İkinci fəsil
Səhifə 3 / 4 · 50%
İndi «Sağlamlıq» restoranında, hörmətli adamların, o cümlədən müdir Əlimuxtar müəllimin iştirak etdiyi bu məclisdə oturub və bu dəfə də Məliyin dediyi sağlığa qulaq asan Əlipaşaya elə gəldi ki, bayaq Səlim Sürəyya onu qucaqlayanda, onu gündəlik həyatından fərqlənən həmin aləmə aparanda, əslində Əlipaşanın özü o aləmə can atırmış, çünki Əlipaşanın ürəyində nə vaxtdan bəri o aləm üçün bir həsrət yaranmışmış, Əlipaşa özü nəşriyyatda başlayıb evdə qurtaran həyatından qaçıb harasa getmək istəyirmiş, Səlim Sürəyya ilə bu gözlənilməz görüş də onun üçün fürsət imiş və Əlipaşa fikirləşdi ki, hərgah doğrudan da, ürəyində elə bir həsrət qubar bağlayıbmışsa, onda, çox pis, onda, ona, yəni Əlipaşaya ayıb olsun... çünki, belə imişsə, onda bu, xəyanət idi, nəyə xəyanət idi? Kimə xəyanət idi? Bilmirdi, amma, hər halda, xəyanət idi... sonra o asqıçı kişinin gözlərindəki həmin sədəqə payı yadına saldı və bir qədəh arağın təsiri, elə bil ki, xeyli azaldı.
O qar nə yaman bərk yağırdı elə?..
O çox uzaq illərdə ki, universitetdə bir yerdə oxuyurdular, onda başını aşağı salıb sürətlə mühazirə yazmaqdan Əlipaşanın sağ əlinin qələm tutan barmaqları döyənək bağlamışdı. Məlik isə, ömründə heç vaxt mühazirə yazmazdı, amma elə ki, imtahanlar başlayırdı, Məlik Əlipaşadan yaxşı cavab verirdi, çünki Məliyin zehni Əlipaşanın zehnindən çox iti idi və burada Əlipaşa üçün təəccüblü bir şey yox idi.
Qara bax e...
Məliyin pencəyi həmişə düyməli olardı, qalstuku həmişə səliqə ilə ağ köynəyinin ortasında dayanardı (hər halda, rəyasət heyətlərində oturanda, televizorda danışanda belə olardı), amma indi pencəyinin yaxası açıq idi, qalstukunun düyünü sürüşüb bir tərəfə əyilmişdi, gözlərində bir rahatlıq var idi və gözləri xumarlanırdı, sözləri də, az qala, Səlim Sürəyya kimi, bir-birinin ardınca düzürdü və Məlik hərdənbir əlində tutduğu qədəhə baxa-baxa elmin, ədəbiyyatın daimi olduğundan, dünyadakı bütün vəzifələrin isə müvəqqəti olduğundan danışdı. Hüseyn Caviddən gözəl bir şeri əzbər söylədi və Məlik də fırladıb-fırladıb birdən-birə gözlənilmədən gəlib Əlipaşanın üstünə çıxdı, bu sadə, bu təvazökar Əlipaşanın əslində çox-çox yüksəklərdə dayandığından danışdı, çünki sadəlik, təvazökarlıq da sənət kimi əbədi bir vergi idi; təzədən Əlipaşanın şərəfinə qədəh qaldırmağı, dübarə Əlipaşanın sağlığına içməyi təvəqqe etdi.
Əlipaşa özü də hiss etdi ki, qızarır, çünki diqqət, tərif həddini aşırdı və yenə də ayağa qalxdı, yenə onun sağlığına içənlərə bir-bir baş əyib təşəkkürünü bildirdi, əlində tutduğu qədəhdəki arağı bu dəfə də birnəfəsə başına çəkdi...
...Mürsəl:
– Day sənə sözüm yoxdu mənim!.. – pıçıldadı, Zeynəb isə yavaş-yavaş şövqlə işıldamağa başlayan iri qara gözləri ilə Əlipaşanı başdan-ayağacan nəzərdən keçirdi...
Düzdü, restoranın orkestri Məliyin söylədiyi sağlığın şərəfinə tuş çalmadı, amma müdir Əlimuxtar müəllim qədəhini xüsusi olaraq Əlipaşaya tərəf uzatdı:
– Sağ ol, əzizim, – dedi. – Sənin sağlığına!.. – Gülümsədi və içdi.
Müdir Əlimuxtar da araq içdi, üstündən pomidor şorabası yedi, amma içəndə heç gözünü də qırpmadı.
Əlbəttə, müdir Əlimuxtar müəllim də insan idi, Əlimuxtar müəllim də yer
üzünün bütün bəndələri kimi, yeyə bilərdi, gülə bilərdi, amma Əlipaşa heç cür ağlına sığışdıra bilmirdi ki, müdir Əlimuxtar müəllim araq içib, üstündən də beləcə
pomidor şorabası yeyər; nə üçün? burada nə qəribə iş vardı və arağın üçtündən
pomidor yemək nə qəribə hadisə idi – bilmirdi, amma Əlipaşa məhz o nəzakətli,
həmişə gülümsəyən, eyni zamanda çox ciddi bir adam olan, nəşriyyatda kimsə işə bircə dəqiqə belə geciksə, həmin adamdan yazılı izahat tələb eləyən və hamının
gözünü açıb nəşriyyat müdiri gördüyü Əlimuxtar müəllimin beləcə araq içib, gözünü qırpmaması, üstündən də gündəlik bir şey kimi, şoraba pomidor yeməyi Əlipaşanın ağlına sığışmırdı; hər halda, bu da dünyanın təəccüblü işlərindən biri idi.
Sən bir qara bax...
Şair Səlim Sürəyya gur səsinin imkanı daxilində yavaşdan:
– Tı moy doroqoy! – dedi. – Sən bizə baxma, ye! Biz səhərdən bəri burda yeyirik. Arağı ki, içdin, gərək yeyəsən! Bizə baxma sən!.. – Sonra şair əlini uzadıb mizin ortasındakı boşqabdan qızardılmış iri bir toyuq budu götürdü və budu yuxarıdan aşağı dişinə elə çəkdi ki, çılpaq sümükləri ağappaq ağardı.
Əlipaşa özünü saxlaya bilməyib güldü:
– Yaxşı ki, hələ möhkəm yemisən!.. – dedi və elə bil, bu sözlərlə ürəyindəki o nigarançılıq, o sıxıntı, o götür-qoylar yavaş-yavaş çıxıb getməyə başladı, elə bil, darısqal, qaranlıq, içindəki həpir-çupuru nəm çəkmiş bir örtülmüş pəncərələri taybatay açdı, içəri təmiz hava doldu, işıq doldu və Əlipaşa heç özü də bilmədi ki, necə ayağa qalxdı, necə sağlıq söyləməyə başladı; əvvəlcə ürəyi bərkdən döyündü, əlində tutduğu qədəh titrədi, amma get-gedə Əlipaşa özü də hiss etdi ki, yaxşı danışır, ürəyi sakitləşməyə başladı, əlindəki qədəh əvvəlki kimi titrəmədi, hətta sağlığı deyə-deyə beynindən belə bir fikir keçdi ki, sən demə, sağlıq demək, özü də lap bu cür hörmətli məclislərdə sağlıq demək elə çətin bir iş deyilmiş və qabaqlar hərdənbir Züleyxa ilə qohum-əqrəbanın toyuna gedəndə bütün toy boyu nahaq nigarançılıq çəkirmiş ki, birdən ona söz verərlər, birdən məcbur olar ki, sağlıq desin və deyə bilməz, biabır olar; o unudulmaz universitet illərini xatırladı, Məliyin cavanlığını, şair Səlim Sürəyyanın cavanlığını məclisdəkilər üçün təsvir etdi, onlara dərs deyən və indi həyatda olmayan məşhur professorları yada saldı, ötüb gedən illərdən danışdı, dedi ki, həqiqətin gözünə dik baxmaq lazımdı, bu məclisə təsadüfən gəlib çıxıb, amma bu təsadüfün özündə bir gözəllik var, çünki onu bu dəqiqə bu məclisə bağlayan hisslər dünyanın ən təmiz, ən pak hissləridir və Əlipaşa ürəkləri birləşdirən o təmiz, o pak hisslərin şərəfinə içməyi təklif etdi.
Əlipaşa danışanda Səlim Sürəyya orkestrə işarə edərək əlini yuxarı qaldırmışdı və elə ki, Əlipaşa sağlığını deyib qurtardı, Səlim Sürəyya əlini aşağı saldı, orkestr şairin xasiyyətinə yaxşı bələd olduğu üçün, o saat Əlipaşanın söylədiyi sağlığın şərəfinə tuş çaldı. Məlik də, Səlim Sürəyya da qalxıb Əlipaşanı qucaqladı, öpdü, bir neçə başqası da gəlib Əlipaşanı qucaqladı, öpdü və ən təsirlisi bu oldu ki, müdir Əlimuxtar müəllim də durub gəlib Əlipaşanın qabağında dayandı və Əlipaşa heyrət içində baxıb gördü ki, müdir Əlimuxtar müəllimin gözləri dolub, Əlimuxtar müəllim də onu qucaqlayıb öpdü.
– Sağ ol! – dedi. – Çox sağ ol! – Və gözlərinin yaşını sildi. – Yaxşı dedin! Sənin sağlığına! – Əlində tutduğu qədəhdəki arağı içdi, heç gözünü də qırpmadı.
Səlim Sürəyya isə içəndən sonra üz-gözünü elə turşutdu ki, elə bil bundan sonra bir də heç vaxt dilinə konyak vurmaz və bu dəfə üz-gözünü eləcə turşudub əlindəki boş qədəhi mizin üstünə qoydu və yenə də əli ilə orkestrə işarə elədi; orkestr o saat şairin çox sevdiyi «Xançobanı» rəqsini çaldı, klarnet mikrofonun qabağına gəldi, zildən bir solo başladı, şair yerindən qalxdı, qollarını geniş açıb oynaya-oynaya Əlipaşanın qabağına gəldi və bu zaman Əlipaşanın yatsa da yuxusuna girməyəcək bir hadisə baş verdi: Əlipaşa ayağa qalxdı, qollarını açdı və ikisi də oynaya-oynaya mizin arxasından çıxıb restoranın rəqs meydançasına gəldilər.
Əlipaşa axırıncı dəfə haçan oynamışdı? Yadına gəlmirdi və əslində, heç yadına gətirmək də istəmirdi, öz oyunu özünə ləzzət eləyirdi, orkestrin çaldığı musiqi, şair Səlim Sürəyyanın beləcə ürəklə, hoppanıb düşə-düşə oynamağı və ümumiyyətlə, bu «Sağlamlıq» restoranında Səlim Sürəyyanın beləcə hörmətli olmağı Əlipaşaya ləzzət eləyirdi, bir yerdə oxuduqları, o uzaq və o gözəl tələbəlik çağlarında səhərdən-axşamacan bir yerdə oxuduqları Məliyin doktorluq dissertasiyası müdafiə etməyi, Məliyin məclisinə bu cür hörmətli adamların yığılmağı Əlipaşaya ləzzət eləyirdi və Əlipaşa «Sağlamlıq» restoranının o rəqs meydançasında hiss etdiyi həmin ləzzətlə də oynayırdı...
...Zeynəb çoxdan çıxıb getməli idi, amma heç cürə özünü vadar eləyib gedə bilmirdi və Əlipaşanın o cürə sağlıq deməyi, indi də ortaya düşüb şair Səlim Sürəyya ilə bu cürə oynamağı Mürsələ də o qədər təsir etmişdi ki, arvadına bir söz demirdi; elə ki, klarnet zildən bəmə düşdü, elə bil, Zeynəbin də ürəyində nəsə bir nisgil sızıldadı, sonra səhərdən bəri əlində tutduğu dolu zənbili (yəni «Sağlamlıq» restoranının bufetində dolmuş zənbili) adəti üzrə bir neçə dəfə tərpətdi, elə bil ki, çəkisini yoxlayırdı və heç Mürsəlin üzünə də baxmayıb bufetdən aralandı, restoranın ortasında rəqs eləyən adamların arasından, o cümlədən. Əlipaşa ilə şair Səlim Sürəyyanın yanından ötüb getdi və Əlipaşa Zeynəbi heç görmədi də...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-gul-dedi-bulbule-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yəqin iyul idi, ya bəlkə də iyun hələ qurtarmamışdı, ya da bəlkə avqust girmişdi– yadına gəlmirdi, daha doğrusu, bilmirdi və həmin yay səhəri belə bir naməlumluq onun ürəyini sıxmırdı, onu narahat etmirdi, çünki bu barədə və ümumiyyətlə, dünyanın işləri barədə fikirləşməyə həvəsi və imkanı yox idi: başında bir uğultu var idi, sol qulağı lap dibindən ağrıyırdı (neçə vaxt idi ki, beləcə ağrıyırdı... bir həftə idi?.. bir ay idi?.. ya lap çoxdan idi? Yadına gəlmirdi və bu barədə də fikirləşmirdi... ), sol ayağının baş barmağına da nəsə olmuşdu – nə olduğunu bilmirdi, nə vaxtdı ki, ayaqqabısını ayağından çıxartmamışdı – və ağrıyırdı, amma həmin yay səhəri başının uğultusu da, qulağının, ayaq barmağının ağrısı da, əslində onun üçün heç nə idi, çünki bütün bədəni dəhşətli bir yanğı içində idi, bu yanğı saçlarının dibindən tutmuş barmaqlarının ucuna kimi, bütün varlığını yandırırdı. O, gözlərini «Qırmızı qərənfil»in qapısındakı iri qıfıllara zilləyib qəlyanaltıxananın açılmasını gözləyirdi və bu gözləmə bədənindəki o yanğını söndürmək ehtirasını daha da artırırdı, o yanğını dözülməz bir səbrsizliklə qızdırıb qaynadırdı.
Stalinin ölümüSonra 1953-cü ilin o soyuq 5 mart günü, o cümə axşamı birdən-birə Bakıda gün çıxdı və qışın sazağında günün birdən-birə eləcə çıxıb, eləcə yaz şüaları ilə qızdırmağı bütün məhəlləni alt-üst etmiş, hamını mat qoymuş o qara xəbərlə, daha doğrusu, o xəbərin qara nigarançılığı ilə heç cürə uyğun gəlmirdi və hətta elə bil ki, gün işığının o istisində, hərarətində indi bir düşmən əli var idi, elə bil, Pravadnik Əbdülkərimin həmişə sayıq və zəhmli nəzərləri də o gün işığına qarışıb məhəlləni bürümüşdü, qənbər döşənmiş küçə bomboş idi və elə bil ki, o cümə axşamı, o günorta çağı küçəyə döşənmiş o daşlar da Pravadnik Əbdülkərimin o sayıq nəzərləri altında üşüyürdü və qızına bilmirdi, təkcə Sarı hamamın qabağında ucalan qara tut ağacının çılpaq budaqlarına qonub, sonra da pırıltıyla uçan sərçələr məhəlləyə çökmüş bu pis nigarançılığın, bu qüssənin, kədərin fərqində deyildilər, heç nədən çəkinmirdilər, sıxılmırdılar, heç nəyin dərdini çəkmirdilər, birdən elə olurdu ki, cikkiltiləri boş məhəlləni başına götürürdü. Həyətləri yaşıl, qəhvəyi, birmərtəbəli, bəzi yerlərdə ikimərtəbəli kiçik və bir-birinə bitişik binaların küçəyə baxan pəncərələri bağlı idi və qapı-pəncərənin payızda, qışda qarın-yağışın altında qalıb solmuş rəngi də, divarların ağ, Sarı hamamın həmişəki sarı əhəngi də məhəlləyə daha artıq bir yetimlik gətirirdi və elə bil ki, məhəllə camaatının – o qapısı örtülü həyətlərdəki, pəncərəsi bağlı evlərdəki adamların nigarançılığı o yaşıl, qəhvəyi, göy, ağ sarı rənglərin solğunluğunda boş küçəyə yayılmışdı və o boş küçə də həmin qapıpəncərələrlə, həmin əhəngli divarlarla, səkidəki o köhnə elektrik şalbanları ilə birlikdə, xüsusən sərçələrin cikkiltisi kəsilən zamanlar fikrə gedirdi ki, görəsən, bu fəlakətin axırı necə olacaq, (fəlakət olmağına isə, əsl fəlakət idi!). O cümə axşamı səhər tezdən məhəlləyə elə bir xəbər yayıldı ki, camaatın əli-ayağı qurudu, heç kim bu xəbərə inanmadı, amma inanmamaq da olmurdu, çünki bu xəbər elə bir şəxs haqqında idi ki, onunla zarafat eləmək, şayiə yaymaq olmazdı; məhəllənin kişiləri, yeniyetmələr, uşaqlar Sarı hamamın qabağına yığışdı və poçtalyon Müzəffər isə işə gecikməyini yaddan çıxarıb qolları sındığı üçün rezinlə bağlayıb başına keçirtdiyi çeşməyinin qalın şüşələri arxasından çox iri, bədheybət görünən gözlərini hələ mətbəə iyi verən «Kommunist» qəzetinin birinci səhifəsinə zilləmişdi, həyəcandan tez-tez udqunduğu üçün nazik boğazının ucu iti hülqumu enib qalxa-qalxa bərkdən oxuyurdu: «SSR ITTIFAQI NAZIRLƏR SOVETININ SƏDRI və Sov.IKP MƏRKƏZI KOMITƏSININ katibi İosif Vissarionoviç STALIN yoldaşın xəstələnməsi haqqında hökumət məlumatı. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSR İttifaqının Nazirlər Soveti partiyamıza və xalqımıza bədbəxtlik üz verdiyini – I. V. STALIN yoldaşın ağır xəstələndiyini xəbər verirlər. Martın 2-nə keçən gecə, STALIN yoldaş Moskvada öz mənzilində ikən, beyninə qan sızmış, qan beyinin həyat üçün mühüm olan sahələrini bürümüşdür. STALIN yoldaş huşunu itirmişdir. Ürək fəaliyyəti və tənəffüsü xeyli pozulmuşdur. STALIN yoldaşı müalicə etməyə ən yaxşı həkimlər: professor-terapevt P. E. Lukomski, SSRI Tibb Elmləri Akademiyasının həqiqi üzvləri: professor-nevropatoloq N. V. Konavalov; professor-terapevt A. L. Myasnikov, professor-terapevt E. M. Tareyev; professornevropatoloq I. V. Filimonova; professor-nevropatoloq R. A. Tkaçov; professornevropatoloq I. S. Qlazunov; dosent-terapevt V. I. İvanov-Neznamov cəlb edilmişdir. STALIN yoldaş SSRI Səhiyyə Naziri A. F. Tretyakov yoldaşın və Kremlin Müalicə-Sanitariya İdarəsinin rəisi I. I. Kuperin yoldaşın rəhbərliyi altında müalicə olunur». Bu yerdə Pravadnik Əbdülkərim poçtalyon Müzəffərin oxumağını kəsdi və açıq-aşkar bir təlaş və həyəcanla: « – O birinci familiya necə oldu? – soruşdu. – Həkimlərdən birincisinin familiyası?!» Belə ağır bir məqamda da heç kim Pravadnik Əbdülkərimin üstünə çımxıra bilmədi ki, niyə kişinin oxumağını yarımçıq kəsirsən və hamı Pravadnik Əbdülkərimə narazı bir nəzər salıb təzədən gözünü poçtalyon Müzəffərə dikdi və poçtalyon Müzəffər də o qalın və girdə çeşmək şüşəsinin böyütdüyü gözlərini bir anlıq «Kommunist» qəzetindən ayırıb Pravadnik Əbdülkərimə baxdı, sonra təzədən birinci həkimin adını qəzetdə tapıb oxudu: «...professor-terapevt P. E. Lukomski...» Pravadnik Əbdülkərim daha artıq bir təlaş və həyəcanla: « – Alə, – dedi – birdən cuhud olar a?!» və bu sözdən sonra, elə bil ki, Pravadnik Əbdülkərimin təlaşı, həyəcanı, məhəllənin kişilərinə də sirayət etdi və hamı sual dolu nəzərini poçtalyon Müzəffərə dikdi, guya, bu sualın cavabını, yəni professor-terapevt P. E. Lukomskinin yəhudi olub-olmadığını da bilməli və deməliydi. Poçtalyon Müzəffər də, Sarı hamamın qabağına toplaşmış o məhəllə camaatının da əksəriyyəti Pravadnik Əbdülkərimin sualının və əlavə təlaşının, həyəcanının səbəbini və mənasını başa düşmürdü, amma bir halda ki, Pravadnik Əbdülkərim kimi siyasi sayıqlığı ilə məşhur olan bir adam belə bir məqamda nədənsə şübhələnirsə, nəyisə dəqiqləşdirirsə, deməli, nəsə var ortada ki, məhəllə camaatının bundan xəbəri yoxdu, amma bu dəfə Pravadnik Əbdülkərim öz sualına özü cavab verdi: «Yox!.. Cuhud olmaz... Lukomski... Lukomski... Yox, canım, yox!.. Cuhud olmaz... Qoymazlar!». Bu o demək idi ki, poçtalyon Müzəffər Məlumatın ardını oxuya bilər və poçtalyon Müzəffər də oxumağını davam etdirdi: «...STALIN yoldaşın müalicəsi Sov.IKP Mərkəzi Komitəsinin və Sovet hökumətinin daimi nəzarəti altında keçirilir. STALIN yoldaşın səhhəti ağır olduğuna görə Sov.IKP Mərkəzi Komitəsi və SSR İttifaqı Nazirlər Soveti bu gündən etibarən İosif Vissarionoviç STALININ səhhəti haqqında tibb bülletenləri elan edilməsini lazım bilmişdir. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSR İttifaqı Nazirlər Soveti, habelə bütün partiyamız və bütün sovet xalqımız belə bir faktın bütün əhmiyyətini başa düşürlər ki, STALIN yoldaşın ağır xəstəliyi, onun uzun və ya qısa bir müddət rəhbərlik işində iştirak edə bilməyəcəyinə səbəb olacaqdır». Bu dəfə özünü saxlaya bilməyib poçtalyon Müzəffərin oxumağını kəsən çəkməçi Ağagül oldu, həmin Ağagül ki, Fatma arvadın oğlu çəkməçi Balaniyazın yanında şagird idi və Balaniyaz tutulandan sonra, məhəllənin aşağı başındakı köşkdə ustasının yerində oturub işini görürdü; çəkməçi Ağagül xüsusi bir inamla dedi:«–Alə, Stalin 72 dil bilir! Xəstəliyi ona heç nə əliyə bilməz! Lap ağır olmur, nə olur, olsun!.. Bu sözlərdən və kiçik bir sükutdan sonra, poçtalyon Müzəffər yenə oxumağa başladı: «Mərkəzi Komitə və Nazirlər Soveti partiyaya və ölkəyə rəhbərlik işində: rəhbər dövlət və partiya fəaliyyətindən STALIN yoldaşın müvəqqəti ayrılması ilə...» Çəkməçi Ağagül bu dəfə də özünü saxlaya bilmədi: «– Gördüz?! Müvəqqəti!.. Özləri yazıblar o boyda qəzetdə ki, müvəqqəti!..» Poçtalyon Müzəffər ardını oxudu: «...müvəqqəti ayrılması ilə əlaqədar bütün şəraiti tam ciddiyyətlə nəzərə alırlar. Mərkəzi Komitə və Nazirlər Soveti əmin olduqlarını bildirirlər ki, partiyamız və bütün sovet xalqı bu çətin günlərdə ən böyük birlik və yekdillik, mənəvi möhkəmlik və sayıqlıq göstərəcək...» Pravadnik Əbdülkərim bu ağır xəbərdən sonra, elə bil ki, yalnız indi bir balaca toxtadı və dedi: «– Bax, məsələ bundadı!..» Poçtalyon Müzəffər davam etdi: «...sayıqlıq göstərəcək, ölkəmizdə kommunizm qurmaq sahəsində öz səyini qat-qat artıracaq, Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və Sovet İttifaqı hökuməti ətrafında daha sıx birləşəcəkdir. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi. SSR İttifaqı Nazirlər Soveti. 3 mart 1953-cü il». Elə ki, poçtalyon Müzəffər bu xəbəri oxuyub qurtardı, o Sarı hamamın qabağına elə bir sükut çökdü ki heç 1941-ci ilin o isti yay günü, o vaxt ki, bax, bu poçtalyon Müzəffər müharibənin başlamağı haqqındakı xəbəri həmin bu «Kommunist» qəzetindən oxuyurdu, onda da buraya belə bir sükut çökməmişdi və o vaxt o xəbərə qulaq asan məhəllə kişilərinin, yeniyetmələrin bəlkə yarısından da çoxu indi bu işıqlı dünyada deyildi, haqq dünyasında idi – müharibədə qırılmışdılar, itib-batan da itib-batmışdı, amma 1953-cü ilin soyuq mart səhəri Sarı hamamın qabağına yığışmış bu kişiləri, bu cavanları, yeniyetmələri irəlidə təzə bir müharibə gözləmirdi, amma bu dəfəki sükutun ağırlığı on iki il bundan əvvəlki o sükutun ağırlığından qat-qat artıq idi. İndi söhbət bura toplaşmış bu adamların təkcə öz həyatından yox, onların evdəki balalarının, körpələrinin həyatından gedirdi: bundan sonra necə yaşayacaqdılar? Və camaat ki, o cümə axşamı sübh çağı Sarı hamamın qabağından, qoşa tut ağacının ətrafından evlərinə dağılışmağa başladı, elə bil, kişilərin beli sınmışdı, hər birinin ayağına pud bağlanmışdı və çəkməçi Ağagül də bütün içinə dolmuş o ağır təəssürat altında həmişəki kimi, əvvəlcə Sarı hamamın yanındakı çörək dükanına girib Fatma arvad üçün yarım kilo təzə ağ çörək aldı, nöyüt dükanı ilə üzbəüz yaşıl qapıdan kiçik asfalt həyətə girdi, həyətin yuxarı küncündəki taxta pilləkənlərlə ikinci mərtəbəyə qalxdı, qapını döydü ki, çörəyi Fatma arvada versin, sonra çəkməçi köşkünə getsin.
Dünyanın bəxtəvəriGəl səninlə həmdəm olaq,Gəl, dolanaq bağı, bülbül...
Aydınlıq gecələrAnaraO sərin yay gecəsi göyün üzündə o ayla bərabər o qədər ulduz var idi və o ulduzlar dörd tərəfdən də qocanın başının üstünü elə bürümüşdü ki, həmin çoxluğun, küllün, həmin uzaqlığın, əlçatmaz, ünyetməzliyin müqabilində öz həyatı bütün camaatın Şərəfbəxş adlandırdığı Şeyx Mustafa üçün çox qısa, bir göz qırpımlıq göründü və doğrudan da, kainat ki, bu qədər böyük idi, bu qədər əlçatmaz idi, o yay gecəsi göyün üzündə sayrışan ulduzların işıltısında o qədər bir əbədilik (uzaq əbədilik) var idi, bunun müqabilində Şeyx Mustafa Şərəfbəxş həzrətlərinin bu dünyada sürdüyü doxsan illik ömür nə idi? Heç nə, kəpənək ömrü.
Başqa şairlərin şeirləri
{| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
Sevdiyim rəngDan sökülür... Gün çıxır...Pəncərəmi açır yaz,
Peyğəmbərə uca vəhyi, şairə ilham verdilər(Ya Peyğəmlərl) Həqiqətən, Biz sənəKövsər (Cənnətdəki Kövsər irmağını və ya
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.