Səhifə 3 / 3 · 67%

– Salam, Murad müəllim!... – Səlminaz bu gözlənilməz görüşə açıq-aşkar sevindi və hələ də həmin institutda kiçik elmi işçi işləyən Musa da həmişəki kimi utana-utana, sıxıla-sıxıla Muradla görüşdü, sonra məhəbbət dolu gözləri ilə Səlminaza baxdı; Səlminaz soruşdu: – Necəsiniz, Murad müəllim? Gör nə vaxtdı görmürük sizi... Hərdən televizorda görürük... – Musa da sıxıla-sıxıla Səlminazın sözlərini təsdiq etdi, sonra yenə məhəbbət dolu nəzərlərilə Səlminaza baxdı; Səlminaz dedi: – İnstitutun yaxşı vaxtları o günlərdə qaldı, Murad müəllim... Hər şey dəyişib, gəlsəz heç tanımazsız... – Səlminaz gözlərini Muradın dən düşmüş saçlarında gəzdirdi və birdən-birə qüssədolu bir səslə soruşdu: Siz də Məleykə xanımın yanına gəlmisiz?

Murad əvvəlcə bilmədi ki, söhbət kimdən gedir, sonra başa düşdü ki, Hotel Bristol burda yatır və məlum oldu ki, Hotel Bristol üç aydan artıqdır ki, çarpayıdan ayağa qalxmır.

– Ümidsizdir... – Səlminazın gözləri doldu. – 318-ci otaqda yatır. Həkimi deyir ki, bir aydan çox yaşamaz. Xərçəngdi... Özünün xəbəri yoxdu.

Sonra Musa ilə Səlminaz getdi.

Onda hələ payızın əvvəlləri idi və artırmanın pəncərəsindən görünən xəstəxananın həyətindəki gilənar ağaclarının yarpaqları hələ saralmamışdı və bu yarpaqlar da bir az aralıdakı zeytun ağaclarının yarpaqları kimi yaşıl idi, amma bir az keçəcəkdi, gilənarın yarpaqları saralıb töküləcəkdi, xəzəl olub xəzana dönəcəkdi, amma o zeytun ağacları yay-qış həmişə beləcə yaşıl qalacaqdı, amma bir gün gələcəkdi və o həmişəyaşıl zeytun ağacları da quruyub qaxaca dönəcəkdi.

Əyninə tərtəmiz ağ xələt geymiş şəfqət bacısı aralığın bir küncündəki mizin arxasında oturub kiminləsə telefonla danışırdı və tez-tez də gülürdü; şəfqət bacısının əynindəki həmin ağappaq, tərtəmiz xalat nişastadan şax dayanmışdı və birdən-birə elə bil ki, o şəfqət bacısı əriyib yox oldu, təkcə bu ağappaq nişastalı xalat qaldı və Murada elə gəldi ki, kürsüdə oturub telefonun dəstəyini tutan, danışan və tez-tez də gülən ancaq həmin ağappaq nişastalı xalatdir, içində heç kim yoxdur.

O, 318-ci palatanın qapısını açdı və ona elə gəldi ki, özü yox, kimsə bir başqa adam bu palataya girdi və çarpayıda uzanmış bu yaşlı, xəstə, kimsəsiz qadını da görən o deyil, həmin başqasıdır; bəlkə elə buna görə də həmin qadının bu qədər dəyişməsinə heyrət etmədi, elə bil ki, həmin qadını bu qədər dəyişmiş görmək onu yox, həmin başqasını sarsıtdı və Murad gözlədi ki, xınası getmiş ağ saçları dalğa-dalğa balıncın üstünə yayılmış, sifəti, elə bil ki, mumdan düzəldilmiş, rəngi saralmış və eyni zamanda da qaralmış bu qadın indicə gözlərini açacaq və onu görüb gözlərinə inanmayacaq.

Hotel Bristol, doğrudan da, gözlərini açdı və onu qarşısında dayanmış gördü, amma heç təəccüb eləmədi, təkcə gülümsədi, elə bil onu gözləyirdi, bilirdi ki, indicə gələcək, indicə boz gözlərini açıb onu görəcək.

Boz gözlərin dibi görünürdü, elə bil ki, quyunun suyunu vedrə-vedrə çəkib çıxarmısan və indi baxanda dibi işıldayır.

O, boz gözlər əziyyətlə gülümsəyirdi.

Səlminaz bayaq dedi ki, «özünün» heç nədən xəbəri yoxdu, amma bu boz gözlərin hər şeydən xəbəri var idi.

Xəbərsiz biz idik.

Bu boz gözlər bu dəm ömrün payızına rişxənd edirdi və bu boz gözlər bu dəm mənə də rişxənd edirdi.

O, neçə illər idi ki, bu qadını görmürdü, hərdənbir mətbuatda imzasına rast gəlirdi və o zaman yadına düşürdü, tez də yadından çıxıb gedirdi, amma indi əziyyətlə gülümsəyən bu boz gözlərə baxanda həmin gözlərin dəvətlə, çağırışla dolu təbəsümünü yadına saldı və həmin təbəssümdə heç vaxt hiss etmədiyi bir səmimilik, bir hərarət duydu, elə bir hərarət ki, həmin hərarətdə ağac pöhrələyir, yaxud da sənin donmuş barmaqlarını kim isə əziz bir adam əllərinin arasına alıb isti nəfəsini verir, qızdırır.

O bilirdi ki, bu xəstə qadının uşağı yoxdur və ümumiyyətlə, ərindən və ərinin qohumlarından başqa heç kimi yoxdu və bu palataya da yəqin ki, ancaq onlardan biri, ikisi işdən sonra gəlib xəstəni yoluxurlar, amma əziyyətlə gülümsəyən bu boz gözlərdə bu dəm heç bir tənhalıq dəhşəti, kimsəsizlik ağrısı yox idi, əksinə, bu boz gözlər bu dəm tənhalığın özünə də, kimsəsizliyə də rişxənd edirdi.

İki-üç dəqiqə bundan əvvəl, hələ bu boz gözlər yumulu olanda o qorxurdu ki, bu yaşlı və xəstə qadın birdən keçmişləri yadına salar, birdən «mən səni həqiqətən sevirdim» deyər və yaxud «o gecəyə baxma, mənim səndən zəhləm gedirdi» deyər, amma indi dibi görünən və əziyyətlə gülümsəyən bu boz gözlərə baxdıqca özünü, bütün varlığını, bütün həyatını həmin sevginin də, həmin nifrətin də müqabilində kiçik, gözəgörünməz hiss etdi və bu hiss bir kəşf kimi onun bütün içini sarsıtdı...

...Qəbirqazanlar beli zərblə torpağa vururdular, ayaqları ilə belə kömək edirdilər və torpaq dolu beli qaldırıb torpağı qəbrə boşaldırdılar və bu minval ilə qəbiristanlıqdakı o təzə qəbir də torpaqla doldu və Əlisəttar müəllim də o torpaq doldurulmuş qəbrə baxa-baxa için-için ağlayırdı, yazıq Əlisəttar müəllim, mən çox istəyirəm ki, sənin radikulitin səni heç vaxt incitməsin, mən çox istəyirəm ki, sən ömrünün axırınacan qayğısız yaşayasan, heç vaxt o cür puçur-puçur tər tökməyəsən, imkan daxilində xoşbəxt olasan, mən çox istəyirəm ki, gecənin qaranlığı və sükutu səni üşütməsin, mən çox istəyirəm ki, xəstəxananın həyətindəki o zeytun ağacları heç vaxt quruyub qaxaca dönməsin, mən istəyirəm ki, heç kim tabut taxtası yandıran qırçılarla rastlaşmasın, mən istəyirəm ki, Musa heç vaxt Səlminazı boşamasın, amma... qış ötür, yaz gəlir, sonra yay gəlir, sonra yenə payız başlayır...

Hava arada bir yenə tutuldu, sonra yenə bir balaca açıldı və gün çıxdı. Gün milyon il bundan əvvəl də yəqin ki, beləcə çıxmışdı. Gün milyon il bundan sonra da beləcə çıxacaqdı.

Aprel, 1983.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri