Gümüşü, narıncı, məxməri...
Səhifə 2 / 4 · 25%
Qabaqlar – üç-dörd il bundan əvvəl, Bakıdan gələn asfalt yol Allahverdigilin kəndlərinin böyründən ötüb gedirdi. Allahverdigil də – kəndin bütün uşaqları – həmişə yığışırdılar yolun qırağına və saatlarla oturub Bakıdan gələn, Bakıya gedən maşınlara tamaşa edirdilər.
Bir də görürdün bir maşın dayandı onların yanında və sürücü başını çölə çıxarıb nə isə soruşurdu onlardan – bu yol filan yerə gedir? Bu kəndin adı nədir? Filan yerə neçə kilometr qalıb?.. – onlar da canfəşanlıqla, bir-birinin sözünü kəsə-kəsə cavab verirdilər, başa salırdılar. Ya da bir şey lazım olurdu, məsələn, maşına tökməyə su lazım olurdu, sürücü su istəyirdi, uşaqlar da hamısı su dalınca qaçırdı, hamısı istəyirdi ki, köhnə kameralardan kəsib düzəltdiyi rezin vedrəsini birinci gətirsin və onun gətirdiyi suyu maşına töksünlər; hamı – təkcə Allahverdidən başqa.
Allahverdi heç hara qaçmırdı, elə-beləcə dayanırdı yolun qırağında və başlayırdı maşının içindəki adamlara tamaşa eləməyə, sonra da gecələr yuxu görürdü, cürbəcür yuxular: özü gedərdi maşında, özü termosdan çay töküb içərdi, özü geyərdi şəhərli uşaqların geydiyi rəngbərəng paltarları.
Üç-dörd il bundan əvvəl təzə yol çəkdilər və bu təzə yol daha Allahverdigilin kəndlərinin böyründən deyil, birbaş rayon mərkəzindən keçirdi. Uşaqlar daha bu yolun qırağına yığışmırdı, çünki daha bu yoldan maşın gəlib-getmirdi, gələndə də rayondan kəndə gəlirdi, kənddən rayona qayıdırdı.
Allahverdi odunu gətirib kürənin yanında dəstəçin elədi və Qəşəm kişi də əlindəki papirosun kötüyünü ocağa atıb dedi:
– Apar heyvanı qat naxıra.
Qəşəm kişi həmişə buyruq verirdi, guya ki, Allahverdi öz işini bilmir – gündəlik işlər idi və bu günlər də Allahverdi üçün bir-birinin güzgüdəki əksi idi.
Ayna arvad buzovu Qızıl inəyin altından dartıb çıxartdı ki, kəndin buzovlarına qatsın. Allahverdi də Qızıl inəyi darvazadan adladıb üzüaşağı gedən kəndarası araba yoluna düşdü və yenə də bayaqkı yuxusunu xatırladı və təzədən fikirləşdi ki, nə münasibətlə şəhərdən gəlmiş həmin kinooperatorun əcaib papağını başına qoyub rayondakı dəlləkxananın qabağında durmalıymış?
Allahverdi bir şey barədə fikirləşəndə, yarımçıq qoymazdı, axırına çatmasaydı, olmazdı.
İndi də naxıra qatmaq üçün o həyətdən, bu həyətdən heyvan çıxarıb bir-biriləri ilə salamlaşan, bir-birilərinə atmaca atan kəndlilərinə məhəl qoymadan xeyli götür-qoy eləyəndən sonra axırda bu qərara gəldi: ona görə yuxuda həmin əcaib qırmızı məxmər papağı başına qoyub rayondakı dəlləkxananın qabağında durmuşdu ki, başqaları kimi həmin papağa lağla baxmırdı, ürəyinin dərinliyində lap həsədlə baxırdı həmin papağa.
Allahverdi bu qərara gəlib çıxdı və nədənsə, bu fikir onu birdən-birə kefsizlətdi, bayaq başının üstünə qaldırıb-endirdiyi baltanın gətirdiyi hərarət canından çıxıb getdi və o, yenə də üşüməyə başladı və yenə də ürəyində bu çiskinli payızı söydü.
Arxadan onu səslədilər:
– Ə, Allahverdi!
Allahverdi geri qanrıldı və camışını qabağına qatıb ona tərəf addımlayan Salman kişiyə baxdı:
– Nədi?
– Şükürün qızı sənnən oxuyur?
Allahverdi elə bil bir balaca diksinən kimi oldu, sonra da dedi:
– Hə.
Salman kişi demisindən dərin bir qullab vurub:
– Onu kinoya çəkəcəklər, – dedi.
Allahverdi qulaqlarına inanmadı:
– Nə?
– Kinoya çəkəcəklər onu. Nadir çəkəcək. Deyir ki, yaman kinoya düşən qızdır.
Nadir həmin əcaib papaqlı kinooperator idi. Salman kişinin Bakıda yaşayan oğlu ilə dostluq edirdi və buna görə də düşmüşdü Salman kişigilə. Salman kişi qonağının adını qürurla çəkirdi və ona əməlli-başlı hörmət edirdi, hərçənd özü də ürəyində həmin qırmızı papaqdan pərt idi bir balaca. Allahverdi bilirdi ki, Salman kişi onun tayı-tuşu deyil və zarafat etmir, amma, həqiqətən, çox gözlənilməz xəbər idi.
– Necə yəni kinoya çəkəcək?
– Şükürün qızı səhəngi çiyninə alıb bulaqdan su gətirəcək, Nadir də onu çəkəcək kinoya. – Sonra Salman kişi yenə demisindən dərin bir qullab vurub təkrar etdi. – Deyir ki, yaman kinoya düşən qızdır. – Sonra da Salman kişi başını bulaya-bulaya xırda gözlərini qıyıb gülümsədi.
Allahverdi bu gülümsəməyin səbəbini lap yaxşıca başa düşdü, yəni ki, qəribə adamdırlar bu şəhərlilər, bu boyda kənddə qız tapmadılar, gedib Şükürün caydaq qızını kinoya çəkirlər.
Salman kişi «Şükürün qızı» dediyi qızın adı Sədəf idi və Sədəf birinci sinifdən ta indiyə kimi Allahverdi ilə bir sinifdə oxuyurdu. Əvvəlcə – uşaqlıqda, qonşu kənddəki məktəbə gedib-gəlirdilər, sonralar öz kəndlərində məktəb tikdilər və indi də həmin bu məktəbdə oxuyurdular.
Sədəf nə əlaçıydı, nə də gözəl idi, hətta təhər-töhürsüz idi bir balaca və Allahverdi birdən-birə eşitdiyi bu xəbərə heç cürə inana bilmirdi; Salman kişiyə dübarə sual verməkdən özünü güclə saxladı.
Məsələ burasındaydı ki, Sədəf Allahverdinin dərdindən hayıl-mayıl idi, yəni vurulmuşdu Allahverdiyə, amma bunu heç kim bilmirdi, bunu, ancaq Allahverdi özü bilirdi, çünki bu yay günlərin bir günündə Sədəf ona məktub vermişdi və Allahverdi də bu məktubu oxuyandan sonra heç kimə heç nə deməmişdi.
Allahverdi Qızıl inəyin dalınca gedə-gedə bu təzə xəbər barədə fikirləşirdi və daha üşümürdü; fikirləşirdi və onu açıq-aşkar heyrət bürüyürdü, həm də nədənsə, sıxılırdı, səbəbini özü də bilmirdi.
Salman kişinin bayaqkı sözləri onun qulaqlarından getmirdi: «– Deyir yaman kinoya düşən qızdır». Daha doğrusu, Allahverdi bu saat bu sözləri elə bil kinooperatorun öz dilindən eşidirdi: «Çox fotogenik qızdır». Bu sayaq eşidirdi, çünki kənddə qaldığı dörd gün ərzində «fotogenik» sözü kinooperatorun ağzından düşmürdü və Allahverdi də gedib lüğətə baxıb bu sözün mənasını öyrənmişdi.
Deməli, «fotogenik qızı» axır ki, tapıb kinooperator.
Hələ üstəlik, elə bil, həmin kinooperator Allahverdinin qulaqlarına deyirdi də: «– Şəhərdə yaşasaydı, kinoya çəkilməli birinci qız olardı Sədəf».
Və Allahverdi, gəlib gözlərinin qabağında dayanmış Sədəfin qarayanız sirsifətinə, arıq bədəninə, hacıleylək qıçı kimi uzun qıçlarına baxa-baxa bir mətləb qana bilmirdi.
Allahverdi qayıdıb evə gələndə Qəşəm kişi hinin ağzını açıb toyuq-cücəni, hinduşkaları həyətə buraxmışdı, indi də zirzəmidən çıxardığı maşın yağı ilə ayaqyolunun qapısını yağlayırdı ki, açılıb-örtüləndə cırıldamasın.
Ayna arvad artırmanın altında samovara od salmışdı.
Allahverdi yuxarı qalxıb bir az islanmış saçlarını quruladı, amma əslində təkcə saçlarını qurulamırdı, bütün başını silkələyirdi.
Məsələ burasında idi ki, Allahverdi bütün həyatında ilk dəfə heç nə barədə fikirləşmək istəmirdi, istəyirdi ki, bütün fikirlər başından olsun.
Allahverdi məhrəbanı əlüzyuyanın yanındakı mismardan asıb artırmadan aşağı boylandı və samovarın yanında dayanmış anasına acıqlı-acıqlı dedi:
– O dudkeşi götür qoy ağzına də, gözümüz çıxdı ki!..
Qəşəm kişi tərs-tərs oğluna baxdı və Allahverdi daha heç nə deməyib otağa girdi və dəftər-kitabını yığdığı dolabın yanına gəldi, yadına düşdü ki, Səftər müəllim xəstələnib, yenə bu gün birinci dərs olmayacaq, tələsmək lazım deyil həmişəki kimi; bir neçə an elə-beləcə dinməz-söyləməz dayandı, sonra dolabın aşağı gözünü çəkib lap dibdə, kağız-kuğuzların altında gizlətdiyi məktubu götürdü.
Yenə bir neçə an elə-belə dinməz-söyləməz dayanıb əlində tutduğu dördkünc bükülmüş dama-dama dəftər kağızına baxdı, sonra kağızı açıb Sədəfin məktubunu bir də oxudu ürəyində:
«Şanlı məktub!
Allahverdi, bu məktubu sənə yazıram. Allahverdi, ömrümdə heç kimə məktub yazmamışam, bu, birinci məktubumdur. Allahverdi, bu məktubu oxuyandan sonra, heç kimə heç nə demə, bu məktubu da cır, yandır, qoy külə dönsün. Onsuz da, mən yanıb külə dönürəm, Allahverdi. Hara baxıramsa, səni görürəm. Yuxuda da həmişə səni görürəm. Fikrim özümdə olmur, Allahverdi, birdən elə bilərsən mən bütün oğlanlara məktub yazıram. Yox, Allahverdi, təkcə sənə, təkcə sənə. Qismət olsa, bir yerdə söhbət eləsək, hamısını sənə danışaram. Yenə gözlərim dolub, Allahverdi. Mənə cavab yaz.
Mən ki, səni görəndən bəri,
Açdı ürəyimin incə telləri.
Sənsiz ayrı gəzmərəm, ey gözəl Allahverdi.
Unutma dediyim bu sözlərimi.
Mənə gülmə, Allahverdi. Heç kimə də heç nə demə ki, mənə gülsünlər. Bu məktubu da yandır.
Sədəf».
Məktubdakı yazının üstünə bir damcı da düşmüşdü – bir gilə göz yaşı – və göy mürəkkəblə yazılmış beş-altı hərf bulaşmışdı, amma oxunurdu – təkcə izi qalmışdı göz yaşının. Əvvəlcə Allahverdi elə fikirləşmişdi ki, Sədəf özü bilərəkdən salıb, lap adicə su damcısıdır bu, amma günlər keçdikcə və Allahverdi də bu məktubu çoxlu-çoxlu oxuduqca, inanmışdı ki, doğrudan da, göz yaşıdır bu.
Sədəf bu məktubu ona verənə qədər buradakı mətləb Allahverdinin heç ağlına gəlməzdi. Doğrudur, hərdən Sədəf ona elə baxırdı ki, başqaları bu cür baxmırdı heç vaxt. O da doğrudur ki, Sədəf qəflətən onu görəndə qızarırdı, elə bil lap özünü itirirdi, amma Allahverdi heç cürə fikirləşməzdi ki, hal-qəziyyə bu yerdədir.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-gumusu-narinci-mexmeri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vasili Kuzmiçın qızı bir yəhudiyə ərə getmişdi və indi əri ilə birlikdə köçüb ABŞ-da yaşayırdılar, oğlu Vanya hələ sovet vaxtı Tambovda əsgərlik etmişdi, sonra da orada qalmışdı, orada evlənmişdi və orada da yaşayırdı, Kuzmiçin arvadı Vera Arxipovna altı iliydi ki, torpağın altında idi, özü, yəni Vasili Kuzmiç isə beş ildən artığıydı ki, Bilgəhdə, prokuror Əhməd Ağayeviçin bağında yaşayırdı.Sovet vaxtı Vasili Kuzmiç Bakı Lampa zavodunda çilingər işləyirdi və işləməyi sevən adam olduğu üçün, hər ay aldığı maaş onu da, ailəsini də dolandırırdı. Vanya əsgərliyə gedəndən və Tambovda qalandan, qızı ABŞ-a köçəndən sonra, Vera Arxipovna ilə birlikdə dolanışıqları isə lap şah dolanışığı idi – həftədə, heç olmasa, iki dəfə evdə təzə donuz əti bişirdi və həmin günlərdə Vasili Kuzmiç axşam işdən evə gələndə Vera Arxipovna ilə üzbəüz oturub o qızarmış gözəl donuz ətini yanındakı kartof, ya qarabaşaq, ya vermişel qarniri ilə yeyə-yeyə yarımlitrlik bir araq şüşəsi boşaldırdılar – 100, uzaq başı 150 qram Vera Arxipovna içirdi, qalanını da Vasili Kuzmiç. Sonra rus çastuşkaları, Şuljenkonun, ya Utesovun mahnıları yazılmış valları hələ 60-cı illərin əvvəllərində aldıqları patefonda oxudub ləzzətlə qulaq asırdılar, ya da əli dinc durmayan Vasili Kuzmiç çəkicini, kəlbətinini götürüb haranısa təmir edirdi, nəsə düzəldirdi, hərdənbir də elə divanın üstündə cavanlıqlarını yada salırdılar. Bütün bunlara onu da əlavə eləsək ki, Vera Arxipovna özü qış üçün sala düzəldirdi, zels hazırlayırdı, duzlu xiyar qoyurdu, o zaman, əlbəttə, Vasili Kuzmiçin sovet dövründəki həyatına qibtə etmək olardı və indi o həyata birinci qibtə edən adam, elə Kuzmiçin özü idi.
V fəsilOn il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq (onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:
VI fəsilYataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:– Əbili (yəni Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı...
VII fəsilBakıdan gələn şose yol sola, Buzovnaya (oradan da Zuğulbaya, Bilgəhə, dəniz qırağına) dönürdü, düz isə – Şağana, Mərdəkana, Şüvəlana, SES qəsəbəsinə gedib çıxırdı və həmin yolayrıcına Buzovna dairəsi deyirdilər. Kamança Tanrıverdi avtobusdan düşüb böyük muşmula ağacının kölgəsində dayanmışdı və səhərdən bəri təpəsinə gün çaxa-çaxa, suyun-tərin içində qucağındakı bir dəstə qəzet-jurnalla o tərəf-bu tərəfə maşınların qabağına qaçan Bayraqdara baxırdı.Bayraqdar o qəzet-jurnalı qucağında elə tutmuşdu, elə bil ki, sübh tezdən
Başqa şairlərin şeirləri
İllər,min fəryadlı
Of, çəkilsin cəhənnəmə bir pərdəOf, çəkilsin cəhənnəm ə bir pərdəBu baxmaqdan yorulduğum dünyaya!
Mürəbbe: Sevdim bir cavan on dörd yaşındaSevdim bir cavan on dörd yaşındaO tərfə çağına qurban olduğum
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən