. – Həkimlərdən birincisinin familiyası?!» Belə ağır bir məqamda da heç kim Pravadnik Əbdülkərimin üstünə çımxıra bilmədi ki, niyə kişinin oxumağını yarımçıq kəsirsən və hamı Pravadnik Əbdülkərimə narazı bir nəzər salıb təzədən gözünü poçtalyon Müzəffərə dikdi və poçtalyon Müzəffər də o qalın və girdə çeşmək şüşəsinin böyütdüyü gözlərini bir anlıq «Kommunist» qəzetindən ayırıb Pravadnik Əbdülkərimə baxdı, sonra təzədən birinci həkimin adını qəzetdə tapıb oxudu: «...professor-terapevt P. E. Lukomski...» Pravadnik Əbdülkərim daha artıq bir təlaş və həyəcanla: « – Alə, – dedi – birdən cuhud olar a?!» və bu sözdən sonra, elə bil ki, Pravadnik Əbdülkərimin təlaşı, həyəcanı, məhəllənin kişilərinə də sirayət etdi və hamı sual dolu nəzərini poçtalyon Müzəffərə dikdi, guya, bu sualın cavabını, yəni professor-terapevt P. E. Lukomskinin yəhudi olub-olmadığını da bilməli və deməliydi. Poçtalyon Müzəffər də, Sarı hamamın qabağına toplaşmış o məhəllə camaatının da əksəriyyəti Pravadnik Əbdülkərimin sualının və əlavə təlaşının, həyəcanının səbəbini və mənasını başa düşmürdü, amma bir halda ki, Pravadnik Əbdülkərim kimi siyasi sayıqlığı ilə məşhur olan bir adam belə bir məqamda nədənsə şübhələnirsə, nəyisə dəqiqləşdirirsə, deməli, nəsə var ortada ki, məhəllə camaatının bundan xəbəri yoxdu, amma bu dəfə Pravadnik Əbdülkərim öz sualına özü cavab verdi: «Yox!.. Cuhud olmaz... Lukomski... Lukomski... Yox, canım, yox!.. Cuhud olmaz... Qoymazlar!». Bu o demək idi ki, poçtalyon Müzəffər Məlumatın ardını oxuya bilər və poçtalyon Müzəffər də oxumağını davam etdirdi: «...STALIN yoldaşın müalicəsi Sov.IKP Mərkəzi Komitəsinin və Sovet hökumətinin daimi nəzarəti altında keçirilir. STALIN yoldaşın səhhəti ağır olduğuna görə Sov.IKP Mərkəzi Komitəsi və SSR İttifaqı Nazirlər Soveti bu gündən etibarən İosif Vissarionoviç STALININ səhhəti haqqında tibb bülletenləri elan edilməsini lazım bilmişdir. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSR İttifaqı Nazirlər Soveti, habelə bütün partiyamız və bütün sovet xalqımız belə bir faktın bütün əhmiyyətini başa düşürlər ki, STALIN yoldaşın ağır xəstəliyi, onun uzun və ya qısa bir müddət rəhbərlik işində iştirak edə bilməyəcəyinə səbəb olacaqdır». Bu dəfə özünü saxlaya bilməyib poçtalyon Müzəffərin oxumağını kəsən çəkməçi Ağagül oldu, həmin Ağagül ki, Fatma arvadın oğlu çəkməçi Balaniyazın yanında şagird idi və Balaniyaz tutulandan sonra, məhəllənin aşağı başındakı köşkdə ustasının yerində oturub işini görürdü; çəkməçi Ağagül xüsusi bir inamla dedi:«–Alə, Stalin 72 dil bilir! Xəstəliyi ona heç nə əliyə bilməz! Lap ağır olmur, nə olur, olsun!.. Bu sözlərdən və kiçik bir sükutdan sonra, poçtalyon Müzəffər yenə oxumağa başladı: «Mərkəzi Komitə və Nazirlər Soveti partiyaya və ölkəyə rəhbərlik işində: rəhbər dövlət və partiya fəaliyyətindən STALIN yoldaşın müvəqqəti ayrılması ilə...» Çəkməçi Ağagül bu dəfə də özünü saxlaya bilmədi: «– Gördüz?! Müvəqqəti!.. Özləri yazıblar o boyda qəzetdə ki, müvəqqəti!..» Poçtalyon Müzəffər ardını oxudu: «...müvəqqəti ayrılması ilə əlaqədar bütün şəraiti tam ciddiyyətlə nəzərə alırlar. Mərkəzi Komitə və Nazirlər Soveti əmin olduqlarını bildirirlər ki, partiyamız və bütün sovet xalqı bu çətin günlərdə ən böyük birlik və yekdillik, mənəvi möhkəmlik və sayıqlıq göstərəcək...» Pravadnik Əbdülkərim bu ağır xəbərdən sonra, elə bil ki, yalnız indi bir balaca toxtadı və dedi: «– Bax, məsələ bundadı!..» Poçtalyon Müzəffər davam etdi: «...sayıqlıq göstərəcək, ölkəmizdə kommunizm qurmaq sahəsində öz səyini qat-qat artıracaq, Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və Sovet İttifaqı hökuməti ətrafında daha sıx birləşəcəkdir. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi. SSR İttifaqı Nazirlər Soveti. 3 mart 1953-cü il». Elə ki, poçtalyon Müzəffər bu xəbəri oxuyub qurtardı, o Sarı hamamın qabağına elə bir sükut çökdü ki heç 1941-ci ilin o isti yay günü, o vaxt ki, bax, bu poçtalyon Müzəffər müharibənin başlamağı haqqındakı xəbəri həmin bu «Kommunist» qəzetindən oxuyurdu, onda da buraya belə bir sükut çökməmişdi və o vaxt o xəbərə qulaq asan məhəllə kişilərinin, yeniyetmələrin bəlkə yarısından da çoxu indi bu işıqlı dünyada deyildi, haqq dünyasında idi – müharibədə qırılmışdılar, itib-batan da itib-batmışdı, amma 1953-cü ilin soyuq mart səhəri Sarı hamamın qabağına yığışmış bu kişiləri, bu cavanları, yeniyetmələri irəlidə təzə bir müharibə gözləmirdi, amma bu dəfəki sükutun ağırlığı on iki il bundan əvvəlki o sükutun ağırlığından qat-qat artıq idi. İndi söhbət bura toplaşmış bu adamların təkcə öz həyatından yox, onların evdəki balalarının, körpələrinin həyatından gedirdi: bundan sonra necə yaşayacaqdılar? Və camaat ki, o cümə axşamı sübh çağı Sarı hamamın qabağından, qoşa tut ağacının ətrafından evlərinə dağılışmağa başladı, elə bil, kişilərin beli sınmışdı, hər birinin ayağına pud bağlanmışdı və çəkməçi Ağagül də bütün içinə dolmuş o ağır təəssürat altında həmişəki kimi, əvvəlcə Sarı hamamın yanındakı çörək dükanına girib Fatma arvad üçün yarım kilo təzə ağ çörək aldı, nöyüt dükanı ilə üzbəüz yaşıl qapıdan kiçik asfalt həyətə girdi, həyətin yuxarı küncündəki taxta pilləkənlərlə ikinci mərtəbəyə qalxdı, qapını döydü ki, çörəyi Fatma arvada versin, sonra çəkməçi köşkünə getsin.

29 dəq
Dünyanın bəxtəvəri

Gəl səninlə həmdəm olaq,Gəl, dolanaq bağı, bülbül...

30 dəq
Aydınlıq gecələr

AnaraO sərin yay gecəsi göyün üzündə o ayla bərabər o qədər ulduz var idi və o ulduzlar dörd tərəfdən də qocanın başının üstünü elə bürümüşdü ki, həmin çoxluğun, küllün, həmin uzaqlığın, əlçatmaz, ünyetməzliyin müqabilində öz həyatı bütün camaatın Şərəfbəxş adlandırdığı Şeyx Mustafa üçün çox qısa, bir göz qırpımlıq göründü və doğrudan da, kainat ki, bu qədər böyük idi, bu qədər əlçatmaz idi, o yay gecəsi göyün üzündə sayrışan ulduzların işıltısında o qədər bir əbədilik (uzaq əbədilik) var idi, bunun müqabilində Şeyx Mustafa Şərəfbəxş həzrətlərinin bu dünyada sürdüyü doxsan illik ömür nə idi? Heç nə, kəpənək ömrü.

11 dəq

Başqa şairlərin şeirləri