İkinci hissə, 7
Xan sarayının həyəti qaynayırdı. Bir tərəfdə kabab bişirdi, bir tərəfdə ocağın üstündə böyük qazan qaynayırdı, bir tərəfdə hind quşu, toyuq, turac yonulurdu… Xanəndənin zilə çəkdiyi «Qarabağ şikəstəsi"nin səsi həyətə yayılmışdı:
Əzizinəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ…
Tehran cənnət də olsa,
Yaddan çıxmaz Qarabağ…
Toyuq yolan arvadlardan biri:
– Allah Ağabəyim Ağanın ömrünü uzun eləsin, gör də, gör, nə sözlər yazıb?! Gör, o bədbəxt, nə çəkir də, qürbətdə!..– dedi və doluxsundu.
O biri arvad:
– Az-z-z, sənin niyə gözün dolur? – dedi.– Xanımlar şah saraylarında kefə baxır, sən də burda zırıldayırsan?
Doluxsunmuş arvad:
– Allah elə kefi kəssin!– dedi və qolu ilə gözünü sildi.
… Qonaq otağında salınmış süfrənin arxasında isə bir–neçə əsabəsi ilə İbrahim xan, mayor Lisaneviç, onunla birlikdə gələn rus zabitləri əyləşmişdi.
Süfrənin üstünə cürbəcür meyvələr, yeməklər, şərbət, ayran düzülmüşdü.
Danışığı mayoru müşayiət edən azərbaycanlı bəy tərcümə edirdi.
İbrahim xan:
– Mayor cənabları,– dedi, – mən sizin haqqınızda xoş sözlər eşitmişəm. Sizi görməyimə çox şadam. Mən eşidəndə ki, zat-aliləri cənab Sisianov öz şəxsi nümayəndəsi kimi, mənimlə ilkin danışıqlar üçün cənabınızı göndərir, xeyli məmnun oldum.
Mayor Lisaneviç razılıqla:
– Əlahəzrət imperator Aleksandrın təbəələri, o cümlədən mən də sizin haqqınızda çox eşitmişik və Qarabağın müdrik bir hakimi kimi sizə böyük hörmətimiz var. Sisianov cənabları mənə şərəf verərək tapşırıb ki, əlahəzrət imperatorun şəxsi hədiyyəsini sizə təqdim edim.
Mayor Lisaneviç və onunla gəlmiş rus zabitləri ayağa qalxdılar. Zabitlərdən biri kənardakı mizin üstündən o hədiyyəni götürüb mayora verdi və mayor ehtiyatla hədiyyəni açdı.
Bu – imperator I Aleksandrın qiymətli çərçivə içində böyük portreti idi.
İbrahim xan bir an o portretə baxdı, sonra ayağa qalxdı, dərhal əyanlar da ayağa qalxdı və İbrahim xan dedi:
– Bu qiymətli ərməğan həmişə mənimlə və mənim nəslimlə bir yerdə olacaq.– Portreti mayordan alıb bir də baxdı, sonra yanında dayanmış əyana verdi.
Əyan portreti aparıb divar dibindəki yorğan-döşək dolabının üstündə dikəltdi və o an, elə bil, I Aleksandr Şuşada, Qarabağ xanının sarayındakı bu məclisi cismən diqqətlə izləyirdi.
… Xidmətçilər qonaq otağına girib-çıxırdı, təzə-təzə yeməklər gətirirdilər, boşalmış qabları aparırdılar və məclis əhli yeyə-yeyə söhbət edirdi.
Mayor Lisaneviç:
– Hörmətli xan,– dedi,– mən əminəm ki, sizinlə danışıqlarımızın axırı müsbət qurtaracaq, ancaq bundan asılı olmayaraq, xahiş edirəm ki, bir cəhət həmişə sizin xatirənizdə olsun: harada olmağımdan asılı olmayaraq, mənim simamda sizin həqiqi dostunuz var! Bu sözləri sizə mən deyirəm, rus zabiti Lisaneviç!
İbrahim xan həqiqətən məmnun idi:
– Bu sözlər mənim üçün çox qiymətlidir, cənab mayor! Çox sağ olun!
– Mənim missiyamın məqsədi sizə məlumdur, xan həzrətləri. Söhbət Qarabağ xanlığının böyük Rusiya imperiyasının təbəəliyinə keçməyindən gedir. Bu məsələdə sizin proqressiv mövqeyiniz şəxsən əlahəzrət imperatorun özünə də məlumdur. Zat-aliləri cənab Sisianov bu barədə əlahəzrət imeratora ətraflı məlumat vermişdir.
– Mən Rusiya ilə dostluq etmək və həmişə ona sadiq qalmaq vədini vermişəm, cənab mayor. Biz vədinə xilaf çıxan adamlar deyilik…
– Biz bunu bilirik, xan həzrətləri. Böyük Rusiya imperiyasının sizə bəslədiyi hörməti siz özünüz də, sizin gələcək nəsilləriniz də əyani şəkildə gərəcəksiniz. Siz – dostsunuz! Ancaq…
– Elə bil nəsə deməyə çətinlik çəkirsiniz…
– Fətəli xan sizin oğlunuz Əbülfət ağanı beş yüz atlı ilə Qarabağa göndərib…
– Bilirəm… Mən bu məsələ ilə məşğulam. Mən onun atasıyam, o mənim atam deyil. Mənim dediyim olmalıdır, onun dediyi yox.
– Əlbəttə, belə olmalıdır… Görünür, Əbülfət ağa bizi bəhanə edib Qarabağın xanlıq taxtına çıxmaq istəyir…
İbrahim xan bir az əsəbi təkrar etdi:
– Mən bu məsələ ilə məşğulam, cənab mayor. Lazım olsa, özüm onun qarşısına çıxacağam.
– Mən yalnız onu deyə bilərəm ki, hörmətli cənab xan, Rusiya heç zaman sizi darda qoymayacaq, sizə xəyanət etməyəcək. Siz və sizin gələcək nəsliniz Rusiya təbəəliyində əbədi olaraq Qarabağ xanlığına rəhbərlik edəcəksiniz. Sizin heç bir hakim hüququnuz məhdudlaşmayacaq. Nə qədər Rusiya olacaq, o qədər də Qarabağ xanlığı olacaq. Nə qədər Qarabağ olacaq, o qədər də İbrahim xan və onun nəsli Qarabağda xanlıq edəcək!
İbrahim xan gülümsəyərək barmağı ilə göyü göstərdi:
– Ancaq hər şey bizdən asılı deyil, cənab mayor. Allah da var!
Mayor Lisaneviç:
– Biz Allaha kömək etməliyik!– dedi.
İbrahim xan diqqətlə mayor Lisaneviçin gözlərinin içinə baxdı:
– Biz Allaha kömək etməliyik?
Mayor Lisaneviç:
– Əlbəttə!– dedi.– Biz bütün yaxşı işlərdə Allaha kömək etməliyik!
İbrahim xan bir-neçə an susdu, sonra dedi:
– Mən dünya görmüşəm, cənab mayor… Sizin gözlərinizdən görürəm ki, həqiqətən alicənab və xeyirxah adamsınız.
– Təşəkkür edirəm, xan həzrətləri. Siz bunu birgə fəaliyyətimizdə də görəcəksiniz!
Kitabxana.az · https://kitabxana.az/works/elcin-hokmdarin-taleyi-ikinci-hisse-7
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gedirdim, yoldan eylədi,O qız məni, bu qız məni,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Göziyle hastayam u gözi dahi hasta dururGöziyle hastayam u gözi dahi hasta dururŞikeste zülfiyile zülfi hem şikeste durur