Stalinin ölümü
Səhifə 3 / 4 · 50%
Elə ki, 1951-ci ilin sentyabrında Balaniyazı gəlib bu köşkdən götürüb apardılar, Balaniyaza şagirdlik eləyən Ağagül qoymadı ki, köşkün qapısı bağlı qalsın, Balaniyazın yerində oturdu, Balaniyazın çəkicini-bıçağını əlinə aldı, göy ətəkliyini əyninə taxdı və səhərdən-axşamacan burada çəkmə yamadı, hər gün Fatma arvada baş çəkdi; yeməyə-içməyə öz evlərinə nə aldısa, Fatma arvadçun da aldı, nə qazandısa, yarısını bir qırağa qoydu ki, Balaniyaz qayıtsa, versin ona, bu köşkdən ötrü hökumətin qoyduğu və adamın belini sındıran verginin hamısını öz payından çıxdı, hərçənd Balaniyazın qayıtmağı, əlbəttə, çətin bir məsələ idi və məhəllədə də elə savadlı bir adam yox idi ki, qanunları bilə, gedib o yazığın başına gələni öyrənə
– Ağagülü kim idi enkevedidə adam hesab eləyən və yaxına buraxan? Bir həftə getmişdi, Balaniyazın təzə tutulan vaxtları idi, bulvarın yanında böyük bir binaya girmişdi, soruşdular ki, sən kimsən? Dostusan? Bəlkə elə o köşkdəki söhbətlərdə iştirak edənlərdən birisən. Bundan sonra Ağagül nə qədər özünü məcbur elədisə də, qorxusundan bir daha o həndəvərlərdə dolanmadı və əlbəttə, Ağagül özü öz qorxaqlığının xəcalətini çəkirdi, amma başını aşağı salıb çəkmə yamamaqdan savayı əlacı yox idi, çünki Sarı hamamın yanındakı, o qoşa tut ağacının arxasındakı evlərində hər axşam Ağagülün yolunu özündən kiçik altı bacısı gözləyirdi...Ağagül yüz faiz bilirdi ki, Balaniyaza şər atıblar, çünki Balaniyazın yanında heç kim Stalinin əleyhinə danışmaz. Çünki Balaniyaz hələ müharibə vaxtı iynəylə sinəsinə, ürəyinin üstünə Stalinin şəklini döydürmüşdü və Stalinin bu cürə tuşla döymə şəkilləri, məhəllənin bütün cavanlarının qolunda, sinəsində var idi, çünki dünyada Stalindən böyük heç bir adam olmamışdı. Balaniyazı satmışdılar, gözü götürməyənlər satmışdılar, çünki Balaniyazın hörməti var idi, yaraşığı var idi, mərifəti var idi, ömründə dilinə nəşə vurmamışdı, bir adamı nahaq yerə incitməmişdi və Ağagül də məhəllənin başqa adamları kimi, bu işdə Pravadnik Əbdülkərimdən şübhələnirdi. Pravadnik Əbdülkərim bu məhəlləyə gəlmə adam idi, müharibədən sonra burda ev almışdı, bir cavan da rus arvadı var idi; onunla tək yaşayırdılar, uşaqları yox idi. Düzdü, məhəllədə deyirdilər ki, guya, Pravadnik Əbdülkərimin Rusiyanın şəhərlərində çoxlu uşaqları var (o cavan arvadını da elə Rusiyadan gətirmişdi), amma heç uşağı olan adama oxşamırdı, yəni bu mənada ki, adam Pravadnik Əbdülkərimi uşaq atası kimi təsəvvür eləmirdi və Ağagül istəmişdi ki, bu çəkməçi bıçağını götürüb gecə küçədə Pravadnik Əbdülkərimin qabağını kəssin, Balaniyazı soruşsun, amma buna da ürək eləməmişdi, çünki Pravadnik Əbdülkərim adi adam deyildi, həmişə hökumətdən danışırdı, həmişə düşmən axtarırdı və Pravadnik Əbdülkərimin qabağını kəsmək, Ağagül üçün Sovet hökumətinin qabağını kəsmək kimi bir şey idi. Əgər çəkməçi Ağagülün başına bir iş gəlsəydi, bacıları yiyəsiz qalardı (ata da, ana da haqq dünyasında idi...), bu, öz yerində, amma o yazıq Fatma arvadın da işi lap Allaha qalardı, çünki kömək eləyəni, əlindən tutanı elə təkcə Ağagül idi və Fatma arvad da gün-gündən dala gedirdi, səhərdən-axşama kimi otururdu həyətdəki o taxta pilləkənin başında, ağzını açıb bir kəlmə söz demirdi, yazıq daha ağlaya da bilmirdi. Nə qədər ağlamaq olardı? İllər boyu o arvad ağlayırdı, daha yaş qalmamışdı gözündən gələ... Bəs, innən sonra necə olacaqdı? Təkcə Fatma arvad yox, təkcə Ağagül və bacıları yox, bütün bu məhəllə necə yaşayacaqdı, onları nə gözləyirdi? Stalin xəstələnib... Stalin!.. Necə olacaqdı bundan sonra?.. Ağagül, düzdü, yüz faiz əmin idi ki, Stalin sağalacaq, amma ürəyində bir nigarançılıq da var idi, çünki etibarsız dünya idi... Dünyadakı əməllər də dünyadakı insanlar kimi etibarsız idi... Və o anda o balaca köşkün içində Ağagül bütün içindən axıb gələn bir diləklə dilədi ki, bundan sonra ki, nə qədər yaşayacaqdı, Allah-taala onun omründən kəsib Stalinin ömrünü uzadaydı – o dilək o qədər sidq-ürəkdən idi ki, Ağagül qəhərləndi, gözləri doldu, o balaca çəkməçi köşkünün taxta divarlarına məhəllədəki nöyüt dükanının, çörək dükanının, Sarı hamamdakı kassir otağının divarlarındakı kimi, Stalinin cürbəcür şəkilləri yapışdırılmışdı və bu şəkilləri hələ Balaniyaz qəzetlərdən, jurnallardan, xüsusən «Oqonyok» jurnalından kəsib yapışdırmışdı, bir qismini də bazarda – həmşəri Palanında fotoqraflardan alıb yapışdırmışdı: Stalin generalissimus paltarında, şərfini boynundan arxaya atmış və qapqara saqqal saxlamış Koba – Stalin və oğlu general Vasili Stalin, Stalin ona gül verən balaca qızı qucağına alıb, Stalin və Mao-Tze-Dun, Stalin, Beriya, Mikoyan və Koqanoviçlə bir yerdə, Stalin və Qorki, Stalin anası ilə birlikdə... Və Ağagül Stalinin sağalacağına yüz faiz inansa da, əlindəki köhnə kişi ayaqqabısının dabanına rezin vura-vura hərdən ürəyində baş qaldıran o nigarançılıqla köşkün divarlarındakı həmin şəkillərə baxırdı: bu şəkillər ən doğma, ən mehriban bir adamın şəkilləri idi, amma eyni zamanda bu doğma, mehriban, bu əziz adam bir ucalıqda, böyüklükdə idi və hansı xəstəlik olursa-olsun, o xəstəliyin gücü həmin ucalığa, həmin böyüklüyə çata bilməzdi, o xəstəlik nə istəsəydi, bax, bu məhəlləyə eləyə bilərdi, başqa məhəllələrə eləyə bilərdi, Bakıya, bütün dünyaya eləyə bilərdi, amma Stalinə heç nə eləyə bilməzdi və Ağagül bu fikri özü üçün tam qətiləşdirəndən sonra, mismarları həmişəki kimi bir şövq ilə əlindəki köhnə kişi ayaqqabısının dabanına vurmağa başladı.
Sabahkı gün, yəni 1953-cü il martın 6-da səhər tezdən məhəllənin kişiləri, yeniyetmələr, uşaqlar yenə də Sarı hamamın qabağına, o qoşa tut ağacının altına yığışmışdı və bu adamların sifətində, baxışında elə bir kədər var idi ki, elə o kədər boz bir rəng alıb bütün məhəlləni bürümüşdü, o Sarı hamamın divarlarını da boz rəngə boyamışdı və poçtalyon Müzəffər çeşməyinin qalın şüşəsinin böyütdüyü gözlərini yenicə mətbəədən çıxmış «Kommunist» qəzetinə zilləyib hərdən titrəyən, boğazında qırılan səsiylə oxuyurdu: «Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsindən, SSR İttifaqı Nazirlər Sovetindən və SSRI Ali Sovetinin Rəyasət heyətindən. Partiyanın bütün üzvlərinə, Sovet İttifaqının bütün zəhmətkeşlərinə. Əziz yoldaşlar və dostlar! Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi, SSRI Nazirlər Soveti və SSRI Ali Sovetinin Rəyasət heyəti partiyaya və Sovet İttifaqının bütün zəhmətkeşlərinə böyük hüzn hissi ilə bildirirlər ki, martın 5-də axşam saat 9.50 dəqiqədə SSR İttifaqı Nazirlər Sovetinin sədri və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi İosif Vissarionoviç STALIN ağır xəstəlikdən sonra vəfat etmişdir». Bu yerdə Sarı hamamın qabağına toplaşmış o məhəllə camaatının içindən elə bir ümumi «ah» qopdu ki, o «ah» gözə görünməyən səssiz bir burulğan kimi, bütün bu adamları da, Sarı hamamı da, o qoşa tut ağacını da, o elektrik dirəklərini də burum-burum özündə fırladıb havaya qaldırdı.
Poçtalyon Müzəffər tez-tez udquna-udquna və udqunduqca da nazik boğazının ucu iti hülqumu enib, qalxa-qalxa həmin titrək səslə ardını oxudu: «... Leninin silahdaşı və onun işinin dahi davametdiricisi, Kommunist Partiyasının və Sovet xalqının müdrik rəhbəri və müəllimi İosif Vissarionoviç STALININ qəlbi döyünməkdən qaldı». Yenə məhəllə camaatının içindən bir «ah» qopdu; uşaqlar hönkür-hönkür ağlamağa başladı, kişilər səssiz ağlaya-ağlaya gözlərinin yaşını sildilər və həmişə məhəllədə yas yerlərində, hətta, atalarının, qardaşlarının, ən yaxınlarının yasında ağlamaqlarını, kövrəlməklərini yeniyetmələrdən, uşaqlardan gizlədən məhəllə kişiləri, elə bil, yaddan çıxartmışdılar ki, ətrafda uşaq, yeniyetmə var, ağlayırdılar, içlərini çəkirdilər və o cümə günü səhər tezdən o Sarı hamamın qabağında ağlamaqlarını gizlətmək heç ağıllarına da gəlmirdi. Pravadnik Əbdülkərim də o səhər o camaatın arasında idi və ağlayan kişilərin gözləri Pravadnik Əbdülkərimə sataşanda, daha da bərkdən ağlayırdılar – əlbəttə, bu adamların hamısı sidq-ürəkdən ağlayırdı, amma, bir halda ki, Pravadnik Əbdülkərim də burada idi, hər ehtimala qarşı qoy öz gözləriylə görsün ki, kim necə bərkdən ağlayır... Pravadnik Əbdülkərim özü ağlamırdı, amma diqqətlə bir-bir məhəllə camaatına baxırdı və açıq-aşkar hiss olunurdu ki, öyrənib bilmək istəyir: kim necə ağlayır və nə qədər ürəkdən ağlayır?.. Poçtalyon Müzəffər oxuyurdu: «... STALININ adı partiyamız üçün, sovet xalqı üçün, bütün dünya zəhmətkeşləri üçün hədsiz dərəcədə əzizdir. Leninlə birlikdə STALIN yoldaş qüdrətli Kommunist Partiyasını yaratmış, onu tərbiyə etmiş və mətinləşdirmişdir; Leninlə birlikdə STALIN yoldaş Böyük Oktyabr sosialist inqilabının ilhamçısı və rəhbəri, dünyada birinci sosializm dövlətinin banisi olmuşdur. STALIN yoldaş... STALIN yoldaş...» Bu dəfə də poçtalyon Müzəffər özünü saxlaya bilmədi, hıçqırıq kişini boğdu, «Kommunist» qəzetində çap olunmuş hərflər gözünün qabağında əriyib horra kimi bir-birinə qarışdı və heç kişi özü də bilmədi ki, birdən-birə uşaq kimi necə ağladı; dizləri titrədi, uzun-uzun illərdən bəri ağır poçt çantasını belinə şəlləyib Bakının dağlıq küçələrini dolaşan və yorulmaq bilməyən bu adam birdən-birə taqətini itirdi və az qaldı yıxılsın, amma həmin məqamda Pravadnik Əbdülkərimin o müsibətli səhərdə də adamı xəncər kimi kəsən iti nəzərləri ilə rastlaşdı və özünü ələ aldı, titrəyən əlləri ilə tutduğu «Kommunist» qəzetini bir az da gözlərinin qabağına qaldırdı, nazik boğazının ucu iti hülqumu enib, qalxa-qalxa oxumağa başladı: «... STALIN yoldaş, Leninin ölməz işini davam etdirərək sovet xalqını ölkəmizdə sosializmin dünya miqyasında tarixi qələbəsinə çatdırmışdır. STALIN yoldaş dünya müharibəsində ölkəmizə faşizm üzərində qələbə qazandırmış və bu qələbə bütün beynəlxalq vəziyyəti kökündən dəyişmişdir. STALIN yoldaş partiyanı və bütün xalqı SSRI-də kommunizm qurmağın böyük və aydın proqramı ilə silahlandırmışdır. Bütün həyatını böyük kommunizm işinə fədakarlıqla xidmət etməyə həsr etmiş olan STALIN yoldaşın vəfatı partiya üçün, Sovet ölkəsi və bütün dünya zəhmətkeşləri üçün ən ağır itkidir». Sarı hamamın qabağından yenə bir hönkürtü dalğası keçdi və qıpqırmızı qızarmış gözlərindən yaş axan çəkməçi Ağagül o anlarda özünə kişi sözü verdi ki, mütləq evlənəcək, mütləq oğlu olacaq və oğluna mütləq «KOBA» adı qoyacaq, mütləq, mütləq, mütləq belə olacaq. Çəkməçi Ağagülün iyirmi dörd yaşı var idi, evlənmək vaxtı keçirdi, amma səhərdən-axşama kimi o qədər işləyirdi və bacılarının da o qədər qayğısını çəkirdi ki, evlənmək barədə fikirləşməyə vaxtı yox idi, amma həmin mart səhəri özünə kişi sözü verdi ki, lap yaxın vaxtlarda evlənəcək, oğlu olacaq və oğluna «KOBA» adı qoyacaq və əslində indi kimin qeyrəti varıydısa, gərək oğluna «KOBA» adı qoyaydı, heç olmasa, hərənin evində öz KOBASI olaydı, o KOBALAR böyüyəydi, o dahi rəhbərin adını həmişə yaşadaydı, hamısı bir yerdə bəlkə o böyük ada layiq olaydı... Düzdü, dünyada bir də heç vaxt Stalin kimi böyük adam ola bilməzdi, heç kim ona çata bilməzdi, amma elə eləmək lazımıydı ki, heç olmasa, övladlar o böyük ada layiq olaydı... Və çəkməçi Ağagül o qədər dərin bir fikrə getmişdi ki, hətta, Pravadnik Əbdülkərimin ona dikilmiş iti nəzərlərinin fərqinə varmadı.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-stalinin-olumu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O balaca bağlama elə gözəl bağlanmışdı, ona elə gözəl bant taxılmışdı ki, onun görünüşü o fəhlə yataqxanasındakı güzəranla heç cürə uyuşmurdu və Cəmilə də, Qalib də maraq və həyəcanla o balaca bağlamaya baxırdılarsa da, Güllü arvadı az qalırdı gülmək tutsun.Xaricdən gəlmiş o uzun, kürən qız çıxıb gedəndən sonra otağa qayıdan Güllü arvad:
Xxı fəsilBinə aeroportunun qarşı tərəfində, Bakıdan gələn əsas şose yolun arxasında böyük bir yarmarka Sovet İttifaqı dağılandan sonra neçə il idi ki, şıdırğı alış-veriş yerinə çevrilmişdi və burada ayaqqabı mismarından tutmuş taxta fin evlərinə qədər nə istəsən tapıb almaq mümkün idi və qiymətlər də Bakıya, Bakıətrafı Abşeron kəndlərinə nisbətən xeyli ucuz idi.Əlbəttə, orda fransız ətrinin də müştərisi tapılacaqdı, onun puluna da Sonaya bir don almaq olacaqdı və elə bu vaxt tualetdəki o paslı güzgüdən baxan Sona qəfildən gəlib Cümünün gözlərinin qabağında dayandı və Binə Yarmarkasına sarı sürdüyü motoroller az qaldı yolundan çıxıb özünü qarşı tərəfdən gələn və içi sərnişinlə dolu mikroavtobusa çırpsın.
Xxıı fəsilQırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:
Xxııı fəsilİzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.
Başqa şairlərin şeirləri
Nə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
BilmirəmAy ağalar belə dərdə neyləyim?Fələk çox veribdi çəkə bilmirəm.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi