Xx fəsil
O balaca bağlama elə gözəl bağlanmışdı, ona elə gözəl bant taxılmışdı ki, onun görünüşü o fəhlə yataqxanasındakı güzəranla heç cürə uyuşmurdu və Cəmilə də, Qalib də maraq və həyəcanla o balaca bağlamaya baxırdılarsa da, Güllü arvadı az qalırdı gülmək tutsun.
Xaricdən gəlmiş o uzun, kürən qız çıxıb gedəndən sonra otağa qayıdan Güllü arvad:
– Az, aç görək onun içində nə var elə?– dedi.
Sona əlində tutduğu o balaca bağlamaya taxılmış lentə baxanda uşaq vaxtı hərdənbir axşamlar Cıdır düzünə, ya Ərimgəldiyə, ya İstirahət Evinə gəzməyə gedəndə anasının onun iki uzun hörüyünün ikisinin də ucuna bağladığı qırmızı lentlər birdən-birə gəlib gözlərinin qabağında dayandı və Sona bağlamanı Solmaza tərəf uzatdı və elə bil, ancaq indi gördü ki, Solmaz kordu, tez əlini geri çəkib bu dəfə də bağlamanı Cəmiləyə tərəf uzatdı:
– Al, aç...
Cəmilənin on beş yaşı vardı, Cümü onu qucağına alıb Şuşadan qaçanda heç beş yaşı tamam olmamışdı və Cəmilə indiyə qədər əlində belə gözəl balaca bağlama tutmamışdı.
Güllü arvad nəvəsinə:
– Az, aç də... – dedi və bu on illik qaçqınlıq həyatında xaricdən onların güzəranını görməyə gələn adamlardan daha heç nə ummadığı, heç nə gözləmədiyi üçün əlavə etdi: – İçindən indi səfeh bir şey çıxacaq...
Cəmilə:
– Bantı mənimdi! – dedi və Qalibə baxdı.
Qalib bu dəfə bacısının sözünə etiraz etmədi, çünki o gözəl balaca bantın oğlanlara yüz faiz dəxli yox idi.
Güllü arvad:
– Yaxşı, ay qız... – dedi. – Aç!..
Cəmilə yavaş-yavaş və ehtiyatla bağlamanı açmağa başladı və nəhayət ki, açdı, əlində tutdutu qutunun o tərəf-bu tərəfinə baxdı.
Güllü arvad:
– Az, onu da aç... – dedi.
Sona:
– Day onun nəyini açsın? Ətirdi də... – dedi və gülümsədi, sonra da çayniki götürüb otaqdan çıxdı ki, həyətə düşüb krantdan su doldursun.
Sona elə gülümsədi ki, elə bil o ətirə yox, fəhlə yataqxanasında məskunlaşdıqları bu on ilə baxıb gülümsəyirdi...
Cəmilə bu hədiyyənin belə bir gözlənilməzliyindən elə çaşdı ki, qutu ilə bərabər, bantı da Güllü arvada verdi və Güllü arvad bir müddət o qaba, o banta baxdı.
Cümü açıq pəncərənin qabağında dayanıb gözlərini həyətdə krantdan çaydana su dolduran Sonaya zilləmişdi və Sonanın bayaqkı o təbəssümü Cümünün içini elə doldurmuşdu ki, Güllü arvadın ətir qabını ona tərəf uzadıb nə dediyini əvvəlcə heç başa düşmədi.
– Ə, səninnəyəm... – Güllü arvad təkrar etdi. – Al bunu, apar yarmarkada sat, o qıza, – əli ilə pəncərəyə tərəf işarə etdi, yəni ki, Sonaya, – bir babat don al gətir...
Cümü ətiri anasından alıb otaqdan çıxdı.
Güllü arvad onun ardınca:
– Sən dədəyin goru, – dedi. – Pulu arağa vermə!
Cümü:
– Dədəmin goru çoxdan çatdayıb!.. – dedi və tez-tez pilləkənləri düşməyə başladı, elə bil, təkcə bu yerlərdən yox, dünyadan qaçıb canını qurtarmaq istəyirdi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-qarabag-sikestesi-xx-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xan sarayının həyəti qaynayırdı. Bir tərəfdə kabab bişirdi, bir tərəfdə ocağın üstündə böyük qazan qaynayırdı, bir tərəfdə hind quşu, toyuq, turac yonulurdu… Xanəndənin zilə çəkdiyi «Qarabağ şikəstəsi"nin səsi həyətə yayılmışdı:Əzizinəm, Qarabağ,
İkinci hissə, 8Şuşa bazarında şıdırğı alış-veriş gedirdi.… Bir nəfər müştəri:
İkinci hissə, 910 iyun 1804-cü il. Tehran. Şah sarayı.Fətəli şah məşvərət çağırmışdı.
İkinci hissə, 10İbrahim xanın gözləri uzaqlara baxırdı və elə bil, o, qarşısında əmrə müntəzir dayanmış Vanya yüzbaşını heç görmürdü.İbrahim xan:
Başqa şairlərin şeirləri
Çərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Ay nədir, nədirBaşına döndüyüm, bu necə haldır,Dinməmiş deyirsən: ay nədir, nədir?
Əvvəl AllahƏvvəl Allah – imdi qüvvətHind elinin saf ürəkli ərləri!