2. «Əzizimin cəfası» romanı
Səhifə 2 / 11 · 9%
Tələbə bəzən həmin yaraşıqlı, müasir geyimli, müasir hərəkətli bulvarda gəzişən camaatı vecinə almayan oğlanla qızın qucaqlaşıb öpüşdüyünü görəndə addımlarının sürətini artırırdı və o qucaqlaşmaqdan, o öpüşməkdən qaçıb qurtarmaq istəyirdi. Bəzən də qızla qol-qola gedən, qucaqlaşan, öpüşən oğlanı tanıyırdı (ümumiyyətlə, Bakıda yaşadığı az qala bu dörd ildə tələbə Murad İldırımlı çox adamı tanıyırdı, amma onu heç kim tanımırdı və belə bir birtərəfli tanışlığın özü də həmişə bədbinlik, ümidsizlik gətirirdi...), universitetin arakəsmələrində, həyətində atalarının puluna alınmış bahalı siqaretlər çəkə-çəkə, gecənin yarısına qədər restoranlarda, kafelərdə, barlarda yeyib-içməkdən hələ də başları ağrıya-ağrıya gəzdikləri, görüşdükləri qızlar haqqında əxlaqsız söhbətlər eləyən tələbələrdən olurdu və o zaman Murad İldırımlının bədbinliyi, həyatdan küskünlüyü ədavətə çevrilirdi, həmin oğlanla öpüşən qızı gizlin izləmək istəyirdi, ünvanını öyrənib imzasız məktub yazmaq istəyirdi, o imzasız məktubda oğlanı ifşa etmək istəyirdi, sürətli addımlarla gedə-gedə fikrində imzasız məktubun mətnini yazırdı, amma biz az keçirdi və hər şey yenə də əvvəlki təkliyin, tənhalığın qüssəsinə bürünürdü.
Düzdür, tələbə Murad İldırımlıya elə gəlirdi ki, öləndən sonra da nənəsinin səsini eşidəcək, amma öləndən sonra hər şey bitir; əlbəttə, bunun özü də şərti bir həqiqət idi, yəni diri insanların fikrinə görə belə idi, əslində, kim bilir, bəlkə əsl həqiqət öləndən sonra açılacaq? Axı, ola bilməzdi ki, hər şey beləcə oyun olsun... Hər halda, nə qədər ki, bu dünya var idi, nə qədər ki, indiki tələbə (bəs sabahkı kim: kənd müəllimi? rayon qəzetinin ədəbi işçisi? təzədən kənd kitabxanaçısı? ya kim?) Murad İdırımlı bu dünyada yaşayacaqdı, o qədər də nənəsinin o səsi onunla birgə olacaqdı. Məsələ yalnız bunda deyildi ki, tələbə Murad İldırımlı lap uşaq olan vaxtlar atası dünyanın yaddan çıxardığı o kənddəki yaşamaq qayğılarından, Xruşşovun hətta eşşək saxlamaq üçün də təyin etdiyi böyük vergilərin (həmin vergiyə görə dərə-təpə sahibsiz eşşəklərlə dolmuşdu!..) əlindən cana gəlib günlərin bir gözəl günündə cavan arvadını da, körpə oğlunu da atıb Rusiyaya getmişdi və o vaxtdan bəri də ondan bir xəbər yox idi; anası bir müddət ərini gözləmiş, axırda yaşaya bilmədikləri üçün, qonşu kənddə dul, eybəcər, amma iyirmi il kolxozda hesabdar işləyib varlanmış bir kişiyə ərə getmişdi və o vaxtdan da uşağı nənəsi saxlamışdı; əsl məsələ bunda idi ki (hər halda, bu cavan adam belə fikirləşirdi), nənəsinin səsi, onun üçün doğrudan da o dağların, o çayların, o meşələrin səsi idi, o yerlərin ki, orada tələbə Murad İldırımlının təkliyini həmin dağlardan, çaylardan, meşələrdən savayı heç kim görmürdü və bu, özünün varlığı ilə bağlı tələbənin keçirdiyi xəcalət hissini bir az yumşaldırdı; o dağlarda, çaylarda, meşələrdə, əlbəttə, doğmalıq da var idi, çünki tələbənin qayğılardan uzaq uşaqlığı o yerlərdə keçmişdi və bu, istər-istəməz, onun ürəyində hərarətli bir iz qoymuşdu.
O dağların döşündə, bir də heç vaxt geri qayıtmayacaq o gözəl uşaqlıq çağlarında, o zamanlar ki, gələcək tələbənin fantaziyası zirvələri, ətəkləri yay-qış ağappaq qar içində olan Babadağın, çılpaq sıldırım qayaların, arasından şırhaşır dəli çaylar axan yarğanların qoynuna sığışmırdı, xəyal o balaca uşağı götürüb dünyanın ən möcüzəli məmləkətlərinə aparırdı, qaniçən şahlarla, igid və ədalətli şahzadələrlə, gözəl şahzadə qızlarla, divlərlə, cinlərlə danışan quşlarla, Süleyman peyğəmbərlə görüşdürürdü, onda Murad həmişə nənəsinin tumanının böyründə olurdu və nənəsi un tapıb təndirə çörək yapanda, sacda yuxa bişirəndə, samovara köz salanda, həyət-bacadan pencər yığanda da o möcüzəli dünyanın əhvalatlarından elə hey danışırdı, danışırdı və tələbə kəndin kitabxanasında işlədiyi illərdə heç ağlına da gətirməzdi ki, həmin o danışıqlar beləcə beynində həkk olub qalıb, Bakı soyuqqanlığı içində, Bakı benzini, tüstüsü, asfaltı içində o söhbətlər birdən-birə yadına düşəcək; yadına düşəcək, amma daha möcüzəli məmləkətlərdən xəbər verməyəcək, gözəl şahzadə qızlar da, igid şahzadələr də o nağılların, məsəllərin danışıldığı vaxtda qalacaq.
Nənəsi sübh tezdən yerindən qalxıb, xaşasını götürürdü, gələcək tələbə də nənəsinin böyrünə düşürdü, biçilib, dərzi daşınıb aparılmış kolxoz zəmisində başaq eləməyə gedirdilər və ta gün günorta yerinə qalxana qədər orda-burda yerə tökülmüş buğda sünbüllərini xaşaya yığırdılar, elə ki, gün qızırdı, yorğunluqlarından daha addım ata bilmirdilər, gedib biçilmiş o kolxoz zəmisinin ortasındakı tənha dağdağan ağacının kölgəsində otururdular, nənəsi lap ulu babalardan qalmış balaca cürdəkdə gətirdiyi və hərdənbir o dağdağanın altına gəlib yerini dəyişə-dəyişə bütün gün ərzində kölgədə saxladığı sudan töküb bir-iki ovuc üzünə vururdu, sərinləyirdi, nəvəsinin də əlinə bir az su tökürdü və gələcək tələbə də o qızmar gündə gözəl bir sərinlik hiss eləyirdi, sonra nənəsi özüylə gətirdiyi dağarcıqdan bir acıtmalı çörək, iki-üç göy soğan çıxarırdı və nəvəsiylə birlikdə yavaş-yavaş gəvələyirdilər, sonra da nənəsi arxasını dağdağan ağacının gövdəsinə söykəyib mürgüləyirdi. Qəribə idi, elə ki, nənəsi mürgüləməyə başlayırdı, sərin bir yel qalxırdı və o zamanlar o uşağa elə gəlirdi ki, o gözəl sərin yel nənəsinin danışdığı o uzaq (və yaxın) möcüzəli dünyadan əsir. Nənəsi yenə də durub başaq eləyirdi, amma gələcək tələbə eləcə o tənha dağdağanın kölgəsində otururdu və səhərdən bəri nənəsinin danışdığı o möcüzəli aləmə, o gözəl şahzadə qızların, o igid şahzadə oğlanların, quşların dilini bilən o ağ saçlı, ağ saqqallı Süleyman peyğəmbərin yanına gedirdi.
Evə qayıdandan sonra nənəsi artırmada palaz açırdı, xaşadakı sünbülləri palazın üstünə töküb toxmaqla döyürdü, sonra xəlbirlə samanı yelə sovururdu, sonra da dəni ələyirdi və danışırdı, danışırdı...
Bir kişiydi, on uşaqları varıydı, bir də bir arvadıydı. Bu qədər külfətin hamısı bir balaca daxmada yaşayırdı. Daxmada oturub-durmağa yer yoxuydu. Bir-birinin qarnına bitişib yatırdılar gecələr. Arvad da bir tərəfdən gecə-gündüz kişiyə aman vermirdi, elə hey deyinirdi... Deyinirdi ki, belə də yaşamaq olar? Belə də həyat olar? Axırda kişi tab gətirmədi, getdi çıxdı Qaf dağının təpəsinə. Qaf dağı bilirsən nətər dağdı? Bizim, bax, bu dağlar var e, Qaf dağının yanında heş nədi... Kişi çıxdı Qaf dağının təpəsinə, əllərini göyə qaldırıb: «– Ya Allah, – dedi. – O daxmada daha yaşaya bilmirik. Həyatımız cəhənnəm əzabıdı. Ya bizə bir genişlik ver, ya da məni öldür ki, canım qurtarsın...» Kişi bu sözləri deyəndən sonra göy guruldadı, ildırım çaxdı, tufan qopdu. Kişi başa düşdü ki, Allah onun sözlərini eşitdi. Geri qayıdanda gördü ki, arvad oturub daxmanın qabağında, dizlərinə döyür, saçlarını yolur. Soruşdu ki, nə olub? Arvad ağlaya-ağlaya cavab verdi ki, daxmada oturmuşduq, birdən göy guruldadı, ildırım çaxdı, tufan qopdu, dam yarıldı, həzrət Mikayıl bir uzunqulaqla birlikdə peyda oldu, dedi ki, Allah-taala belə buyurub ki, bu uzunqulaq da sizinlə bir yerdə bu daxmada yaşasın, indi odu, o eşşək də daxmadadı, bu da bizim ruzimiz... Bundan sonra o kişi də, o arvad da, onların o on uşağı da həmin daxmada həzrət Mikayılın gətirdiyi o eşşəklə bir yerdə yaşadılar, eşşəklə bir yatdılar, bir durdular. Bir müddət beləcə ömür sürdülər, anadan əmdikləri süd burunlarından gəldi. O, darısqallıq içində eşşək bir tərəfdən, arvadın da gecə-gündüz deyinməyi bir tərəfdən. Axırda kişi dözmədi, yenə yollandı getdi çıxdı Qaf dağının təpəsinə, yenə əllərini göyə tutub: «– Ya Allah. – dedi.– Ya bizi bu uzunqulaqdan xilas elə, ya da məni öldür ki, canım qurtarsın, çünki belə yaşamaq olmaz ki, mən yaşayıram...» Yenə göy guruldadı, yenə ildırım çaxdı, tufan qopdu və kişi yenə də başa düşdü ki, Allah onu eşitdi. Qayıdanda gördü ki, arvad da, uşaqlar da daxmanın qabağına yığışıb toy-bayram eləyirlər, elə sevinmək sevinirlər ki, gəl görəsən... Kişi soruşdu ki, nə olub? Arvad cavab verdi ki, oturmuşduq daxmada, birdən göy guruldadı, ildırım çaxdı, dam yarıldı, həzrət Mikayıl qurban olduğum gəlib eşşəyi geri apardı... Həmin gündən o kişi də, o arvad da, onların o on uşağı da həmin o daxmada ömürlərinin axırına qədər şad-xürrəm yaşadılar, talelərindən də çox razı qaldılar...
Tələbənin yadına gəlir, o vaxt ki, nənəsi artırmada palazın qabağında bardaş qurub dən ələyə-ələyə bu əhvalatı danışmışdı, onda gələcək tələbə Murad İldırımlıya ən qəribə gələni bu olmuşdu ki, sən demə, dünyada elə dağlar var, hər tərəfdən kəndlərini əhatə etmiş, başı qarlı o uca zirvələr, sıx meşəli o böyük dağlar, o çılpaq sıldırım qayalar onların yanında bir heçdi... Sonra illər keçdi, elə bil, hər şey yaddan çıxıb getdi, amma yata bilmədiyi bir gecə çağı, bax, burada, bu yazıq Xədicə arvadın bu evində birdən-birə gəlib yadına düşdü və o əhvalat, qəribədir, tələbə Murad İldırımlı üçün bir təskinlik oldu...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-olum-hokmu-2-ezizimin-cefasi-romani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:
Xxııı fəsilİzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.
Mənə niyə gülürlər?Mənə niyə gülürlər? Heç bilmirəm...Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım Laləni çox istəyirəm...
Gör necə top vuraramDadaşgil həyətdə futbol oynayır. Mən Dadaşa deyirəm:– Dadaş, qoy mən də sizinlə futbol oynayım.
Başqa şairlərin şeirləri
Məni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Salamat qalEy dəvə yol, düşdüm daha belindən,Ovsar cığır, çıxdın daha əlimdən.