15. Hər şey keçib gedir...
Səhifə 4 / 11 · 27%
Anektodu bir az tanışdı, deyim sənə, işlənmiş mövzudu, amma özü yaxşı hekayədi! Kəpənəklərlə oturub-durur!.. Adı nədi?
– «Hər şey keçib gedir...»
– Hə, hə!..
Xosrov müəllim dinməzcə dayanıb gah tələbəyə baxırdı, gah Muxtar Xudavəndəyə baxırdı, diqqətlə qulaq asırdı və tez-tez udqunurdu, udqunduqca da uzun hulqumu eləcə qalxıb-enirdi...
– Hə, hə!.. Amma mən sənin yerində olsaydım, deyim sənə, adını qoyardım «Kəpənəklərə həsr edilmiş ömür...» Necədi, xoşuna gəlir? Addan çox şey asılıdı! Mən, bax, deyim sənə, – Muxtar Xudavəndə sağ əlinin baş barmağı ilə çiyninin üstündən arxanı – gözləmə otağını göstərdi, – kişinin haqqında, Əbdül Qafarzadəni deyirəm, onun haqqında «Kommunist» qəzeti üçün oçerk yazıram. Dağ boyda kişidi! Əmək veteranıdı! Dörd ordeni var, medalları var! Özü də, deyim sənə, kolxozda işləmir e, qəbiristanlıqda işləyir! Burada əmək veteranı olmaq bilirsən nə deməkdi?! Altı dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanını alıb! Altı dəfə e, rekorddu! İndi, deyim sənə, oçerkə gərək elə bir ad qoyasan ki, mövzusuna layiq olsun, oxucunu çağırsın, gəl məni oxu desin!
Muxtar Xudavəndənin kefi açıq-aşkar yuxarı idi və tələbə «bu adamı heç vaxt bu cür həvəsli, bu cür çox danışan görməmişdi; görünür, Muxtar Xudavəndə mudirin – oçerkinin gələcək qəhrəmanının otağından cibiboş çıxmamışdı.
– Bilirsiz... Mən... Biz...
Muxtar Xudavəndə daha ayrılmaq istəyirdi:
– Nə «mən», «biz» salmısan? İmkan tapan kimi çap eləyəcəyəm hekayəni! İmkan tapanda...
– Yox... Onu demirəm... Bizim sizdən xahişimiz var...
Və tələbə heç özü də gözləmədiyi bir tələsikliklə xahiş etməyə başladı ki, Muxtar müəllim kömək əlini uzatsın, müdirlə danışsın, o yazıq Xədicə arvad üçün burada qəbir yeri götürə bilsinlər, tələbə bir də heç vaxt heç nə barədə Muxtar müəllimdən bir xahiş etməyəcək, hamı Muxtar müəllimi tərifləyir, hamı deyir ki, Muxtar müəllim fağır-füqəraya əl tutan adamdı, təmənnasız kömək eləyəndi, xeyirxahdı, məhəllə camaatının pulu yoxdu, kasıbdılar, Muxtar müəllim kömək eləsin, o yazıq arvadın bu dünyada heç kimi yoxdu, Muxtar müəllim kömək eləməsə, o arvada heç kim kömək eləməyəcək...
Tələbə bu sözləri deyirdi və özü də başa düşürdü ki, əslində Təzə Pirin ətrafında oturan o dilənçilər kimi yalvarır və tələbə özü öz sözlərinə mat qalırdı, o sözləri deyə-deyə öz yazıqlığına, öz miskinliyinə nifrət edirdi və beləcə köməksizliyi, bu böyük dünyada beləcə kiçikliyi tələbənin gözlərini doldururdu və dolmuş gözləriylə də yalvarmağını davam edirdi. Tələbə heç vaxt bu cür alçalmamışdı, ilk dəfə idi ki, bir başqası yox, özü özünü bu cür alçaldırdı və yalvardıqca da ikinci bir duyğuyla fikirləşirdi ki, dünən milis mayoru Məmmədov, əlbəttə, əlbəttə, düz etmişdi, onu buradan iti qovan kimi qovmuşdu, tələbə kimi adamlar təkcə buradan yox, hər yerdən qovulmalıydı, dünyadan qovulmalıydı, bir halda ki, birdən-birə (ən başlıcası isə özü üçün gözlənilmədən) belə bir miskinliyi üzə çıxmışdı, deməli, həqiqətən, dünyanın ən lazımsız bir varlığı idi; bayaq qəbiristanlıqda hiss etdiyi o müdriklik, oradakı o sərbəstliyi, azadlığı – hər şey, bütün ləyaqət hissi yox olub getmişdi.
Məhəllədə hamı oturub tələbəni gözləyirdi və hamı tələbənin üzünə tüpürəcəkdi və o tüpürcəkləri üzündən silmək üçün, tələbə indi özü öz üzünə tüpürürdü. Muxtar Xudavəndiyə yalvarırdı, yaltaqlanırdı, ağ yalan deyirdi, bütün cavanlar Muxtar müəllimin təmizliyindən danışır. Muxtar müəllim hamıya kömək eləmişdi, indi də o yazıq arvadın ölüsünə kömək eləməliydi, o arvadı basdıra bilmirdilər, qalmışdı öz daxmasında, Muxtar müəllim kömək eləməsəydi, ona heç kim kömək eləməyəcəkdi, bu yaxşılıq yerdə qalmazdı, tələbə ömrü boyu Muxtar müəllimə dua eləyəcəkdi, Muxtar müəllim savab qazanacaqdı, uşaqları xoşbəxt olacaqdı.
Eynilə dilənçi kimi yalvarırdı...
Xosrov müəllim əllərini qara plaşının ciblərinə soxub və bü cür mülayim havada elə bil ki, üşüyərək belini qısmışdı, cınqırığını da çıxarmadan tələbənin yalvarışlarına qulaq asırdı və diqqətlə tələbənin üzünə baxırdı...
...o gecə yarısı o tonqal isə eləcə yanırdı...
... və o qurbağalar da eləcə quruldayırdı...
Muxtar Xudavəndə bərəlmiş gözləriylə, hətta özünü bir az itirmiş halda gah tələbəyə, gah da bu uzun, arıq, ağzını açıb bir kəlmə deməyən adama baxırdı, düz iyirmi altı il ədəbiyyat şöbəsinin müdiri işlədiyi müddətdə heç bir gənc yazıçı ona bu cür sözlər deməmişdi, heç vaxt Muxtar Xudavəndənin mənəvi təmizliyindən danışmamışdı, xeyirxahlığının qədrini bilməmişdi, əksinə, daldada onun haqqında ağızlarına gələni demişdilər, bir şaqqa ət pay gətirəndə, yaramazlar, üç qoyunun hörmətini tələb eləmişdilər, onu o sırtıq Ərəstun Bozdağlıdan da artıq müftəxor bilmişdilər...
Həmişə sir-sifətindən zəhrimar yağan (elə bil ki, öd kisəsiydi!) bu cavan adam – tələbə Murad İldırımlı indi arvad kimi yalvarışlarıyla elə bir həmləyə keçmişdi ki, Muxtar Xudavəndə o həmlənin qabağında dayana bilmədi.
– Yaxşı da... Qoy gedim kişiylə danışım... İndi gəlib kabinetinə... Bir yerdə gəldik... Kefi kökdü... Yaxşı... Siz burda durun, deyim sizə, gedim görüm neynirəm... – Muxtar Xudavəndə bu sözləri dedi və gözləmə otağının qapısını açıb yenidən geri qayıtdı.
Yüngül bir meh əsdi və tələbə o yüngül mehi, elə bil, yalnız sifəti ilə, əlləri ilə yox, paltarının altından bütün bədəni ilə hiss etdi, ürəyi o qədər həyəcanla döyünürdü ki, elə bil, Xosrov müəllim də döyüntünün səsini eşidirdi.
Eybi yox...
Eybi yox... hər şey keçib gedir... Bu da keçib gedəcək... Bu günlər də keçib gedəcək, əbədi bir uzaqlıqda qalacaq və indiki kimi tələbəyə əzab verməyəcək...
Bu həyat necə şeydi?.. Nə üçün insan bu cür bir həyatdan əl çəkə bilmirdi. Bu həyat nə olan şeydi ki, dünyaya ardı-arası kəsilməyən adamlar gəlir və bütün ömürləri boyu da, əslində, həyatdan getmək qorxusu ilə yaşayır? Hər şey keçib gedir...
Həmin hekayəni keçən ilin payızında yazmışdı və qəribə idi, heç bir dəxli olmadan nənəsinin qardaşının xatirəsinə həsr etmişdi: «INQILAB YOLUNDA CANINDAN KEÇMIŞ MURAD ILDIRIMLININ XATIRƏSINƏ» – hekayənin yuxarısına belə bir ithaf yazmışdı, sonra dəxli olmadığı üçün pozmuşdu, sonra təzədən yazmışdı, sonra yenə də pozmuşdu...
Tələbənin Züleyxa nənəsinin Murad İldırımlı adında bir böyük qardaşı olmuşdu, inqilabçı idi, çekist idi, iyirminci illərdə Hadrutda həlak olmuşdu (necə həlak olmuşdu? – tələbə bunu bilmirdi, yəqin banditlərlə mübarizədə vuruşmuşdu...) və indi heç bir yerdə onun adını çəkmirdilər (o qədər eləcə qurban gedənlər olmuşdu ki, onların hamısı haqqında kitab yazmaq, hamısının təntənəli yubileyini keçirmək mümkün deyildi...); təkcə nənəsi uzun qış gecələri odunsuzluqdan sönən ocağın soyuğunda həmişə ürək dolusu qardaşından danışardı, qardaşının igidliyindən, canavar vurmağından, sübh tezdən çılpaq atın belinə sıçrayıb kəndin aşağı başındakı Nurlu bulağa suvarmağa aparmasından və bu zaman kənd qızlarının nəvəsinə də nakam getmiş, dünyada özündən sonra heç bir yadigarı qalmamış qardaşının adını qoymuşdu: Murad.
...Hər şey keçib gedir....
Həmin sakit, yuxulu payız gecəsi üstünə saldığı yun adyalın yumşaqlığından və istisindən ləzzət ala-ala və elə hey dünyanın qəribə, ağlasığmaz işləri barədə fikirləşə-fikirləşə hiss etdi ki, yağış yağır.
Maşınların, avtobusların, sübh tezdən işə başlayan trolleybusların səsini azaltmaq üçün ikiqat küçə pəncərələrini kip örtmüşdülər və buna görə də yağışın səsini eşitmədi, amma o kip örtülmüş pəncərələrdən belə o payız yağışının qoxusu birdən-birə yataq otağına doldu və həmin yağış qoxusunu həmin dəqiqə də duydu, nəfəsi ilə ciyərinə çəkdi və Tahirə oyanmasın deyə, astaca yerindən qalxıb küçəyə baxmaq, yağışa tamaşa eləmək istədi, amma birdən-birə haçansa gördüyü o iri narların, o xəzan yarpaqlarının qırmızısı, sarısı gözlərinin qabağına gəldi; o qırmızı da, o sarı da həmin dəm elə bil, canlı idi, qaranlıq içində işıldaya-işıldaya gülürdü və adamın içinə bir hərarət, bir sevinc gətirirdi, dünyanın gözəl işlərindən xəbər verirdi və dünyanın gözəl kəpənəklərinin rəngini xatırladırdı.
Haçansa gördüyü həmin nar ağacı indiki kimi gözlərinin qarşısında idi:
çiskinli bir payız günü idi (payızın sonları idi), yağış o nar ağacının sapsarı yarpaqlarını tərtəmiz yumuşdu, yumşaltmışdı və o sarı yarpaqlar çiskin içində, elə bil ki, yaz günəşinin altındaydı, işım-işım işıldayırdı və o xəzan yarpaqlarının arasındakı iri narları da yağış tərtəmiz yumuşdu, o qıpqırmızı narlar da işım-işım işıldayırdı.
Bunu nə vaxt görmüşdü, harda görmüşdü? – bilmirdi, yadına gəlmirdi və əslində, heç bu barədə fikirləşmirdi də, üstündəki yun adyalın yumşaqlığı və istisi içində gözlərini yumub həmin sayrışan nar qırmızısına, xəzan sarısına baxa-baxa, eşikdə yağan yağışın şövqünü duya-duya öz-özünə gülümsəyirdi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-olum-hokmu-15-her-sey-kecib-gedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vağzala sulu qar yağırdı, hava da yaman soyuq idi və elə bil ki, bu cür havada heç kim gəlib, heç kim də getməyəcəkmiş kimi, ins-cins deyilən şey gözə dəymirdi, təkcə peraşkisatan arvaddan və onun köşkünün yanında dayanıb, peraşki təpişdirən on bir-on iki yaşlarında iki oğlan uşağından başqa.Vağzalda yeganə isti yer də yəqin ki, peraşkisatan arvadın balaca köşkü idi. İçi peraşki dolu qabdan buxar qalxırdı və belə səfeh havada peraşkilər üçün həmin buxardan yaxşı reklam yox idi, amma qalın kürkün üstündən ağ xələt geymiş peraşkisatan arvad müştərisizlikdən mürgü döyürdü.
III fəsilProkuror Dadaşlı çırthaçırtla yanan sobanın gözünü maşa ilə yerbəyer edib, ağır cüssəsini düzəltdi və əllərinin ikisini də şalvarının ciblərinə soxub dodaqaltı zümzümə edə-edə öz yazı mizinə yaxınlaşdı, çayı yarımçıq qalmış armudu stəkanı götürüb bir-iki qurtum içdi, yenə mizin üstünə qoydu.Armudu stəkan prokuror Dadaşlının yüz otuz kiloluq bədəni müqabilində elə kiçik görünürdü ki, elə bil o, bu soyuq havada yaxşıca dəmlənmiş xoruzpipiyi çay içmirdi, oyuncaq oynadırdı və burası da adama qəribə gəlirdi ki, bu çay bu boyda adama nə edəcək?
IV fəsilGündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən:– Axşamın xeyir, a Fəttah dayı, – dedi.
V fəsilRayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.
Başqa şairlərin şeirləri
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
ÇalmaQoy bir azacıq rahət ola canım, a Şeypur!Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Onun vəfatı tarixiSöylədi tarixiniOna tapan bir ozan