Səhifə 1 / 4

Sonra 1953-cü ilin o soyuq 5 mart günü, o cümə axşamı birdən-birə Bakıda gün çıxdı və qışın sazağında günün birdən-birə eləcə çıxıb, eləcə yaz şüaları ilə qızdırmağı bütün məhəlləni alt-üst etmiş, hamını mat qoymuş o qara xəbərlə, daha doğrusu, o xəbərin qara nigarançılığı ilə heç cürə uyğun gəlmirdi və hətta elə bil ki, gün işığının o istisində, hərarətində indi bir düşmən əli var idi, elə bil, Pravadnik Əbdülkərimin həmişə sayıq və zəhmli nəzərləri də o gün işığına qarışıb məhəlləni bürümüşdü, qənbər döşənmiş küçə bomboş idi və elə bil ki, o cümə axşamı, o günorta çağı küçəyə döşənmiş o daşlar da Pravadnik Əbdülkərimin o sayıq nəzərləri altında üşüyürdü və qızına bilmirdi, təkcə Sarı hamamın qabağında ucalan qara tut ağacının çılpaq budaqlarına qonub, sonra da pırıltıyla uçan sərçələr məhəlləyə çökmüş bu pis nigarançılığın, bu qüssənin, kədərin fərqində deyildilər, heç nədən çəkinmirdilər, sıxılmırdılar, heç nəyin dərdini çəkmirdilər, birdən elə olurdu ki, cikkiltiləri boş məhəlləni başına götürürdü. Həyətləri yaşıl, qəhvəyi, birmərtəbəli, bəzi yerlərdə ikimərtəbəli kiçik və bir-birinə bitişik binaların küçəyə baxan pəncərələri bağlı idi və qapı-pəncərənin payızda, qışda qarın-yağışın altında qalıb solmuş rəngi də, divarların ağ, Sarı hamamın həmişəki sarı əhəngi də məhəlləyə daha artıq bir yetimlik gətirirdi və elə bil ki, məhəllə camaatının – o qapısı örtülü həyətlərdəki, pəncərəsi bağlı evlərdəki adamların nigarançılığı o yaşıl, qəhvəyi, göy, ağ sarı rənglərin solğunluğunda boş küçəyə yayılmışdı və o boş küçə də həmin qapıpəncərələrlə, həmin əhəngli divarlarla, səkidəki o köhnə elektrik şalbanları ilə birlikdə, xüsusən sərçələrin cikkiltisi kəsilən zamanlar fikrə gedirdi ki, görəsən, bu fəlakətin axırı necə olacaq, (fəlakət olmağına isə, əsl fəlakət idi!). O cümə axşamı səhər tezdən məhəlləyə elə bir xəbər yayıldı ki, camaatın əli-ayağı qurudu, heç kim bu xəbərə inanmadı, amma inanmamaq da olmurdu, çünki bu xəbər elə bir şəxs haqqında idi ki, onunla zarafat eləmək, şayiə yaymaq olmazdı; məhəllənin kişiləri, yeniyetmələr, uşaqlar Sarı hamamın qabağına yığışdı və poçtalyon Müzəffər isə işə gecikməyini yaddan çıxarıb qolları sındığı üçün rezinlə bağlayıb başına keçirtdiyi çeşməyinin qalın şüşələri arxasından çox iri, bədheybət görünən gözlərini hələ mətbəə iyi verən «Kommunist» qəzetinin birinci səhifəsinə zilləmişdi, həyəcandan tez-tez udqunduğu üçün nazik boğazının ucu iti hülqumu enib qalxa-qalxa bərkdən oxuyurdu: «SSR ITTIFAQI NAZIRLƏR SOVETININ SƏDRI və Sov.IKP MƏRKƏZI KOMITƏSININ katibi İosif Vissarionoviç STALIN yoldaşın xəstələnməsi haqqında hökumət məlumatı. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSR İttifaqının Nazirlər Soveti partiyamıza və xalqımıza bədbəxtlik üz verdiyini – I. V. STALIN yoldaşın ağır xəstələndiyini xəbər verirlər. Martın 2-nə keçən gecə, STALIN yoldaş Moskvada öz mənzilində ikən, beyninə qan sızmış, qan beyinin həyat üçün mühüm olan sahələrini bürümüşdür. STALIN yoldaş huşunu itirmişdir. Ürək fəaliyyəti və tənəffüsü xeyli pozulmuşdur. STALIN yoldaşı müalicə etməyə ən yaxşı həkimlər: professor-terapevt P. E. Lukomski, SSRI Tibb Elmləri Akademiyasının həqiqi üzvləri: professor-nevropatoloq N. V. Konavalov; professor-terapevt A. L. Myasnikov, professor-terapevt E. M. Tareyev; professornevropatoloq I. V. Filimonova; professor-nevropatoloq R. A. Tkaçov; professornevropatoloq I. S. Qlazunov; dosent-terapevt V. I. İvanov-Neznamov cəlb edilmişdir. STALIN yoldaş SSRI Səhiyyə Naziri A. F. Tretyakov yoldaşın və Kremlin Müalicə-Sanitariya İdarəsinin rəisi I. I. Kuperin yoldaşın rəhbərliyi altında müalicə olunur». Bu yerdə Pravadnik Əbdülkərim poçtalyon Müzəffərin oxumağını kəsdi və açıq-aşkar bir təlaş və həyəcanla: « – O birinci familiya necə oldu? – soruşdu. – Həkimlərdən birincisinin familiyası?!» Belə ağır bir məqamda da heç kim Pravadnik Əbdülkərimin üstünə çımxıra bilmədi ki, niyə kişinin oxumağını yarımçıq kəsirsən və hamı Pravadnik Əbdülkərimə narazı bir nəzər salıb təzədən gözünü poçtalyon Müzəffərə dikdi və poçtalyon Müzəffər də o qalın və girdə çeşmək şüşəsinin böyütdüyü gözlərini bir anlıq «Kommunist» qəzetindən ayırıb Pravadnik Əbdülkərimə baxdı, sonra təzədən birinci həkimin adını qəzetdə tapıb oxudu: «...professor-terapevt P. E. Lukomski...» Pravadnik Əbdülkərim daha artıq bir təlaş və həyəcanla: « – Alə, – dedi – birdən cuhud olar a?!» və bu sözdən sonra, elə bil ki, Pravadnik Əbdülkərimin təlaşı, həyəcanı, məhəllənin kişilərinə də sirayət etdi və hamı sual dolu nəzərini poçtalyon Müzəffərə dikdi, guya, bu sualın cavabını, yəni professor-terapevt P. E. Lukomskinin yəhudi olub-olmadığını da bilməli və deməliydi. Poçtalyon Müzəffər də, Sarı hamamın qabağına toplaşmış o məhəllə camaatının da əksəriyyəti Pravadnik Əbdülkərimin sualının və əlavə təlaşının, həyəcanının səbəbini və mənasını başa düşmürdü, amma bir halda ki, Pravadnik Əbdülkərim kimi siyasi sayıqlığı ilə məşhur olan bir adam belə bir məqamda nədənsə şübhələnirsə, nəyisə dəqiqləşdirirsə, deməli, nəsə var ortada ki, məhəllə camaatının bundan xəbəri yoxdu, amma bu dəfə Pravadnik Əbdülkərim öz sualına özü cavab verdi: «Yox!.. Cuhud olmaz... Lukomski... Lukomski... Yox, canım, yox!.. Cuhud olmaz... Qoymazlar!». Bu o demək idi ki, poçtalyon Müzəffər Məlumatın ardını oxuya bilər və poçtalyon Müzəffər də oxumağını davam etdirdi: «...STALIN yoldaşın müalicəsi Sov.IKP Mərkəzi Komitəsinin və Sovet hökumətinin daimi nəzarəti altında keçirilir. STALIN yoldaşın səhhəti ağır olduğuna görə Sov.IKP Mərkəzi Komitəsi və SSR İttifaqı Nazirlər Soveti bu gündən etibarən İosif Vissarionoviç STALININ səhhəti haqqında tibb bülletenləri elan edilməsini lazım bilmişdir. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSR İttifaqı Nazirlər Soveti, habelə bütün partiyamız və bütün sovet xalqımız belə bir faktın bütün əhmiyyətini başa düşürlər ki, STALIN yoldaşın ağır xəstəliyi, onun uzun və ya qısa bir müddət rəhbərlik işində iştirak edə bilməyəcəyinə səbəb olacaqdır». Bu dəfə özünü saxlaya bilməyib poçtalyon Müzəffərin oxumağını kəsən çəkməçi Ağagül oldu, həmin Ağagül ki, Fatma arvadın oğlu çəkməçi Balaniyazın yanında şagird idi və Balaniyaz tutulandan sonra, məhəllənin aşağı başındakı köşkdə ustasının yerində oturub işini görürdü; çəkməçi Ağagül xüsusi bir inamla dedi:

«–Alə, Stalin 72 dil bilir! Xəstəliyi ona heç nə əliyə bilməz! Lap ağır olmur, nə olur, olsun!.. Bu sözlərdən və kiçik bir sükutdan sonra, poçtalyon Müzəffər yenə oxumağa başladı: «Mərkəzi Komitə və Nazirlər Soveti partiyaya və ölkəyə rəhbərlik işində: rəhbər dövlət və partiya fəaliyyətindən STALIN yoldaşın müvəqqəti ayrılması ilə...» Çəkməçi Ağagül bu dəfə də özünü saxlaya bilmədi: «– Gördüz?! Müvəqqəti!.. Özləri yazıblar o boyda qəzetdə ki, müvəqqəti!..» Poçtalyon Müzəffər ardını oxudu: «...müvəqqəti ayrılması ilə əlaqədar bütün şəraiti tam ciddiyyətlə nəzərə alırlar. Mərkəzi Komitə və Nazirlər Soveti əmin olduqlarını bildirirlər ki, partiyamız və bütün sovet xalqı bu çətin günlərdə ən böyük birlik və yekdillik, mənəvi möhkəmlik və sayıqlıq göstərəcək...» Pravadnik Əbdülkərim bu ağır xəbərdən sonra, elə bil ki, yalnız indi bir balaca toxtadı və dedi: «– Bax, məsələ bundadı!..» Poçtalyon Müzəffər davam etdi: «...sayıqlıq göstərəcək, ölkəmizdə kommunizm qurmaq sahəsində öz səyini qat-qat artıracaq, Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və Sovet İttifaqı hökuməti ətrafında daha sıx birləşəcəkdir. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi. SSR İttifaqı Nazirlər Soveti. 3 mart 1953-cü il». Elə ki, poçtalyon Müzəffər bu xəbəri oxuyub qurtardı, o Sarı hamamın qabağına elə bir sükut çökdü ki heç 1941-ci ilin o isti yay günü, o vaxt ki, bax, bu poçtalyon Müzəffər müharibənin başlamağı haqqındakı xəbəri həmin bu «Kommunist» qəzetindən oxuyurdu, onda da buraya belə bir sükut çökməmişdi və o vaxt o xəbərə qulaq asan məhəllə kişilərinin, yeniyetmələrin bəlkə yarısından da çoxu indi bu işıqlı dünyada deyildi, haqq dünyasında idi – müharibədə qırılmışdılar, itib-batan da itib-batmışdı, amma 1953-cü ilin soyuq mart səhəri Sarı hamamın qabağına yığışmış bu kişiləri, bu cavanları, yeniyetmələri irəlidə təzə bir müharibə gözləmirdi, amma bu dəfəki sükutun ağırlığı on iki il bundan əvvəlki o sükutun ağırlığından qat-qat artıq idi. İndi söhbət bura toplaşmış bu adamların təkcə öz həyatından yox, onların evdəki balalarının, körpələrinin həyatından gedirdi: bundan sonra necə yaşayacaqdılar? Və camaat ki, o cümə axşamı sübh çağı Sarı hamamın qabağından, qoşa tut ağacının ətrafından evlərinə dağılışmağa başladı, elə bil, kişilərin beli sınmışdı, hər birinin ayağına pud bağlanmışdı və çəkməçi Ağagül də bütün içinə dolmuş o ağır təəssürat altında həmişəki kimi, əvvəlcə Sarı hamamın yanındakı çörək dükanına girib Fatma arvad üçün yarım kilo təzə ağ çörək aldı, nöyüt dükanı ilə üzbəüz yaşıl qapıdan kiçik asfalt həyətə girdi, həyətin yuxarı küncündəki taxta pilləkənlərlə ikinci mərtəbəyə qalxdı, qapını döydü ki, çörəyi Fatma arvada versin, sonra çəkməçi köşkünə getsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xx fəsil

O balaca bağlama elə gözəl bağlanmışdı, ona elə gözəl bant taxılmışdı ki, onun görünüşü o fəhlə yataqxanasındakı güzəranla heç cürə uyuşmurdu və Cəmilə də, Qalib də maraq və həyəcanla o balaca bağlamaya baxırdılarsa da, Güllü arvadı az qalırdı gülmək tutsun.Xaricdən gəlmiş o uzun, kürən qız çıxıb gedəndən sonra otağa qayıdan Güllü arvad:

2 dəq
Xxı fəsil

Binə aeroportunun qarşı tərəfində, Bakıdan gələn əsas şose yolun arxasında böyük bir yarmarka Sovet İttifaqı dağılandan sonra neçə il idi ki, şıdırğı alış-veriş yerinə çevrilmişdi və burada ayaqqabı mismarından tutmuş taxta fin evlərinə qədər nə istəsən tapıb almaq mümkün idi və qiymətlər də Bakıya, Bakıətrafı Abşeron kəndlərinə nisbətən xeyli ucuz idi.Əlbəttə, orda fransız ətrinin də müştərisi tapılacaqdı, onun puluna da Sonaya bir don almaq olacaqdı və elə bu vaxt tualetdəki o paslı güzgüdən baxan Sona qəfildən gəlib Cümünün gözlərinin qabağında dayandı və Binə Yarmarkasına sarı sürdüyü motoroller az qaldı yolundan çıxıb özünü qarşı tərəfdən gələn və içi sərnişinlə dolu mikroavtobusa çırpsın.

4 dəq
Xxıı fəsil

Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:

1 dəq
Xxııı fəsil

İzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.

2 dəq

Başqa şairlərin şeirləri