15. Hər şey keçib gedir...
Səhifə 3 / 11 · 18%
və hər tərəf Leonid İliç Brejnevin şəkilləri ilə dolu idi və bu şəkillərin də hamısı kürən-sarımtıl rəngdə idi...
və Siyasi Büro üzvlərinin də şəkilləri bir-birindən seçilmirdi, hamısı kürən-sarımtıl rəngdə idi: Suslov... Tixonov... Qrişin... Kirilenko... Qromıko... Ustinov... Çernenko... Romanov... Andropov... Kunayev... Pelşe... Şerbitski...
rəhbərin maşının pəncərəsindən çıxan əli göründü...
sonra Leonid İliç Brejnev əlini kürən-sarımtıl rəngli saçlarına çəkdi, bədənini tarım tutdu və ağzını marçıldada-marçıldada Əbdül Qafarzadənin bayaqkı keşiş səsiylə «Beynəlmiləl» oxumağa başladı...
Əbdül Qafarzadə də indi «Beynəlmiləl» oxuyurdu...
sonra hamı bir yerdə – heç kimi sifətdən tanımaq mümkün olmayan bütün bu izdiham L. I. Brejnevlə birlikdə «Beynəlmiləl» oxudu...
...Səhər tələbə Murad İldırımlı Tülkü Gəldi Qəbiristanlığına gələndə və Qəbiristanlıq İdarəsinin darvazasından içəri keçəndə, əlbəttə, dünən milis mayorunun onu buradan itələyib qovmasını bütün təfərrüatı ilə yadına saldı, amma əvvəlkilər kimi, həyəcanlanmadı, özünü təhqir olunmuş, alçaldılmış hiss etmədi, çünki bu cavan və inadkar adamın içindəki o qətiyyət bütün bu uzun gecə ərzində zərrə də olsun azalmamışdı: Tülkü Gəldi Qəbiristanlığının müdirini öldürməli idi və bu gün öldürəcəkdi.
Tələbə müdirin gözləmə otağının qapısını açıb içəri girdi və dünən axşamdan bəri ilk dəfə ürəyi həyəcanla və bir az da nigarançılıqla döyündü: Xosrov müəllim plaş əynində, şlyapa başında, dünən oturduğu yerdə – gözləmə otağının küncündəki kürsüdə oturmuşdu və bu dəfə gözlərini müdirin içi pambıq dolu qəhvəyi meşin qapısına yox, gözləmə otağının həyət qapısına zilləmişdi, açıq-aşkar tələbəni gözləyirdi və tələbə içəri girən kimi, onların gözləri bir-birinin içinə baxdı və yalnız bu dəm tələbə fikirləşdi ki, tutalım müdiri öldürdü (və öldürəcəkdi!), bəs o yazıq Xədicə arvad üçün qəbir yerini kim alacaq və məhəllə camaatı o arvadı gətirib burada necə dəfn edəcək?
Xosrov müəllim tələbəyə baxa-baxa tez-tez udqunurdu və udqunduqca da nazik boğazının ucu – iti, uzun hülqumu qalxıb-enirdi.
Makinaçı qadın dünənki kimi, öz yerində oturub makinanın dillərini döyəcləyirdi; bu arvadın gözlərinin altı daha artıq torbalanmışdı, kipriklərinin dibi şişib qızarmış, elə bil ki, bütün gecəni yatmayıb ağlamışdı və indi başını bir an da olsun makinanın üstündən qaldırmırdı, nə cavan katibə qıza baxıb dünənki kimi güclə seziləcək bir təbəssümlə gülümsəyirdi, nə də Xosrov müəllimə və indicə içəri girən tələbəyə fikir verirdi.
O gözəl və cavan katibə qız isə yenə də tez-tez o qıpqırmızı telefonun dəstəyini qaldırıb:
– Yoldaş Qafarzadə yoxdur!.. Hələ gəlməyib!.. – deyirdi və telefon zəngi əvvəlki kimi astadan civildəsə də, daha qəbir daşlarından xəbər vermirdi, əksinə, tələbə indi bu balaca gözləmə otağında da birdən-birə bir işgüzarlıq hiss etdi, Qəbiristanlıq İdarəsinin həyətindəki o qarışqa qaynaşmasının, o tələsik tapşırıqların, o tələsik itaətlərin həyəcanı, elə bil ki, gözəgörünməz dalğalar kimi, bu balaca gözləmə otağına dolmuşdu.
– Yoldaş Qafarzadə yoxdur!..
– Yoldaş Qafarzadə yoxdur!..
– Yoldaş Qafarzadə yoxdur!..
Tələbəyə elə gəldi ki, bir az da beləcə qapı ağzında dayansa, bu balaca gözləmə otağının havası ilə bir az da nəfəs alsa, ürəyi partlayacaq... Nə üçün?
Qorxurdu? Bu qorxu haradan gəlmişdi birdən-birə? Bəs, Xosrov müəllim gözləri ilə nə deyirdi elə? Elə bil ki, bu cavan adamın içində birdən-birə dözülməz istisi adamın nəfəsini kəsən buxar qaynadı və o buxar indicə sinəsini dağıdıb dişara çıxacaq.
Tələbə içəri girdiyi kimi, səssiz-səmirsiz də içəridən çıxdı. Xosrov müəllim də yerindən qalxıb tələbənin ardınca Qəbiristanlıq İdarəsinin həyətinə çıxdı.
Həmin aprel səhəri göyün üzündə kiçicik bir bulud da yox idi və günəşin Qəbiristanlıq İdarəsinin üstünə düşmüş şüalarında elə bir təmizlik var idi ki, o təmizlik dünən tələbə üçün bütün bu ətrafda hökm sürən meyit ab-havasını tamam yuyub, əridib yox eləmişdi və bu açıq havada o gün şüalarının təmizliyi, elə bil ki, tələbə Murad İldırımlının içinə də sirayət etdi, içindəki o ağırlığı da əritdi, bir yüngüllük gətirdi və dünən axşamdan bu tərəfə ilk dəfə tələbədə bir şübhə oyandı: Qəbiristanlıq İdarəsinin müdirini, həqiqətən, öldürə biləcəkdimi? Daha doğrusu, bir insan – tələbə Murad İldırımlı başqa bir insanı – müdiri öldürə bilərmi?
öldürməlidirmi? buna haqqı varmı?
Qəribə idi, birdən-birə oyanmış bu şübhələr, bu tərəddüdlər içində tələbə, həyatında birinci dəfə idi ki, özünü tənə etmirdi, öz qorxaqlığının, qətiyyətsizliyinin pərtliyini çəkmirdi, özü özünə nifrət etmirdi ki, qərara aldın! Bıçağı cibinə qoydun! İndi isə qorxursan! Çünki qorxaqsan! Çünki miskin və mənasız bir məxluqsan! Yox, tələbə hiss edirdi ki, öldürə bilər (və bəlkə də öldürəcək!), qorxmur, bu, qorxaqlıq deyil, amma bir insanın, bıçağı o biri insanın ürəyinin başına sancmağa haqqı varmı? İnsan bu sualı minilliklər boyu verirdi və minilliklər boyu da öldürürdü; suala cavab vermək əvəzinə öldürürdü... Axı, tələbə kim idi ki, öz daxili məhkəməsi ona haqq versin ki, insan öldürsün? Tələbə Allah deyildi! İnsanın ölüm hökmünü yalnız Allah verə bilərdi! Allahın səlahiyyətinə şərik çıxmaq olardımı? Quran yazırdı: «Allah ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqalarını isə istədiyi şəxsə bağışlar. Allaha şərik qoşan (şərik çıxan) şəxs, şübhəsiz ki, haqq yolundan çox uzaq olan bir azğınlığa düşmüşdür».
Onsuz da, yer üzündəki bütün insanlar, bütün canlılar ölümə məhkum idi və «yaxşı insan», «pis insan» əslində nisbi məfhumlar idi, «yaxşı quruluş» və «pis quruluş» da nisbi idi və ümumiyyətlə, Xeyirlə Şər də nisbi məfhumlar, nisbi qüvvələr idi... Bu nə idi? Tələbə öz miskinliyinə, öz qorxaqlığına bəraət qazandırmaq istəyirdi? Yalançı fəlsəfəyə qapılırdı?
Yox, hər halda, tələbə Murad İldırımlı Allah deyildi! Amma... amma axı... Əbdül Qafarzadə də insan deyildi... Nə üçün? O da anasının qarnından çıxmamışdı? O da bu hava ilə nəfəs almırdı? Onun uşaqları yox idi? O da ağrı-acı hiss etmirdi, sevinmirdi? O, insan idi, əlbəttə, insan idi!.. Tələbə Murad İldırımlı isə Allah deyildi!
Tələbə Murad İldırımlı özü də hiss etmədən Qəbiristanlıq İdarəsinin həyətindən çıxmışdı, Tülkü Gəldi Qəbiristanlığının içinə girmişdi və dünənki kimi, qəbir daşlarının arası ilə dolaşırdı, amma bu qəbir daşları dünənki kimi soyuq deyildi və bütün buralara hakim kəsilmiş o lal sükut da dünənki kimi müdhiş deyildi, əksinə, bu gün o saysız-hesabsız qəbir daşlarının lal sükutunda tələbənin heç vaxt heç harada – o uzaq dağların, o sıx meşələrin, o geniş düzlərin sakitliyində və yalqızlığında da, Nurlu bulağın yüngül şırıltısında da hiss etmədiyi bir müdriklik, bir məna hiss edirdi və elə bil ki, haçansa bu qəbiristanlıqdakı məna açılsaydı, o zaman yaşayışın da sirri açılardı, insanın nə üçün dünyaya gəlməsinin, çiçəyin nə üçün açmasının, yerin, göyün, bütün kainatın sirri açılardı...
Xosrov müəllim tələbədən bir addım arxada gedirdi və elə cidd-cəhdlə addımlayırdı ki, elə bil, tələbəni hansı bir qəfil həmlədənsə qorumaq istəyirdi, o həmlədən ki, indi tələbənin o pusqudan, o təhlükədən xəbəri yox idi...
...o gecəyarısı o tonqal isə eləcə yanırdı...
...o qurbağalar da eləcə quruldayırdı...
Tələbə Murad İldırımlı isə o dəm o saysız-hesabsız qəbir daşları arasında özünü Bakıya gəldiyi bu dörd ildə heç zaman duymadığı narahat bir sərbəstlik, narahat bir azadlıq içində hiss edirdi və indi daxilində bir istək var idi: cibindəki o soyuq bıçağı elə bir yerə atsın, elə bir yerdə gizlətsin ki, heç kim onu görməsin və heç vaxt onu tapmasın...
...Onlar Qəbiristanlıq İdarəsinin həyətinə qayıdanda, qəribə idi, tələbə Murad İldırımlı nəyə görəsə inanırdı ki, o yazıq Xədicə arvadın qəbir yeri məsələsi düzələcək, hansı bir möcüzəsə baş verəcək və Tülkü Gəldi Qəbiristanlığında yer alıb məhəlləyə qayıdacaqlar və doğrudan da, tələbə ilə Xosrov müəllim yaxınlaşanda gözləmə otağının qapısı açıldı, Muxtar Xudavəndə həyətə çıxdı, tələbə Murad İldırımlını da görən kimi tanıdı:
– Sən buralarda nə gəzirsən? – Sonra nəsə yadına düşdü. – Hekayən yaxşı hekayədi!.. Vaxt tapdım, oxudum! Heç kim mənnən xahiş eləməmişdi, deyim sənə, özüm oxudum! Sənnən bir şey çıxacaq! Özün qaraqabaqsan, suyun lal axanı, adamın yerə baxanı, hə?! Nə isə, amma hekayən işıqlıdı... Qırmızı balıqlar saxlayır, hə? Balıqlarla məşğuldu, ay səni!..
– Yox, kəpənək saxlayır...
– Hə, hə!.. Kəpənək saxlayır, düzdü!.. Sənnən xoşum gəlir. Dəqiqədə-bir, deyim sənə, özünü redaksiyaya dürtmürsən ki, yazımı çap eləyin! Afərin!..
Kitabxana.az · https://kitabxana.az/works/elcin-olum-hokmu-15-her-sey-kecib-gedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vağzala sulu qar yağırdı, hava da yaman soyuq idi və elə bil ki, bu cür havada heç kim gəlib, heç kim də getməyəcəkmiş kimi, ins-cins deyilən şey gözə dəymirdi, təkcə peraşkisatan arvaddan və onun köşkünün yanında dayanıb, peraşki təpişdirən on bir-on iki yaşlarında iki oğlan uşağından başqa.Vağzalda yeganə isti yer də yəqin ki, peraşkisatan arvadın balaca köşkü idi. İçi peraşki dolu qabdan buxar qalxırdı və belə səfeh havada peraşkilər üçün həmin buxardan yaxşı reklam yox idi, amma qalın kürkün üstündən ağ xələt geymiş peraşkisatan arvad müştərisizlikdən mürgü döyürdü.
III fəsilProkuror Dadaşlı çırthaçırtla yanan sobanın gözünü maşa ilə yerbəyer edib, ağır cüssəsini düzəltdi və əllərinin ikisini də şalvarının ciblərinə soxub dodaqaltı zümzümə edə-edə öz yazı mizinə yaxınlaşdı, çayı yarımçıq qalmış armudu stəkanı götürüb bir-iki qurtum içdi, yenə mizin üstünə qoydu.Armudu stəkan prokuror Dadaşlının yüz otuz kiloluq bədəni müqabilində elə kiçik görünürdü ki, elə bil o, bu soyuq havada yaxşıca dəmlənmiş xoruzpipiyi çay içmirdi, oyuncaq oynadırdı və burası da adama qəribə gəlirdi ki, bu çay bu boyda adama nə edəcək?
IV fəsilGündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən:– Axşamın xeyir, a Fəttah dayı, – dedi.
V fəsilRayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.
Başqa şairlərin şeirləri
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
ÇalmaQoy bir azacıq rahət ola canım, a Şeypur!Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Onun vəfatı tarixiSöylədi tarixiniOna tapan bir ozan