İkinci fəsil
Səhifə 2 / 4 · 25%
Əlipaşa elə bilirdi ki, restoranda Səlim Sürəyya ilə ikisi üzbəüz oturub dərdləşəcəklər, o gözəl tələbəlik illərini yada salacaqlar, hətta bu iyirmi altı-iyirmi yeddi ildə vaxtsız həyatdan getmiş bir neçə tələbə yoldaşları bir-bir Əlipaşanın gözlərinin qabağına gəlmişdi, çünki Əlipaşa istəyirdi ki, bir halda ki, beləcə gözlənilməz rastlaşdılar, bir halda ki, beləcə restorana gedirdilər, onda gərək o dostların ruhunun şərəfinə söz desinlər, amma içəri girən kimi, məlum oldu ki, əhvalat başqa imiş, təxminən iyirmi nəfərlik böyük bir məclisin şıdırğı vaxtı imiş və o böyük məclisdə elə hörmətli adamlar oturmuşdu ki, Əlipaşa onların çoxunu ancaq televizorda və bəzən də iclaslarda görmüşdü və məclisdəki o adamların arasında Əlipaşa Əlimuxtar müəllimi də gördü.
Səlim Sürəyya əzəmətli sağ qolu ilə Əlipaşanı qucaqlayıb qoltuğuna sıxdı və restoran boyu iti addımlarla məclisə yaxınlaşıb gur səsi ilə:
– Görün məclisimizə kim təşrif buyurub! – dedi və Səlim Sürəyyanın səsi o dəm o «Sağlamlıq» restoranında elə guruldadı ki, nəinki məclisin iştirakçıları, hətta kənar mizlərin arxasında oturmuş başqa adamlar da səslərini kəsib Əlipaşaya tərəf boylandı və şairin səsi məclis adamlarına necə təsir etdisə, Əlipaşanın gəlişinə hamı hay-küylə sevindi, kimi ayağa qalxdı, kimi əl çaldı, kimi «ura» qışqırdı, Səlim Sürəyya isə, qolunu daha geniş açıb Əlipaşanı bağrına basdı, o üzündən, bu üzündən öpdü...
Mürsəlin gözləri kəlləsinə çıxdı və kolbasa əvəzinə az qaldı barmağını kəssin...
Güclə Səlim Sürəyyanın qucağından çıxan Əlipaşaya məlum oldu ki, bu gün – bu qarlı cümə günü universitetdə bir yerdə oxuduqları Məlik Həşimli filologiya üzrə doktorluq dissertasiya müdafiə edib və bu məclis də həmin münasibətlədi; mizin üstündəki araq, konyak, çaxır şüşələrinin boşalanı boşalmışdı, boşalmayanı da hələlik yarımçıq idi; Məlik xüsusi olaraq mizin arxasından çıxdı, gəlib Əlipaşanı qucaqladı:
– Səni tapa bilmədim... – dedi, yəni ki, səni tapa bilmədiyim üçün bu məclisə dəvət etməmişəm və əlbəttə, Məlik yalan deyirdi, çünki dünyada Əlipaşanı tapmaqdan asan bir şey yox idi (və Əlipaşa özü də bunu çox gözəl bilirdi), ya nəşriyyatda olacaqdı, ya da evdə, amma Məliyin bu gözgörəti yalanı Əlipaşaya bir o qədər də təsir etmədi, çünki Məliyin gicgahlarında ağappaq ağarmış saçlar Əlipaşaya çox təsir etdi: neçə illər idi ki, Əlipaşa Məliyi beləcə yaxından görməmişdi, televizorda görürdü, bəzən iclaslarda görürdü (Məlik həmişə rəyasət heyətində otururdu), amma beləcə yaxından son illərdə birinci dəfə idi ki, görürdü və o ağappaq ağarmış saçlar bu dəm Əlipaşaya həyatın səsçatmaz, ünyetməz bir sürətlə keçib getməyindən xəbər verirdi və Əlipaşa özü də Məlik kimi, Səlim Sürəyya kimi, yer üzünün bütün məxluqatı kimi, həmin sürətlə gedən qatarın içində idi – qatar beləcə bir sürətlə əvvəldən axıra aparırdı və axır yaxınlaşırdı (əvvəllər Əlipaşa heç vaxt belə şeylər barədə fikirləşməzdi, amma son zamanlar hərdənbir fikirləşirdi...).
Məlik universitetdən sonra aspiranturanı da qurtardı, namizədlik dissertasiyası müdafiə etdi, Məliyin məqalələri səs saldı, Məlikdən söz düşəndə hamı bu fikirdə idi ki, söhbət gələcəyin akademikindən gedir, amma Məlik yavaş-yavaş hörmətli vəzifələrə keçdi, yavaş-yavaş ədəbiyyatdan uzaqlaşdı, bir müddət beləcə davam etdi, sonra o hörmətli vəzifələr daha bir-birini əvəz etmədi, indi Məlik son on iki-on üç ildə eyni bir vəzifədə işləyirdi; nə yuxarı qalxırdı, nə də aşağı düşürdü, hər dəfə hardasa daha yüksək bir vəzifə boşalanda o saat şayiə yayılırdı ki, həmin vəzifəyə Məliyi qoyacaqlar, amma Məliyi heç hara qoymurdular və o zaman ki, vəzifə barədə şayiə yayılırdı – «Məliyi nazir qoyurlar», yaxud «Məliyi komitəyə sədr aparırlar» – doğrusu, Əlipaşa bu şayiənin düz olub-olmayacağını səbrsizliklə gözləyirdi və o səbrsizlikdə qəribə bir hiss var idi: əlbəttə, Məlik Əlipaşa ilə bir yerdə oxumuşdu, Məlik pis oğlan deyildi, Əlipaşa hardasa onun təəssübünü çəkirdi, amma bütün bunlarla bərabər, o səbrsizlikdə bir idman ehtirası, idman azarkeşliyi var idi.
Mizin arxasında, Məliklə Səlim Sürəyyanın arasında Əlipaşa üçün yer düzəltdilər, restoranın orkestri gurultu ilə nəsə çalmağa başladı, amma Səlim Sürəyya ayağa qalxıb əli ilə uzaqdan-uzağa orkestrə işarə elədi və bu məclisin iştirakçılarından da başqa, «Sağlamlıq» restoranında xeyli adamın yeyib-içməyinə baxmayaraq, orkestr o saat susdu və şair əvvəlcə astadan öz-özünə:
– Yuxarılarda da restoranlardakı kimi hörmətim olsaydı, yaxşı olardı... – dedi, sonra o sağlam, o gur səsilə, mirvari kimi bir-birinin ardına düzülən gözəl sözlərlə, lüğətlərin dərinində gizlənmiş gözəl ifadələri tapıb çıxara-çıxara Əlipaşanın şərəfinə çox gözəl bir sağlıq dedi, Əlipaşanın təvazökarlığından, güzgü kimi qəlbindən, uşaq kimi kövrəkliyindən, dostluqda sədaqətindən danışdı, ümumiyyətlə, yer üzündə təvazökarlığın, təmizliyin sədaqətin ucalığından, ülviliyindən danışdı və sonra şair özü dediyi o gözəl sözlərdən, işlətdiyi o gözəl ifadələrdən, elə bil ki, vəcdə gəldi, yaradıcı bir ehtirasla Əlipaşanın xalqa məhəbbətindən, vətənə məhəbbətindən danışdı, xalqın, vətənin əbədiliyindən dedi və məclisdəkilərin hamısı qədəhləri Əlipaşanın şərəfinə qaldırıb içdilər və restoranın orkestri də şair Səlim Sürəyyanın söylədjiyi sağlığın şərəfinə tuş çaldı...
...Mürsəl Zeynəbə baxdı, Zeynəb Mürsələ baxdı və ikisi də bir yerdə təəccüb, hətta, heyrət dolu gözlərini restoranın yuxarı başındakı məclisə dikdi...
Əlipaşaya elə gəlirdi ki, şairin söylədiyi o sağlıq kiminsə, tamam başqa bir adamın haqqındakı; restoranın enli pəncərələrindən küçədə yanan neon lampaları görünürdü və o lampaların işığında qar elə lopa-lopa yağırdı ki, külək qarı elə oynadırdı ki, Əlipaşa başını buladı: beşcə dəqiqənin içində qar necə artmışdı və Əlipaşa ayaqüstə durub məclisin adamlarına təşəkkürünü bildirə-bildirə əlində tutduğu bir qədəh arağı dibinə kimi başına çəkdi...
...Mürsəl o bir qədəh arağı birnəfəsə başına çəkən Əlipaşaya baxa-baxa:
– Ay bərəkallah! – dedi və həmişə hərəkətdə olan balaca və cəld gözlərini Əlipaşadan çəkib yenə də mat-mat Zeynəbə baxdı və Zeynəb də dünya görmüş adamlar kimi, başını tərpətdi, yəni ki, belədir dünyanın işləri...
Məsələ burasında idi ki, Zeynəb hər iki gündən bir, bəzən də hər gün axşamçağı «Sağlamlıq» restoranında bufetçi işləyən ərinin iş yerinə, yəni bu restorana baş çəkirdi, Mürsəl də bolqar pendirindən, fin kolbasasından, macar şorabasından, özümüzün toyuq soyutmasından, ət qızartmasından, qara, ya qırmızı kürüdən – bir sözlə, nə vardısa, ondan bir az artıq, bir az əskik kəsib götürürdü, səliqə-sahmanla büküb qoyurdu Zeynəbin həmişə boş gəlib dolu qayıdan yekə çantasına və həmin qarlı cümə günü də Zeynəb boş çantasını əlinə alıb ərinə baş çəkməyə gəlmişdi; yekə çanta «Sağlamlıq» restoranının işçiləri arasında o qədər məşhur idi ki, Zeynəbin bufetdə ərinin yanına gəlib-getməyini kənar gözlərdən gizlətməyə, ört-basdır eləməyə heç bir ehtiyac yox idi, hamı buna adət eləmişdi, necə ki, müştərilər gəlib yeyib-içib, pulunu verib gedirdi, necə ki, sağlıqlar deyilirdi, rəqs edilirdi, çirkli qab-qaşıqlar yığışdırılırdı, külqabılar boşaldılırdı, o cür də Zeynəb axşamlar boş zənbillə bufetə gəlib dolu zənbillə evlərinə qayıdırdı.
Məşhur qələm ustası Səlim Sürəyyanın Əlipaşanı qucaqlayıb gətirməsi, restoranın yuxarı başındakı hərarətlə, səs-küylə qarşılamağı, Səlim Sürəyyanın Əlipaşanı bağrına basıb öpməyi, sonra o cür gözəl, o cür ağıllı sözlərlə (o məclisdəki bütün söz-söhbətin hamısı Mürsəlin açıq bufetində aydın eşidilirdi) Əlipaşanın şərəfinə sağlıq deməyi və adətən, içkini dodağına vurub yerə qoyan Əlipaşanın (Mürsəl bunu qabaqlar öz evindəki məclislərdə görmüşdü) o bir qədəh arağı birnəfəsə başına çəkməyi Mürsələ də, Zeynəbə də son dərəcə təsir etmişdi.
Zeynəb iri qara gözləri ilə Əlipaşaya tərəf işarə eləyib:
– Sənə deyirdim də, belənçinə fağırlığına baxma bunun, bicin biridi, inanmırdun!.. – pıçıldadı, sonra yenə Əlipaşaya baxdı və həmin cümə günü o «Sağlamlıq» restoranında Zeynəb, elə bil, birdən-birə kəşf elədi ki, yeddi ilin qonşusu kimi, demək olar ki, hər gün ya həyətdə, ya pilləkənlərdə, ya eyvanda gördüyü bu adam, bu sakit, bu dinməz adam, yəni Əlipaşa əməlli-başlı yaraşıqlı bir kişidi...
Əlipaşa açıq-aşkar hiss etdi ki, o bir qədəh araq onu az qala kefləndirib, hər halda, elə bil, yaz gəlmişdi, Əlipaşanın, az qala, qanı qaynamağa başlamışdı, amma əslinə qalsaydı, Əlipaşa bayaq küçədə Səlim Sürəyya ilə qucaqlaşandan bəri keflənməyə başlamışdı: məsələ onda deyildi ki, şair Səlim Sürəyyanın isti nəfəsi tünd konyak qoxusu ilə dolu idi; məsələ onda idi ki, elə bil, Səlim Sürəyya qüdrətli qolları ilə Əlipaşanı qucağına alıb, tamam başqa bir aləmə aparırdı və o aləm Əlipaşanın gündəlik həyatından, güzəranından çox fərqlənirdi və ən başlıcası isə, Əlipaşa özü də bunu çox yaxşı hiss edirdi, duyurdu.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-gul-dedi-bulbule-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yəqin iyul idi, ya bəlkə də iyun hələ qurtarmamışdı, ya da bəlkə avqust girmişdi– yadına gəlmirdi, daha doğrusu, bilmirdi və həmin yay səhəri belə bir naməlumluq onun ürəyini sıxmırdı, onu narahat etmirdi, çünki bu barədə və ümumiyyətlə, dünyanın işləri barədə fikirləşməyə həvəsi və imkanı yox idi: başında bir uğultu var idi, sol qulağı lap dibindən ağrıyırdı (neçə vaxt idi ki, beləcə ağrıyırdı... bir həftə idi?.. bir ay idi?.. ya lap çoxdan idi? Yadına gəlmirdi və bu barədə də fikirləşmirdi... ), sol ayağının baş barmağına da nəsə olmuşdu – nə olduğunu bilmirdi, nə vaxtdı ki, ayaqqabısını ayağından çıxartmamışdı – və ağrıyırdı, amma həmin yay səhəri başının uğultusu da, qulağının, ayaq barmağının ağrısı da, əslində onun üçün heç nə idi, çünki bütün bədəni dəhşətli bir yanğı içində idi, bu yanğı saçlarının dibindən tutmuş barmaqlarının ucuna kimi, bütün varlığını yandırırdı. O, gözlərini «Qırmızı qərənfil»in qapısındakı iri qıfıllara zilləyib qəlyanaltıxananın açılmasını gözləyirdi və bu gözləmə bədənindəki o yanğını söndürmək ehtirasını daha da artırırdı, o yanğını dözülməz bir səbrsizliklə qızdırıb qaynadırdı.
Stalinin ölümüSonra 1953-cü ilin o soyuq 5 mart günü, o cümə axşamı birdən-birə Bakıda gün çıxdı və qışın sazağında günün birdən-birə eləcə çıxıb, eləcə yaz şüaları ilə qızdırmağı bütün məhəlləni alt-üst etmiş, hamını mat qoymuş o qara xəbərlə, daha doğrusu, o xəbərin qara nigarançılığı ilə heç cürə uyğun gəlmirdi və hətta elə bil ki, gün işığının o istisində, hərarətində indi bir düşmən əli var idi, elə bil, Pravadnik Əbdülkərimin həmişə sayıq və zəhmli nəzərləri də o gün işığına qarışıb məhəlləni bürümüşdü, qənbər döşənmiş küçə bomboş idi və elə bil ki, o cümə axşamı, o günorta çağı küçəyə döşənmiş o daşlar da Pravadnik Əbdülkərimin o sayıq nəzərləri altında üşüyürdü və qızına bilmirdi, təkcə Sarı hamamın qabağında ucalan qara tut ağacının çılpaq budaqlarına qonub, sonra da pırıltıyla uçan sərçələr məhəlləyə çökmüş bu pis nigarançılığın, bu qüssənin, kədərin fərqində deyildilər, heç nədən çəkinmirdilər, sıxılmırdılar, heç nəyin dərdini çəkmirdilər, birdən elə olurdu ki, cikkiltiləri boş məhəlləni başına götürürdü. Həyətləri yaşıl, qəhvəyi, birmərtəbəli, bəzi yerlərdə ikimərtəbəli kiçik və bir-birinə bitişik binaların küçəyə baxan pəncərələri bağlı idi və qapı-pəncərənin payızda, qışda qarın-yağışın altında qalıb solmuş rəngi də, divarların ağ, Sarı hamamın həmişəki sarı əhəngi də məhəlləyə daha artıq bir yetimlik gətirirdi və elə bil ki, məhəllə camaatının – o qapısı örtülü həyətlərdəki, pəncərəsi bağlı evlərdəki adamların nigarançılığı o yaşıl, qəhvəyi, göy, ağ sarı rənglərin solğunluğunda boş küçəyə yayılmışdı və o boş küçə də həmin qapıpəncərələrlə, həmin əhəngli divarlarla, səkidəki o köhnə elektrik şalbanları ilə birlikdə, xüsusən sərçələrin cikkiltisi kəsilən zamanlar fikrə gedirdi ki, görəsən, bu fəlakətin axırı necə olacaq, (fəlakət olmağına isə, əsl fəlakət idi!). O cümə axşamı səhər tezdən məhəlləyə elə bir xəbər yayıldı ki, camaatın əli-ayağı qurudu, heç kim bu xəbərə inanmadı, amma inanmamaq da olmurdu, çünki bu xəbər elə bir şəxs haqqında idi ki, onunla zarafat eləmək, şayiə yaymaq olmazdı; məhəllənin kişiləri, yeniyetmələr, uşaqlar Sarı hamamın qabağına yığışdı və poçtalyon Müzəffər isə işə gecikməyini yaddan çıxarıb qolları sındığı üçün rezinlə bağlayıb başına keçirtdiyi çeşməyinin qalın şüşələri arxasından çox iri, bədheybət görünən gözlərini hələ mətbəə iyi verən «Kommunist» qəzetinin birinci səhifəsinə zilləmişdi, həyəcandan tez-tez udqunduğu üçün nazik boğazının ucu iti hülqumu enib qalxa-qalxa bərkdən oxuyurdu: «SSR ITTIFAQI NAZIRLƏR SOVETININ SƏDRI və Sov.IKP MƏRKƏZI KOMITƏSININ katibi İosif Vissarionoviç STALIN yoldaşın xəstələnməsi haqqında hökumət məlumatı. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSR İttifaqının Nazirlər Soveti partiyamıza və xalqımıza bədbəxtlik üz verdiyini – I. V. STALIN yoldaşın ağır xəstələndiyini xəbər verirlər. Martın 2-nə keçən gecə, STALIN yoldaş Moskvada öz mənzilində ikən, beyninə qan sızmış, qan beyinin həyat üçün mühüm olan sahələrini bürümüşdür. STALIN yoldaş huşunu itirmişdir. Ürək fəaliyyəti və tənəffüsü xeyli pozulmuşdur. STALIN yoldaşı müalicə etməyə ən yaxşı həkimlər: professor-terapevt P. E. Lukomski, SSRI Tibb Elmləri Akademiyasının həqiqi üzvləri: professor-nevropatoloq N. V. Konavalov; professor-terapevt A. L. Myasnikov, professor-terapevt E. M. Tareyev; professornevropatoloq I. V. Filimonova; professor-nevropatoloq R. A. Tkaçov; professornevropatoloq I. S. Qlazunov; dosent-terapevt V. I. İvanov-Neznamov cəlb edilmişdir. STALIN yoldaş SSRI Səhiyyə Naziri A. F. Tretyakov yoldaşın və Kremlin Müalicə-Sanitariya İdarəsinin rəisi I. I. Kuperin yoldaşın rəhbərliyi altında müalicə olunur». Bu yerdə Pravadnik Əbdülkərim poçtalyon Müzəffərin oxumağını kəsdi və açıq-aşkar bir təlaş və həyəcanla: « – O birinci familiya necə oldu? – soruşdu. – Həkimlərdən birincisinin familiyası?!» Belə ağır bir məqamda da heç kim Pravadnik Əbdülkərimin üstünə çımxıra bilmədi ki, niyə kişinin oxumağını yarımçıq kəsirsən və hamı Pravadnik Əbdülkərimə narazı bir nəzər salıb təzədən gözünü poçtalyon Müzəffərə dikdi və poçtalyon Müzəffər də o qalın və girdə çeşmək şüşəsinin böyütdüyü gözlərini bir anlıq «Kommunist» qəzetindən ayırıb Pravadnik Əbdülkərimə baxdı, sonra təzədən birinci həkimin adını qəzetdə tapıb oxudu: «...professor-terapevt P. E. Lukomski...» Pravadnik Əbdülkərim daha artıq bir təlaş və həyəcanla: « – Alə, – dedi – birdən cuhud olar a?!» və bu sözdən sonra, elə bil ki, Pravadnik Əbdülkərimin təlaşı, həyəcanı, məhəllənin kişilərinə də sirayət etdi və hamı sual dolu nəzərini poçtalyon Müzəffərə dikdi, guya, bu sualın cavabını, yəni professor-terapevt P. E. Lukomskinin yəhudi olub-olmadığını da bilməli və deməliydi. Poçtalyon Müzəffər də, Sarı hamamın qabağına toplaşmış o məhəllə camaatının da əksəriyyəti Pravadnik Əbdülkərimin sualının və əlavə təlaşının, həyəcanının səbəbini və mənasını başa düşmürdü, amma bir halda ki, Pravadnik Əbdülkərim kimi siyasi sayıqlığı ilə məşhur olan bir adam belə bir məqamda nədənsə şübhələnirsə, nəyisə dəqiqləşdirirsə, deməli, nəsə var ortada ki, məhəllə camaatının bundan xəbəri yoxdu, amma bu dəfə Pravadnik Əbdülkərim öz sualına özü cavab verdi: «Yox!.. Cuhud olmaz... Lukomski... Lukomski... Yox, canım, yox!.. Cuhud olmaz... Qoymazlar!». Bu o demək idi ki, poçtalyon Müzəffər Məlumatın ardını oxuya bilər və poçtalyon Müzəffər də oxumağını davam etdirdi: «...STALIN yoldaşın müalicəsi Sov.IKP Mərkəzi Komitəsinin və Sovet hökumətinin daimi nəzarəti altında keçirilir. STALIN yoldaşın səhhəti ağır olduğuna görə Sov.IKP Mərkəzi Komitəsi və SSR İttifaqı Nazirlər Soveti bu gündən etibarən İosif Vissarionoviç STALININ səhhəti haqqında tibb bülletenləri elan edilməsini lazım bilmişdir. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSR İttifaqı Nazirlər Soveti, habelə bütün partiyamız və bütün sovet xalqımız belə bir faktın bütün əhmiyyətini başa düşürlər ki, STALIN yoldaşın ağır xəstəliyi, onun uzun və ya qısa bir müddət rəhbərlik işində iştirak edə bilməyəcəyinə səbəb olacaqdır». Bu dəfə özünü saxlaya bilməyib poçtalyon Müzəffərin oxumağını kəsən çəkməçi Ağagül oldu, həmin Ağagül ki, Fatma arvadın oğlu çəkməçi Balaniyazın yanında şagird idi və Balaniyaz tutulandan sonra, məhəllənin aşağı başındakı köşkdə ustasının yerində oturub işini görürdü; çəkməçi Ağagül xüsusi bir inamla dedi:«–Alə, Stalin 72 dil bilir! Xəstəliyi ona heç nə əliyə bilməz! Lap ağır olmur, nə olur, olsun!.. Bu sözlərdən və kiçik bir sükutdan sonra, poçtalyon Müzəffər yenə oxumağa başladı: «Mərkəzi Komitə və Nazirlər Soveti partiyaya və ölkəyə rəhbərlik işində: rəhbər dövlət və partiya fəaliyyətindən STALIN yoldaşın müvəqqəti ayrılması ilə...» Çəkməçi Ağagül bu dəfə də özünü saxlaya bilmədi: «– Gördüz?! Müvəqqəti!.. Özləri yazıblar o boyda qəzetdə ki, müvəqqəti!..» Poçtalyon Müzəffər ardını oxudu: «...müvəqqəti ayrılması ilə əlaqədar bütün şəraiti tam ciddiyyətlə nəzərə alırlar. Mərkəzi Komitə və Nazirlər Soveti əmin olduqlarını bildirirlər ki, partiyamız və bütün sovet xalqı bu çətin günlərdə ən böyük birlik və yekdillik, mənəvi möhkəmlik və sayıqlıq göstərəcək...» Pravadnik Əbdülkərim bu ağır xəbərdən sonra, elə bil ki, yalnız indi bir balaca toxtadı və dedi: «– Bax, məsələ bundadı!..» Poçtalyon Müzəffər davam etdi: «...sayıqlıq göstərəcək, ölkəmizdə kommunizm qurmaq sahəsində öz səyini qat-qat artıracaq, Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və Sovet İttifaqı hökuməti ətrafında daha sıx birləşəcəkdir. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi. SSR İttifaqı Nazirlər Soveti. 3 mart 1953-cü il». Elə ki, poçtalyon Müzəffər bu xəbəri oxuyub qurtardı, o Sarı hamamın qabağına elə bir sükut çökdü ki heç 1941-ci ilin o isti yay günü, o vaxt ki, bax, bu poçtalyon Müzəffər müharibənin başlamağı haqqındakı xəbəri həmin bu «Kommunist» qəzetindən oxuyurdu, onda da buraya belə bir sükut çökməmişdi və o vaxt o xəbərə qulaq asan məhəllə kişilərinin, yeniyetmələrin bəlkə yarısından da çoxu indi bu işıqlı dünyada deyildi, haqq dünyasında idi – müharibədə qırılmışdılar, itib-batan da itib-batmışdı, amma 1953-cü ilin soyuq mart səhəri Sarı hamamın qabağına yığışmış bu kişiləri, bu cavanları, yeniyetmələri irəlidə təzə bir müharibə gözləmirdi, amma bu dəfəki sükutun ağırlığı on iki il bundan əvvəlki o sükutun ağırlığından qat-qat artıq idi. İndi söhbət bura toplaşmış bu adamların təkcə öz həyatından yox, onların evdəki balalarının, körpələrinin həyatından gedirdi: bundan sonra necə yaşayacaqdılar? Və camaat ki, o cümə axşamı sübh çağı Sarı hamamın qabağından, qoşa tut ağacının ətrafından evlərinə dağılışmağa başladı, elə bil, kişilərin beli sınmışdı, hər birinin ayağına pud bağlanmışdı və çəkməçi Ağagül də bütün içinə dolmuş o ağır təəssürat altında həmişəki kimi, əvvəlcə Sarı hamamın yanındakı çörək dükanına girib Fatma arvad üçün yarım kilo təzə ağ çörək aldı, nöyüt dükanı ilə üzbəüz yaşıl qapıdan kiçik asfalt həyətə girdi, həyətin yuxarı küncündəki taxta pilləkənlərlə ikinci mərtəbəyə qalxdı, qapını döydü ki, çörəyi Fatma arvada versin, sonra çəkməçi köşkünə getsin.
Dünyanın bəxtəvəriGəl səninlə həmdəm olaq,Gəl, dolanaq bağı, bülbül...
Aydınlıq gecələrAnaraO sərin yay gecəsi göyün üzündə o ayla bərabər o qədər ulduz var idi və o ulduzlar dörd tərəfdən də qocanın başının üstünü elə bürümüşdü ki, həmin çoxluğun, küllün, həmin uzaqlığın, əlçatmaz, ünyetməzliyin müqabilində öz həyatı bütün camaatın Şərəfbəxş adlandırdığı Şeyx Mustafa üçün çox qısa, bir göz qırpımlıq göründü və doğrudan da, kainat ki, bu qədər böyük idi, bu qədər əlçatmaz idi, o yay gecəsi göyün üzündə sayrışan ulduzların işıltısında o qədər bir əbədilik (uzaq əbədilik) var idi, bunun müqabilində Şeyx Mustafa Şərəfbəxş həzrətlərinin bu dünyada sürdüyü doxsan illik ömür nə idi? Heç nə, kəpənək ömrü.
Başqa şairlərin şeirləri
{| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
Sevdiyim rəngDan sökülür... Gün çıxır...Pəncərəmi açır yaz,
Peyğəmbərə uca vəhyi, şairə ilham verdilər(Ya Peyğəmlərl) Həqiqətən, Biz sənəKövsər (Cənnətdəki Kövsər irmağını və ya
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.