Səhifə 1 / 4

Xoruzun axırıncı banından bir az keçmiş, Qəşəm kişi həyətə düşdü, amma baxıb gördü ki, yenə çisəkləyir, özü də lap soyuqdur, təzədən artırmaya qalxıb müharibədənqalma şinelini ağ tuman-köynəyinin üstündən çiyninə saldı və sidq-ürəkdən əsnəyib hələ də üşüyə-üşüyə həyətin aşağı başına tərəf getdi.

Bu il payız gec gəlmişdi, amma yaman gəlmişdi – dörd gün idi kənddə hava açılmırdı, elə hey xırda-xırda çisəkləyirdi. Birdəfəlik şıdırğı yağmırdı ki, adamın canı qurtarsın; bu gün də, deyəsən, elə belə olacaqdı.

Ayna arvad da artırmaya çıxıb həyətə boylandı və o da ürəyində havanın qarasına deyindi.

Amma bu saat bu evdə bir adam da vardı ki, bu gecikmiş payız da, bu zəhlətökən çiskin də onun heç vecinə deyildi, çünki həmin adam – Allahverdi – keflə yatırdı isti yorğan-döşəyində, həm də yuxu görürdü. Görürdü ki, təzə ayaqqabı geyib, təzə kostyum geyib, boynuna da qalstuk taxıb dayanıb rayon mərkəzindəki dəlləkxananın qabağında, başında da şəhərdən gələn kinooperatorun papağından bir papaq. Hamı heyrətlə gah Allahverdiyə baxırdı, gah da Allahverdinin başına qoyduğu bu papağa. Allahverdi də bundan qürurlanırdı. Birdən o gördü ki, dədəsi bazar başından ona sarı gəlir. Doğrudan da, Allahverdinin dədəsi oğluna yaxınlaşıb başına qoyduğu papağa baxdı və həmişəki zəhmlə soruşdu:

– O nədi, ə, qoymusan başına?

Allahverdi ağzını açmağa macal tapmamış dədəsi yenə nə isə qışqırdı.

Qəşəm kişi artırmada dayanıb yenə üzünü Allahverdi yatan otağa sarı tutdu və qışqırdı:

– Ə, Allahverdi, gün günortanı keçdi, dursana!

Allahverdi var gücü ilə çalışdı ki, rayon mərkəzindəki dəlləkxananın yanından heç hara getməsin, amma mümkün olmadı, çünki Qəşəm kişi bu dəfə açıq-aşkar hədə-qorxu gəldi:

– Ə, Allahverdi!

Allahverdi hələ də gözünü açmayıb isti yorğan-döşəyində bu səhər axırıncı dəfə gərnəşdi – bilirdi ki, bir azdan bu istini də, bu yuxunu da həyətdəki boz payız əvəz edəcək – sonra gözünü açıb zoğalı boya ilə rənglədikləri tavana baxdı və ərinə-ərinə soruşdu:

– Nədi e?

Əlbəttə, Allahverdi özü lap yaxşıca bilirdi ki, iş nə yerdədir: həmişəki kimi, əvvəlcə göydəmir ürgəni tövlədən çıxarıb arxa suvarmağa aparmalıydı, sonra qayıdıb Qızıl inəyi naxıra qoşmalıydı, sonra bir-iki qucaq odun doğramalıydı, sonra isə, isti südlə pendir-lavaşını yeyib dərsə getməliydi. Bunların hamısını yaxşı bilirdi, amma hər dəfə də dərsə hələ iki saat qalmış yuxudan durmaq müsibət idi onun üçün, ələlxüsus da payızın bu çiskinində.

Eybi yox, az qalmışdı, lap az qalmışdı Bakıya gedib instituta girməyinə: qış gəlib keçəcəkdi, yaz gəlib keçəcəkdi, sonra da yay gələcəkdi – imtahan imtahan dalınca – sonra da xudahafiz, göydəmir ürgə, xudahafiz Qızıl inək, xudahafiz, vələs saplı balta. İmtahanlar çətin olacaqdı – aydın məsələdir – amma nə qədər çətin olsa da, səhərin gözü açılmamış hövlnak isti yorğan-döşəkdən qalxıb payızın çiskininə girməkdən min dəfə asandı.

Qəşəm kişinin lap səbri tükənmişdi:

– Ə, noldun?!

– Durdum e, durdum!..

Allahverdi yorğanı üstündən atıb çarpayıda oturdu, yekə ayaqlarının altındakı cecimdə toxunmuş ceyran sürüsünə baxdı, sonra qızarmış gözlərini qırpa-qırpa geyinməyə başladı.

Qəşəm kişi Qızıl inəyi tövlədən çıxarıb artırmanın altına çəkdi. Qızıl inəyin buzovu da quyruğunu yelləyə-yelləyə canfəşanlıqla düşdü anasının dalına.

Üşüyə-üşüyə artırmadakı əl-üzyuyanda xala xətrin qalmasın yuyunan Allahverdinin buzova yazığı gəldi və ürəyində fikirləşdi ki, ay yazıq buzov, sənin təqsirin nədir ki, gül kimi tövləni qoyub düşürsən bu sısqa çiskinin altına.

Qəşəm kişi buzovu inəyin qıçına bağladı, Allahverdinin anası Ayna arvad da artırmanın altında çöküb sərnici qoydu iki dizinin arasına və başladı inəyi sağmağa.

Allahverdi ərinə-ərinə aşağı düşüb salamsız-kəlamsız tövləyə tərəf getdi, içəri girib göydəmir ürgəni axurdan açdı, cilovu atın başına keçirib darta-darta həyətə çıxartdı, darvazanın qapısını itələyib göydəmir ürgənin çılpaq belinə tullandı: cavan və sağlam at öz yolunu tanıyırdı və öz işini də bilirdi.

Allahverdinin sinif yoldaşı, yəni Allahverdi ilə birlikdə kənddəki məktəbin onuncu sinfində oxuyan Məlik də həmişəki kimi əsnəyə-əsnəyə oturmuşdu kəhər madyanlarının belində və kəhər madyan da ədəb-ərkanla arxdan su içirdi, alapaça dayça da böyründə. Allahverdini görəndə Məlikin birinci sözü bu oldu ki, Səftər müəllim xəstələnib, dərsə gəlməyəcək.

Yuxudan kal durduğuna görə hələ də aynası açılmamış Allahverdi gözlərini qırpa-qırpa:

– Ba? – dedi və ürəyində fikirləşdi ki, yazıq Səftər müəllim neyləsin, belə sarsaq havaya da revmatizm tab gətirər? – Revmatizmi qalxıb?

Məlik əsnəməyinə ara vermədən:

– Hə, – dedi.

Səftər müəllim Məlikgilin həyətbir qonşusu idi, fizika müəllimi idi və bu gün də birinci dərs fizika dərsi idi; deməli, bu gün birinci dərs olmayacaqdı.

Kəhər madyan sudan doyub boynunu qaldırdı, əvvəlcə bir an müdrik-müdrik arxın o tayındakı heyva ağaclarına baxdı, sonra yenə başını aşağı salıb arxın qırağında təzə göyərmiş payız otundan otlamağa başladı. Məlik cilovu çəkib:

– Cəfər rayona gedir, – dedi. – Axşama kino gətirəcək.

Allahverdi yenə də:

– Ba? – dedi və göydəmir ürgənin arxdan su dümləməsinə tamaşa elədi.

Cəfər, Məlikin böyük qardaşı idi, özü də kinomexanik idi, iki gündən bir, üç gündən bir rayondan film gətirirdi, axşamlar klubda göstərirdi. Kinomexanik Cəfər kənddəki cavanların arasında hörmətli adam idi, amma həmin əcaib papaqlı kinooperator Bakıdan gəlib bu kəndə çıxalı Cəfərin hörmətinə bir az xələl toxunmuşdu, çünki məlum olmuşdu ki, dəvədən böyük fil var, yəni məlum olmuşdu ki, bir var hıqqana-hıqqana velosipedlə buradan rayona gedəsən, hıqqana-hıqqana da oradan bura film gətirəsən, bir də var ki, par-par parıldayan aparatı əlinə alıb tutasan gözünün tuşuna və başlayasan özün film çəkməyə.

Bakıdan gələn kinooperator dörd gün idi ki, kənddə idi, özü də qalırdı Allahverdigildən iki ev yuxarıda olan Salman kişigildə. Dörd gün idi gəlmişdi, amma heç nə çəkə bilməmişdi, deyirdi ki, hava pisdir, gərək gün çıxsın.

Həmin kinooperatorun başına qoyduğu qırmızı papaq Allahverdinin yadına düşdü və bayaq gördüyü yuxunu da xatırladı və fikirləşdi ki, nə münasibətlə bu qırmızı məxmər papağı başına qoyub rayondakı dəlləkxananın qabağında durmalıymış? Orasını da fikirləşdi ki, axır günlər elə hey səfeh yuxular görür.

Allahverdi qayıdıb həyətlərinə girəndə Ayna arvad buzovu açıb buraxmışdı Qızıl inəyin altına və buzov da anasının əmcəyini əmməkdə idi.

Ayna arvad artırmanın altında qırmızı kərpicdən hörülmüş kürədə ocaq çatıb mis qazanda süd qaynadırdı.

Qəşəm kişi kürəklə tövlənin peyinini kürüyüb qurtarmışdı.

Allahverdi atın belindən atılıb göydəmir ürgəni tövləyə gətirdi, dəmir qaşovla tumarlamağa başladı.

Qəşəm kişi xəlbirdən keçirtdiyi beş-altı qoşa ovuc arpanı axura tökdü və axurdakı samanla qarışdırdı, sonra dəmir qaşovu Allahverdidən alıb:

– Yeri, bir-iki qucaq odun yar, – dedi.

Allahverdi tövlədən çıxıb artırmanın altında bir tərəfə dəstəçin yığılmış odundan bir yekə qucaq götürdü və həyətin ortasındakı yoğun kötüyün yanına gəlib yarmağa başladı. O, vələs saplı baltanı başının üstündə hərləyib odunları bir-bir parçaladıqca, bədəninə bir istilik gəldi, canı qızışmağa başladı, yavaş-yavaş tərlədi və yavaş-yavaş da bu çiskinli payızın ürəkqısan əhvali-ruhiyyəsi çıxdı getdi işinin dalınca.

Allahverdi düyünlü bir palıd kötüyünə möhkəm balta ilişdirib buğlana-buğlana dedi:

– Səftər müəllim xəstələnib yenə, birinci dərsimiz olmayacaq.

Artırmanın pilləkənində oturub acqarına papiros çəkə-çəkə Qızıl inəyin altındakı buzova tamaşa edən Qəşəm kişi soruşdu:

– Yenə ayağının yelidi?

– Hə. – Allahverdi palıd parçasını tən iki yerə böldü və fikirləşdi ki, belədir kənd həyatı, hamı bir-birini tanıyır və hamı da bilir ki, kim hansı dərdə mübtəladır.

Burası doğru idi ki, Allahverdi şəhər həyatı görməmişdi, yəni, dədəsi Bakıya gedəndə hər dəfə iki-üç gündən artıq qalmamışdı dayısıgildə, amma orası da doğru idi ki, Allahverdi kənd həyatı barədə fəlsəfəyə qapılırdı, çünki Allahverdi hiss eləyirdi şəhər həyatını; yəni özünü gətirirdi gözlərinin qabağına və gözlərinin qabağında da günlərlə yaşayırdı şəhərdə: səhər-səhər qəhvəxanaya girib sosiska yeyirdi, günorta stadiona gedib futbola baxırdı, axşamçağı bulvarda gəzməyə çıxırdı və başlayırdı heç vaxt görmədiyi adamların arasında gəzişməyə. Bundan gözəl şey var ki, hər gün təzə adamlar görəsən? Yəni bundan gözəl şey var ki, hər gün yuxudan durasan və bütün gün ərzində küçələrdə, mağazalarda, bağda-bağatda indiyəcən görmədiyin adamlar görəsən?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

IV fəsil

Vasili Kuzmiçın qızı bir yəhudiyə ərə getmişdi və indi əri ilə birlikdə köçüb ABŞ-da yaşayırdılar, oğlu Vanya hələ sovet vaxtı Tambovda əsgərlik etmişdi, sonra da orada qalmışdı, orada evlənmişdi və orada da yaşayırdı, Kuzmiçin arvadı Vera Arxipovna altı iliydi ki, torpağın altında idi, özü, yəni Vasili Kuzmiç isə beş ildən artığıydı ki, Bilgəhdə, prokuror Əhməd Ağayeviçin bağında yaşayırdı.Sovet vaxtı Vasili Kuzmiç Bakı Lampa zavodunda çilingər işləyirdi və işləməyi sevən adam olduğu üçün, hər ay aldığı maaş onu da, ailəsini də dolandırırdı. Vanya əsgərliyə gedəndən və Tambovda qalandan, qızı ABŞ-a köçəndən sonra, Vera Arxipovna ilə birlikdə dolanışıqları isə lap şah dolanışığı idi – həftədə, heç olmasa, iki dəfə evdə təzə donuz əti bişirdi və həmin günlərdə Vasili Kuzmiç axşam işdən evə gələndə Vera Arxipovna ilə üzbəüz oturub o qızarmış gözəl donuz ətini yanındakı kartof, ya qarabaşaq, ya vermişel qarniri ilə yeyə-yeyə yarımlitrlik bir araq şüşəsi boşaldırdılar – 100, uzaq başı 150 qram Vera Arxipovna içirdi, qalanını da Vasili Kuzmiç. Sonra rus çastuşkaları, Şuljenkonun, ya Utesovun mahnıları yazılmış valları hələ 60-cı illərin əvvəllərində aldıqları patefonda oxudub ləzzətlə qulaq asırdılar, ya da əli dinc durmayan Vasili Kuzmiç çəkicini, kəlbətinini götürüb haranısa təmir edirdi, nəsə düzəldirdi, hərdənbir də elə divanın üstündə cavanlıqlarını yada salırdılar. Bütün bunlara onu da əlavə eləsək ki, Vera Arxipovna özü qış üçün sala düzəldirdi, zels hazırlayırdı, duzlu xiyar qoyurdu, o zaman, əlbəttə, Vasili Kuzmiçin sovet dövründəki həyatına qibtə etmək olardı və indi o həyata birinci qibtə edən adam, elə Kuzmiçin özü idi.

4 dəq
V fəsil

On il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq (onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:

1 dəq
VI fəsil

Yataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:– Əbili (yəni Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı...

1 dəq
VII fəsil

Bakıdan gələn şose yol sola, Buzovnaya (oradan da Zuğulbaya, Bilgəhə, dəniz qırağına) dönürdü, düz isə – Şağana, Mərdəkana, Şüvəlana, SES qəsəbəsinə gedib çıxırdı və həmin yolayrıcına Buzovna dairəsi deyirdilər. Kamança Tanrıverdi avtobusdan düşüb böyük muşmula ağacının kölgəsində dayanmışdı və səhərdən bəri təpəsinə gün çaxa-çaxa, suyun-tərin içində qucağındakı bir dəstə qəzet-jurnalla o tərəf-bu tərəfə maşınların qabağına qaçan Bayraqdara baxırdı.Bayraqdar o qəzet-jurnalı qucağında elə tutmuşdu, elə bil ki, sübh tezdən

4 dəq

Başqa şairlərin şeirləri